Körpəni çimizdirmə

Südəmər uşağı hər gün çimdirməli!
Çimmə dərini tərdən və tozdan təmizləyir, insanın bütün bədənini gümrahlaşdırır. Südəmər uşağın dərisini nəinki tərdən, həm də sidikdən və nəcisdən təmizləmək lazımdır. Südəmər uşağın dərisi böyük adamın dərisindən daha zərifdir, buna görə də ona yaxşı qulluq tələb olunur.
Balaca uşaqları da mümkün olduqca hər gün çimdirməli, doğrudur, bunların dərisi südəmər uşağın dərisi kimi zərif deyil, lakin onlar döşəmədə oynayır, iməkləyir və çox bulaşırlar. Uşaq diqqətini cəlb edən şeyləri ələ almaq üçün hərəkət etdikcə bir o qədər çox bulaşır. Bundan başqa, 3 yaşına qədər uşaqların dərisi sidiyə və ya nəcisə batır.

Uşağı nə vaxt çimdirməli?


Otaq istidirsə, uşağı hər vaxt çimdirmək olar. Uşağı hətta axşam, yaxud səhər saat 7-yə qədər çimdirdikdə belə onun yuxusu pozulmur. Lakin südəmər uşağı döş əmən kimi çimdirmək olmaz, çünki çimdirən vaxt onu çevirdikdə qusa bilər.
İmkan varsa, uşağı axırıncı dəfə döş verməmişdən qabaq çimdirmək daha yaxşıdır (axşam saat 5 ilə 7 arasında). Uşaq, çimdirdikdən sonra yedizdirib yatırtmalı. Yayda uşağı günortaya qədər də çimdirmək və sonra havaya çıxarmaq olar: yayda isti havada uşaqları açıq havada da çimdirmək olar. Hava sərin olduqda uşağı çimdirən kimi havaya çıxarmaq olmaz.
İməkləyən uşağı axşam yerinə qoymamışdan qaba mütləq çimdirmək lazımdır. Bu yaşda uşaqları həm axşam yeməkdən qabaq, həm də sonra çimdirmək olar.

Uşağı həmişə eyni vaxtda çimdirməli!


Uşağı çimdirmək üçün müəyyən saatlar ayırmalı və buna heç olmazsa bir neçə ay əməl etməli.
Uşaq çimdiriləcək otaq çox isti olmamalıdır. Uşağı soyuq otaqda çimdirmək olmaz. Uşağın vannasını sobaya yaxın qoymaq olmaz.
Yeni doğulmuş uşaq çimdiriləcək otağın temperaturu 24-25° olmalıdır. Bu ancaq birinci həftələrə aiddir, 6 aylıq və bundan iri uşaqları həmişə olduqları otaqdan isti otaqda çimdirmək lazım deyil.

Çimmiş uşağa soyuq dəyməməsinə çalışın!


Uşaq çimən vaxt, yaxud çiməndən sonra paltarını geyindirdikdə qapıları açmaq olmaz.
Yaxşı olardı ki, uşağın yatdığı və çimdiyi otağa otaq termometri qoyulsun. Termometrsiz havanın istiliyini düzgün təyin etmək mümkün deyil, bu isə uşağa zərər yetirə bilər.
Otaq temperaturunu divardan adamın boyu hündürlüyündə asmaq lazımdır, onda termometr sınmaz və ona baxmaq asan olar. Qışda termometri bayırdan, sobaya, batareyaya yaxın asmaq olmaz, çünki belə olduqda düz göstərməz.
Uşağı çimdirməmişdən əvvəl əlləri sabun və şotka ilə yaxşı yumaq, xalat və ya döşlük geymək, uşağı çimdirmək üçün lazım olan şeyləri hazırlamaq lazımdır.

Uşağı çimdirməyə başlamamışdan əvvəl bütün şeyləri hazırlamalı


Çimdirən vaxt ananın fikri uşaqda olmalı, bu və ya başqa şeyi axtarmamalıdır. Uşağı bir saniyə də olsa vannada tək qoymaq olmaz, məsələn, isti su və ya dəsmal gətirmək üçün onu qoyub getmək olmaz.
Çimdirmək üçün lazım olan şeyləri balaca bir padnosun üzərinə düzmək daha yaxşıdır. Bunlar aşağıdakılardır: çobanyastığı dəmləməsi, pambıq, sabun, saç şotkası, daraq, talk, krem, kalium-permanqanat məhlulu, saç və daraq qayçısı.
Uşaq çimdirilən su lap təmiz olmalıdır. Kimsə əlini yumuş su ilə qətiyyən uşağı çimdirmək olmaz. Su qızdırılan qab da son dərəcə təmiz olmalıdır. Bu qabda paltar qaynatmaq, yaxud ondan başqa məqsədlərlə istifadə etmək olmaz.

Vannaya nə qədər su tökmək?


Vannada suyun səviyyəsi 10-20 sm olmalıdır. Yeni doğulmuş uşaqların çoxu vannada su çox olmasını xoşlamırlar. Bir neçə həftədən və ya aydan sonra uşaq getdikcə suya alışır, çimən vaxt özünü çox yaxşı hiss edir, su da oynayır, suyu şappıldadır, vannada su çox olması xoşuna gəlir.

Suyun temperaturu neçə dərəcə olmalıdır?


Yeni doğulmuş uşağı çimdirmək üçün suyun temperaturu 35-37° olmalıdır. Suyun temperaturunu termometrlə yoxlamaq lazımdır: termometr yoxsa əllə bilmək olar. Nə otağın temperaturu, nə də suyun temperaturu çox yüksək olmamalıdır, uşağın daha çox hansı temperaturu xoşladığına fikir vermək və bu cür də saxlamaq lazımdır. Sonralar uşağı nisbətən aşağı temperaturlu suda da çimdirmək olar.
 
Mənbə Ananın məlumat kitabı
Müəllif Laslo Maqda,Peterno Pikler Emmi

0 şərh