İkinci həyat

Ana bətninə düşən əkizlər əvvəlcə hər şeydən xəbərsiz idilər. Həftələr bir-birini əvəz etdikcə böyüyürdülər. Artıq yaşamağın nə demək olduğunu anlamağa başladılar. Xöşbəxt idilər. Çünki olduqları yerdə rahat idilər. Bir-birilərinə həmişə: “Həyat nə qədər gözəldir!” – deyirdilər. Böyüdükcə içərisində yaşadıqları dünyanı kəşf etməyə çalışırdılar. Artıq həftələr yox, aylar bir-birini qovurdu. Get-gedə “yolun sonuna” yaxınlaşırdılar. Bir gün bu gözəl dünyanı tərk edəcəklərini anladılar. Narahat idilər. Qardaşlardan biri:

– Görəsən nə baş verir? Bütün bunlar nə deməkdir? – deyə soruşdu.

İkinci qardaş daha təmkinli idi. Üstəlik yaşadıqları bu dünya çox vaxt onlara dar gəlirdi. O daha geniş bir dünya arzusu ilə yaşayırdı. Odur ki:

– Bütün bunlar bu dünyada çox qala bilməyəcəyimizdən xəbər verir. Buradakı həyatımızın sonuna yaxınlaşırıq, — deyə cavab verdi.
– Ancaq mən getmək istəmirəm. Həmişə burda qalmaq istəyirəm, — deyə birinci qardaş etiraz etdi.

İkinci isə bu dar dünyadan canını qurtarmaq arzusu ilə:

– Əlimizdən nə gəlir? Bir də belə ümidsiz olma. Bəlkə bundan sonra da həyat var.

Birinci qardaş sakitləşmək bilmirdi:

– Biz buradan çıxdıqdan sonra necə yaşayacağıq? Bizdən əvvəl gedənlərdən də qayıdan yoxdur ki, bizə orada həyat olub-olmadığını desin. Bu hər şeyin sonu olacaq.

Sonra da məyus halda davam etdi:

– Bəlkə heç ana deyilən varlıq yoxdur! Bəlkə biz onu təsəlli olsun deyə özümüz uydurmuşuq.
Digər qardaş isə onunla heç razılaşmaq istəmirdi. Beləcə onlar son günlərini ana bətnində mübahisə ilə keçirdilər. Nəhayət doğum günü gəlib çatdı. Əkizlər köhnə dünyalarını tərk edərək gözlərini yeni dünyaya açdılar. Sevincdən ağlayırdılar. Çünki gördükləri mənzərə xəyallarına belə gəlməzdi. Onlar indi başa düşürdülər ki, həqiqəti dərk etmək üçün həyata yeni gözlərlə baxmaq lazımdır.

3 şərh

kagizgemiler
amma halbuki insan çox nankordur ona heyat verenlei öncə ALLAHı sonrra anasını gerekince qiymetlendire bilmir.olsun indi gencler yeri gelse sevdiylərinə görə özlərin öldürməyə belə hazır olduğları halda bəlkə heç namaz belə qılmırlar bəlkə heç evdə anasına belə xoş münasibət göstərmirlər.əlbətki hamıya aid deyil..biraz mövzudan kenar olsa da bağlılığı var idi.çoxsağolun ibretli xebere göre
heyatin-ellerinde

Maraqlıdı

Xəbərə görə təçəkkürlər