AZƏRBAYCAN: GƏLƏCƏK PERSPEKTİV (Proqnoz və təhlil) 2-ci Hissə

(2020-ci ilin sentyabrından, gələcəyə baxış)
 
 
Öncələr, gündəmin balansını dəyişən və cəmiyyətdə müəyyən müsbət reaksiyaya səbəb olan “məmur ovu” taktikası, zamanla, xüsusən də koronavirus olayı ilə birlikdə durğunluğa girdi və pandemiyanın diqtə etdiyi şərtlər, yeni psixoloji-ictimai-siyasi atmosfer yaratdı. Əvvəlcə, ilk dəfə qarşılaşdığı pandemiya olayına nə cür reaksiya verəcəyini bilməyən və qapanma addımlarının, insanlarda, özü üçün təhlükəli bildiyi neqativ ruhiyyəni gücləndirə biləcəyini düşünən hökümət, karantin elan olunması çağırışlarına ehtiyyatlı və məsafəli yanaşdısa da, daha sonra bu olayın, əslində bir avantaj ola biləcəyini, görünür düşündüyü üçün; zamanla, tamamilə fərqli bir pandemiya strategiyası izləməyə başladı. Və hökümətin və “operativ qərargah”ın verdiyi qərarların bəzən, hətta orta məktəbli məntiqinə zidd olması, zatən karantinin qısnamalarından bezginliyin və hakimiyyətdən ciddi narazılığın olduğu bir şəraitdə, passiv narazılığı daha da artırdı. Kəskin karantin və qapanma tədbirlərinin, və “Covid 19” timsalında “vahid düşmən” obrazının, əhalini hakimiyyətlə birləşdirmək yerinə, daha da uzaqlaşdıracağı və narazılıq ruhiyyəsini daha da artıracağı aydın olduqdan sonra, hakimiyyət, mart ayının ikinci yarısından başlayaraq yeni bir rota cızmağa başladı. Müxtəlif uydurma gərəkçələrlə və cəmiyyətdə daimi xof mühitinin hakim olması üçün yürütdüyü müxalifətçi ovunu, xüsusi fazaya keçirtmək qərarına gəldi. Cəmi 2-3 ay ərzində onlarca cəbhəçi fəalı həbsə atan və dövlət başçısının xüsusən AXCP və Əli Kərimli əleyhinə sərt və isterik çıxışları ilə dəstəklənən bu yeni “taktika”,  iqtidarın bir çox addımları kimi, avantura və “günü qurtarmaq” cəhdindən başqa bir şey deyildi. Çünki, “artıq, ox, yaydan çıxmışdı”; cəmiyyətdə, o vaxta qədər zatən mövcud olan narazılıq atmosferi, bir də üstəlik karantin, və iş yerlərinin xeyli hissəsinin bağlanılması və əhalinin ən az 1/3-nin maddi durumunun birbaşa təsirlənməsi nəticəsində xüsusilə kəskin mərhələyə, elə mart ayından etibarən girməyə başlamışdı. Cəmiyyət, qismən narazı olanda, onu qorxutmaqla, çəkindimək mümkündürsə də, kəskin narazı olanda isə bu, əks-reaksiyadan başqa bir nəticə doğurmur. “Bizim xalq, qorxaqdır” kimi cəfəng düşüncələr, məntiqin heç bir qaydasına uyğun gəlmir, çünki insan, fitrətən və təbiətən zatən təhqirlə barışan bir xüsusiyyətə sahib deyil. Sadəcə o, davranışda və zahirdə barışmış kimi görünə bilər və bu, da özünü zəif hesab etməkdən və “özünü təhlükəyə atmama” riskindən qaynaqlana bilər. Özünü güclü hesab edən hər kəsin isə təhqirə qarşı hücuma keçəcəyi, bir aksiomdur. Və bu qayda, təbii ki, insanlardan təşkil olunan cəmiyyət üçün də keçərlidir. Bəli, doğrudur, Azərbaycan toplumunda olan, hazırda passiv narazılıqdır, lakin bu, elə bir şeydir ki, kəskin istidə, adicə bir qığılcımın da bütün meşəni yandırmasına bəs etdiyi kimi, xırda bir ipucu yetərlidir ki, narazılıq, vulkan kimi püskürsün. Və xüsusən də, karantinə əyani nəzarətə cavabdeh olan polisin və daxili qoşunların əhaliyə qarşı təhrikedici və qeyri-adekvat yanaşmasının iyun ayında pik həddinə çatması nəticəsində baş verən bəzi lokal, amma anlamlı etiraz aktları, hər şeyə rəğmən, cəmiyyətimizin ciddi əks-reaksiya potensialının mövcudluğunu göstərdi.

Ardınca, iyul ayının ortalarından etibarən, ya vəlvələdən ya zəlzələdən, tamamilə yeni gündəm maddəsi yarandı və “Tovuz döyüşləri” adlı, fərqli və təsir gücü yüksək, yeni məsələ ortaya çıxdı. Bu hadisə ilə; diqqətlər, hakimiyyətdən və daxildən xaricə yönəlməyə başladı və nəticə etibarilə gündəm, tamamilə dəyişmiş oldu. İlk başlarda, hakimiyyət üçün çox əlverişli görünən, və insanlarda, xarici təhlükəyə qarşı birləşmə və dövlətlə mütənasiblik meylini artıran bu proses, zaman keçdikcə, döyüşlərdə hansısa effektiv və cəlbedici sonuc əldə olunmaması ilə, xüsusən də general başda olmaqla yüksək çinli hərbçilərin itirilməsi nəticəsində, balansın dəyişməsi ilə nəticələndi. Həmin günlərdə insanların küçələrə çıxmasının impulsunu yaradan amil, şəhidlərə matəm tutmaq və vətənpərvərlik hissi idisə, bu impulsun qalıcılığını təmin edən amil isə karantindən və ölkəni pis idarən edən hakimiyyətdən narazılıq idi. Əgər 15 iyul tarixindəki məlum təxribatlar olmasaydı və parlamentə daxil olmaq avanturasına gedilməsəydi, bu etirazlar, uzun müddət, məsələn, sabaha qədər davam edə bilərdi və zaman keçdikcə də birbaşa olaraq, dövlət rəhbərinin və hökümətin istefa tələblərinin meydanına çevrilə bilərdi. Sırf təsadüf nəticəsində, hakimiyyət, əslində çox böyük bir təhlükədən, indilik də olsa sıyrılmış oldu və qəzəbli on minlərin hücumlarından yayınmış oldu.

Lakin, faktiki olaraq, 2003-ci ildən sonra ən böyük iqtidar əleyhinə aksiya olan bu mitinqdən nəticə çıxarmaq yerinə, hakimiyyət, yenə də cəmiyyəti görməzdən gələn, və hüququ və rifahı düşünməyən addımlarını davam etdirdi. Operativliyi, adından başqa heç nəyində olmayan “Operativ Qərargah”ın karantinlə bağlı qeyri-korrekt, və virusu daha da yaya biləcək absurd qaydalarının (məsələn, metronun bağlanması, bir neçə gün küçəyə çıxma qadağası) dəyişilməsi yerinə, xalqa qarşı, və qəzəbi artıracaq yeni qərarlara gedildi və xüsusən də gömrüklə bağlı (fərdi qaydada xaricdən bağlama gətirilməsi ilə əlaqədar) yeni və kəskin qayda, hələ bu da azmış kimi,  taksi xidməti ilə bağlı, monopoliya və sərt tənzimçilikdən başqa bir anlam daşımayan “vahid tarif” qərarı, hakimiyyətdə ya normal ağla sahib bir qərarvericinin mövcud olmadığını ya da hakimiyyətin öz “nakam” taleyi ilə barışdığını və gedərayaq, “nə qırpdım, qırpdım” anlayışında olduğunu düşündürməkdədir. İndiyəqədər, mövcud hakimiyyətin, çoxlu ağlasığmaz və cəfəng qərarları təbii ki, olmuşdu və bunların sayı, ilk baxışda xatırlanmayacaq qədər çoxdur, lakin qısa zaman kəsiyində bu qədər absurd qərarlar, heç zaman olmamışdı. Xüsusən, bu ilin əvvəlindən bəri edilən seçimlərə nəzər yetirsək: öncə, virusa qarşı təpkisiz və laqeyd qalmaq, daha sonra gec reaksiya verib, qeyri-adekvat karantin tədbirləri almaq, ümumiyyətlə “Operativ Qərargah” adlı qurumun yaranması və fəaliyyətdə olduğu 6 ay ərzində serial çuvallamaları və az qala hər 2 qərarından birinin məntiqsiz olması; daha sonra, müxalifətçi ovunun, artıq bəhanəsiz bir fazaya keçməsi və insanları, ümumiyyətlə səbəb göstərmədən azadlıqdan məhrum etmək və Prezidentin, AXCP və müxalifət əleyhinə ardıcıl ölçüsüz və radikal bəyənatları; karantinlə ümumiyyətlə heç bir uyğunluğu olmayan- bir neçə gün küçəyə çıxmaq və hətta zibil atmaq qadağası; karantini pozanların polisdə sıraya düzülüb qanunsuz və təhqirəmiz formada görüntülərinin yayılması; “Tovuz döyüşləri” zamanı baş verən kütləvi müharibə çağırışlarına cavab olaraq, səfərbərliklə bağlı  Prezidentin söylədiyi “cəmi 150 nəfər müraciət edib” biabırçılığı; ”tovuz döyüşləri”ndə ciddi itkilər və xüsusən müəmmalı şəkildə həlak olan yüksək rütbəli zabitlərin aqibəti ilə bağlı heç bir aydınlığın olmaması; karantində qadağan olan toy mərasimi keçirənlərin və iştirakçıların bəzilərinin cəzalandırılıb, bəzilərinin toxunulmaz qalması; xaricdən bağlama gətirilməsi ilə bağlı məlum gömrük məhdudlaşdırması; taksi fəaliyyətinin inhisarlaşması qərarı və sonra gələn təpkilər nəticəsində qərarın geri çəkilməsi;

Sanki iqtidar, ağılsız qərar vermək üzrə rekord qırmaq istəyir, yaxud da ağıllı qərar verməyi özünə qadağan edibdir.

Zatən ağıllı olmayan Azərbaycan hakimiyyətinin, son bir neçə ay ərzində ümumiyyətlə dəlilik həddinə çatması, ya kəskin isterik və həyəcanlı vəziyyətin, ya da qərarvericilərinin dəyişməsinin nəticəsi kimi görünür. İnsan, adətən ya ömrünə az qaldığı zaman, ya ağlı itəndə ya da zatən əvvəldən dəli olanda, çılğın və təhükəli qərarlar verir. Əslində bizim hakimiyyət üçün bu variantların hər biri keçərlidir.

Görünür ki, hakimiyyətdə, xüsusən də 2019-ci ilin payızından bəri təcil qazanan “kadr islahatları” və özəlliklə də məşvərət və ideologiya işlərinə cavabeh olan Əli Həsənov, Ramiz Mehdiyev kimi yarıbabat ideoloqların sıradan çıxarılması; ya onların daha səbatsız olanlarla əvəz olunması ilə nəticələnib ya da ümumiyyətlə, yerləri boş qalıbdır və yalnız 1, uzaqbaşı 2 nəfər, bütün ölkə adına bütün qərarları verməkdədir. Ki, ikinci versiya, yəni qərarların 1-2 nəfər tərəfindən verilməsi, daha inandırıcı görünür.

(Ardı Var)

Müəllif: Yunis Dürüst     

 

0 şərh