Günahdan keçməyənin günahından keçilməz

Bir əmirin hədiyyə qəbul etməsi haramdır, hakimin rüşvət alması kafirlikdir.

Bir başçı itaəti altında olanları aldadırsa, onları pis yola sövq edirsə, yeri cəhənnəmlikdir.

Başqalarını yaxşı yola dəvət edənlər, özlərinə yaxşılıq etmiş sayılır.

Kim bir zalıma yardım edərsə, Allah həmin zalımı ona qənim kəsər.

Savaşın ən üstünü adamları sıxışdıran, onlara zülm edən padşahın qarşısında doğru söz söyləməkdir.

İşin biliciləri ilə məsləhətləşən adam heç vaxt ziyan çəkməz.

Yaxşılıq etməyi məsləhət bilən adamın gördüyü iş də yaxşı olmalıdır.

Yolun ortasına düşmüş bir daşı götürüb kənara atan, yolu sahmana salan adam savab qazanır.

Bir yerdə ki, sizi töhmət edəcəklər, o yerə getməkdən çəkinin.

İki cür adama Allah rəhm etməz: yaxın adamlarının əhvalını soruşmayana və pis qonşuya.

Özünüzü təmiz adam kimi göstərməyin, yaxşı adam kimi gözə soxmayın, içərinizdə yaxşılıq edənləri, xeyirli, mərhəmətli olanları Allah daha yaxşı tanıyır.

Həqiqət acı olsa da danış.

Həqiqəti deməklə həlak olacağınızı bilsəniz belə, həqiqəti deməyə çalışın, həqiqəti deyin, çünki qurtuluş ondadır. Xilas yolunu yalanda görsəniz belə, çəkinin yalandan, çünki həlak olmaq yalandadır.

Dünya başdan-başa tamahdan ibarətdir, dünyanın ən gözəl matahı təmiz, yaxşı qadındır.

Cənnət anaların ayaqları altındadır.

Allahın ən xoşlamadığı şey halal qadını boşamaqdır.

Qadınların ən yaxşısı – baxdıqca səni sevindirən, əmr edərkən əmrinə itaət edən, sən evdə olmayan vaxt sənin şərəfini, namusunu qoruyandır.

Hər ağacın öz meyvəsi olduğu kimi qəlbin meyvəsi övladdır.

Müharibə hiylədir, hiylədən ibarətdir.

Düşmənlə üz-üzə gəlməyi arzu etməyin, elə ki, qarşılaşdınız, dayanın, əl saxlayın.

Bir an elmlə məşğul olmaq, bir an kitaba, yazıya baxmaq, altmış il ibadət etməkdən xeyirlidir.

Maraqlanıb soruşmaq bilik əldə etməyin yarısıdır.

İnsanlar ya biliklidirlər, ya da bilik əldə etməyə çalışırlar. Kim ki, biliksizdir və bilik əldə etməyə çalışmır, belə adamlarından xeyir gözləmə.

Biliyi ilə xalqı faydalandıran bir alim, yetmiş il ibadət edən adamdan xeyirlidir.

Biliyi ilə öyünən adama düşmən olun.

Günahdan keçməyənin günahından keçilməz.

Ağzımızda bir ət parçası var, şirin olsa şirin oluruq, acı olsa acı.

Yer üzünü qoruyun, çünki o sizin ananızdır.

Susmaq xasiyyətlərin ağasıdır: kim lağ-lağı edərsə, ona da  lağ edərlər.

İnsan qocalsa da qəlbi iki sevgiyə həmişə gəncdir: ömür uzunluğuna və mal-mülk sevgisinə.

Doğulmaq ölmək üçündür, qurmaq dağıtmaq üçün.

Elə bir xəstəlik varmı ki, xəsislikdən daha pis olsun?

Hz. Məhəmməd(s.ə.s) 

 

1 şərh

azadmamedov90
Həqiqətən də zamanında hər bir zamana uyğun sözlər deyən insanlar var imiş.