Düzgün qidalanma

uşaqların qidalanmasıQidalanma sağlamlığın ən önəmli faktorlarından biridir. Mütəxəssislər bildirirlər ki, əksər xəstəliklər balanslı şəkildə qidalanmamaqdan qaynaqlanır. Xüsusən də uşaqların düzgün qidalanması daha önəmlidir, çünki rejimsiz qidalanan uşaqların zehni və fiziki inkişafında qüsurlar — yaddaşsızlıq, ifrat köklük, şəkər xəstəliyi və s. meydana çıxır. Uşağın lap körpə vaxtından qidalanmasına hər zaman nəzarət etmək lazımdır.

0-6 aylıq körpənin qidalanması: körpə 6 aylıq olana qədər yalnız ana südü içməlidir. Ana südü körpənin fiziki-zehni inkişafı, immunitet sistemini gücləndirdiyi, körpənin xəstəliklərə yoluxma ehtimalını azaltdığı üçün əvəzsiz qida sayılır.

6-9 aylıqda qidalanma: 6 aydan sonra körpəyə ana südü ilə yanaşı, bu qidanı dəstəkləyəcək əlavə qidalar verilə bilər. Əlavə qidalar, əvvəlcə, az miqdarda verilməlidir. Meyvə-tərəvəz püreləri, təzə meyvə şirəsi, qatıq, duzsuz pendir, çörək vermək olar. Çalışın körpəni şokolada, şəkərli qidalara, duz və südlü yeməklərə alışdırmayın.

9-12 aylıqda qidalanma: bu dövrdə əlavə qidalar əsas qida kimi, lakin püre halında yedirilə bilər. Hər gün az miqdarda ətli, yaxud qiyməli yemək də vermək olar.

1-5 yaşlı uşağın qidalanması: uşağın ana südü ilə qidalanma vaxtı 2 yaşa qədərdir. Bu yaşdan sonra balanslı şəkildə qidalanmaya diqqət etmək lazımdır.

Uşağınızın kifayət qədər vitamin, mineral, karbohidrat, zülal və su mənimsəməsi vacib şərtlərdən biridir.

5-18 yaşda qidalanma: artıq bu yaşda olan uşaqlar böyüklərin yediyi yeməklərdən yeyə bilərlər, lakin deyildiyi kimi, sağlam və balanslı şəkildə qidalanmaq şərti ilə.

 Həmçinin bax: Körpələrin inkişafı — Qidalanma

 

0 şərh