İqtisadiyyat adətlərin dayağı kimi

Təxminən iki-üç gün öncə facebook-da qrupların birində “indiki dövrdə cehiz nə qədər pul tutur?” tipli bir sorğu var idi. Cavab olaraq “30-40 min manat” rəylərini və əsaslandırmaları görəndə gözüm kəlləmə çıxdı. Rəylərdə bu cehiz adətinin və bu adətə görə o qədər pul xərcləməyin mənasız olduğunu, sadə yaşamağın da mümkün ola biləcəyini yazanlar var idi. Bu barədə düşünəndə məsələnin kökünün təkcə adətlərlə yox, həmçinin ölkədəki iqtisadi vəziyyətlə əlaqəli olduğunu düşündüm. Yazıma iqtisadiyyatın bəzi adətləri ayaqda saxladığını iddia edən arqumentləri sadalamaqla davam edəcəm.
Bu yaxınlarda rejissor dostlardan biri ilə danışırdım. Söhbət adət-ənənələrdən düşdü, dedi ki, istənilən adətlə bağlı sosial araşdırmalar etmək lazımdır. Çünki onların arxasında iqtisadiyyat kimi çox ciddi məsələlər ola bilir. Bu barədə bir az düşünmüşdüm ki, başım məişət məsələlərinə qarışdı.
Kirayə qaldığım evi dəyişməliydim. Elanlara girib evlərə baxırdım. Elanların sonunda çox zaman heç doğru-düzgün yaza bilməyən adamlar tərəfindən “yalnız ayileli şexsler müraciet etsin” yazıları qanımı qaraldırdı. İçimdə “nə olar, nikah şəhadətnaməsi istəməsin” deyərək, sevgilimi həyat yoldaşım kimi təqdim edib güc-bəla bir ev tapdım. 3-4 gün əşyaları yığmaq, yükdaşımaya bağlamaları, qutuları daşıtdırmaq, təzə evə köçmək, əşyaları yenidən qaydaya salmaq, evin, hamam-tualetin təmizliyi deyə-deyə adamın əli-ayağı boşalır. Bundan əvvəlki köçlərdə də eyni əzab. İşlər qismən yüngülləşəndən sonra çoxumuzun zaman-zaman kişidən ev tələb edən “acgöz” azərbaycan qadını deyə təqdim etdiyimiz o obrazı anladım. Hətta anlamağı kənara qoyub, ola bilsin, bir anlıq onun yerinə də keçdim. O qadınları niyə qınayırlar, yaşamağa daimi ev, rahat gedib-gəlməyə maşını olan kişi tələb etdikləri üçün? Əgər qınaq bununla bağlıdırsa, qınayanlar o qadınların nələr yaşadığını, nələr hiss etdiyini anlamırlar, demək ki.
Əlimdə statistika olmasa da, kobud formada deyə bilərəm ki, Azərbaycanda qadınlar evdə kişilərdən daha çox zaman keçirirlər. Bunun müxtəlif səbəbləri var: hamiləlik, məişət işləri, işsizlik, uşaq böyütmək və s. Hətta işləyən qadınların çoxu belə, ya könüllü, ya çarəsizlikdən məişət işlərini özləri görür. Yəni ev qadın üçün daha çox istifadə olunan, işlərini görmək üçün nizamladığı məkandır. Təsəvvür edin ki, ildə bir dəfə bu məkan dəyişir və siz o nizam-intizamı yenidən qurmağa məcbur olursunuz. Sadəcə paltarları və 2-3 xırda əşyası olan adamlara xeyli asan gələ bilər. Lakin çox əşyalı adamlara bu, olduqca çətindir. Kimsə deyə bilər ki, almasın da çox əşya, nə məcburdur? Vallah, məcburdur. Azərbaycanda orta qiymətə kirayə verən ev sahibləri, adətən, evi saz vəziyyətdə təqdim etmir: birində soba çatmır, digərində divan, o birində tozsoran və s. Ölkəmizdə kirayə vermək mədəniyyəti tam formalaşmayıb. Ona görə də hər köçdüyün ev üçün çatışmayan bir əşya aldıqda çoxluca evsiz qalan ev əşyaların olur. Hətta evli cütlüklərdə belə daşınma məsələsindəki əsas ağırlıq yenə də qadına düşür.
Ona görə də öz ailəsində köçə-köç görmüş adamlar və ya tək yaşayanda oradan-oraya köçənlər heç olmazsa, öz övladlarının rahat yaşamaları üçün qarşı tərəfdən, ailəsindən ev, maşın soruşurlar. Yəni bu, acgözlükdən daha çox əzab-əziyyət görmüş adamın rahat yaşamaq arzusudur.
Fürsət düşmüşkən, 5-6 ildən bir “görməmiş” kimi evin əşyalarını, divar kağızlarını dəyişən qadınların da vəkilliyini etmək istəyirəm. Kimisə hansısa hərəkətinə görə nəyəsə bənzətmək, ad qoymaq çox rahatdır, lakin onun hərəkətinin arxasındakı motivləri aşkarlamaq çətindir. Ona görə bizlər sadəcə birincini edərək özümüzü yormadan kimlərisə damğalayırıq. Damğaladığımız “göstəriş xəstəsi” qadınların niyə elə etdiyini düşünəndə başqa şeylər çıxır ortaya. Çox zaman ev-eşiyi yeniləyən qadınlar ərləri tərəfindən işləmək icazəsi olmayan, bütün gün məişət işlərinə başı qarışan, sosiallıq dərəcəsi dar əhatəli olanlardır. Bu adamların yenilik, dəyişiklik anlayışları, sözsüz ki, hər gün yüz dəfələrlə gördüyü əşyalarla bağlı olacaq. Hətta bütün gün evə məhkum olmuş qadın üçün 5-6 ildən bir əşya dəyişmək azdır hələ. Mən olsaydım, o monotonluqdan xilas olmaq üçün 2-3 ildən bir dəyişərdim.

Yəni Azərbaycan kişilərinin fürsət düşən kimi ağız sularını axıda-axıda, tez-tez azərbaycanlı qadınlara gözütoxluqda nümunə çəkdikləri slavyan qadınları bizim qadınlarımız qədər əzab-əziyyət çəkməyib, məncə. Bütün gün mətbəxdə qalmadıqları üçün nə kişidən yaxşı mətbəx tələb ediblər, nə də illərlə ictimai qınağa görə yığılıb qalan seksual tələbatlarını nizamlı təmin etməyən ərinə bunu deməyə çəkinib, o enerjini bütün gün təmizlik işləri, balon-banka bağlamağa yönləndirməyə məcbur olublar.
Qayıdaq ev, cehiz mövzusuna. Gənclər də zaman-zaman qınağa tuş gəlir ki, niyə bu adətlərin köləsi olmaqdan xilas olmursunuz. Necə olsun? Adət deyir ki, oğlan evi ev alacaq, qız evi də cehizi. “Oğlan evi”, “qız evi” anlayışları məsələnin kuliminasiya nöqtəsidir, zənnimcə.
Ən yaxşı halda, hər ikisi işləyən, aylıq 500-600 manat qazanan iki gənc orta şəraitli kirayə evə 500-600 manat pul ödəsə, qalan 500-600 manatla yemək, nəqliyyat, əyləncə xərcləri necə ödənəcək? Təbii ki, ödənə bilməyəcək. Ödənsə də, həyata keçirilməsi maddiyyata görə mümkün olmayan şeylərin aqressiyası yığılaraq zamanla konfliktlərə yol aça bilir. Ona görə də gənclər maddi vəziyyətlərinə görə ailələrdən tam azad ola bilmirlər. Evlilik üçün ailə dəstəyinə ehtiyac duyurlar. Ailələr də bu ehtiyacları gücü çatan qədər, bəzən gücü çatmayacaq tərzdə borc-xərclə təmin edir. (Borc-xərc məsələsində bankların, mağazaların danılmaz rolu var. Onlar insanların çətin vəziyyətini yaxşı dəyərləndirərək müxtəlif təklif paketləri hazırlayıb yüksək faizlərlə kampaniyalar təşkil edirlər və bu tora düşən ailələr təklif olunan yeni bazar qiymətlərinə uyğun alış-veriş edirlər və beləliklə, alıcı bazarı formalaşdırmaqdansa, bank və bazar alıcının büdcəsini təyin edir.) İqtisadi dəstək olduqları üçün özlərində bir çox şeyə müdaxilə etmə haqqı qazanmış hiss edirlər. Evlənmək astanasında olan gənclər qəbul etdikləri yardımdan dolayı bir növ dilləri qısa olduğu üçün ailələrinin müdaxilələrinə açıq şəkildə etiraz edə bilmirlər.
Bir qrup insan da düşünə bilər ki, evlənməyə nə ehtiyac var? Birlikdə zaman keçirmək, doyunca qucaqlaşmaq, sevişmək və uşaq dünyaya gətirmək üçün bizim cəmiyyətdə evlənmək tələb olunur. Ümumi nisbətdə çox az adam ailəsi ilə yaşamaqdan imtina edib tək və ya sevgilisi ilə yaşaya bilir. Çox adam bunu bacarmır, çünki bu, cəmiyyətimizdə ailə dəyərlərinə zidd hesab olunur. Ailə dəyərləri nikahdan kənar ittifaqa qarşıdır. Elə anlaşılmasın ki, bu dəyərlər sadəcə gənclərin ailələri tərəfindən tələb olunur, bu, maklerindən tut, ev sahibinə, qonşuya qədər hər kəsin gözlənti və tələbidir sanki. Ona görə də gənclər nə şiş yansın, nə kabab deyərək evlənirlər. Beləliklə də, ailə, qohum müdaxiləsinə göz yumacaq hala gəlirlər.
Yəni hər nə qədər rahat-rahat qınasaq da, adətlərin sadəcə mental (beyində) olaraq dəyişməli olduğunu desək də, maddiyyat kimi çox böyük bir amili gözdən qaçırırıq. Adətlər və iqtisadi vəziyyət əl-ələ verərək gənclərin azadlıq və xoşbəxtliyini blokadaya alıb. Bu blokadanı yarmaq üçün həm maddi, həm əqli baryerləri aşmaq lazım gəlir.
 
 
 
Müəllif: Nərmin Şahmarzadə
Mənbə: azlogos.eu
 

0 şərh