Gənc Sviftin yaşlı Sviftə nəsihətləri

Daha çox «Qulliverin səyahəti»adlı romanı ilə tanınan irland yazıçı Conatan Svift 32 yaşındaykən «Qoca Svift üçün nəsihətlər və qaydalar»dan ibarət siyahı tərtib edib. 


1745-ci ildə, Sviftin ölümündən sonra ortaya çıxan sənədlər arasından bir siyahı da tapıldı. 1699-cu ildə yazılmış bu siyahı gənc Sviftin yaşlı Sviftə nəsihətlərindən ibarət idi. 
 



Qocalanda:
— Gənc qadınla evlənməyəcəm.
 
— Həqiqətən istəmədikləri müddətcə gənclərlə vaxt keçirməyəcəm.
 
— Əsəbi, tündməcaz ya da şübhəçi olmayacam.
 
— Zamanın gedişatına, düşüncə tərzinə, dəbinə, insanlarına, müharibəsinə xor baxmayacam. 
 
— Uşaqlara düşkün olmayacam (və yanıma yaxınlaşmaqlarına mane olacam).
 
— Eyni insanlara təkrar-təkrar eyni əhvalatları danışmayacam.
 
— Tamahkar olmayacam.
 
— Ədəbli olacam, şəxsi gigiyenama diqqət edəcəm. 
 
— Gəncləri bezdirməyəcəm, gənclikdən qaynaqlanan axmaqlıq və zəiflikləri anlayışla qarşılayacam. 
 
— Fırıldaqçı, boşboğaz xidmətçilərin və başqalarının sözlərinə qulaq asmayacaq, onların təsiri altına düşməyəcəm.
 
— İnsanlara gərəksiz nəsihətlər verib başlarını ağrıtmayacam.
 
— Bu qərarları pozanda və ya riayət etməyəndə mənə xəbərdarlıq edəcək yaxşı dostlarım olacaq. Sonra səhvlərimi lazımi şəkildə düzəldəcəm.
 
— Çox danışmayacam. Özüm haqqında tamamilə susacam.
 
— Gəncliyimdəki gözəlliyimlə, gücümlə, qadınları cəlb edə bilməyimlə öyünməyəcəm. 
 
— Yaltaqlara qulaq asmayacam, gənc qadının məni sevə biləcəyi xəyalını qurmayacam. Et eos qui hereditatem captant, odisse ac vitare (Mirasımı ələ keçirmək istəyənlərdən nifrət edəcəm və onlardan qaçacam).
 
— Mülayim və ya dikbaş olmayacam. 
 
— Bu qaydaların hamısına riayət etməyə baş qoşmayacam. Yoxsa, qorxuram ki, heç birinə riayət etməyəm.
 
Svift doğrudan da gənc qadınla evlənmədi. Hətta heç evlənmədi. Ancaq özündən on dörd yaş balaca Ester Conson və iyirmi yaş balaca Ester Vanhomraytla münasibəti hələ də mübahisə mövzusudur.
 
Arzu MƏMMƏDOVA
 

0 şərh