“Kenquru qayğısı” üsulu

Küvezə salınacaq olan ağır xəstə və ya vaxtından əvvəl doğulmuş körpələrə istilik vermək üçün bədən-bədənə təmas “kenquru qayğısı” üsulu adlanır. Artıq dünyanın bir çox ölkələrində, neonatal ölümlərin faizini azaltmaq məqsədilə xəstəxanaların neonatal şöbələrində bu üsuldan istifadə olunur. Bu üsul, körpələr və onların ailələrinə güclü və müsbət təsir göstərir.

Kenquru üsulu ilk dəfə 1980-ci illərin əvvəllərində Kolumbiyanın paytaxtı Boqotada tətbiq edilmişdir. Çünki, vaxtından əvvəl doğulmuş körpələrin əksəriyyəti infeksiyalar və respirator problemlərdən dünyasını dəyişirdi.

Vaxtından əvvəl doğulmuş körpələri sutkada 24 saat analarının qucağına qoyurdular. Analar körpələri ilə yatır və onları, sanki kenquru öz balasını kisəsinə salırmış kimi paltarlarının içinə salırdılar. Körpəyə oksigen lazım olduqda, ananın sinəsinə oksigen başlığı qoyulurdu. Bu gün, Boqotada vaxtından 10 həftə əvvəl doğulmuş körpələr 24 saat ərzində evlərinə buraxılır.

Kenquru qayğısı üsulu necə və nə üçün həyata keçirilir: Kenquru üsulu, körpəni dik şəkildə ananın və ya atanın sinəsinə qoymaqla həyata keçirilir. Körpəyə yalnız uşaq bezi və papaq geydirilir, üstü nazik yorğanla örtülür. Bu üsul, gündə 1 dəfə əvvəlcə 30 dəqiqə və tədricən 3 saat ərzində tətbiq edilir.

Kenquru üsulunun çoxsaylı faydaları var; araşdırmalar göstərir ki, kenquru üsulu tətbiq edilmiş körpələrdə aşağıdakı dəyişikliklər nəzərə çarpır:

▪ ürək döyüntüləri sabit olur
▪ nəfəsalma asanlaşır
▪ oksigen-saturasiya səviyyəsi yaxşılaşır
▪ soyuqla bağlı stress olmur
▪ beyin inkişafı daha sürətlə gedir
▪ körpələr daha az ağlayır
▪ daha ayıq olur
▪ daha uğurlu şəkildə süd əmirlər
▪ xəstəxanadan evə daha tez buraxılırlar

Kenquru qayğısı üsuluna ehtiyacı olan təkcə vaxtından əvvəl doğulmuş körpələr deyil. Zəif əzələ tonusuna malik və ya əlilliyi olan, bətndaxili inkişaf ləngiməsindən əziyyət çəkən və ya çəkidə az artan körpələrin kenquru üsuluna ehtiyacı var. Kenquru üsulunun əsas prinsipi odur ki, ananın bədəni effektiv küvez rolunu oynaya bilər, çünki analar, körpələrini isitmək üçün təbii şəkildə sinələrindən isti buraxırlar və körpələr dərin, sakit yuxuya gedirlər. Döşün temperaturu, körpənin bədənini 2 dəqiqə ərzində 2 dərəcə isidə bilir və körpənin bədəni isindikdən sonra, istilik dərəcəsi tədricən aşağı düşür.

Tərcümə: Xumar Ərşadlı
Mənbə: www.medicalobserverph.com

0 şərh