Nitqin düzgün inkişafı

Valideynlər uşağa  hər zaman diqqət yetirməlidir. Xüsusilə  -  analar  bətnində uşağı hiss etdiyi  ilk  andan onu tərbiyə etməli və ünsiyyətdə olmalıdır. Uşaq  ata – ana məhəbbətini hiss etməlidir.  Ana bətnində uşaqla  düzgün ünsiyyət qurmaq  gələcəkdə uşağın  tez  danışmasına  kömək edir. Uşaq dünyaya  gəldikdən  sonra da diqqət azalmamalıdır. Ana ilə bərabər atanın da üzərinə  böyük  məsuliyyət  düşür. Bundan əlavə  ata  uşaqla   müxtəlif  oyunlar oynamalıdır. Belə oyunlar  gələcəkdə  uşağın  intellektual səviyyəsini yüksəldir. Bildiyimiz  kimi ailə kiçik bir  dövlətdir. Və bu dövləti qurmaq üçün  ata – ana  uşaqlarını  düzgün  tərbiyə və düzgün  nitqinin  inkişafı üçün əlindən  gələni  əsirgəməməlidir. Nitqin düzgün inkişafı
Nitqin  inkişafına  bir neçə  amil  təsir  edə  bilər.
  • a) Musiqi
  • b) Oyun
  • c) Nağıllar, tapmacalar, yanıltmaclar, şerlər və i.a
Musiqi uşağa körpə yaşından dinlədilməlidir. Hətta digər  uşaqlarla  müqayisədə ana  bətnində ikən  musiqini hiss edən uşaqlar dünyaya gəldikdən sonra daha sakit, mehriban və insanlarla  gözəl  ünsiyyət  qururlar. Musiqini  dinləyən  uşaqlarda  zehni,  əqli,  fiziki inkişaf,  gözəl musiqi duyumu və ən əsası dil formalaşır. Lakin musiqi elə seçilməlidir ki, sözlər aydın tələffüz edilsin. Məs;Şəfiqə Axundovanın, Rübabə Muradovanın, Qara Qarayevin,Fikrət Əmirovun və i.a musiqilərinə qulaq asmaq daha məsləhətlidir. Çünki bu bəstəkarların və müğənnilərin musiqilərində sözlər  aydın və səlist  səslənir.
Oyunlar da  uşağın  nitqinə  təsir  göstərən amillərdən biridir. Oyunlar  arasında  didaktik oyunlar  xüsusi  yer  tutur. Oyunlar elə seçilməlidir ki, uşaqların yaşına uyğun olsun. Valideyn oyuncaqları uşağın qarşısına töküb oynaması  ilə  kifayətlənməməlidir. Uşaqlarda oyuna həvəs, maraq oyatmalıdır. Oyunlarla oynayarkən  uşaqlarda iradə, səbr, aydın nitq,  qətiyyətlilik,  düzgünlük, doğruçuluq hissləri inkişaf  edir.
Valideynlər   bir  neçə  yanıltmaclar da  deyib uşaqların nitqinin inkişafına kömək edə bilər.  Məsələn: Getdim  gördüm bir dərədə iki  kar, kor kürkü yırtıq kirpi var.  Dişi kar, kor kürkü yırtıq kirpi  erkək kar, kor kürkü yırtıq kirpinin kürkünü yamamaqdansa,  erkək kar,  kor kürkü yırtıq kirpi dişi kar,  kor  kürkü  yırtıq  kirpinin  kürkünü yamayır.
 
Ağ  balqabaq,  boz balqabaq
 Al balqabaq  bal  balqabaq.
 
Uşağa  qulluq  zamanı  hərtərəfli  ünsiyyətdə olmaq  inkişafa  müsbət  təsir  göstərir.  Yəni  hər hansı bir şeyi  edəndə — yemək  yedirəndə,  gəzdirəndə və. i.a  işləri görəndə  uşağı  məlumatlandırmaq  lazımdır. Belə olduqda uşağın söz bazası artır  və normal  nitq  inkişafı  zamanı lüğət ehtiyyatı zənginləşir.
Nitqin  inkişafına  təsir göstərən amillərdən biri  də  valideynin uşağı  ilə  dialoq qurmasıdır. Hər  bir valideyn övladının sağlam, zəngin dünyagörüşü, gözəl nitq mədəniyyətinə sahib olması üçün çalışmalıdır.
Bəzən uşaqların nitqində fonetik  cəhətdən bəzi qüsurlara rast gəlinir. Onlar  “r, ş,   s, k“ səslərini deməkdə çətinlik çəkirlər. Bu problemləri bərpa etmək üçün loqoped xüsusi məşğələlər təşkil edir. Məşğələlər nəticəsində  səslər düzgün tələffüz edilir. Müəyyən qədər qüsurun ağırlaşmaması, dərinləşməməsi üçün Siz valideynlər mütəxəssisə müraciət edənə kimi elementar gimnastikalardan, tənəffüs, dil, dodaq  v. i.a istifadə edə bilərsiz. Artikulyasiya aparatının hərəkətliliyi və tənəffüsün düzgün olması üçün  valideynlər  bu gimnastikaları  uşaqlara maraqsız  olmaması  üçün  oyun  şəklində  təşkil edə bilər.
Şamı  söndürmə  oyunu.
Uşaq dodaqlarını qabağa uzadıb və bir qarış məsafədən yanan şamı söndürməlidir. Bunu bir neçə dəfə təkrar edin.
Futbol oyunu.
Pambıqdan şariklər yumurlayın, əllərinizdən və yaxud başqa bir şeydən stolda qapı düzəldin. Təxminən 20 – 30 sm məsafədən şarikləri qapıya üfürün.
Və yaxud pambıqdan bir az götürüb burunun ucuna qoymaq, alt dodağı bir qədər irəli verib və pambığa  nəfəs vermək lazımdır. Verilmiş tapşırığı  düzgün  yerinə  yetirdikdə  pambıq burundan  vertikal vəziyyətdə  uçur. Burda əsas fikir vermək lazımdır  ki, uşaq  çənəsini yox,  alt dodağını uzatsın.
Mürəbbə, yoqurt və s bir az üst və alt dodağa çəkmək, üst və alt dişlərinizin köməyi ilə onu götürmək. Bunu 5 – 10 dəfə təkrar edin.
Köpüklərin üfürülməsi. Dərindən burundan nəfəs alın, dodaqlarınızı genişləndirin və üfürün.
Valideynlər hecalarla da bağlı oyunlar təşkil edə bilər.


Mənbə: geleceknesil.az
 

0 şərh