Döş əmizdirmə

Ana südünü heç bir şey əvəz edə bilməz, çünki onun tərkibində südəmər uşağın inkişafı üçün lazım olan bütün maddələr vardır.

Döş südünün tərkibi

Döş südü tərkibcə inək, qoyun və ya keçi südündən fərqlənir (məsələn, ana südündə olan yağlar inək südündə və ya başqa südlərdə olan yağlardan tamam fərqlənir). Bundan başqa, heyvan südündə bu və ya başqa maddələr döş südünə nisbətən lap çox olur, buna görə də südəmər uşağa inək südünü su ilə durulaşdırıb vermək lazımdır, lakin döş südündə olan başqa maddələr inək südündə azdır, buna görə də ona şəkər, düyü unu və s. qatmaq lazımdır.
Döş südündə qoruyucu maddələr vardır. O uşağı bəzi yoluxucu xəstəliklərdən, məsələn, qızılcadan qoruyur, çünki ana vaxtilə qızılca keçiribsə, onda immunitet əmələ gəlir. Döş südündə elə maddələr də vardır ki, bunlar uşağa bir çox xəstəlikləri asan keçirməyə kömək edir.
\Ana südü yeyən uşaqlarda xəstəlik adətən yüngül keçir, ağırlaşmalar az olur.Döş əmən uşaqlar südəmər uşağın inkişafına lazım olan qədər vitamin alırlar.

Döş əmməyin üstünlükləri

Döş südünün nəinki tərkibinin, həm də uşağın döşü əmməsinin də əhəmiyyəti vardır. Sağılmış ana südü yeyən uşağa nisbətən döş əmən uşaq daha yaxşı inkişaf edir. Döşəmmə həzmi yaxşılaşdırır. Uşağın əmdiyi süd lap təmiz (steril), təzə və lazımi istilikdə olur.
Döş əmizdirən vaxt ana ilə uşaq arasında möhkəm ünsiyyət bağlanır, uşağın bundan sonrakı inkişafı üçün bunun olduqca böyük əhəmiyyəti vardır.
Döş əmizdirmək anaya xoşdur, uşağa yemək alıb hazırlamaq işindən onu azad edir.

Döş əmizdirməyə hazırlıq

Döş əmizdirmə gigiyenası. Döş əmizdirməyin əsas şərti ideal təmizlikdir. Uşaq əmizdirən ana, imkan varsa, hər gün vanna qəbul etməlidir. Hər dəfə uşağı əmizdirməmişdən qabaq və sonra əlləri yaxşı yumaq lazımdır.
Hər dəfə uşağı əmizdirməmişdən qabaq və sonra, heç olmazsa, səhər və axşam, döşü sabun və isti su ilə yaxşı yumalı. Uşağa döş verməmişdən əvvəl məməni və onun ətrafını qaynamış suya, çobanyastığı dəmləməsinə və ya bor turşusu məhluluna batırılmış təmiz pambıqla silmək lazımdır. Uşağı əmizdirdikdən sonra eyni qayda ilə məmənin üzərindəki süd qalıqlarını və uşağın tüpürcəyini də silib təmizləmək lazımdır. Tüpürcəyə qarışmış süd çürüyüb dərinin və döş vəzinin iltihabına (mastit) səbəb ola bilər.

usaga dos emizdirmek
Uşaq əmizdirən ana özünün alt və üst paltarının həmişə son dərəcə təmiz olmasına çalışmalıdır. İmkan varsa uşağı əmizdirməzdən qabaq xalat geyməlidir. Uşaq əmizdirən ana elə paltar geyməlidir ki, hər dəfə uşağı əmizdirəndə əynindən çıxarmalı olmasın, çünki bu, çox vaxt aparır və əmizdirməyə görülən hazırlığı uzadır.

Uşaq əmizdirən ana əmizdirmə üçün lazım olan hər şeyi: təmiz xalat, stul, məməni silmək üçün məhlul, pambıq və sairəni qabaqcadan hazırlamalıdır.Ayrı-ayrı işlər möhkəm ardıcıllıqla görülməlidir. Məsələn, ana uşağını çarpayıdan götürür, onun əsgilərini dəyişir, tərəzidə çəkir, ayaq üstə durub məmələrini təmizlədikdən sonra uşağı qucağına götürüb oturur və onu dərhal döşünə salır. Uşaq bu qaydaya alışır və nə vaxt döş veriləcəyini dinməz-söyləməz gözləyir.

Uşağa ilk dəfə döşvermə

Yeni doğulmuş uşaq anadan olan kimi hələ ac olmur. O, hələ süstdür, adətən onu bələyib çarpayıya qoyan kimi yatır. Uşaq yuxudan ayılanda (anadan olandan 6-8 saat sonra ona döş vermək olar, lakin çox vaxt o döşü ancaq ertəsi gün götürür. Yeni doğulmuş uşaq ac olduqda məməni ağzına yaxınlaşdıran kimi ağzını açır və başını tərpədib ağzı ilə məməni axtarmağa başlayır.

Bəzən elə olur ki, yeni doğulmuş uşaq hətta məməyə dəydikdə də ağzını açmır; məməni onun ağzına saldıqda isə 1-2 dəfə əmib buraxır. Yeni doğulmuş uşaq süst olduqda, yatmaq istədikdə, doğuş ağır keçdikdə belə edir. Lakin çox vaxt o ac olmadığına görə döş götürmür. Belə halda uşağa zorla döş vermək olmaz; onu çarpayıya qoyub 2-3 saatdan sonra döş vermək lazımdır, buna qədər ona bir neçə qaşıq çay vermək olar.

Uşaq yatıbsa, yaxud ağzını açmaq istəmirsə, üzünü şappıldadıb oyatmaq, yaxud ağzını açdırmaq olmaz; ona zorla döş vermək də olmaz. Bunlar artıqdır: uşaq ac deyilsə, döş götürməyəcək və məməni ağzından buraxacaqdır.
Uşağı əmizdirməklə əlaqədar hər cür zor işlətmək zərərdir. Döş əmməyin uşağa xoş gəlib-gəlməməsinin əhəmiyyəti vardır. Zor işlətdikdə uşaqda döşə qarşı ikrah oyana bilər, ana onu döşünə qoyduqda o, ağlayacaq, üzünü çevirib məməni ağzından çıxaracaqdır.

Döşü yaxşı və pis götürən uşaqlar necə əmirlər

Döşü yaxşı götürən uşaq məmədən bərk yapışıb acgözlüklə əmir. Əvvəlcə süd vəzisində süd hələ çox olduğuna görə, adətən uşaq hər dəfə sorandan sonra udur. Axıra yaxın, döşdə süd az olub yavaş çıxdığına görə uşaq məməni 2-3 dəfə sorandan sonra bir dəfə udur. Yaxşı əmən uşaq əvvəldən axıra kimi səlis sorur. Sorma prosesi uşağı yorur və hətta yaxşı soran uşaq da ara verir və çox vaxt gözlərini yumur. Ana elə bilir ki, uşaq yatıb, lakin o yatmır, dincəlir. Kiçik fasilədən sonra (1/2-1 dəqiqə) uşaq təzədən məməni tez-tez sormağa başlayır.

Döşü pis götürən uşaq məməni lap yavaş sorur, gec-gec udur, ağzında məməni oynadır, əmə-əmə yuxuya gedir. Lakin döşü onun ağzından çıxardıqda ayılır və ağlamağa başlayır. Onu təzədən döşə qoyduqda yavaş-yavaş əmir. Əmmə prosesi uzun çəksə də, uşaq normal inkişaf üçün lazım olan qədər süd əmir.

Uşağın döşü yaxşı və ya yavaş əmməsinə səbəb nədir? Bu, onun ümumi vəziyyətindən və ananın südünün az və ya çox olmasından, birinci növbədə, ananın ona döş əmməyi öyrətməsi qaydasından asılıdır.

Nə etmək lazımdır ki, uşaq yaxşı əmsin

  1. Mümkün qədər çalışmaq lazımdır ki, hər dəfə uşağa döşün ancaq biri verilsin. İlk 3-4 ayda bu çox vacibdir. Uşaq başa düşür ki, südün hamısını əmməsə ac qalacaq. Südlə dolu ikinci döşü verdikdə o, süd çox olan döşü əmməyi vərdiş edir. Beləliklə, tənbəlləşir və döşü pis əmir (4-5 aylıq uşağa bir döşün südü çatmır, belə uşaq hər iki döşü axırıncı damcıya kimi sorur).
  2. Uşaq döşü 15-20 dəqiqədən çox əmməlidir. Yeni doğulmuş uşaq döşü lazım olduğu kimi əmirsə, 15-20 dəqiqədən sonra yorulur və döşdə süd az olduğu üçün daha əmə bilmir. Südəmər uşaq get-gedə inkişaf edir, bədəncə möhkəmlənir və vaxtdan daha səmərəli istifadə edib əmir, o tez doyub döşü buraxır. O döşü 15 dəqiqə, sonralar isə 10 dəqiqəyə qədər əmir.
  3. Uşağı məməni oynatmağa və ya ağzında saxlayıb yuxulamağa qoymayın. Uşaq döş əmərkən uzun fasilələr verirsə, onun yanağına yüngülcə vurmaq lazımdır ki, bu fasilələr bir dəqiqədən artıq çəkməsin. Bu, uşağın xoşuna o qədər də gəlmir, hər halda onu çox da incitmir. Onu bərk və ya qəfildən vurmaq olmaz, çünki səksənə bilər yaxud ağlayar. Məməni uşağın ağzında gəzdirmə, yaxud onu yarısına qədər çıxarıb təzədən uşağın ağzına qoymaq olmaz, çünki bu vaxt məmə kiçilir, bundan başqa, uşaq bu oyuna tez alışır, bundan sonra yenə onunla oynanılacağını gözləyib döşü əmmir.
  4. Uşaq döş əmməyib məməni ağzında saxlayıb yatırsa, döşü onun ağzından çıxarmaq, nə qədər əmməsindən asılı olmayaraq əmizdirməni kəsmək lazımdır. Yalnız bu yolla uşağa yaxşı əmməyi öyrətmək olar. Bundan sonra əmizdirdikdə o ac olduğu üçün döşü yaxşı soracaqdır. Əmizdirməni kəsdikdə uşağa bir neçə çay qaşığı çay vermək lazımdır.
  5. Əmizdirmə müddətini özbaşına dəyişmək olmaz. Yuxarıda deyildiyi kimi, uşağın yaşından və döşü necə əmməsindən asılı olaraq əmizdirmə müddətini azaltmaq olar.
  6. Döş əmən vaxt heç bir şey uşağın diqqətini yayındırmamalıdır. Ətrafdakı adamların otaqda gəzişməsi, danışması və səs-küyü uşağın əmməsinə mane olur. Ana uşağı əmizdirən vaxt ətrafdakılarla və ya uşaqla danışıb diqqətini yayındırmamalıdır. O, əsəbiləşməməli, yaxud təcili görülməli işləri varsa tələsməməli, bunları uşağı əmizdirənə qədər görməlidir.
  7.  Fikir vermək lazımdır ki, uşaq əmən vaxt ananın qucağında rahat uzansın, onda o özünü sakit aparacaq və döşü yaxşı əməcəkdir.

Ana uşağı hansı vəziyyətdə əmizdirməlidir?

do. əmizdirmək
Doğuşdan sonrakı ilk günlər adətən ana uşağını böyrü üstə uzanıb əmizdirir. Bu vaxt başının və belinin altına yastıq qoymalıdır ki, rahat olsun və beli yorulmasın. Başını elə tutmalıdır ki, əmizdirən vaxt uşağı görə bilsin. Uşağı öz yanında elə qoymalıdır ki, onun ağzı məməyə çatsın. Uşaq bu vəziyyətdə ağzını məməyə toxundurur. Ana fikir verməlidir ki, ayaqlarını qatladıqda uşağı tərpətməsin, çünki o məməni ağzından çıxarar.

Əksər analar doğuşdan sonrakı dövr qurtardıqdan sonra uşağı oturub əmizdirirlər. Ana düzgün vəziyyət alarsa, oturub əmizdirmək uzanıb əmizdirməkdən qat-qat asandır. Ana uşağı qolunun üstünə elə uzatmalıdır ki, uşağın ağzı məmə ilə bir səviyyədə olsun, lakin əmizdirən vaxt ana əyilməməlidir. Ana uşağı alçaq stulda oturub yaxud ayaqlarını kətilin üstünə qoyub əmizdirsə daha yaxşı olar. Stulun qoltuğu yoxsa, əlləri stola söykəmək olar .

Bir çox analar uşağa skamyada və ya kiçik stulda oturub arxasını divara və ya şkafa söykəyib əmizdirirlər. Bu vəziyyətdə ana əyilmiş olmur və onun beli az yorulur.
Uşaq döş əmdikdə böyrü üstə uzanmalıdır. Uşaq arxası üstə uzanıb əmdikdə məməni aşağı dartıb ağrıdacaq, bundan başqa, məmənin dərisi zərif olduğu üçün çatlaya bilər. Uşağa döşü verdikdə fikir vermək lazımdır ki, o, məmə ilə birlikdə məmənin ətrafını da ağzına götürsün
Uşaq məməni götürəndən sonra ana onun rahat əmməsi üçün döşünü azca basıb onun bumunu azad edir. Uşaq ancaq məmənin ucunu götürübsə onu çıxarıb yuxarıda göstərilən qaydada bir daha vermək lazımdır, yoxsa məmə kiçilər və süd pis gələr. Məməni tüpürcəklə isladıb uşağın ağzına vermək qəti qadağandır; bu uşağın yaxşı əmməsinə kömək etməyəcək, anadan uşağa xəstəlik keçə bilər.

Həmin əmizdirmə qaydalarına ilk gündən əməl etmək lazımdır; uşaq döşü düzgün götürmürsə, onu bir neçə dəfə çıxarıb düzgün vermək uşağın məməni düzgün götürməməyə vərdiş etməsindən yaxşıdır. Bəzi analar belə fikirləşirlər: «Qoy uşaq istədiyi kimi əmsin, təki əmsin, sonra düzgün əmməyi öyrətmək olar». Bu, yanlış fikirdir: ilk gündən düzgün əmməyə adət etmiş uşağa bunu tərgitmək çox çətin olur.

Döşü necə çıxarmalı?

Uşaq doyubsa özü döşü ağzından çıxaracaqdır, lakin bəzi uşaqlar çıxarmaq istəmirlər. Buna görə də uşaq əmib qurtaranda döşü özünə tərəf cəld dartıb məməni onun ağzından çıxarmalı. Bu, nə ananı, nə də uşağı incidər. Bunu cəld etmək lazımdır, yoxsa uşaq məmədən yapışa bilər ki, bu da çox ağrılı olur. Döşü bu cür də çıxarmaq olar: ana döşünü əli ilə uşağın ağzının kənarına sıxır, belə etdikdə uşağın ağzına hava dolur və o, məməni buraxır.Bəzi analar döşü uşağın ağzından çıxarmaq üçün onun yanağını azca sıxırlar. Bu uşağa çox xoş gəlməsə də, lakin bunun heç bir qorxusu da yoxdur
Uşaq məməni buraxmırsa qətiyyən onun burnunu sıxmaq olmaz. Bu həm uşaq, həm də ana üçün zərərdir, çünki uşaq diksinir, gücənir, ağzı ilə hava udur: çox vaxt əvvəlcə məməni dişləyir və yalnız bundan sonra onu buraxır.

Südəmər uşağa nə qədər süd lazımdır?

Yeni doğulmuş uşaq birinci gün çox az — bir neçə damcı süd əmir. Bu vaxt süd vəzisində hələ süd olmur, döşdən ağuz südü gəlir. 2-ci gün uşaq sutka ərzində ən çoxu 50-100 q süd əmir (hər dəfə təxminən 15-20 q). 3-cü gün uşaq bir qədər çox əmir (sutkada 100-150 q yaxud hər dəfə 20-25 q). 4-cü gün o, öz çəkisinin 1/10-i qədər süd əmir (məsələn, çəkisi 3 kq olan uşaq 250-300 q yaxud hər dəfə 45-50 q süd əmir).

2-ci həftənin başından, ona əlavə süd verilənə qədər o, gündə bədən çəkisinin təxminən 1/6 hissəsi qədər süd əmir.
Təbiidir ki, uşaqların bir qismi çox, başqa bir qismi isə əksinə, az ana südü əmir. Uşaq sakit, gümrahdırsa, rəngi durudursa və çəkidə yaxşı artırsa, onun bədən çəkisinin hər kq-na 150 q süd yeməsi məcburi deyil. Uşaq həmişə ağlayırsa və çəkidə az artırsa, onu həkimə göstərmək lazımdır.
Ana uşağın nə qədər süd yeməsinə müntəzəm fikir verməlidir. Uşaq hətta çəkidə yaxşı artdıqda və özünü sakit apardıqda da buna fikir vermək lazımdır. Beləliklə, ana uşağın çəkisini müntəzəm artırması üçün nə qədər süd lazım olmasını təyin edə bilər.

Uşağın nə qədər süd əmdiyini necə yoxlamalı

Hər dəfə uşağı əmizdirməmişdən əvvəl və sonra, paltarını çıxarmadan çəkmək lazımdır. Çəkidəki fərq uşağın əmdiyi südün miqdarını göstərəcəkdir. Ayrıca uşaq tərəzisi yoxsa, adi mətbəx tərəzisindən istifadə etmək olar. Uşağı adyalla birlikdə çəkmək yaxşıdır, belə olduqda uşaq ayaqlarını tərpədib mane olmayacaqdır.
Uşağın bir sutkada nə qədər süd əmdiyini təyin etmək üçün hər dəfə çəkdikdə alınan rəqəmləri toplamaq lazımdır. Uşaq sutkanın ayrı-ayrı vaxtlarında müxtəlif miqdarda süd əmdiyindən təkcə bir dəfə əmizdirmənin nəticəsinə görə sutkada əmilən südün miqdarını dəqiq təyin etmək mümkün deyil. Həmçinin uşaq ayrı-ayrı günlərdə də eyni miqdarda süd əmdiyinə görə, həftənin axırında uşağın sutkada orta hesabla nə qədər süd əmdiyini təyin etdikdə bunu da nəzərə almaq lazımdır.

Gəyirmə

Uşağı əmizdirdikdən sonra o gəyirməlidir, bundan məqsəd döş əmən vaxt mədəyə girən havanı çıxarmaqdır. Bərkdən marçıldadıb əmən uşaqlar daha çox hava udurlar.Uşağı daldan belindən və boynundan tutaraq başınıazca əyib qucaqda dik saxlamaq lazımdır. Adətən 2-3 dəqiqədən sonra uşaq bərkdən gəyirir .

Südəmər uşağa nə zaman süd verməli

Südəmər uşaq zəif olub kifayət qədər ana südü əmə bilmirsə, ona əlavə süd vermək lazımdır. Bu cür uşağı möhkəmlənənə qədər əlavə yedizdirmək lazımdır. Lakin bəzən ananın südü çatmadıqda yaxşı əmən və artan sağlam uşağı da əlavə yedizdirmək lazım gəlir. Ananın südü çatmadıqda uşaq axırıncı damcıya qədər onu sorur, daha süd gəlmədiyini görüb əsəbiləşir və dodağı ilə əmmə hərəkətləri edir.

Uşağa əlavə nə yedizdirməli

3 ayına qədər südəmər uşaqlara mümkünsə ancaq döş vermək lazımdır. Birinci ay buna əməl etmək xüsusilə vacibdir.
Başqa çıxış yolu yoxsa, 6həftəliyə qədər uşağa başqa ananın südünü, yarıbayarı su qatılmış inək südü vermək olar. 6 həftəlikdən yuxarı uşaqlara inək südü ilə döş südünü 2:1 nisbətində qarışdırıb vermək olar. Uşağa birinci 3 ayda əlavə süd vermək lazım gəlməmişsə, bundan sonra ona əlavə yemək kimi inək südü yox, tərəvəz vermək daha yaxşıdır.

Uşağa əlavə südü ancaq uşaq həkiminin təyin etdiyi qaydada verirlər. Əlavə südün miqdarı aşağıdakı kimi təyin edilir: uşaq zəif olub sutkada 400 q süd əmirsə, bunu 450 q-a çatdırmaq lazımdır. Sonra hər 2-3 gündən bir, uşaq çəkidə artmağa başlayana qədər, əlavə südün miqdarını yavaş-yavaş artırmaq lazımdır. Bu qaydaya əməl etdikdə uşaq bədəncə möhkəmlənir, yaxşı əmir və çəkidə yaxşı artır; odur ki, çox vaxt 2-3 həftədən sonra ona əlavə süd vermək lazım gəlmir.
Yaxşı əmən uşağa əlavə süd verdikdə aşağıdakı qaydaya əməl etmək lazımdır: uşaq gündə 4 dəfə əmirsə ona gündə bir dəfə, gündə 3 dəfə əmirsə 2 dəfə əlavə süd verilir.

Uşağı əmizdirib qurtaran kimi ona əlavə süd verilir, uşağın döş əmməsi ilə əlavə süd verilməsi arasında fasilə böyük olduqda, o gündə 5-6 dəfə əvəzinə 10-12 dəfə yeyir və mədəsi dincəlmir. Bundan başqa, uşaq döşü süst, tənbəl əmir, çünki əlavə süd yediyinə görə hələ acmamış olur.
Lap körpə südəmər uşaqlara əlavə yemək kimi adətən sağılmış ana südü verirlər. Ana bilavasitə uşağı əmizdirməzdən qabaq döşünün birini sağır; bu südü butulkaya töküb içində su olan qaba qoyur. Ana uşağı əmizdirəndən sonra çəkir, uşaq kifayət qədər süd əmməyibsə, ona sağılmış süd verir. Uşaq kifayət qədər süd əmibsə, sağılmış südü o biri əmizdirməyə saxlayır. İşlənməmiş sağılmış südü o saat soyudub (su və infeksiya düşməsin deyə bu­tulkanın ağzını bağlayın) sərin yerdə saxlamaq lazımdır.

Tərəvəz və meyvə

Qabaqcadan həkimlə məsləhətləşib 4-5 həftəlik südəmər uşağa ana südündən başqa tərəvəz və meyvə vermək olar; ona alma, armud, şaftalı, yerkökü və pomidoru əzib şirəsini vermək olar Bir çox analar südəmər uşağın ishala düşəcəyindən qorxub ona çiy tərəvəz və meyvə vermək istəmirlər. Bu, düzgün deyil! Tərəvəz və meyvə qiymətli əlavə yeməkdir, uşağın orqanizminə bunlar lazımdır. Tərəvəz və meyvələrin tərkibində çoxlu miqdarda vitamin vardır, tərəvəz və meyvə ana südünü çox yaxşı tamamlayır, lakin əlbəttə, çatışmayan ana südünü bunlarla əvəz etmək olmaz. Uşağa tərəvəz və meyvəni həddindən artıq verdikdə və bunları təmiz yumadıqda, o, xəstələnir.

Südəmər uşağa tərəvəz və meyvəni nə qədər verməli? Bunları lap az verməklə başlamaq lazımdır; döş əmməmişdən qabaq yaxud əmdikdən sonra uşağa təxminən 1/3 çay qaşığı tərəvəz (meyvə) sıyığı və ya şirəsi verilir. Uşaq tərəvəz və meyvəni xoşlayırsa, bunları artırıb gündə 5-6 çay qaşığına çatdırmaq olar.
Üç aylıq uşağa gündə bütöv bir alma və ya bir pomidor vermək olar; bunlar yarı bölünüb iki dəfəyə verilir. Uşaq meyvə və tərəvəz xoşlamırsa, onu zorla yedirtmək lazım deyil. Tərəvəz və ya meyvə şirəsinə azca şəkər qatmaq pis olmaz. Adətən bir neçə gün ara verdikdən sonra uşaqlar tərəvəz və meyvəni həvəslə yeyirlər. Bunlardan hazırlanmış sıyığı və ya şirəni də azca qızdırıb vermək lazımdır.

Ümumiyyətlə, uşağa verilən hər bir əlavə yemək azca qızdırılmalıdır, xüsusilə qışda.
Meyvə (tərəvəz) şirəsini odda yox, şirə tökülmüş butulkanı ilıq su tökülmüş qabın içinə qoyub qızdırmaq lazımdır. Butulka qoyulan bu qab təmiz olmalıdır.

Uşağa əlavə yeməyi necə verməli

Uşağa əlavə yeməyi əmzik taxılmış butulkadan yox, qaşıqla və ya stəkandan vermək olar. Döş əmən uşağa əmzikdən heç bir şey vermək lazım deyil, çünki o əmziyə tez öyrəşir və döşü atır.
Döş əmməklə əmzikdən əmmək arasında nə kimi oxşarlıq və fərq vardır? Bunların hər ikisinin oxşarlığı uşağın əmmə hərəkətlərindədir; hər iki halda süd həm döş vəzisindən, həm də əmzikdən bir bərabərdə gəlir. Əmzik də ananın məməsi kimi yumşaqdır.

Hər iki əmizdirmə arasında fərq aşağıdakından ibarətdir: uşaq əmzik əmirsə, südün gəlməsi üçün onun dilini tərpədib məməni damağa sıxması kifayətdir, odur ki, uşağın həqiqi mənada əmməsi lazım gəlmir. Uşaq ancaq döş giləsini ağzına alıb sorduqda hələ süd gəlmir. Uşaq gilənin ətrafını da ağzına alıb azca dişləməlidir, bundan sonra qapayıcı əzələ boşalır və məmədən süd gəlməyə başlayır. Uşaq alt çənəsini hərəkət etdirib sanki süd vəzisindən südü sıxıb çıxarır. Buna görə də döşü əmmək uşağa əmziyi sormaqdan çətin olur və onu yorur.

Əmzik döş giləsindən uzundur, buna görə də uşaq əmziyi asanlıqla ağzına keçirir, butulkadan süd daha asan gəlir, xüsusilə süd azaldıqda. Buna görə də uşaq əmziyə tez alışır və sonralar əmziyi həvəslə sorur. Yadda saxlamaq lazımdır ki, bədəncə möhkəm, yaxşı əmən uşaqlar da əmziyi dadandan sonra bəzən daha döşü götürmürlər.
Ana uşağı döş əmizdirdikdə olduğu kimi qucağında saxlayıb qaşıqla və ya stəkandan yedirtdikdə o, xoşluqla yeyir. Lakin qeyd etmək lazımdır ki, uşaq qaşıqla və ya stəkandan yeməkdənsə döş əmməyi daha çox xoşlayır. Çünki qaşıq və stəkan bərkdir, bundan başqa, bunlardan süd bir bərabərdə gəlmir, bunu da uşaq xoşlamır.

Uşağı əmizdirmək qaydası

Uşağı gündə neçə dəfə əmizdirməli? Həm ana, həm də uşaq üçün uşağın hər gün eyni saatda əmizdirilməsinin çox böyük əhəmiyyəti vardır. Əvvəlcə südəmər uşaqları hər 3 saatdan bir əmizdirmək, sonralar isə əmizdirmələr arasında 4 saata qədər fasilə vermək olar.
Macarıstanda uşaqları belə əmizdirirlər: əvvəlcə uşağı hər 3 saatdan bir, uşağın çəkisi 4 kq-a çatdıqda 4 saatdan bir əmizdirirlər. Bu əmizdirmə qaydası əksər südəmər uşaqlar üçün münasibdir və ona asanlıqla əməl etmək mümkündür.
Süd vəzilərinin süd ifraz etməsi üçün bunların vaxtlı-vaxtında südlə dolub boşalmasına çalışmaq lazımdır. Uşağı nizamsız əmizdirdikdə süd ifrazı çox pozula bilər, südü az olan qadınlarda isə o tamam kəsilə bilər. Bəzən adət edilmiş əmizdirmə rejimindən çıxmaq da olar; məsələn, hətta əmizdirmə vaxtı çatdıqda belə uşağı oyatmaq olmaz; həmçinin uşaq acıbsa və ağlayırsa vaxtından 30-45 dəqiqə tez əmizdirmək olar.

Uşağa düzgün qulluq etdikdə o gecə adətən yatır. Bəzən birinci həftələr uşaq tez oyanır və axşam əmdikdən 4-5 saat sonra ağlayır. Bir neçə xoş söz dedikdən yaxud 2-3 çay qaşığı çay verdikdən sonra o sakitləşir, lakin anası onu yerinə qoyan kimi yenə ağlayır. Belə olduqda onu ağlamağa qoymayıb döş vermək lazımdır. Uşağı əmizdirmədikdə nəinki uşaq, hətta ana və ailənin başqa üzvləri də yatmırlar. Bundan başqa, uşaq yuxudan doymadıqda səhər yorğun olur və döşü pis əmir, şıltaqlıq edir. Ana gecə

uşağı ağlamağa qoymayıb tez əmizdirsə, o səhərə kimi rahat yatar və yuxudan doyub oyanar.
Bir çox analar uşağın vərdiş etməsindən qorxub onu gecələr əmizdirmirlər. Ana uşağın 2-3 saat ağlamasına dözür, o özünü sakitləşdirir ki, eybi yoxdur, indi kəsər, daha gecələr döş istəməz. Adətən belə də olur. Bəzi uşaqlar anadan olandan bir neçə gün sonra gecələr daha ağlamırlar, bəzi uşaqlar isə gecələr yalnız 6-8 həftəlikdə ağlamırlar. Gecə ağladıqda döş verilən uşaqlar da 6-8 həftəlikdə daha ağlamırlar.

Uşaq gecə ağladıqda bəzən ona döş vermək heç də o demək deyildir ki, gecələr döş əmməyi adət edəcəkdir.
Uşaq döşdən nə qədər gec kəsilsə, bir o qədər yaxşıdır! Mümkün qədər uşağı 8-10 aylığa qədər döşdən kəsməmək lazımdır. Lakin 4-5 aylıqdan başlayıb bir əmizdirməni başqa yeməklə əvəz etmək lazımdır. Yalnız ciddi bir səbəb olduqda uşağı 4 aya çatanda döşdən ayırmaq olar, lakin 3 aylıq uşağı qətiyyən ayırmaq olmaz.

Uşağın əmməsi ilə əlaqədar ortaya çıxan problemlər

Uşaq öz barmağını sorursa, yumruğunu dişləyirsə və ya ağlayırsa ana elə bilir ki, uşaq doymayıb, yəqin ki, özünün südü çatmır. Lakin bu heç də uşağın ac olduğunu göstərmir, bəlkə qarnı ağrıyır, bəlkə üşüyür yaxud ona istidir. Doğrudur, uşaq ac olduqda da belə edir.
Əmizdirmədən sonra uşağı müntəzəm çəkib ananın südünün çatıb-çatmadığını təyin etmək və uşağın çəkidə necə artdığını izləmək olar. Uşağın ac olduğunu zənn edib tez onu döşünə salan analar düz eləmirlər. Nəticədə belə uşaq döşü süst, tənbəl əməcəkdir, anası onu döşünə salmasına adət edəcək, yorulduqda və ya süd pis gəldikdə döşü əmməyəcəkdir. Belə halda ən yaxşısı uşağa bir ne­çə qaşıq çay və ya meyvə şirəsi verməkdir. Bu da kömək etmədikdə həkimlə məsləhətləşmək lazımdır. Bir çox analar uşağının «artıq olduğunu» görüb belə hesab edirlər ki, südləri çatmır.

Adətən döş əmən uşaqlar süni surətdə yedizdirilən uşaqlardan arıq olur və çəkidə az artırlar. Buna görə də bir çox analar həkimə müraciət edib uşağa əlavə yemək təyin edilməsini xahiş edirlər. Yadda saxlamaq lazımdır ki, süni surətdə yedizdirilən uşaqların iri olub çəkidə çox artmaları əksər hallarda əzələlərin inkişafı və ya üzvlərin böyüməsi ilə əlaqədar deyildir, bu, uşağın orqanizmində çoxlu su toplanması nəticəsidir. Adətən belə uşaqlar şişkin, solğun olurlar. Bundan başqa, onlar daha tez-tez xəstələnir və xəstəliyi ağır keçirirlər.

Qusma. Uşağın əmən kimi qusması bir çox anaları qorxuya salır. Qorxmağa heç bir səbəb yoxdur, çünki çox vaxt uşaq artıq südü qusur.Adətən döşü səs-küylə, marçıldada-marçıldada əmən uşaqlar qusurlar, onlar südlə bərabər çoxlu hava udurlar. Belə hallarda uşağı dik tutub qusdurmaq hətta faydalıdır. Tez-tez qusan uşağı çarpayıya elə qoymaq lazımdır ki, başı bədəninə nisbətən yuxarı olsun. Bunun üçün başın altına dəsmalı və ya adyalı qatlayıb qoymaq, uşağın çarpayıda sürüşməməsi üçün ayaq tərəfinə bərk yastıq qoymaq kifayətdir.

Uşaq yaxşı inkişaf edib çəkidə artırsa, hətta qusduğu süd çox olsa da narahat olmağına dəyməz. Lakin onu müntəzəm çəkmək lazımdır; uşaq tez-tez qusub çəkisi artırsa, həkimə müraciət etmək olar.
Uşaq fəvvarə ilə qusursa və bu hər əmizdirmədən sonra təkrar olunursa, onu həkimə göstərmək lazımdır, çünki bu ciddi bir xəstəliyin əlaməti ola bilər.

Hıçqırıq. Südəmər uşaqlar döş əməndə çoxlu hava udduqlarına görə əməndən sonra bəzən hıçqırırlar. Buna səbəb havadan köpmüş qarnın diafraqmanı basmasıdır.

Adətən hıçqırığın zərəri yoxdur, uşağın inkişafına mane olmur. Uşağı dik tutduqda kəsilir. Həmçinin o, uşaq ağladıqda da kəsilir. O saatlarla davam edib, hətta uşağı əmizdirdikdə də kəsmirsə, həkimə müraciət edilməlidir, çünki bu, artıq ciddi bir xəstəlik əlamətidir.

Uşağın tez-tez qarnı ağrıyır

Südəmər uşaqlarda tez-tez tutma şəkilli qarın ağrıları olur, buna səbəb qaz yığılmasıdır. Ağrı vaxtı uşaq ağlayır, kəsdikdə uşaq sakitləşir, təzədən ağrı olduqda uşaq yenə ağlayır; adətən qaz çıxan kimi uşaq sakitləşir. Hər dəfə uşağı əmizdirəndən sonra onu 10-15 dəqiq dik saxladıqda qarında ağrılar az-az olur. Uşağa bir neçə qaşıq çobanyastığı dəmləməsi və ya zirə verdikdə ağrılar kəsilir. Qarnı tez-tez köpən uşaqları bərk bələmək olmaz, uşaq ayaqlarını sərbəst oynada bildikdə isə daha yaxşı çıxır.

Bəzi analar qarnı ağrıyan uşağı sakitləşdirmək üçün qucağa götürüb yırğalayır, qarnı üstə uzadır, onun qarnına istitqac qoyurlar. Bunların çoxuna ehtiyac yoxdur, bə­ziləri isə hətta zərərdir, çünki bir çox uşaqlar sonralar qarınları ağrıdığı üçün yox, qucağa götürülüb yırğalanmaq istədikləri üçün ağlayırlar.
Qarında ağrılar uzun müddət kəsmirsə və uşaq ayaqlarınıqarnına qısıb ağlayırsa, çay və ya döş verdikdən sonra da kəsmirsə və qaz çıxmırsa, bu, qorxulu əlamətdir, buna görə də uşağı dərhal həkimə göstərmək lazımdır.

Mənbə Ananın məlumat kitabı
Müəllif Laslo Maqda,Peterno Pikler Emmi

0 şərh