Minimal büdcə ilə südartırmaq

Hazırki mürəkkəb iqtisadi durumda analar ailə büdcəsinə yük olmayan südartıran (laktogen) qida haqqında soruşurlar. İlk növbədə xatırlatmağa dəyər ki, əmizdirən analar südlərini artırmaq üçün körpənin döşə qoyulmasını fəallaşdırmalı, ehtiyac olarsa, əlavə süd sağmaq kimi tədbiri də tətbiq etməlidirlər. Aydın məsələdir ki, ana südünü bir neçə saatda artıran “möcüzəvi” bir qida yoxdur amma laktasiyaya müsbət təsir edən, ananın vitamin-mineral və digər vacib qidalandırıcı depolarını artıran qida var. Kiçik büdcə tələb edən lakin kifayət qədər yüksək qidalandırıcı və laktasiya dəstəkləyici tərkiblə zəngin olanlar:
süd artırmaq
 
 
 

  • Soğankimilərin hamısı- sarımsaq, kəvər və əlbəttə ki, soğanın özü!
  • Kök tərəvəzlər, xüsusən yerkökü, zəncəfil və cuğundur.
  • Qarabaşaq
  • Ətirli və isidici ədviyyatlardan sarıkök, darçın, hil, keşniş və şüyüd toxumu.
  • Vələmir və ya bişirməyə vaxt məhduddursa yulaf əzməsi.
  • Yerli düyülərimizin hamısı.
  • Arpa suyu və ya qorğa.
  • Xurma.
  • Göyərtilər. Lakin nanə (melissa, yarpız və s.) ailəsinə aid olanlar yox.

Lakin unutmayaq ki, bütün bu ərzaqların müsbət təsiri fəal əmizdirmə fonunda mümkündür. Körpəni tələbata görə əmizdirmək başlıca şərtlərdəndir.
 
Bitki dəmləmələri
— 2 xörək qaşığı boymadərən otu üzərinə 1 stəkan qaynar su əlavə edilərək su hamamında 15 dəqiqə saxlanır, alınan dəmləmə süzülərək gün ərzində 3 dəfə yeməkdən 20-30 dəqiqə əvvəl 1/2 stəkan qəbul edilir.
— 1 xörək qaşığı bədrənc otu üzərinə 1 stəkan qaynar su əlavə edilərək 15 dəqiqə su hamamında saxlanır. Alınan dəmləmə gündə 3-4 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir.
— 1 xörək qaşığı itburnu meyvələri üzərinə 1 stəkan qaynar su əlavə edilərək ağzı kip şəkildə bağlanır, su hamamında 15 dəqiqə saxlanır, soyuyub süzüləndən sonra alınan dəmləmənin həcmi su ilə 200 ml-ə çatdırılır, gündə 2-3 dəfə yeməkdən sonra 1/2 stəkan qəbul edilir.
— 1 xörək qaşığı xırdalanmış zəncirotu kökləri üzərinə 1 stəkan qaynar su əlavə edilərək 15 dəqiqə su hamamına qoyulur, süzüləndən sonra gündə 3-4 dəfə yeməkdən əvvəl 1/3 stəkan qəbul edilir.

Toxum-meyvələr
— 2 xörək qaşığı razyana meyvələri üzərinə 1 stəkan qaynar su əlavə edilərək 15 dəqiqə su hamamında saxlanır, alınan dəmləmədən 1 çay qaşığı 1/4 stəkan ilıq suda qarışdırılaraq gündə 3 dəfə yeməkdən 20-30 dəqiqə əvvəl içilir.
— 1 çay qaşığı cirə meyvələri üzərinə 1 stəkan qaynar su əlavə edilərək 15 dəqiqə su hamamında saxlanır, soyudularaq süzülür, alınan dəmləmənin həcmi 200 ml-ə çatana qədər üzərinə su əlavə edilir, gündə 3-4 dəfə yeməkdən 20-30 dəqiqə əvvəl 1/4 stəkan qəbul edilir.
— 1 çay qaşığı şüyüd toxumları üzərinə 1 stəkan qaynar su əlavə edilərək 15 dəqiqə ağzı bağlı halda su hamamında saxlanır, alınan dəmləməyə su əlavə edilərək 200 ml-ə çatdırılır. Gündə 3-4 dəfə yeməkdən 20-30 dəqiqə əvvəl 1/4 stəkan qəbul edilir.
— 1 xörək qaşığı zirə meyvələri üzərinə 1 stəkan qaynar su əlavə edilərək 15 dəqiqə su hamamında saxlanır, soyudulub süzüləndən sonra su əlavə edilərək həcmi 200 ml-ə çatdırılır. Alınan dəmləmə gündə 2-3 dəfə yeməkdən sonra 1/2-1/3 stəkan qəbul edilir.

Şirələr
— Gündə 2-3 dəfə 1/2 stəkan təzə çəkilmiş kök şirəsi qəbul etmək süd ifrazını artırır. Kök şirəsinin dadını yaxşılaşdırmaq üçün süd, bal və ya hər hansı giləmeyvə şirəsi də əlavə etmək olar.

Gicitkənli 3 resept
— 1 xörək qaşığı gicitkən yarpaqları üzərinə 1 stəkan qaynar su əlavə edilərək 20 dəqiqə dəmlənilir, alınan dəmləmə gündə 3-4 dəfə 1/2 stəkan qəbul edilir.
— Yuyulmuş və xırdalanmış gicitkən sıxılır, şirəsi çıxarılıb süd və ya kvasla qarışdırılaraq dərhal qəbul edilir.
— 1 xörək qaşığı gicitkən toxumları üzərinə 2 stəkan qaynar su əlavə edilərək dəmlənilir, süzüləndən sonra 2 çay qaşığı bal əlavə edilərək gündə 2 dəfə 1/2 stəkan içilir.

Tealakton çayı
— Südvermə mərhələsində südartırıcı Tealakton çayı tövsiyə olunur. 1 və ya 2 filtr-bağlamanın üzərinə 1 stəkan qaynar su tökülərək 15-20 dəqiqə dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2-3 dəfə hər dəfə 1 stəkan yeməkdən 30 dəqiqə əvvəl ilıq şəkildə qəbul edilir. Doğuşdan 10 gün sonra  çayın qəbuluna başlanılması daha yaxşı səmərə verir.

Müəllif: Səltənət Zülfüqarova, həkim-terapevt Zümrüd Rəhimova,
Mənbə: anasüdü.az, oxu.az

0 şərh