Azərbaycanda toy adət-ənənələri

Bir xalqın tarixi kökünü, milli mənəviyyatını öyrənmək istəyiriksə, mütləq həmin xalqın milli adət-ənənələrinə nəzər salmalıyıq. Çünki milli adət-ənənələr hər bir xalqın milli mənəviyyatının zənginliyindən, irsindən, inkişafından və dəyərlərindən xəbər verir.

Milli dəyərlərə bağlılıq, milli irsə sahib çıxmaq o qədər vacib nüansdır ki, hər birimiz bu missiyanın öhdəsindən layiqincə gəlməliyik. Adət-ənənələrin yaşadılması çox vacibdir. Onu yaşatmalı olan isə biz vətəndaşlarıq. 

Azərbaycan xalqının da özünə məxsus bir-birindən gözəl dəyərləri mövcuddur. Milli musiqi mədəniyyətimiz, toy-nişan adətlərimiz, milli rəqslərimiz, milli geyim tərzimiz və.s.

Toy şənlikləri
Azərbaycanda toy şənlikləri qədim və zəngin xalq adət-ənənələrinə söykənir. Azərbaycan xalqının ailə məişətində ən zəngin adət və ənənələr toy mərasimində icra edilirdi. Bütün dünya xalqlarında olduğu kimi, Azərbaycanda da əsrlər boyu özünəməxsus şəkildə toy mərasimi keçirilmişdir. Toya qədər isə qız bəyənmə, xəbər göndərmə, kiçik elçilik, böyük nişan, xonça gətirmə, bayramlıq, danışığagəlmə, cehiz, fətirüstü, çörəkbişirdi, paltarbiçdi, qız şahı, xınayaxdı, kəbinkəsdirmə, qız toyu, gəlin aparma və.s. kimi bir sıra mərhələlər mövcuddur. 

Bəzi toy adətlərimiz (“çörəkbişdi”, “paltarbiçdi”, “damdan alma atma”) dəyişikliyə məruz qalıb, müəyyən mənada sıradan çıxıb.

Qız bəyənmə və ya qızgörmə. Xalq arasında qızla oğlan bir-birlərini bəyəndikdən sonra valideynlərin fikri öyrənilir. Oğlanın ata-anası razı olduqdan sonra qızın yaxın adamlarına – xalasına, bibisinə, anasına xəbər göndərir. Onların ağzı aranır.


Xəbər göndərmə. Oğlan evi arayıb, axtarıb qız evinə münasib, yaxın bir adam göndərir ki, kim tərəfdən elçi gəldiyini qız evinə xəbər versin. Bəzən elə olur ki, qız evi razılıq vermir. Onda elin-obanın ən mötəbər, hörmətli adamı qız evini razılığa gətirməyə çalışır.

Elçilik. Ata ailəyə yaxın olan adamları — əmini, dayını və başqa qohumları evə dəvət edir. Məsləhətləşdikdən sonra “elçi” getməyi qərara alırlar.


Bəlgə və ya kiçik nişan. Qızın “hə”sini aldıqdan sonra uzağı bir aya qıza “bəlgə” deyilən kiçik nişan gətirirlər. 

Böyük nişan. Bəlgədən bir neçə ay sonra böyük nişan gətirirlər. Buna oğlan tərəfi çoxdan hazırlaşmış olur. Nişanda qız üçün hər nə lazımdırsa alıb gətirirlər.


Ölkənin bir sıra rayonlarında əhalinin etnik tərkibinin müxtəlifliyinə və fərqləndirici xüsusiyyətlərin olmasına baxmayaraq, toy şənlikləri bir-birinə çox bənzəyir. Toyun gedişatı bütün bölgələrdə eyni qaydada keçirilsə də, lakin hər bölgənin özünəməxsus fərqli toy adəti də olur.

0 şərh