Allahı dərk etmək yolu haqqında | Qabusnamə

Ey oğul, bil və agah ol ki, dünyada olan, olmayan və ola bilən hər nə varsa, hamısını olduğu kimi adam dərk edə bilər, yalnız o böyük Yaradandan başqa. Onu dərk etməyə yol yoxdur, ondan savayı nə varsa, hamısı dərk edilə bilər. Sən yalnız o zaman Haqq-Taalanı dərk edə bilərsən ki, özün dərketməz olasan.

Dərk edilən naxış, dərk edən isə nəqqaş kimi bir şeydir, əgər maddə naxışı qəbul etmirsə, heç bir nəqqaş onun üzərinə naxış vurmağı bacarmaz. Görmürsənmi, daşa nisbətən mum daha tez naxış qəbul etdiyindən ondan möhrə hazırlayırlar, daşdan isə hazırlamırlar.

Deməli, dərk edilmiş hər şeydə bir dərkolunma xüsusiyyəti var və o, Yaradanın nəyə qabil olduğunu göstərir. Ona görə sən özünə bax, Yaradana baxma. Sən yaradılmışa diqqət et ki, Yaradanı əql ilə dərk edə biləsən. Ayıq ol, vaxtı əldən verməyəsən, çünki vaxt keçicidir, keçici şeyin isə əvvəli və sonu olar.

Bağlı gördüyün bu dünyanın bağlılığına heyran olma və güman etmə ki, bu bağ həmişə açılmamış qalacaq. Sən Yaradanın yaxşılıqları və nemətləri haqqında fikirləş, özü haqqında fikirləşmə, çünki yolu o adam daha çox azır ki, yol olmayan yerdə yol axtarsın. Peyğəmbər əleyhissəlam demişkən: “Allahın nemətləri haqqında fikirləşin, zatı haqqında fikirləşməyin”.

Əgər bizi yaradan Allah öz bəndələrinə Onu dərk etməyə cəsarət və ixtiyar verməsəydi, heç kəs bu barədə bir söz deməyə cürət etməzdi. Sən Haqqı nə adlandırırsan adlandır, onun haqqında nə düşünürsən düşün, bu, Yaradanın ilahiliyinə deyil, yalnız sənin acizlik və miskinliyinə dəlalət edər, çünki sən Allahı heç vaxt layiq olduğu qədər tərifləyə bilməzsən. Belə olan təqdirdə sən Onu necə dərk edə bilərsən?
Əgər sən tövhidin nə olduğunu bilmək istəyirsənsə, bil ki, sənin üçün mümkün olmayan hər şey Onun üçün mümkündür, məsələn, təklik kimi.

Kim təkliyin mahiyyətini anlasa, o müşriklikdən azad olar. Təklik yalnız böyük Yaradana xasdır, ondan başqa nə varsa, hamısı cütdür. Xüsusiyyətinə görə ikiləşən hər şey ya tərkibinə görə ikiləşər, cisim kimi, ya parçalanmağına görə ikiləşər, ədəd kimi, ya fərqinə görə ikiləşər, sifət kimi, ya təzahürə görə ikiləşər, cövhər kimi, ya mənşəyinə görə ikiləşər, əsli və fəri kimi, ya məkana görə ikiləşər,fəza və boşluq kimi, ya fəhmə görə ikiləşər, ağıl və nəfs kimi, ya müvazinətə görə ikiləşər, təbiət və surət kimi, ya qarşılaşmaya görə ikiləşər, ehtimal və qətilik kimi, ya qəbul edilmə nöqteyi-nəzərindən iki cür ola bilər, azlıq və çoxluq kimi, ya dərk edilmə baxımından iki ola bilər, varlıq və yoxluq kimi. 

Bunlar ziddiyyətli olduqları qədər də, ikilik əlamətinə malikdirlər və onları tək adlandırmaq olmaz. Təklik yalnız Allaha aiddir. İkilik xüsusiyyəti olan nə varsa, onların heç biri Allah ola bilməz. Tövhidin mahiyyəti ondan ibarətdir ki, ürəyinə gələn hər şeyin Allah olmadığını biləsən, onların şəriki və tayı olmayan bir Allah tərəfindən yaradıldığını qəbul edəsən.

0 şərh