MÜHARİBƏDƏN SONRA: AZƏRBAYCAN PERSPEKTİVİ. (Proqnoz-təhlil) 5-ci Hissə


Baxmayaraq, hərbi sahədə, şanslar, hələ də tükənməyib, lakin hakimiyyət üçün artıq 3 qırılma proyeksiyası-iqtisadi, siyasi və hərbi nöqtə mövcuddur və faktiki olaraq, 2020-ci ildən də daha mürəkkəb və daha ağır durumdadır.

Beləliklə də iqtidarın, digər iki sahədənsə, məhz alternativ olaraq açdığı və qurtuluş aradığı kanal olan hərbi sahədə dəyişikliyə daha yatqın olması inandırıcıdır.

Amma, atılacaq addımların və Qarabağ cəbhəsində həyata keçəcək radikal dəyişiklərin, birbaşa olaraq qarşı tərəf-Ermənistan iqtidarı üçün ciddi problem yaratma ehtimalı, və xüsusən də orda, hazırda, seçkiqabağı bir şəraitin olması, işləri, daha da qəlizləşdirir.Nəzərdən qaçırılmamalıdır ki, Paşinyan iqtidarı, faktiki olaraq, Əliyev üçün yeganə münasib iqtidardır və onun əlini zəiflətmək, avtomatik olaraq, daxildəki rusiyameyilli qüvvələrin şansını artırmaq deməkdir. Məsələnin, beynəlxalq tərəfini, və başda ABŞ olmaqla, qərbin də Paşinyan iqtidarından yana olmasını nəzərə alanda; Azərbaycan iqtidarının, Qarabağ cəbhəsindəki dəyişiklik cəhdini, Ermənistandakı iyun seçkisindən sonraya buraxması, ilk baxışda, daha güclü ehtimal kimi görünsə də, digər amillər də var.

Ən birincisi; iyun seçkisindən sonra nələrin baş verməsi də indidən o qədər də aydın deyil, çünki nisbi olaraq Paşinyan, ən reytinqli siyasətçi olsa da, hər halda Erməni cəmiyyətinin təxminən 3-də 2-si ondan narazıdır. Bu, da o deməkdir ki, Ermənistanda da siyasi zəmin, yetərincə sürüşkəndir və anidən ortaya çıxa biləcək hansısa fiqur, cəmiyyətin rəğbətini qazana və siyasi vektoru dəyişdirə bilər.

Digər tərəfdən də, bu seçkilərdə, daha güclü ehtimal olan koalisiya höküməti; yəni Paşinyan, baş nazir olsa da, digər bir partiyaya məcbur qalması-elə avtomatik olaraq, xaotik durum deməkdir və həmin koalisiyanın da ölkədəki mürəkkəb şərtlərdə, sabit qalması, inandırıcı deyil.

Ona görə də hətta iyundan sonra da, Azərbaycan hakimiyyəti üçün Qarabağda ciddi dönüş yaranması zəmini olmaya bilər və hətta indikindən daha əlverişsiz zəmin yarana bilər.

Ən əsası; iyuna qədər, Azərbaycanda nələrsə dəyişməlidir, çünki ölkədəki ağır ictimai-siyasi şərtlər və getdikcə zəmini güclənən anti-iqtidar vəziyyəti, bunu diktə edir.Belədə də, hakimiyyət üçün yeganə “əl yeri” olan-“məmur qurbanları”, daha asan seçim kimi görünür.

Hər halda, “pensiya, müavinət və maaş artırmaları kartı”, əldə varsa da, bunu, məhz irəlidə nəzərdə tutulan- hakimiyyət əvəzlənməsi üçün saxlaması, daha realdır.

Aprel ayının əvvəllərində, ləğv edilmiş MTN-in iki mühüm strukturunun – Hərbi Əks-Kəşfiyyat və İstintaq Baş İdarələrinin rəislərinin həbs edilməsi,ilk baxışda, nəzərlərin, əsas nöqtəyə-Eldar Mahmudova yönəlməsinə səbəb oldusa da, məsələ, o qədər də sadə deyil. Daha öncəki (sentyabr, 2020) geniş təhlilimizdə də ətraflı izah etmişdik ki, hakimiyyətin, E. Mahmudov, R. Mehdiyev və hətta Ə. Həsənov kimi-əllərində ciddi imkanlar və kompromatlar olması yüksək ehtimal olan şəxsləri, birbaşa “dənləməsi” asan deyil və özü baxımından çox risklidir. Ona görə də, indiki halda, keçmiş MTN-nin bu 2 generalının həbs olunmasını da, daha çox məhz iki amillə bağlamaq olar:

1)Ümumi “məmur qurbanı silsiləsi”nin davamı.

2)Xüsusən də siyasi vəziyyətin, qarşıda gözlənilən kəskinləşməsi və iqtidarın zəifləməsi müqabilində, E. Mahmudovun, R. Mehdiyevin timsalında ola biləcək əks-cəhdlərin önünün bəribaşdan alınması və keçmiş həmkarların “gözünün qorxudulması”.

Doğrudur, son 1 il içində, Azərbaycanda, heç olmadığı qədər qısa vaxt intervalında baş verən “məmur qıyımları”; Səhiyyə naziri Oqtay Şirəliyev, Xarici İşlər naziri Elmar Məmmədyarov və Mədəniyyət naziri Əbülfəz Qarayev başda olmaqla, bir sıra üst məmurların çıxarılması və bəzi Nazir müavinləri, İcra hakimləri səviyyəsində aparılan həbslər və xüsusilə də bu hadisələrin, bir qayda olaraq “ağır” gündəm fonunda edilməsi, hakimiyyətin əlində, bu “kartın”, hər zaman hazır vəziyyətdə durduğunu və sırada, yeni nazirlərin və iri fiqurların olacağını göstərir. Xüsusən də ilin əvvəlində, təəccüblü bir şəkildə İTV-də yayımlanan- polisin özbaşınalığı və Daxili İşlər Nazirliyi əleyhinə olan açıq və sərt tənqidi sujet, və hətta bununla bağlı DİN-in narahatçılığına rəğmən, İTV-nin mövqeyini sürdürməsi, ciddi və diqqətədəyər bir olaydır və hakim iradənin, DİN-dən və dolayısıyla da rəhbər Vilayət Eyvazovdan məmnun olmadığını və onu və komandasını dəyişmək istədiyini aşkar edən bir işarədir.

 Lakin, hər halda, məsələn, Kəmaləddin Heydərov kimi-təkbaşına bir “cəbhə” olan və on milyardlarca vəsaiti olduğu şübhə doğurmayan “riskli adama” qarşı, açıq “qıyımın” aparılacağı şübhəlidir və zəif ehtimaldır.

İlk baxışda, hakimiyyət üçün istənilən böyük məmurun və ya fiqurun “başını yemək” və bununla, gündəmi öz xeyrinə yönəltmək, asan qərar kimi görünsə də, əslində, vəziyyəti qəlizləşdirən bir çox amillər vardır ki, onlardan da ən başlıcaları, elə-kompromat və imkanlar məsələsidir. Digər tərəfdən də hakim iradə üçün öz komandasına aid (Əliyev-Paşayev klanı) kiminsə bu sırada olması da məqbul seçim deyil. Belə olduqda da, yerdə, əslində, çox seçim qalmır.

Odur ki, hakimiyyət, güclü və əsas fiqurları ram edə bilməyəcəksə, “həbs taktikası” da yetərli effekti verməyəcəkdir və bu da o deməkdir ki, sözügedən amil, təkbaşına, gündəmi nəzarətdə saxlamağa yetərli olmayacaqdır.

Belə olan halda da nəzərlər, yenə də digər vasitəyə-hərbi platformaya istiqamətlənir. Hakimiyyət üçün, yaxın həftələr, hətta günlər ərzində, bu cəbhədə ciddi dəyişiklərin olması, (xüsusilə də riskli “Tərtər işi”nin “alov”unu söndürmək məcburiyyəti baxımından) hava-su qədər vacibdir.

Və bu fonda, ilk ağla gələn də, təbii olaraq, “Tərtər cinayətləri” ilə bağlı, yaxın zamanda yeni və daha güclü bir hüquqi prosedurun başladılması və cinayətlərlə əlaqəli olan bir çox “iri”, amma “risksiz” şəxslərin “qurban verilməsi”dir.

Beləliklə də yaxın zamanda, bir sıra yüksək rütbəli hərbçilərlə bərabər, hüquq sisteminin bəzi rəhbər şəxslərini də əhatə edən- həbs, işdən çıxarılma, “gedər-gəlməzə göndərmə” dalğasını gözləmək olar. Lakin, hər halda, bəhs olunan 1700 civarında hərbçi zülmündə, rolu olması labüd olan (başda da Hərbi prokuror olmaqla) əsas şəxslərin məsuliyyətə cəlb olunması, inandırıcı deyil. Dolayısıyla, sözügedən proses də, əslində, cəmiyyətdəki bu məsələyə yönəlik aqressiya və təpkini dindirməyə yetərli olmayacaqdır, odur ki, iqtidarın, ümidini bağlaya biləcəyi yeganə məsələ də  Qarabağ və hərbi əməliyyatlardır.


 

                                               “Elmi Proqnozlaşdırma Mərkəzi”nin direktoru Yunis Dürüst

0 şərh