Falkaonun süqutu

 

Dünya futboluna ulduz futbolçu istehsal edən “Porto” deyəsən bu futbolçuların bəzilərinə pul üçün yox, karyera oynamaları üçün dərs verməyib. Düzdür, Portuqaliya klubundan çıxan oyunçuların demək olar ki, hamısı “Porto”da Avrokubok qazanmaqla məhşurlaşıb. Amma elələri də var ki, böyük əziyyət çəkərək, yüksək ustalıq qabiliyyəti göstərərək, öz formalarının haqlarını veriblər.

Məsələn, kolumbiyalı Radamel Falkao. Braziliyalı Halkla birlikdə hücumda möhtəşəm tandem təşkil edən kolumbiyalı 2011-ci ildə 40 milyon avro qarşılığında İspaniyanın “Atletiko” klubuna keçdi. Klubla Avroliqa və UEFA Superkubokunu qazanan qoleador bir anda Avropanın bütün top-klublarının hədəfinə çevrildi. İngiltərədən “Arsenal”, “Çelsi”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yuneyted”, Almaniyadan “Bavariya”, İtaliyadan “Yuventus”, Fransadan PSJ, İspaniyadan “Real”, “Barselona” və s. Bu klublar, sözsüz, Avropada at oynadan VIP klublardır. Düşünmək olardı ki, ilk mövsümündəcə 24 qol vuran hücumçu bu klublarından birinə transfer olunacaq və “Atletiko” bu transferdən milyonlarca avronu xəzinəsinə qoyacaq.

Vəziyyət isə yaxşı idi. Falkao 2 il dalbadal Avroliqada qalib olmaqla özünəməxsus rekord müəyyənləşdirmişdi. “Atletiko”nun heyətində qələbədən qələbəyə qaçan qoleador tez bir zamanda bütün klub azarkeşlərinin qəlbində taxt qurmuşdu. 2012-ci ildə ÇL qalibi “Çelsi” ilə Superkubok matçında (4:1) het-trik edən futbolçu dünya futbolunu lərzəyə salmışdı. Həmçinin futbolçu UEFA Superkuboku tarixində het-trik edən ilk futbolçu kimi də tarixə düşdü.

Və… pula satılan o an. 2013-cü ildə Fransanın əslli-köklü klublarından sayılan “Monako” yenidən əsas liqaya vəsiqə qazandı. Klubun sahibi isə milyarder, rusiyalı iş adamı Dmitri Rıbolovlev idi. O iş adamı ki, qızına ad günündə 200 milyon dollarlıq yaxta almışdı.

Kluba milyonluq transfer sərmayəsi yatıran iş adamının ilk bombası məhz haqqında bəhs etdiyim Falkao idi. “Knyazlıq klubu” Falkao üçün ispanlara 60 milyon avro pul ödədi. Klubun rəsmi saytına müsahibə verən rus biznesmen Falkaonun kluba gətirdikləri üçün xoşbəxt olduqlarını və hücumçunun “Monako”da da uğurlu olduğunu qeyd elədi. Həmçinin onu da qeyd edək ki, Falkao 5 illik müqavilədən illik 16 milyon avro qazanacaqdı. Yəni 5 ilə 80 milyon.

İlk mövsümdə çıxdığı 20 oyunda 11 dəfə fərqlənən hücumçu fiaskoya uğradı. Düzdü, Falkao portuqal, ispan futbolundan sonra fransız futboluna öyrəşə bilməzdi. Amma bu ona haqq qazandırmır. Əsl qoleador geyindiyi formanın haqqını verməlidir.

Növbəti sezonda isə Falkao icarə əsasında İngiltərəyə köçdü. “Qırmızı şeytanlar” kolumbiyalını 1 illik icarəyə götürdülər. İngilislər bunun üçün qarşı tərəfə 6 milyon avro ödədilər. Müqavilədə qeyd olunmuşdu ki, ingilislər istəsələr 45 milyona Falkaonun tam satıaalma opsiyonu ilə birdəfəlik heyətinə qata bilərdilər. Amma sən saydığını say, gör Lui Van Qal nə sayır?

Heyətdə Van Persi, Runi kimi ustalar olan klubda Falkaonun işi daha da yüngülləşəcəkdi. Amma karyerasını “Monako”da aldığı və onu DÇ-2014-dən kənar qoyan ciddi zədə ilə öldürən futbolçu İngiltərədə də uğursuz oldu. 15 matç və 4 qol. Müqaviləsi bitər-bitməz Fransaya yollanan futbolçu hal-hazırda “Monako”nun futbolçudur.

Amma hər halda ümidini üzməsin. Bəlkə də onun taleyində “Monako” varmış və bu klubda nəsə edə.

0 şərh