Uşaq ağlayırsa nə etməli?

Cavan ananın uşağı ağlayanda o, çox narahat olur: uşağına kömək etmək istəyir, lakin nə etmək lazım gəldiyini bilmir.
Nə yeni doğulmuş uşaq, nə də südəmər uşaq səbəbsiz ağlamır. Uşaq da böyük adam kimi, yalnız hər hansı bir səbəb olduqda ağlayır. Buna görə də həmişə uşağa kömək etməyə çalışmaq lazımdır. Uşağı ağladan səbəbi aradan götürəndə o tez ağlamağı kəsir.ağlayan körpə uşaq

Sağlam südəmər uşaq bəs niyə ağlayır?
Südəmər uşağa kömək etmək üçün onun niyə ağladığını bilmək, həmçinin belə halda ananın nə etməli olduğunu bilmək lazımdır.
Uşaq otaqda səs-küy çox olduqda ağlayır; belə halda səs-küyü aradan qaldırmaq çox asandır.
Otaq çox isti yaxud əksinə, soyuq olduqda da uşaq ağlayır.
Yeni doğulmuş yaxud südəmər uşaq susuzluqdan ağlayır. Birinci günlər döş vermək hələ tamam qaydaya düşmədiyinə görə uşağa qaşıqla çay vermək lazımdır. Uşağa istədiyi qədər çay vermək olar. Çayı hər 10 dəqiqədən bir yox, gündə 5-6 dəfə əmizdirmələr arasında vermək lazımdır. Uşağın ağlamasına səbəb susuzluq olubsa, çay içdikdən sonra o daha ağlamır.
Uşaq ac olduqda ağlayır. Belə olduqda onu yedizdirmək (əmizdirmək) lazımdır. Lakin birinci günlər uşaqlar aclığa görə az ağlayırlar.
Südəmər uşaqların çox vaxt qarınları ağrıyır, buna görə də ağlayırlar. Bu xəstəlik deyildir. Uşağa bir neçə qaşıq çobanyastığı və ya zirə çayı verin, bundan sonra onun qarnının ağrısı tez kəsəcək və o sakitləşəcəkdir.
Uşaq bəzən onu işıq narahat edəndə ağlayır. Yeni doğulmuş uşaq hələ gün işığına alışmamışdır, o yarıqaranlıq otaqda özünü daha yaxşı hiss edir. Güclü işıq uşağın ağlamasına səbəb olur.
Anadan olandan bir neçə gün sonra uşaq özünü işıqlı otaqda yaxşı hiss edir; lakin güclü işıq, xüsusən günəş şüaları yaxud lampa işığı düz onun gözünə düşdükdə o özünü narahat hiss edir. Buna görə də uşağı elə qoymaq lazımdır ki, günəş şüaları və ya süni işıq gözünə düşməsin.
Uşağın yeri narahat olmadıqda və tərpənə bilmədikdə (ana onun əllərini, bədənini sıxıb və ayaqlarını dartıb bərk bələmişdir) ağlayır. Düzgün inkişaf edən uşaq əllərini, ayaqlarını oynatmalıdır, bunu etməyə qoymayanda ağlağan olur.
Yeni doğulmuş yaxud südəmər uşağın əsgiləri azca islandıqda adətən ağlamır. Yalnız o zaman ağlayır ki, əsgilər tamam islanmış olur və o bundan üşüyür yaxud sidik dərisini göynədir.
Uşağın yuxusu gəldikdə, lakin yuxulaya bilmədikdə ağlayır. Otaqda səs olmadıqda uşaq tez yuxuya gedir.
Həmçinin uşaq hər hansı bir yeri ağrıdıqda yaxud xəstələndikdə ağlayır. Südəmər uşaq tez-tez və uzun müddət ağlayırsa və ana bunun səbəbini tapa bilmirsə, uşağın xəstələnməsindən şübhələnmək və onu həkimə göstərmək lazımdır.
Ana uşağın ağlamasının səbəbini düz tapsa və ona lazımi yardımı göstərsə, əgər uşaq sağlamdırsa, ağlamağı kəsər, sakitləşər və ya yuxulayar. Təəssüf ki, bəzən elə olur ki, ana uşağa yardım göstərməyə çalışıb fikirləşmədən hərəkət edir, özü də həmişə eyni şeyi edir, elə bil uşaq həmişə eyni səbəbdən ağlayır.
Elə analar da vardır ki, uşaq ağlamağa başlayan kimi səbəbini aydınlaşdırmadan (uşaq üşüyürmü yaxud yuxusu gəlirmi) dərhal döş verir. Uşaq hətta ağlamağını kəssə də, bu cür yardım həm uşağa, həm də ananın özünə zərərdir. Bəzi analar isə uşağın ağlamasının səbəbini əsgilərin islanmasında görüb tez-tez onun əsgilərini dəyişirlər. Əsgiləri tez-tez dəyişdikdə uşağa soyuq dəyə bilər, digər tərəfdən tez-tez bələməyin özü də onu narahat edir.
Yadda saxlamaq lazımdır ki, birinci həftələr uşağın əsgiləri demək olar ki, həmişə yaş olur, çünki hər 10-15 dəqiqədən bir siyir.
Bəzi analar səhvən belə düşünürlər ki, uşaq yatmaqdan bezib və qucağa gəlmək istəyir.
Uşağın nədən ağlamasını və ona necə yardım etmək lazım gəldiyini bilmədən ana tez onu qucağına götürür və yırğalayır. Uşaq anasının qucağında sakitləşir, lakin onun ağlamasına səbəb susuzluq yaxud əsgilərin yaş olmasıdırsa, çarpayısına qoyan kimi təzədən ağlamağa başlayır, çünki ağlamağın səbəbi aradan qaldırılmamışdır.
Anasının daim qucaqda onu yırğalaması uşağın xoşuna gəlir. Lakin anası onu qucağa az götürdükdə və əsgilərini dəyişib təzədən yerinə qoyduqda da özünü yaxşı hiss edir, burada o gününü yaxşı keçirir. Bundan başqa uşaq üçün çarpayı daha rahatdır, çünki o burada sərbəst surətdə əl-qolunu oynada bilir.
Aydındır ki, uşaq öz çarpayısında olanda ana üçün də rahatdır.
Uşaq ağlayanda çox hirslənibsə, əvvəlcə ağlamağın səbəbini aradan qaldırmaq, onu mehriban səslə sakitləşdirmək yaxud qucağa götürmək, sakitləşdikdə isə təzədən yerinə qoymaq lazımdır. Birinci gündən uşaqla bu cür rəftar edilsə, sonralar o özünü sakit aparacaqdır.

Mənbə Ananın məlumat kitabı
Müəllif Laslo Maqda,Peterno Pikler Emmi

Körpələrin ağlaması onların yuxu prosesini normallaşdırır

Avstraliya alimləri 6 illik araşdırma sonu qəribə görünən nəticəyə varıblar: əgər körpə ağlayırsa, onu ovundurmağa tələsmək əvəzinə acı göz yaşları tökməsinə imkan vermək lazımdır. Alimlərin fikrincə, bu, körpələrin yuxu prosesini normallaşdırır və onlar 30% daha artıq yatırlar. Uşaqların fasiləsiz daha uzun müddət yatmaları da südəmər körpə bəsləyən analar arasında depressiya hallarını 40 faiz aşağı salır.
Altı il bələkdən məktəb yaşınadək 225 uşağı müşahidə altında saxlayan mütəxəssislərin qənaətinə görə, körpələrin səbəbsiz ağlamasına müdaxilə etmədikdə onlar yuxu vərdişlərini daha tez mənimsəyirlər. Avstraliyalı pediatrlar ağlağan uşaqda sonradan psixi pozğunluq yaranacağına ehtimal verən alimlərin fikirlərini qətiyyətlə rədd edirlər. Tədqiqatçıların söylədiyinə görə, valideyn nəzarətində körpələrin ağlamasına imkan verilməsinin heç bir zərəri yoxdur və bu, yalnız körpələrin xeyrinədir. Əlbəttə, bu zaman gecə aclıqdan ayılıb yemək tələbi, həmçinin müxtəlif səbəblərdən yaranmış narahatlıqlara "üsyan" ilə yuxu öncəsi normal ağlamanı ayırmağı bacarmaq lazımdır.

3 şərh

Dr_Həkim
eni doğulmuş körpələrin depressiyaya düşməsinin qarşısını almaq üçün ən mükəmməl yol onların ağlamasıdır. Bu qəribə nəticə Melburndakı Kral Uşaq Xəstəxanasının alimlərinin apardığı araşdırmalar zamanı üzə çıxıb. Alimlər 6 illik təcrübələrdən sonra müəyyənləşdiriblər ki, uşaqların ağlamasına imkan yaradılsa onların yuxuları 30 faiz artır. Bu, ana olan qadınların da depressiyaya düşməsini əngəlləyir. Belə ki, anaların da normal yuxu müddəti daha 40 faiz artır. Araşdırmaların müəllifi Anna Prays bildirib ki, valideynlər uşaqları ağlayanda özlərini zorla saxlayırlar. Lakin valideynlər uşaqlarını ağlayan zaman tək qoymaqla onlara özbaşına yuxuya getmək imkanı verirlər.
kastanka
Çox faydalı məsləhətlərdir.amma bir məqam diqqətimi çəkdi..Yadda saxlamaq lazımdır ki, birinci həftələr uşağın əsgiləri demək olar ki, həmişə yaş olur, çünki hər 10-15 dəqiqədən bir siyir.
İndi məncə belə problem çox olmaz.Çünki pamperslər çıxandan daha əskilərdən  isrtifadə edən yoxdu.Amma pampersi də çox saxlamaq uşağa ziyandır.ümumiyyətlə uşağın gigyenasına çox diqqət etmək lazımdır.
məryam
Maraqli idi. Teshekkurler. Demekolar Ki, hamisini bilmirdim.