Vaxtından əvvəl doğulmuş uşaq

Təqribən hər on uşaqdan biri vaxtından bir qədər tez doğulur. Belə uşaqların çəkisi anadan olanda 2,5 kq-dan az və hətta 1 kq ola bilər. Vaxtından əvvəl doğulmuş uşağa yarımçıq uşaq deyilir. Həmçinin vaxtında doğulub, lakin çəkisi 2,5 kq-dan az olan uşaqlara da yarımçıq uşaqlar deyilir. Yarımçıq uşaq çox zəif olur və onu xüsusi qulluq lazımdır. Uşaq anadan olanda çəkisi 2 kq-dan az olarsa, onu yarımçıq uşaqlar şöbəsinə qoymaq lazımdır, o burada çəkisi 2,5 və ya 3 kq olana qədər qalacaqdır. Yarımçıq uşaqla çox incə rəftar etmək, qucağa götürdükdə ehtiyatlı olmaq lazımdır.

Bədənin həddindən artıq soyuması
Yarımçıq doğulmuş uşağı birinci növbədə, həddindən artıq soyumaqdan qorumaq lazımdır, çünki bədənin temperaturu 35°-yə enə bilər. Buna görə də otağın temperaturu gecə-gündüz 25-27° olmalıdır. (Yarımçıq uşağa evdə baxılırsa otaq termometri almaq və otağın temperaturunu diqqətlə izləmək lazımdır). Uşağın çarpayısı qətiyyən yelçəkən yerdə olmamalıdır; bundan başqa, ilk həftələr uşağın dörd bir tərəfinə istiqac qoymaq lazımdır ki, soyuq dəyməsin.
Bunun üçün ağzı gen və qapağı kip bağlanan istiqaclar yaxşıdır; istiqacı təmiz, ələnmiş və isti qumla və ya duzla doldurmaq, pamazıya büküb uşağın çarpayısına, adyalın yanına qoymaq lazımdır. Yastığın temperaturuna fikir vermək lazımdır ki, uşaq həddən çox qızmasın, çünki bu ona zərər yetirə bilər (yarımçıq uşağın bədən temperaturu 37°-dən çox olmamalıdır). Uşaq narahatdırsa, tez-tez nəfəs alırsa yoxlamaq lazımdır, bəlkə siz onu həddindən çox qızdırmısınız.
Uşağın yatağını (çarpayısını) ancaq həkim təyin etdikdə və patronaj tibb bacısının göstərişi olduqda qızdırmaq lazımdır.
Yarımçıq uşağın lazımi temperatur şəraitində saxlanılıb-saxlanılmadığını necə yoxlamalı? Bunun üçün termometri təmiz əsgiyə büküb adlayın altında 15 dəqiqə saxlamaq olar. Temperatur 30° göstərirsə, deməli, uşaq lazımi temperatur şəraitində saxlanılır.
Yarımçıq doğulmuş uşaq üçün isti otaq nə qədər faydalıdırsa, ona quru hava bir o qədər zərərlidir.

Döş əmizdirmək
Uşağın yaşaması üçün ana südü çox vacibdir. Lakin yarımçıq doğulmuş uşaqların bir qismi döş götürə bilmir. İlk günlər və hətta ilk həftələr belə uşağa döş verməyib südü sağıb vermək daha yaxşıdır. Buna görə də ana hələ doğum evində ikən südünü sağmağı öyrənməli və uşaq döş götürənə qədər hər gün südünü sağmalıdır.
Yarımçıq doğulmuş uşağı həddindən çox yedizdirməməli. Birinci gün uşağa heç nə verməməli. İkinci gün uşaq dodaqlarını əmirsə, ağlayırsa və bununla yemək istədiyini bildirirsə, yalnız bir neçə qaşıq ana südü və çay vermək olar. Uşağa istədiyindən hətta bir qaşıq artıq verilərsə, o bunu dili ilə çıxaracaq yaxud qusacaqdır; bu vaxt yemək tənəffüs yollarına düşə bilər ki, bu da ağ ciyərlərin ağır iltihabını törədər. Məhz buna görə də yarımçıq uşağı çox ehtiyatla yedizdirmək lazımdır. Hava ilə tənəffüs yollarına yemək düşməməsinə diqqət yetirmək lazımdır. Yarımçıq uşağa tez-tez baş çəkən patronaj tibb bacısı anaya uşağı düzgün əmizdirməyi öyrədəcəkdir.

İnfeksiya
Yarımçıq doğulmuş uşağı infeksiyadan qorumaq son dərəcə vacibdir, mümkünsə uşağa ancaq anası qulluq etməlidir. Uşağı başqa adamlarla təmasdan qorumaq lazımdır. Təmizliyin çox böyük əhəmiyyəti vardır. Uşağın bütün şeylərini qaynatmaq, yaxşı yumaq, yaxalamaq və ütüləmək lazımdır. Onun şeylərinə əl vurmamışdan əvvəl əlləri yumaq lazımdır.
Uşağın çarpayısının yanında stol qoymalı, uşağa qulluq edilən şeyləri, o cümlədən ona yemək hazırlanan qabı da bu stolun üstünə qoymalı; milçəklərdən və tozdan qorunmaq üçün stolun üstünü təmiz tənziflə yaxud dəsmalla  örtməli.
Yeni doğulmuş uşağın göbəyinə xüsusi fikir verməli. ; Uşağın göbəyi tamam sağalmayınca çimdirmək olmaz: ancaq bədənini yaş əsgi ilə silmək olar (əsgini çobanyastığı dəmləməsində islatmaq daha yaxşıdır). Əsgiləri yaxşı yuyub qurutmalı, uşağı bələmək istədikdə hər iki üzünə isti ütü çəkməli.
Xəstə adamları uşağın yanına buraxmayın! Böyük adam üçün xəstəlik hesab edilməyən hətta zökəm də yarımçıq doğulmuş uşaq üçün acınacaqlı ola bilər. Azacıq xəstəlik əlaməti görən kimi dərhal həkim çağırmaq lazımdır.
Yarımçıq doğulmuş uşağa nəinki çəkisi normal doğulmuş uşaqlardan az olan dövrdə, həm də normal çəkiyə çatdıqdan sonra da xüsusi qayğı və qulluq lazımdır, çünki onun orqanizmi vaxtında doğulmuş (3 kq çəki ilə doğulmuş) uşağa nisbətən xarici mühit şəraitinin dəyişməsinə və infeksiyaya çox həssas olur. Bəzi yarımçıq uşaqlar bağça yaşında və hətta məktəb yaşında da yaşıdlarından zəif və daha zərif olurlar.
Yarımçıq doğulmuş uşağın əlavə yeməyə ehtiyacı vardır və onun vaxtında doğulmuş uşaqdan daha tez-tez dərmana ehtiyacı olur, buna görə də xəstə olmadıqda və yaxşı inkişaf etdikdə belə onu tez-tez həkimə göstərmək lazımdır.

Mənbə Ananın məlumat kitabı
Müəllif Laslo Maqda,Peterno Pikler Emmi

1 şərh

məryam
Men 8 ayliqam. 2 kilo dogulmusham. Amma o derece qayqi qormemishem.