MÜHARİBƏDƏN SONRA: AZƏRBAYCAN PERSPEKTİVİ. (Proqnoz-təhlil) 6-cı Hissə



Ermənistanla başlanacaq yeni bir hərbi qarşıdurma, nəzərləri, avtomatik olaraq daxildən xaricə yönəltməklə,digər məsələləri arxa plana keçirəcəkdir və zatən bir neçə həftədir ki, iqtidar, məqsədli şəkildə bunun zəminini hazırlamaqla məşğuldur. Belə ki, “İskəndər” raketi ilə bağlı İ. Əliyevin, əvvəl inkar etməsinə rəğmən, sonra, gözlənilmədən gündəmə gətirdiyi olay; bir tərəfdən, ABŞ-ın yeni hakimiyyətinin Rusiyaya qarşı sərt mövqeyi və bu xüsusda, həm də Azərbaycandan da Rusiyaya qarşı mövqe tələbinə cavabdırsa da, həm də hərbi gündəm yaratmağa və Qarabağda ola biləcək potensial dəyişiklik üçün psixoloji-siyasi hazırlığa hesablanıbdır.

Lakin, başqa bir tərəfdən, ABŞ və Qərbin və elə Rusiyanın, bu dəyişikliyə və ya hərbi qarşıdurmaya necə reaksiya verəcəyi də ayrı bir çıxılmazlıq deməkdir və Azərbaycan iqtdarının, çox riskli və həssas bir qərar ərəfəsində olması anlamına gəlir. Ən azından, bir-birinə zidd, iki qütbü, eyni vaxtda razı salmaq, 2-ci Qarabağ müharibəsindəki qədər asan olmayacaqdır və ABŞ-da artıq, Paşinyan hökümətini daha sıx dəstəkləyən yeni və fərqli bir-“demokratlar” iqtidarı mövcuddur. Zatən ABŞ-ın, “demokratlar”dan olan hazırki prezident Baydenin timsalında, bu dəfə “Erməni soyqırımı”nı tanıyan açıqlama ilə çıxış etməsi də, həm də bu dəstəyi qarantiya edir.

Ancaq, nə qədər qəribə olsa da və ilk baxışda Ermənistan üçün ciddi problematik məsələ kimi görünsə də, cəbhədə baş verəcək toqquşmalar, elə Paşinyan iqtidarı üçün də lazımlı və kritik bir çarə ola bilər. Belə ki, bu, daxildəki həssas və əlverişsiz seçkiqabağı mühitdə, diqqəti, xaricə yönəldə və gündəmi dəyişə bilər ki, nəticədə də təkbaşına iqtidar üçün həlledici olacaq bəlkə də 2-3 faizlik bir oynamanı gətirə bilər. Bəli, elə Paşinyanın, 21 apreldə Zəngəzur mahalına ziyarəti zamanı, ciddi təpki ilə üzləşəndən bir neçə saat sonra, sərhəddə çaxnaşmanın baş verməsi xəbərinin yayılmasını da, əslində, bu kontekstdə dəyərləndirmək lazımdır. Hansı ki, Azərbaycan da rəsmi olaraq, bu olayı təsdiqləyərək, erməni tərəfinin növbəti həmlələrinə cavab veriləcəyini bəyan etdi.

Beləliklə də, hər iki tərəfin hakimiyyətinə sərf edən bu toqquşmaların, qarşıdakı günlərdə, mütəmadi xarakter alacağını və nisbətən böyüyəcəyini proqnozlaşdırmaq olar.

Eyni zamanda da, bu çaxnaşmanın, hələki kəskin fazaya keçməsi də inandırıcı görünməməkdir, çünki, əvvəla bu, Ermənistan üçün bəribaşdan uğursuzluq və məğlubiyyət anlamına gəlirsə, Azərbaycan hakimiyyəti üçün də, ən azından daxili və xarici auditoriyanın ilkin reaksiyasını öyrənmədən, buna girişmək, risklidir. Azərbaycan, yəqin ki, dərhal və kəskin hücuma keçməyib, qəti addım üçün bəhanə toplamaq və həm daxili, həm də xarici reaksiyanı yoxlamaq yolunu seçəcəkdir.

Hər halda, hərbi qarşıdurma, siyasi amillər qədər, hərbçi psixologiyasından da asılı bir məsələdir və cəbhədə baş verəcək ən xırda bir provokasiyanın, birdən alovlanıb müharibə həddinə çatması da realdır. Bu da, hər iki tərəfin hakimiyyəti üçün, “iplərin”, tam kontrolda olmaması və işlərin, bu istiqamətdə də qəliz olması deməkdir.

Lakin, daxildə çarələri tükənən Əliyev və Paşinyan, “əl-ələ verib” mütləq ki, bir şeylər “düz-qoş etmək” zorundadır və eynilə 2-ci Qarabağ müharibəsindəki kimi, “kontrollu gərginlik” və ya “danışılmış oyun” yəqin ki, baş tutacaqdır.

Bu baxımdan da, Ermənistanın, xüsusən də Qərbin dəstəyini almaq baxımından, eynilə 2020-ci ildəki “Tovuz hücumu” kimi, qeyri-konfilikt ərazisini provokasiya üçün seçməsi daha ağlabatandırsa, Azərbaycan üçün təbii ki, özünün nəzarətində olması gərəkən ərazilər, daha məqbul “nişangah”dır.

Beləliklə də, eynilə bu günlərdə Sünik-Zəngilan sərhəddində baş verənlərdə olduğu kimi, hər iki tərəfin bir-birini suçlaması ilə müşayiət olunan “kontrollu qarşıdurmalar”ın baş verməsi gözlənilir.

Amma, nəzərə alınması gərəkən digər bir məsələ budur ki, elə Ermənistanda siyasi vektorun uzun müddət qeyri-müəyyən olaraq qalma ehtimalının yüksəkliyi və hər zaman üçün- “qisasçı” və populist qüvvə və liderlərin yolunun açıq olması, nəticə etibarilə, gələcəkdə Paşinyan iqtidarı baxımından, cəbhədə, təktərəfli və “kontrolsuz gərginlik” yaratmaq üçün səbəb rolunu oynaya bilər.

Elə Azərbaycanın daxilində də; cəbhədəki potensial qarşıdurmaların və qızğın hərbi gündəmin, müəyyən vaxt intervalında, qəti və ciddi nəticələr gətirməməsi, iqtidar üçün siyasi təşəbbüsün yenidən itirilməsi demək ola bilər.

Nəticədə; uzaqbaşı 3-4 ay sonra, hakimiyyətin, mütləq şəkildə, ciddi nələrsə etməsi, onun baxımından, həyati və labüd bir zərurət halını alacaqdır və bu halda da, ciddi islahat etməyi, özünün sonu bilən Əliyev hakimiyyəti üçün, ağla gələn ən real ehtimal, təbii ki, yenə də Qarabağ cəbhəsinə yönəlikdir.

Beləliklə; qısa və orta vədədə, ölkəni, ziqzaqlı və həyəcanlı Qarabağ gündəminin gözlədiyini proqnozlaşdırmaq olar və bu gündəm, xüsusi amillər keçərli olmadığı müddətcə, 1-ci maddə olaraq “hərarətini” sürdürəcəkdir.

Bir sözlə; Qarabağ məsələsi, İlham Əliyev və hakimiyyətinin taleyini təyin edəcəkdir; keçən il özü, bu “kart”ı seçməklə, bir mənada “son qumarı”na başladı.

 
 
 
                                                “Elmi Proqnozlaşdırma Mərkəzi”nin direktoru Yunis Dürüst

0 şərh