Hisslər bilikdən önəmlidir

“Əgər sui-qəsdlərdən sağ çıxmaq üzrə olimpiada olsaydı, mən qızıl medal alardım.”

Mənim adım Fidel Kastrodur, mən Kubanı azad etmək üçün gəlmişəm.

Mənim burada dediklərimi heç də hamı qəbul etmir, amma mən öz fikirlərimi səsləndirəcəyəm və bunu da hamıya hörmət göstərərək edəcəyəm. 

Mən kasıb doğulmamışam. Atamın 3000 hektarlıq torpaq sahəsi var idi. Lakin mən cənab Buşun çıxışlarına qarşı bəyan etmək istəyirəm ki, mənim hazırda bir dollarım da yoxdur. Bütün sərvətim onun kraxmallanmış köynəyinin cibinə asanlıqla yerləşə bilər. Əgər bir gün bütün sərvətimi hücumdan və beynəlxalq terrorizmdən qorumaq üçün etibarlı yer axtarmalı olsam, cənab Buşdan onun möhtəşəm cibini borc alacam. Sərvətim cənab Buşa çox böyük görünərsə, hamısını onun cibini kirayələmək üçün verəcəm. 

Mən özümü 6-cı və ya 7-ci sinif şagirdi kimi xatırlayıram. 12 və ya 13 yaşım var idi, doğulduğum kənddə elektrik enerjisi yox idi, ora çatmaq üçün palçıqlı yollarla getmək lazım idi. İlboyu oxuduğum Santyaqo-de-Kuba internatında öz üzərimdə ciddi seksual diskriminasiya hiss edirdim. Qızlar və oğlanlar bir birindən uzaq məsafədə olan məktəblərdə oxuyurdular. Bunu qəbul etmək asan deyildi. 

Mən inqilabı başlatdım, arxamda 82 insan var idi. Əgər bunu təkrarlamaq lazım gələrsə, mənə 15 və ya 10 nəfər də bəs edər. 10 nəfər və bütöv inanc. Sayımız elə də önəmli deyil. Əsas olan inam və dəqiq plandır. 

Mən Marksist-Leninçiyəm və ömrümün sonuna qədər də belə qalacam. 

Buş – apokaliptik şəxsiyyətdir. Onun İraqa qarşı siyasətini atası tənqid edərkən, mən onun səsinin necə titrədiyini eşitmişəm. Əgər sui-qəsdlərdən sağ çıxmaq üzrə olimpiada olsaydı, mən qızıl medal alardım. 

Bütün Amerika prezidentləri və bu vəzifəyə namizədlər içində etik və dini səbəblərə görə Kubaya qarşı qəddar terrora ortaqlıq etməyən yeganə şəxs kimi Ceyms Karteri tanıyırdım. Əminəm ki, Karter digərlərindən fərqli olaraq, mənim öldürülməyim üçün əmr verməyib. O, yeganə ABŞ prezidenti idi ki, Kubaya qarşı dostluq jestləri etmişdi. 

Amerika yalanlarının içində yeganə həqiqət o idi ki, Kuba ABŞ-a 90 dəniz mili uzaqda yerləşir. 

Bəşəriyyəti xilas etmək üçün bir şey etmək lazımdır! Lakin gənclər bizi uğursuzluğa sürükləsə, hər şey dağıla bilər.

Kapitalizm iyrəncdir. O, yalnız müharibə, ikiüzlülük və rəqabət gətirir. 

Mən həmişə özümü xoşbəxt insan hesab etmişəm, heç olmasa ona görə ki, özüm üçün siyasi ideologiya tapmışam və marksizmi kəşf etmişəm. Bu, meşədə azıb, xəritəni tapmaq kimidir.

Mən Kubalıyam. Lakin Uqo Çaves mənim qarışıq irqli olduğumu iddia edir. Mən isə onunla razılaşmalıyam. Qanımda həqiqətən də hind, kanar, kelt və özümün də bilmədiyi bir çox şey var.

Kuba suveren, müstəqil ölkədir və Avropa Birliyi onunla istədiyi kimi rəftar edə biləcəyini düşünürsə, yanılır.

Bizim ölkəmiz – cənnətə bərabərdir. Birmənalı olaraq deyərdim ki, biz cənnətdə ölməyi, cəhənnəmdə yaşamaqdan üstün tuturuq. 

İnqilab qızılgül ləçəkləri ilə bəzədilmiş çarpayı deyil. Bu, keçmiş və gələcək arasında olan həyat naminə yox, ölüm naminə mübarizədir.

Xatırlayıram ki, biz Çe ilə qolf oynamağa getmişdik. Səhv heç nə fikirləşməyin. O, varlı insanlara toplar və qolf taxtası aparırdı. Çe ideya insanı idi. Mənə hansı idman növündə iştirak etdiyini de, mən də sənə səni müstəmləkə edəni deyim.

Vətən – bəşəriyyətdir.

İndi mən insanların qocaldıqda etməli olduğu şeylə məşğulam – düşünmək və vacib olduğunu hesab etdiyin şeylər haqqında yazmaqla. Mənim tamamlanmamış materialım yoxdur. Filmlər və şəkillər üçün vaxtım yoxdur. Bığlarımı və saqqalımı qırxmaq üçün vaxtım yoxdur. Hər gün bəzənmək üçün vaxtım yoxdur. Yaşlandıqca bunlar elə də vacib deyil. Mənim sağlığım elə də pis deyil, çəkim də stabil olaraq qalır – 80 kq ətrafında. 

Mən yaxşı göründükcə, məndən daha çox müsahibə almaq istəyirlər. 

Çalışıram ki, fikirlərim qısa olsun. Onlar çap və televiziya xəbərlərində çox yer tutmamalıdır. Bildiyim şeylər haqqında danışa və onları tənqid edə bilmirəm, çünki əks təqdirdə biz beynəlxalq əlaqələr yarada bilməzdik, bizim ölkə bunlarsız bacara bilməz. Lakin mən həmişə bir devizə sadiqəm: heç vaxt yalan yazmamalıyam.

İdeyalar insanla doğulmur və insanla bir yerdə də ölmür. 

Mən hələ də imperialistlərin niyyətlərini hiss edirəm, onlar ətirli kağız pullarla bütün dünyanı, onun təbii sərvətlərini almaq istəyirlər. Bəzən mən gündəlik mübarizəyə fasilə verirəm.

Hisslər bilikdən önəmlidir.

Mənə belə gəlir ki, bizlər təqaüdə nisbətən daha gənc çıxmalıyıq.

Fidel Kastro
Kuba inqilabçısı, 1959-2008-ci illərdə Kuba lideri  
 

0 şərh