Novruz bayramı

Novruz bayramı (Yeni Gün bayramı, Ərgənəgün Bayramı, Bahar bayramı; fars. نو روز - Nou ruz, özbək. Navruz, türkm. Nowruz, kürd. Newroz, qazax. Naurız, qırğız. Nooruz, türk. Nevruz, krımtatar. Navrez) — yazın gəlişini simvolizə edən qədim xalq bayramı.

Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı azərbaycanlılar da baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırdılar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır. Novruz həmçinin Bəhai təqvimində ilin ilk günüdür.

2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.

Novruzun mənşəyi və tarixi
Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlər, miflər qədimdir. Tədqiqatçılar Novruz bayramının məhz Yaxın Şərqin qədim əkinçiliklə məşğul olan xalqları arasında meydana gəldiyini söyləyirlər. Novruz bayramının ayrı-ayrı tarixi və əfsanəvi şəxsiyyətlərin (əfsanəvi İran şahları Kəyumərs (Avestada Qaye Mərdan), Cəmşid və başqaları) adı ilə bağlamağa çalışmışlar. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Əsrlər boyu dini xadimlər, müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa çalışmış, ona dini, mövhumi libas geyindirməyə cəhd göstərmşlər. Hətta bəzi din xadimləri belə bir fərziyyəyə uydurmuşlar ki, Novruz bayramı guya IV xəlifə Əlinin hakimiyyətə (656-661) gəldiyi günlə əlaqədardır. Halbuki imam Əli iyul ayında hakimiyyətə gəlmiş, Novruz isə yazda bayram edilir. Əslində, xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər heç bir dini ehkamlar ilə bağlı deyildir. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar.

Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan əl-Biruni (XI əsr) Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir. Nizamül Mülk (XI əsr) "Siyasətnamə" əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.


Novruz bayramında çərşənbələr

İnsan, kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlarımız da «Ab, atəş, xak, badan yarandım» deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə bağlıdır insan.

Birinci su çərşənbəsi adlandırılırdı. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.

İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir dənə şam yandırardılar. Xonçalar düzəldilərdi.

Üçüncüsü yel çərşənbəsidir. Bəzi bölgələrimizdə çox əziz tutulur. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çığmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.

Axırıncısı torpaq çərşənbəsidir. Torpağı ana təbiət – Allahımız su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Nənələrimiz «Səməni, saxla məni, ildə göyərdərəm səni»- deyib buğda isladardılar.


Novruz dünya xalqlarının bayramı kimi

Hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsum nəğmələri, mərasim nəğmələri yaratmışdır.

Ümumilikdə Novruz İranda, Qafqazda və Mərkəzi Asiyada, Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd edilir. Albaniyada Sultan Nevruz bayramı dini bayram kimi Bəktaşilik təriqətinin davamçıları tərəfindən qeyd olunur.
Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur
Ümumiyyətlə Novruz dünyanın əksər ölkələrində bu xalqların nümayəndələri tərəfindən geniş şəkildə qeyd edilir. Bu cür məkanlar arasında Los-Anceles, Toronto, Londonu saymaq olar. Los-Ancels şəhərinin ocaq qalamağa dair sərt qərarları var, heç bir kəsə öz mülkündə ocaq qalamağa icazə verilmir. Hətta buna baxmayaraq Cənubi Kaliforniyada yaşayan və Novruzu qeyd etmək istəyən İranlılar və Azərbaycanlılar Kaliforniyanın çimərliklərinə gedir və ocaq qalamağa icazə verilmiş yerlərdə ocaq qalayırlar.

 

7 şərh

fidan
S hərfi ilə başlayan 7 ərzaq hansıdır?
Wizard
Su,  süd,  səməni,  sünbül, siyənək(balıq), süzmə
bankir
Sosiska,servelat kolbasa,soğan,sarımsaq,snickers,smetan,suxari
kiber
«Hətta buna baxmayaraq Cənubi Kaliforniyada yaşayan və Novruzu qeyd etmək istəyən İranlılar və Azərbaycanlılar Kaliforniyanın çimərliklərinə gedir və ocaq qalamağa icazə verilmiş yerlərdə ocaq qalayırlar.» Çox güman ki, onlarla birgə yanğın söndürənlər, təcili tibbi yardımda iştirak edirlər =)
fidan
Milli keçəl=skinhed
kiber
Bayramınız Mübarək!!! Süfrəniz daima ruzi-bərəkətli olsun… =)
Arzt
Mən də kiberə qoşuluram.Baytamınız mübarək olsunş.Üzünüzdən gülüş əskik olmasın.:-)