Borsalino şlyapalarıyla (Borsalino, XIX əsrin ortalarından şlyapa istehsalıya məşğul olan italyan firması – red.) məşhur olan İskəndəriyyədə anadan olmuşam.
İtaliyanı əbəs yerə intellektuallar ölkəsi sayırsınız. Rafaellə (Rafael Santi, dahi italyan rəssamı, qrafiki və memarı – red.) Mikelancelonun (Mikelancelo Buonarotti, dahi italyan heykəltəraşı, rəssam, memar, şair, mütəfəkkir – red.) buralı olması faktının əslində heç bir əhəmiyyəti yoxdur.
Küçəyə çıxan hər bir avropalı orta əsrlərdən qalma kilsələrlə rastlaşır, həmin dönəm ona niyə maraqlı olsun ki? İndianapolis (İndianapolis, ABŞ-ın Orta Qərbində şəhər, İndiana ştatının paytaxtı – red.) – bax bu başqa məsələ.
Boynuma ip salsanız belə, məni orta əsrlərdən üzü bu tərəfə sürüyə bilməzsiniz. Necə ki, çoxlarını kokos ağaclarının kölgəsindən qopara bilməzsiniz.
Atam mühasib idi, babamsa mətbəəçi. Atam on üç uşağın ən böyüyü idi, mənsə onun ilk övladıyam. Mənim də birinci uşağım oğlan olub. Oğlumun oğlu da bu sıralamanı pozmayıb. Bu zəncirdən niyə söhbət açdım ki? Eko nəsil şəcərəsinin Bizans imperatorluğuna söykəndiyini söyləsələr, yəqin nəvəm də dofin (kral taxt-tacının varisi – red.) sayılacaq.
Atam cavanlıqda yaman kitab həvəskarıydı. Amma özündən savayı on iki bacı-qardaşı vardı, ailə güclə dolanırdı və atam kitab kimi dəbdəbəyə sahiblənə bilməzdi. Beləcə, küçə köşklərində mütaliə edərdi.
Ardı →