Korteslərin yaranması

Orta əsərlərdə İspaniyanın, xüsusən də şəhərlərinin digər Qərbi Avropa ölkələrindən geridə qalması şəraitində şəhər nümayəndələrinin Lion krallığında hələ XII əsrin sonlarında silkli-nümayəndəli orqanın - korteslərin işində erkən iştirakı təəccüb doğurur. Lakin bunun səbəbləri orta əsr İspaniyasında yaranan özünəməxsus tarixi şəraitlə bağlıdır.
Əsrlər boyu müsəlman idarəçiliyi altında olan İspaniya Lion, Kastiliya, Navarro, Araqon kimi krallıqlardan ibarət idi. XI-XII əsrlərdə İspaniya (xüsusən Lion və Kastilya krallıqları) bütün qüvvələrini rekonkist (İspaniyanın müsəlmanlardan təmizlənməsi) hərəkatına yönəltmişdi. Eyni zamanda bu dövlətlər bir-birinə qarşı və digər xristian ölkələri ilə də müharibələr aparırdılar.
İspaniyada şəhərlərin yaranması da özünəməxsus bir proses idi. Belə ki, rekonkist hərəkatı nəticəsində müsəlmanlardan geri alınan torpaqlar kralın mülkiyyəti sayılırdı və bu ərazilərdə digər torpaqlardan gəlmə xristianlar məskunlaşdırılırdı. Yeni məskunlaşan əhalinin feodallardan asılılığı çox zəif idi. Eyni zamanda müsəlmanlardan alınan torpaqlarda salınan şəhərlər də feodallardan asılı deyildi və kral tərəfində onlara geniş hüquqlar (fueoros) verilirdi. Çünki İspaniya kralları rekonkist hərəkatında öz mənafelərini güdən dindarların və zadəganların yox, daha çox şəhərlərin köməyinə ümid bəsləyirdilər.

Krallar ölkənin daxili və xarici siyasətində fəal iştirak edən şəhərlərlə real siyasi qüvvə kimi hesablaşırdılar. Hələ 1170-ci ildə Kastiliya kralı II Fernando məsləhət almaq üçün ali zadəgan və ruhanilərlə yanaşı şəhər əhalisinin yuxarı təbəqəsinə də müraciət etmişdi. Sonra şəhər nümayəndələri 1187-ci ildə imperator Konrad Qoqenştaufenin oğlu ilə şahzədə Berenquelanın nikah müqaviləsi şərtlərini müzakirə etmək üçün kral kuriyasına dəvət olundular. Lakin ruhani və zadəgan nümayəndələri ilə 50 şəhərin təmsilçilərinin kral şurasında iştirakı məhdud xarakter daşıyırdı və ancaq yuxarıda göstərilən məsələ ilə bağlı idi. Ona görə də İspaniyada silkli-nümayəndəli orqanların çağırılması tarixi Lion kralı IX Alfons tərəfindən 1188-ci ildə hər üç təbəqənin nümayəndələrinin iştirak etdiyi korteslərin çağırılmasından hesablanır. Burada kral IX Alfons Lion şəhərində topladığı yepiskopların, zadəganların və "bəzi şəhərlərin seçmə vətəndaşlarının" yığıncağında dövlətin qanunlarına və adət-ənənələrinə əməl edəcəyinə and içir. Söz verir ki, yepiskopların, zadəganların və "yaxşı insanların" razılığı olmadan müharibəyə başlamayacaq, sülh bağlamayacaq. O, dövlətin idarə olunmasında bu insanların məsləhətlərinə qulaq asacağını da vəd edir. Kral təbəələri tərəfindən ittiham edilərsə, öz kuriyasının mühakiməsinə tabe olacağına, şikayətçidən qisas almayacağına söz verir. Öz növbəsində yepiskoplar, zadəganlar və şəhər nümayəndələri də krala sadiq qalacaqlarına, dövlətdə sülhün, ədalətin bərqərar olması üçün əllərindən gələni edəcəklərinə and içirlər.
İspaniyanın digər krallıqlarında şəhər nümayəndələri korteslərdə iştirak hüququnu bir qədər sonra (Kataloniyada 1218-ci ildə, Kastiliyada 1250-ci ildə, Araqonda 1274-cü ildə, Navarroda 1300-cü ildə) əldə edirlər. Qeyd edək ki, Kastiliya və Lion krallıqları birləşəndən sonra da bu krallıqların kortesləri bir müddət ayrı-ayrılıqda çağırılır. Beləliklə, şəhər nümayəndələrinin də iştirak etdiyi xalq yığıncaqlarının kralın hüzurunda iclas keçirdiyi ilk Avropa ölkəsi İspaniya, daha doğrusu, Lion krallığıdır.

Korteslərin çağırılma qaydası
İspaniya korteslərində adətən üç təbəqənin - zadəganların, ruhanilərin və şəhərlərin nümayəndələri iştirak edirdilər. Lakin bəzən korteslərin iclaslarında icmaların nümayəndələri kimi zəngin kəndlilər də (məsələn, 1295 və 1299-cu illərdə Valyadoliddə keçirilən korteslərdə) iştirak edirdilər. Lakin Palensiyada korteslərin nümayəndələri krala məktub yazaraq ondan kəndliləri və ümumiyyətlə, fiziki işlə məşğul olanları korteslərə çağırmamağı xahiş edəndən sonra kral bir daha kəndliləri kortekslərə çağırmadı.
Zadəganlar iclaslara kral tərəfindən dəvət olunurdular. Bu təbəqənin nümayəndələri ilk vaxtlar rikos ombreslərdən ibarət idi. Məsələn, 1241-ci ilin xronikasında deyilir ki, Burqosdakı korteslərdə kral "rikos ombres və torpaqlardan olanlarla" (con sus ricos ombres et con los de la tierra) iclas keçirirdi. Sonuncular şəhər nümayəndələri və özünüidarə hüququna malik kənd icmalarının nümayəndələri idi. Zadəganların aşağı təbəqələri infansonlar, hidalqolar (İspaniyada kiçik zadəganlar) ilk dəfə korteslərdə 1250-ci ildə peyda oldular və bundan sonrakı iclaslarda da daim iştirak etdilər.
Ruhanilər də yuxarı və aşağı təbəqələrə bölünürdülər. Yuxarı təbəqəyə arxiyepiskoplar, yepiskoplar, abbatlar və hərbi ordenlərin magistrləri daxil idi. Ruhanilərin aşağı təbəqəsinin - prixod ruhaniləri, kliriklər, prelatlar və digərlərinin seçdikləri nümayəndələr isə korteslərdə ilk dəfə 1295-ci ildə iştirak ediblər və sonrakı iclaslarda da qeyri-müntəzəm görünürdülər.
Üçüncü təbəqənin - şəhər nümayəndələrinin ("homes bonos", "alcaldes", "cavalleros", "de la tierra", 1255-ci ildən "procuradores") korteslərin işində iştirak etmək hüququ isə dərhal təsdiqlənmədi. Belə ki, 1207-ci ildə Toroda, 1215-ci ildə Burqos və Valyadoliddə keçirilən korteslərdə şəhər nümayəndələrinin iştirak etmədikləri qeyd olunur. Yalnız şəhər şurası olan şəhərlər korteslərdə iştirak edə bilərdi. Məsələn, İspaniyanın qədim paytaxtı olan Toledo şəhəri yalnız 1348-ci ildən korteslərdə təmsil olunmaq hüququ əldə edib. Tacirlərin yalnız bir dəfə - 1268-ci il korteslərində iştirakı barədə məlumat var.
Korteslər adətən kralın göstərişi ilə çağırılırdı. Kral tərəfindən göndərilən dəvətnamələrdə korteslərin yığışacağı yer və müzakirə olunacaq məsələlər göstərilirdi. Şəhər şuralarına və zadəganların aşağı təbəqəsinə kollektiv dəvətnamələr yazılırdı. Lakin bəzən korteslər kralın dəvəti olmadan da yığışırdı. Məsələn, 1282-ci ildə silklərin nümayəndələri taxt-tacın varisliyi məsələsini müzakirə etmək üçün Valyadoliddə kral X Alfonsun iradəsinə zidd olaraq yığışmışdılar.
Eyni zamanda Palensiyada 1313-cü ildə keçirilən iclasda qərara alınmışdı ki, çağırılan bütün adamların iştirak etməsi vacibdir. Əgər tutarlı səbəblər olarsa, iştirakçı korteslərə öz nümayəndəsini göndərə bilər. Səbəb kimi adətən daşqınlar, yolların keçilməzliyi, çağırışçının ağır xəstə olması, hətta məhkum olması da göstərilirdi.
Korteslərə göndəriləcək şəhər nümayəndələri ya seçki, ya da püşkatma yolu ilə təyin edilirdi. Adətən hər şəhərdən 4 nəfərdən artıq deputat olmurdu. Şəhər şurası deputatlara qaldırılacaq məsələlərin siyahısını təqdim edirdi.

Korteslərin iclaslarının keçirilmə qaydası
Korteslərin çağırılmasında ardıcıllıq yox idi və onların sessiya müddəti də bəlli deyildi. 1313-cü ildə Palensiyada keçirilən iclasda korteslərin hər iki ildən bir çağırılması qərara alınsa da, kral hakimiyyəti güclənəndə bu qaydaya çox vaxt əməl edilmirdi.
Korteslərin iclaslarının açılış və bağlanma günləri bayram kimi qeyd olunurdu. Belə günlərdə korteslərin iclaslarına kral, adi günlərdə isə kralın təyin etdiyi adam sədrlik edirdi. Birinci iclasda kral açılış nitqi ilə toplantı iştirakçılarını salamlayır, nümayəndələri öz vəzifələrini ləyaqətlə yerinə yetirməyə çağırırdı. Sonra isə katiblər (adətən kral möhürünün qoruyucusu katib olurdu) vasitəsi ilə kortes iştirakçılarına yazılı və ya şifahi olaraq gündəlikdə duran məsələlər haqqında məlumat verilirdi. Bu zaman çıxışlara çox az vaxt ayrılırdı.
Korteslərin iclasları qapalı keçirilirdi. Hər silk ayrı-ayrılıqda məsləhətləşmələr aparırdı. İclas iştirakçıları ilə kral arasında əlaqə xüsusi elçilər və komissiyalar vasitəsilə saxlanılırdı. Bu elçilər kral və təbəqələrin nümayəndələri tərəfindən seçilirdi.
Fransadan fərqli olaraq korteslərdə ali təbəqə dindarlar deyil, zadəganlar sayılırdı (rikos ombres). Birinci səsvermə onlardan başlayırdı. Vəziyyətdən asılı olaraq, kral bəzən dindarlarla zadəganları, bəzən də şəhərliləri müdafiə edirdi. XII əsrin ikinci yarısından şəhər nümayəndələrinin krala olan təsiri artmağa başladı. Bəzən isə zadəganlar krala öz tələblərini məcburən qəbul etdirirdilər. Məsələn, 1271-ci ildə maqnatlar X Alfonsa qarşı üsyan qaldıraraq ondan hidalqoların hüquqlarını məhdudlaşdıran şəhər azadlıqlarını ləğv etməyi, hidalqoların krala xidmət müddətini azaltmağı tələb etmişdilər. Buna baxmayaraq, əksər hallarda korteslərdə şəhərlilər daha nüfuzlu təbəqə sayılırdı. Onlar həm də daha fəal idilər. Dindarlarla zadəganlar petisiyalarını vaxtaşırı krala təqdim edirdilərsə, şəhər nümayəndələri demək olar ki, hər iclasda petisiya ilə çıxış edirdilər. Bu petisiyalarda dindarlar, zadəganlar və şəhər nümayəndələri öz istəklərini, şikayətlərini, bəzi hallarda isə məsləhətlərini krala təqdim edirdilər. Petisiyalarla tanış olan kral da öz qərarını verirdi. Təbii ki, bu qaydalar heç də həmişə kralın ürəyincə olmurdu. Bu zaman kral susmağı üstün tuturdu ki, bu da rədd cavabı sayılırdı.
Korteslərin birinci hissəsi plenar iclasdan ibarət idi. Bu zaman iştirakçılar qanunları müzakirə edir, vergiləri tənzimləyirdi və s. İkinci hissə isə korteslərdə şikayətlərin baxılmasına həsr edilirdi.
Kortes iclaslarının bir neçə ay davam etməsi iştirakçıların yerləşdirilməsində böyük problemlər yaradırdı. Kral bu problemlərin həll olunmasını şəhər merinə tapşırsa da, sakinlərlə kortes iştirakçıları arasında toqquşmalar baş verirdi. Nümayəndələr adətən monastırlarda və ya şəhər otellərində pulsuz yerləşdirilirdilər. Şəhər sakinlərindən özlərini müdafiə etmək üçün onlar iclaslara silahlı dəstələr ilə gəlirdilər. Onların əsas tələblərindən biri də korteslərin şəhərdən kənarda keçirilməsi ilə bağlı idi. 1272-ci ildə keçirilən korteslərin qərarına görə, kral iclasdan 3 həftə əvvəl və 3 həftə sonra iclas iştirakçılarının müdafiəsini öz üzərinə götürməli idi. 


Korteslərin İspaniyanın xarici siyasətində rolu
İspaniya korteslərini Fransa Baş Ştatları və Britaniya parlamenti ilə müqayisə etmək düzgün olmazdı. Çünki İspaniyada dindarlar və zadəganlar korteslərdə Fransa və Britaniyadan fərqli olaraq təbəqələri deyil, siyasi aparatı təmsil edirdilər. Şəhər nümayəndələri krala deyil, dindarlara, zadəganlara və siyasi aparatın təmsilçilərinə qarşı mübarizə aparırdılar. Korteslərin fəaliyyətinin ana xəttini krala tövsiyələr vermək, lazım gələrsə yardım etmək təşkil edirdi. Avropa parlamentlərindən fərqli olaraq İspaniya korteslərinin fəaliyyəti kral hakimiyyətini məhdudlaşdırmağa yönəlməmişdi.
Korteslər daha vacib bir funksiyanı da həyata keçirirdilər. Belə ki, onlar lazım olanda kralı səsvermə yolu ilə seçir, kral hakimiyyətinin irsən keçmə qaydalarını müəyyənləşdirirdilər. Həmçinin regent şurasının çağırılması qaydaları, vergilərin təyini kimi bir sıra daxili siyasət məsələlərini də həll edirdilər. Kral taxta çıxandan sonra korteslərin qarşısında ölkə qanunlarına və adət-ənənələrinə sadiq qalacağına and içirdi.
Korteslərin İspaniyanın xarici siyasətində oynadığı rol haqqında tarixçilərin mübahisələri hələ də davam etməkdədir. İspan tarixçisi Martines Marin hesab edir ki, korteslər ölkənin xarici siyasətini daim nəzarət altında saxlayırdılar. Onun fikrincə, Kastiliya korteslərinin dövlətin xarici siyasətinə, habelə sülh və hərb məsələləri ilə bağlı qərarlar qəbul etməyə hüquqları var idi. Kolmeyir isə hesab edir ki, xarici siyasətdə korteslər yalnız məşvərətçi orqan xarakterini daşıyırdılar. Onların çağırılması əsasən müharibələrin aparılması üçün lazım olan məbləğləri vergilərin artırılması yolu ilə təmin etmək zərurətindən irəli gəlirdi. Doğrudan da bəzi hallarda kral müharibəni başlayandan və ya sülhü bağlayandan sonra korteslərə bu barədə məlumat verirdi.
Düzdür, İspaniya kortesləri qanunvericilik hakimiyyətinə malik olmasalar da, krallar qanunları təsdiq edərkən onların iradəsi ilə hesablaşmağa məcbur idilər. Xüsusən əsas vergilərin təyinində bu razılıq mütləq xarakter daşıyırdı. Taxt-tac varisliyi və yeni kralın taxta çıxması kimi məsələlərdə korteslər mühüm rol oynayırdılar.
Krallar deputatlar qarşısında şəhərlərə verilən imtiyazları və azadlıqları qoruyacağına da and içirdilər. Korteslərdə silklərin krala petisiya təqdim etmək hüququ bu orqanı hökmdarla xalq arasında birbaşa əlaqə yaradan və xalqın ehtiyaclarını, tələblərini qanunlar şəklinə salan orqana çevirirdi. 
Təəssüf ki, korteslər öz inkişafını davam etdirə bilmədi. Mütləq monarxiyanın bərqərar olması ilə XVIII əsrin sonlarında korteslər İspaniyanın tarix səhnəsindən çəkildi. O, İspaniya tarixində bir də XIX əsrin burjua inqilabları dövründə görünməyə başladı. Bu zaman korteslər tarix səhnəsində artıq burjua parlamenti kimi çıxış edirdi.

Mənbə: "Milli Məclis" jurnalı

0 şərh