AZƏRBAYCAN: GƏLƏCƏK PERSPEKTİV (Proqnoz və təhlil) 3-cü Hissə

(2020-ci ilin sentyabrından, gələcəyə baxış)

 

Feysbukda 5 iyul tarixində paylaşdığımız “Ölkəmizdə nələr baş verməkdədir və ən əsası, nələr baş verə bilər?” sərlövhəli məqalədə, bir sıra proqnozlar vermişdik. İlk növbədə, hakimiyyətin, karantini mümkün qədər uzatmağa meyilli olduğunu və qapanmaların azı gələn ilə qədər davam edəcəyini söyləmişdik. Bu gün etibarilə, məktəblərin açılması ilə bağlı Təhsil Nazirinin açıqladığı bir qərar, mövzubəhsi olsa da, bu, heç də birmənalı deyil və məktəblərin bir daha bağlanmayacağı mənasını daşımır. Unutmayaq ki, sərtləşmə qərarlarını açıqlayan, məhz “Operativ Qərargah”dır və “pis polis” rolunda da məhz bu qurumdur. Onu da unutmayaq ki, zatən, karantin, indiyəqədər bir neçə dəfə sərtləşmə-yumşalma dövrünü yaşayıbdır və xüsusən də havaların soyuması ilə virus təhlükəsinin nisbi olaraq artması nəticəsində, bizi, qarşıda yeni qapanma dalğasının gözləmədiyini söyləmək mümkün deyil və bu, elə oktyabrda da baş verə bilər.

2016-ci il referendumunda, xeyli asanlaşan fövqaladə halın tətbiqi imkanı, pandemiyanın verdiyi əlverişli imkan nəticəsində, asanlıqla həyata keçirilmək imkanı qazandı. Hakimiyyət üçün, insanları kontrol altında saxlamaq, ən başlıca məsələ olduğu üçün; zatən getdikcə silsiləvi olaraq artan və özünü zaman-zaman biruzə verən ictimai narazılıqlar fonunda, küçədə polis və qoşunların olduğu bir şəraitdən, və insanları, “əlinin içində saxlamaq” effekti yaradan karantindən asan-asan vaz keçəcəyi inandırıcı görünmür. Məntiq bunu deyir ki, iqtidar, karantindən çıxıb sonra nə vaxtsa fövqaladə hala girmək yerinə, fasiləsiz əvəzlənməni daha rahat və daha risksiz hesab edir, çünki ən azından, minlərcə polis və daxili qoşunu küçədən yığdıqdan sonra təzədən küçələrə tökmək, daha çətin olacaqdır. Ona görə də, hətta özüyçün təhlükəli və riskli olsa da hər şeyin asanına qaçan mövcud iqtidarın, virus olsa da, olmasa da (və ya olmasa yeni “virus” yaratmaqla), karantində dirənəcəyini proqnozlaşdırmaq olar.

Uzun illər ərzində, cəmiyyəti, informasiya blokadasında saxlayan və əhalinin zəkasının güclü olmamasından istifadə edib aldada bilən iqtidar, zamanla, qeyri-adi və gözlənilməz bir yerdən zərbə almağa başladı və internet fonemeninin və texnikanın yayğınlaşması, bu zərbənin episentrini təşkil etdi. Xüsusən də sosial şəbəkələrin verdiyi müdhiş ünsiyyət və əlaqə imkanı nəticəsində, uzun illər ərzində real həyatda mümkün olmayan təşkilatlanma və xəbər alma imkanını qazanan sadə insanlar, öncə, “reallıqları anlama” etapını yaşadıqdan sonra, zamanla, “narazı olma” mərhələsinə qədəm qoydular. Sonuncu mərhələ isə “dəyişdirmə mərhələsidir” və demək olar son 2 ildir ki, bu etapa daxil olmuşuq. “Azərbaycan xalqı yatıbdır” kimi, sosiologiyanın və psixologiyanın əlifbasına zidd olan mənasız fikirlərdən də artıq yaxa qurtarmaqda olduğumuzu söyləmək olar və indi artıq, az qala hər kəsin siyasətlə maraqlanmağa başladığı və bir-birilə bunu ya aşkar, ya gizli müzakirə etdiyi aşikardır. Bəli, insanlar, daima və hər yerdə, narazı və etiraz dolu fikir və şəxslərə rast gəldiklərinə görə, sosial şəbəkədə olmaq, onlar üçün minium siyasi aktivliyi təmin edən ilkin şərti yaradır. Diqqət etsək, görərik ki, artıq, futboldakı “total hücum” taktikası kimi, hansısa bir hadisəyə, əhalinin kütləvi reaksiyası müşahidə olunmaqdadır və ən xırda bir anti-xalq addım- minlərcə təpki, paylaşım və diqqət alaraq, dalğalar şəklində yayılmaqdadır. 10 il öncə, bəlkə də heç kəsin təxmin etməyəcəyi qədər, qeyri-adi olan bu hadisə nəticəsində, “ictimai fikir” adlanan qavram, təşəkkül tapmaqdadır. Və cəmi bir neçə il öncə möcüzəvi görünən hadisə- məmurun ictimai təpki nəticəsində istefaya getməsi (və ya göndərilməsi) fenomeni, artıq, yaranmaqdadır. Ən son elə Ramiz Mehdiyevin nəvəsinin məclisi ilə əlaqədar məsələnin gündəmə gəlməsi nəticəsində, hətta Səyavuş Novruzov kimi-iqtidarda özünəməxsus yeri və “ağzına gələni danışma azadlığı olan” bir şəxs belə, cəmi 1-2 günə “yerə çırpıldı” və onunla bərabər, daha bir neçə tanınmış iqtidar simaları da “yararsız hala gəldi”.

Mövcud və sonrakı hadisələri analiz etmək və proqnoz verə bilmək üçün diqqət edilməsi vacib olan bir neçə amil var, hansı ki, onlardan biri üzərində, 5 iyul tarixindəki feysbuk məqaləmizdə dayanmışdıq- TEMP və TENDENSİYA. Bu barədə bir az sonra geniş danışacağıq və ümumiyyətlə bu faktorların hər birini xüsusi olaraq izah etməyə çalışacağıq, lakin sözügedən faktorlardan birincisi, fikrimcə, elə bayaqdan mövzu bəhsi olan- SOSİAL ŞƏBƏKƏNİN POTENSİALI amilidir.

 

SOSİAL ŞƏBƏKƏNİN POTENSİALI Faktoru

Sosial şəbəkələrin siyasi gündəm tempinə və bunun nəticələrinə, xronoloji olaraq nəzər yetirsək görərik ki, “qurban verilən” fiqurların “ictimai-siyasi çəki pilləkənində”,  getdikcə yuxarıya “dırmanılmaqdadır”. 4-5 il öncə, maksimum hansısa sıravi polisin qurban getməsi ilə nəticələnən ictimai qınaq, indi hətta bir dövlət qurumunun ən yuxarı vəzifəlisini də “apara bilir”.  Şübhəsiz ki, ictimai təpkilərin miqyası və dərinliyi, silsiləvi olaraq, artmağa doğru gedir və bu gedişatla; cəmi bir neçə ay sonra, hansısa nazirin, feysbuk vasitəsilə işindən çıxarılması, adi bir hal olacaqdır. Ən sonda da təbii ki, növbə, dövlət rəhbərinə gələcəkdir, və mövcud hakimiyyətdə və onun xəttində ciddi müsbət dəyişiklik olmaması durumunda, bunun baş verməməsi, sadəcə olaraq mümkün deyildir. Çünki, sosial şəbəkə, “təpkilərin cəmlənməsini” və ya “bir nöqtəyə vurmasını”, çox effektiv şəkildə təmin edir və bunu, əslində real həyatdan çox daha tez və rahat edə bilir. Yəni, bəzilərinin zənn etdiyinin əksinə, əslində “sosial şəbəkə mitinqləri”, real mitinqlərdən daha az təsirli və daha az önəmli deyildir. Və məsələ də budur ki, sosial şəbəkədəki “mitinq”, çox daha asan, praktik və effektivdir. Çünki əvvəla, burda, məlumatın yayılma intensivliyi və radiusu çox daha yüksəkdir. İkincisi, realdakı mitinq meydanın məhdud çərçivəsinin olması müqabilində, virtual meydan, “sonsuz” və “nəhayətsizdir” və “bütün əhalini tuta bilir”. Üçüncüsü də, “kütlə effektinin” təsir potensialı, çox daha güclüdür, yəni internetdə insanlar, ictimai təpkini daha tez və daha çox hiss edə bildikləri üçün daha çox da təsirə düşə bilirlər.

Beləliklə, bunu söyləmək olar ki, hətta hakim komanda daxilində heç nə baş verməsə və “bir-birilərini qırmasalar” belə, zaman, özü hər şeyi həll edəcəkdir və sosial şəbəkənin gücü və ictimai təpkinin təbii artım tempi, hakimiyyətdə ciddi dəyişiklik yaradacaqdır. Sadəcə olaraq, məsələ budur ki, bu dəyişiklik dalğasına veriləcək “yem”, yəni ictimai basqının önünə veriləcək “qurbanlar”, aldadıcı fiqurlar da ola bilər və bu “yem” nəticəsində, mahiyyətcə, mövcud hakimiyyətin və sistemin ömrünü uzatmaq mümkün ola bilər. Necə ki, elə ən son baş verən hadisədə, Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri “qurban verilsə” də, baş direktoru isə yerindədir və beləcə, BNA, müəyyən “itki versə” də və layihəsində dəyişikliyə getsə də, qurumun mahiyyəti, eyni qalmaqdadır. Bu və ya digər qurum, yəqin ki, yenə başqa bir absurd qərar verəcəkdir və bu dəfə, uzaqbaşı bir az “malalamalı” olacaqdır; daha diqqətli davranaraq, “xalqı düşünən dekorasiya”dan istifadə edəcəkdir.

Amma artıq, bundan sonra nə olursa olsun, mövcud sistem, yalnız ona nail ola bilər ki, ömrünü, müəyyən məhdud müddət üçün uzatsın. İstənilən halda; zamanla, ictimai təpkinin hədəfinin növbə sırası- idarəçilərdən, hakimiyyətin birbaşa özünə də çatacaqdır və təkcə fiqurlar deyil, ümumiyyətlə bütün sistem, “qurban gedəcəkdir”.

5 iyul tarixindəki-proqnoz məqaləmizdə, əsas ştrix olaraq onu qeyd etmişdik ki, tezliklə ciddi hadisələr baş verəcəkdir və bu, ən geci payızda olacaqdır. Lakin, hələ bunun da son olmayacağını demişdik və beləliklə zəncirvari və ardıcıl proseslərin gedəcəyinə işarə etmişdik. Bu proqnozdan bir neçə gün sonra, silsilə olaraq başlanan və olduqca yüksək templə irəliləyən qızğın gündəm başlıqlarının öncüsü, “Tovuz döyüşləri” və bu konteksdə, xalqın hisslərinin real həyata yansıması və on minlərin meydana çıxması oldu. Bu olay, nisbi olaraq “soyuyandan” sonra, fikirlər, tam gücü ilə daxilə yönəlməyə davam etdi və nəticədə “Ramiz Mehdiyev fırtınası” cərəyan etdi. Günlərcə davam edən “fırtına”, səngisə də, siyasi gündəmin ümumi hərarəti düşmək bilmədi; gömrük düzənləməsi və ona gələn təpki və nəticədə qərarın qismən yumşalması, daha sonra eyni senari üzrə; tamamilə absurd olan “vahid tarif” qərarı və buna gələn ictimai təpki, daha sonra da bu qərarın geri çəkilməsi hadisəsi cərəyan etdi. Ardınca isə “Tofiq Yaqublu dalğası” gəldi. Bu dalğanın ardınca da mütləq yeni bir dalğa gələcəkdir və beləcə, silsilə, davam edəcəkdir. Və mütləq ki bu dalğavari effekt, ciddi siyasi dəyişiklər gətirəcəkdir.

Nəzərə almaq lazımdır ki, proseslərin qızğınlığını şərtləndirən amillərdən biri, hakimiyyətin ağılsızlığı və qeyri-adekvat addımlarıdırsa, bundan daha önəmli amil, sosial media və ictimai təpki amilidir.

5 iyul tarixindəki yazıda, gələcəyi proqnozlaşdıra bilmək üçün diqqət etməyi vacib hesab etdiyim amillərdən biri olan TEMP və TENDENSİYAnın üzərində, indi daha geniş dayanaq.

 

TEMP və TENDENSİYA Faktoru

O zaman qeyd etmişdik ki, təkcə son 2 ildə baş verən hadisə və dəyişikliklər, öncəki 10 il ərzində baş verməyəcək qədər çox və ardıcıl olubdur. Bəli, hal-hazırda düzdür, hakimiyyətin dəyişilməsi ilə bağlı birbaşa bir durum, aktual deyil, amma əsas olan, məhz hadisələrin inkişaf tempi və tendensiyadır. Daxili hadisələri götürsək: ictimai təpkiyə tuş gələn gündəm mövzularının sayı, və narazılığın, getdikcə daha yuxarı instansiyalara doğru yönəlməsi; dəyişilən və əvəzlənən məmurların, xüsusilə də yüksək ranqli məmurların sayı; eyni zamanda, həbs edilən və ya sıradan çıxarılan yüksək vəzifəli məmurların sayı; prezidentin, müxalifət əleyhinə verdiyi bəyənatların sayı və kəskinliyi; birbaşa olaraq ictimai təpki nəticəsində dəyişən qərarlar (məsələn, karantinin yumşadılması və ya bəzi məmurların istefaya göndərilməsi);  bunlar, özlüyündə, ciddi göstəricilərdir. Son 2 ilə qədər, “səhra” və ya ən yaxşı halda “yarımsəhra” vəziyyətində olan siyasi gündəm, indi artıq, “yaşıllığa çevrilmişdir” və bu durum, silsiləylə artmaqdadır. Hadisələrin inkişaf tempinin çoxalmasını şərtləndirən ən mühüm faktor, elə sosial şəbəkələrin və internetin, artıq, insanların “evinə” çevrilməsi və “doğmalaşması” amilidir.

Məşhur ifadə ilə desək, «Dəyişməyən tək şey, dəyişimdir». Sosial media çağında, dünyada və regionda bu qədər dəyişikliyin olduğu bir vaxtda, Avropanın son diktatura olan-Belarusda “Lukaşenko xanədanlığı”nın çökməkdə olduğu, hətta «donuq» Ermənistanda belə, təzəlikcə inqilabın baş verdiyi və yarıdemokratik sistemin qurulduğu; bu qədər fərqliliklərin yaşandığı zamanda, bizdə ciddi dəyişikliklərin baş verməməsi onsuz da mümkünsüzdür və məntiqin qanunlarına ziddir. Çünki, ən əvvəl, bütün bu dəyişikliklər, informasiya və sürətli ünsiyyət əsrində; insanlar üçün şüuraltı bir presedent və ümid effekti yaradır. İkincisi də, bir sıra Yaxın Şərq ölkəsində dağıdıcı təsirə baxmayaraq, qonşu Ermənistan və Gürcüstanda, hər şeyin, əsasən dinc və proqressiv baş verməsi, bu presedent effektini gücləndirən rol oynayır.

Diqqət edək:

2014-cü ildə; Ukraynada, ikinci məxməri inqilab oldu və bu ölkə, öz qədərini, geridönülməz şəkildə müəyyən edərək, Rusiyadan tamamilə kənarlaşıb Qərb alyansına daxil oldu.
2016-ci ildə; Türkiyədə, çevriliş cəhdi və ya buna bənzər bir şey oldu və bütün ölkə, silkələndi.

2018-ci ildə; İrana qarşı sanksiyalar bərpa olundu və ölkə, sürətlə tənəzzülə yuvarlanmağa başladı. Həmin ildə; Ermənistanda məxməri inqilab oldu və hakimiyyət və sistem dəyişdi.
2019-cu ildə; Sudanda və Əlcəzairdə məxməri inqilab oldu və uzun illərin diktatorluqları çökdü. Həmin ildə; Qazaxıstan diktatoru, hakimiyyətdən qismən də olsa çəkildi.

2020-ci ildə; Belarusda diktatura şiddətli şəkildə silkələnməkdir və artıq, heç bir şey, əvvəlki kimi olmayacaqdır.

 

Xüsusən də, 2019-cu ildən başlayaraq, Cənubi Amerikadan tutmuş, Şərqi Asiyaya qədər, dünyanın müxtəlif yerlərində və özəlliklə, keçmiş MDB-nin “patronu” Rusiyada, ciddi xalq etirazları, baş göstərməkdədir.

Bu zaman zərfində Azərbaycanda isə:

2019-cu ildə; Uzun illərdən sonra ilk dəfə müxalifət, ciddi mitinq keçirdi və nəticədə hakimiyyət, silkələndi və ardınca, digər qeyri-adi hadisələr baş verdi.

2020-ci ildə; 17 il sonra ilk dəfə, on minlərlə insanın, ictimai narazılığın təsiri ilə meydanda qalmasına şahid olundu və bu, lidersiz və spontan baş verdi.

Yuxarıda qeyd olunan tablo və dünya mənzərəsi, yetərincə ilgincdir və hadisələrin bir-biriylə birbaşa əlaqəsi olmasa belə, “həyatda heç bir təsadüf yoxdur” qaydasını xatırladır. Bütün bu tabloya, ümumi aspektdən baxanda, hansısa ciddi proseslərin getməkdə olduğunu və yeni bir şeylərin yaşanmaqda olduğunu görmək mümkündür və ən əsası, bu proseslər, xarakter etibarilə, öncəkilərdən yetərincə fərqlidir.

(Ardı Var)

Müəllif: Yunis Dürüst                

0 şərh