Uşaqlar barmağını niyə əmir?

Ümumiyyətlə, barmaq əmmək körpənin hələ ana bətnindəykən öyrəndiyi ilk davranış reflekslərindən biridir. Körpələrin ilk zövq alma duyğuları ağız ətrafında reallaşır. Ana döşünü əmərək qidalanan uşaq üçün ətrafını tanıma prosesi yenə ağız yolu ilə refleks olaraq baş tutur. Buna görə uşaq bu dövrdə hər şeyi, ayaq və əl barmaqlarını belə, ağzına salıb əmir. Hətta oyuncağı, yorğanını əmən körpələr var. Onlar hər bir obyekti ağızlarına apararaq dadmağa və anlamağa çalışarlar.
Bu hal yalnız qidalanma instinkti ilə bağlı olan bir vərdiş deyil. Bu davranışla həm də müxtəlif obyektləri tanımağa çalışırlar. Diş çıxarma zamanı da diş əti qıcıqlamasından dolayı körpə barmağını əmə bilər.

Yəni əmmə sadəcə qidalanma ilə əlaqəli deyil, həm də psixoloji hesab olunur. Bu refleksin 3 yaşına kimi davam etməsi normal qəbul edilir. Bəs uşaqların davamlı olaraq baş barmağını əmməsinə səbəb nədir? Barmaq əmən uşağa bunu necə tərgitmək olar?

Qidalanma saatlarından başqa vaxtlarda körpənin baş barmağını əmməsi onun doymaması anlamına gəlmir. Barmağını əmən körpələr əsasən əmziklə qidalananlardır. Bu vəziyyət anaların körpələrini doyurarkən onlara kifayət qədər zaman ayırmamamaları səbəbindən də ola bilər.

Barmaq əmən uşaqlarda bu vərdişin ən əhəmiyyətli səbəblərindən biri də öz yaşıdlarının etdiyi fəaliyyətlərdən zövq almamaları, bu cür fəaliyyətlərlə təmin olunmamalarıdır. Barmağını əmən uşaqlar üçün yaşıdlarına görə normal olan fəaliyyətlər maraqsızdır.

Körpələrdə barmaq əmmə vərdişi dişlərinin çıxmağa başladığı dövrlərdə diş ətini qaşımaq məqsədilə də ola bilər. Eyni zamanda uşaq darıxdıqda, özünü tərk edilmiş hiss etdikdə və ya daha az sevildiyini düşündükdə də barmağını əmə bilər.

Barmağını əmməyə alışmış uşaq ən kiçik çətinliklə qarşılaşdıqda təsəllini barmaq əmməkdə tapar. Uşaq və körpə yatmaq istədikdə də barmağını əmər.

Uşaq barmağını əmərkən parçanı tutursa və ya öz bədənini sığallayırsa, bu, sevildiyi zaman yaşadığı eyni həzzi və ya eyni sevgini hiss etmək istəməsindən qaynaqlanır.

Mütəxəssislər, bu refleksin 3 yaşına kimi davam etməsini normal qəbul edirlər. Amma 3 yaşından sonra da davam edirsə, bu, körpənin üzüntü, sıxıntı, narahatlığının olmasına işarədir.

Barmaq əmməyi tərgitmək üçün nələr etməlisiz?
Uşağın bu vərdişini tərgitməsi üçün üstünə çığırmaq, döymək, əlini ağzından zorla çıxartmaq, vurmaq, ya da əlinə acı bir şeylər sürtməklə cəzalandırmaq yanlışdır! Bu davranışlar uşağın psixologiyasının pozulmasına yol açır, onda «sevilmirəm», «dəyər verilmirəm» kimi düşüncələrə səbəb olur.

Ana südündən tez kəsilən körpələr lazımlı doyma müddətini tamamlaya bilmədiyi üçün barmaq əmməyə başlayar. Körpəni süddən tez ayırmaq olmaz.

Körpəyə qida verərkən güvəndə hiss edə biləcəyi hüzurlu bir yer olmalıdır.

Xoşbəxt məşğuliyyəti olsa, barmaq əmməyi unudar.

Uşağa qorxub narahatlıq yaşayacağı hallar yaşatmamalısınız. Sevgi və güvən içində olduğunu hiss etdirməlisiniz.

Əvvəlcə uşağınıza barmağını yalnız evdə əmməsinə icazə verin və bunun üçün kiçik mükafatlandırmalar edin. Müəyyən bir müddət bu şəkildə davam etdikdən sonra mətbəxdə barmaq əmməsini qadağan edin. Eyni prosesi əhatə dairəsini genişləndirərək davam etdirin (mətbəx, hamam otağı, yataq otağı və s.). Onun ağzını məşğul etmək üçün saqqız, kiçik atıştırmalar verə bilərsiniz. Birlikdə mahnı, hekayələr oxuya və bu mövzuda onunla danışa bilərsiniz. Dəyişmənin bir anda olmasını gözləməyin və ona zaman verin. Yavaş və addım-addım irəliləyin.

Hələ də tərgitmirsə, psixoloq yanına aparın.

0 şərh