Uşaqlarda xaya problemləri

Kriptorxizm nədir? Uşaq ana bətnində olarkən xayaların mayası hər iki tərəfdə böyrəklər səviyyəsində, bel nahiyyəsində qoyulur. Bətndaxili inkişafda xaya xayalığa doğru enməyə başlayır, 8 – 9 – cu aylarda xayalığa enir. Uşaq doğularkən hər iki xaya xayalıqda olmalıdır. Bəzən uşaq doğularkən xaya xayalığın dibindən nisbətən yuxarıda qalır ( xayalığın yuxarı qütbü səviyyəsində ). Belə halda tam enməmiş olmasına baxmayaraq doğulduqdan bir neçə ay sonra, təqribən 6 aya özbaşına ( müalicəsiz ) xayalığın dibinə enir. Bu prosesə xayanın transpozisiyası və ya yerdəyişməsi deyilir. Lakin bir sıra hallarda xayanın xayalığa enməsi prosesi pozulur və xaya enməli olduğu yolun hər hansı bir hissəsində ( qarın, qasıq kanalı daxilində və.s ) qalır xayalığa qədər enmir. Xayanın xayalıqdan kənarda ( yuxarıda ), enməli olduğu yol boyunca ( troyektoriyadan kənara çıxmamaq şərtilə ) hər hansı səviyyədə qalmasına kriptorxizm deyilir. Yaxud enməmiş xaya.
Xayanın mayası qoyulduğu nahiyyədən xayalığa qədər enmə prosesində bu troyektoriyadan kənara çıxaraq yerdəyişməsinə isə ektopiya deyilir. Ektopiya da enməmiş xaya kimidir, lakin ektopiya olmuş xaya sanki enmə prosesində azmış xayadır.Sağ tərəfdə kriptorxizmin qasıq və qarın forması, sol tərəfdə isə ektopiyanın müxtəlif formaları təsvir olunmuşdur
Başqa sözlə desək kriptorxizimlə ektopiyanın fərqi ondan ibarətdir ki, kriptorxizm zamanı xayanın xayalığa enməməsi onun enməli olduğu yolun hər hansı bir hissəsində qalması ilə müşaiyət olunur. Ektopiyada isə xaya qasıq kanalının xarici dəliyi səviyyəsinə qədər enir, sonra isə sanki azmış bir vəziyyətdə qalır. Xayalığa doğru olan yolu itirərək müxtəlif nahiyyələrə tərəf yerdəyişir.
Vaxtında doğulan uşaqlarda kriptorxizm 3,4 % , yarımçıq doğulanlarda isə 30 % hallarda rast gəlinir. Kriptorxizmlə vaxtında doğulan uşaqların 74 % – də, yarımçıq doğulanlarda isə 95 % – də doğulduqdan sonrakı birinci il ərzində öz – özünə sağalma müşahidə olunur. Yəni heç bir müalicə aparmadan xaya xayalığın dibinə enir. Bir yaşından sonrakı dövrdə isə xayanın özbaşına xayalığa düşməsi demək olar ki, müşahidə olunmur. Hətta yetkin insanlarda da 0,6 – 0,8 % hallarda kriptorxizm müşahidə olunur. Xəstəlik əsasən bir tərəfli olur. Ən çox rast gəlinir sağtərəfli kriptorxizm 50 % hallarda, ikitərəfli 30 %, soltərəfli 20 %.
Xayanın enməsi necə baş verir? Enməmiş xaya nə deməkdir ?
Xayanın yerdəyişməsi bətndaxili inkişafın 6 – cı həftəsindən başlayır. Bu prosesdə dölün hipofiz vəzisi tərəfidən hazırlanan lüteinləşdirici ( LH ) hormon müstəsna rol oynayır, əsasən də hamiləliyin 3 – cü trimestrində. Xayanın enmə prosesində 5 mərhələ ayırd edilir:
  • xayaların əsasının qoyulması
  • xayanın mayasının qoyulduğu yerdən qasıq kanalının daxili həlqəsinə qədər olan yerdəyişməsi
  • qasıq kanalı dəliklərinin formalaşması ( xaya qarın boşluğunu tərk edir )
  • xayanın qasıq kanalından keçib xayalığa enməsi
  • xaya qasıq kanalından çıxdıqdan sonra özü ilə sanki bürünərək gətirdiyi peritonun xaya çıxıntısının mənfəzinin bağlanması. Periton ( yaxud müsariqə ) dedikdə qarın boşluğunu daxildən örtən nazik pərdə nəzərdə tutulur.
Xayanın enməsini tənzimləyən faktorlar hansılardır.
  • Xayanın istiqamətləndirici bağının mövcudluğu ( gubernaculum testis )
  • Boyun ( boy atma ) inkişafı ilə toxum ciyəsinin inkişafında uzlaşmanın olması
  • Qarın boşluğunda təzyiqin yüksəlməsi nəticəsində xayanın qarın boşluğundan itələnib çıxarılması və qasıq kanalına qovulması
  • Endokrin faktorlar
Kriptorxizmin səbəbləri: Hansı səbəbdən kriptorxizm yaranır ?
Xayanın enməsini tənzimləyən yuxarıdakı hər hansı faktorun zəifləməsi kriptorxizmə səbəb ola bilir.
Xayanın istiqamətləndirici bağı – gubernakulum testis
Adından göründüyü kimi bu bağın funksiyası böyrəklər səviyyəsində olan xayanı xayalığın dibinədək istiqamətləndirib endirməkdən ibarətdir. Başqa sözlə desək xayanın yenicə qoyulmuş mayası ilə xayalığın dibini birləşdirir ( əlaqələndirir ). Yəni xayanın xayalığa enməsinin əsas koordinatorudur. Ana bətnində olarkən dölün inkişafı ilə əlaqədar ananın bədənindəki hormonların təsiri ilə bu bağın xayalığa doğru inkişafı təmin olunur.
Müəyyən olmuşdur ki, bütün digər orqan və toxumalarda olduğu kimi bu bağın ümumiyyətlə olmaması yaxud da inkişaf anomaliyaları ( qüsurları ) ola bilir. Belə olduğu hallarda istiqamətləndirici bağ öz funksiyasını yerinə yetirə bilmir və nəticədə xaya enməli olduğu yolun hər hansı səiyyəsində dayanır, xayalığın dibinə qədər enə bilmir. Nəticədə kriptorxizm yaranır. Yaxud trayektoriyadan kənara çıxır. Nəticədə isə ektopiya yaranır.
 
Enməmiş xaya problemində irsi faktor
Xaya toxumasının özünün struktur anomaliyaları yaxud disgeneziyaları ilə əlaqədar olaraq reseptor aparatının zəif inkişaf edir. Bunun nəticəsində də xaya toxuması onların enməsini təmin edən qonadorop hormonlara yetərincə reaksiya vermir və enməli olduğu yolun hər hansı səviyyəsində qalır. Reseptor aparat dedikdə xaya toxumasında qonadotrop hormonlara həssas olan sinir ucluqları ( hüceyrələri ) nəzərdə tutulur. Bu reseptorlar həssas olduğu hormonlara görə fərqlənirlər. Belə ki, qonadotrop hormonlardan follikulstimullaşdırıcı ( FSH )  və lüteinləşdirici hormonların ( LH ) reseptorları xaya toxumasında yerləşməsinə görə fərqlənir. Follikulstimullaşdırıcı ( FSH ) hormona həssas reseptorlar xayaların spermyaradıcı hüceyrələrində və sertoli hüceyrələri adlanan hüceyrələrdə, lüteinləşdirici hormona ( LH ) həssas reseptorlar isə xayanın Leydiq hüceyrələrində yerləşir. Xayanın istiqamətləndirici bağı – gubernakulum testis
Qanla dövr edərək xayalara təsir edir, daha doğrusu FSH xayalarda olan spermyaradıcı hüceyrələrə LH isə Leydiq hüceyrələrinə. Bunun nəticəsində isə həm xayalar ölçücə böyüyür, testosteron hormonu hazırlayır və xayalığa enməyə başlayır. Bu mexanizmin pozulması nəticəsində xayanın translokasiyası ( xayanın yerdəyişməsi, yaxud enməsi ) çətinləşir.
Testosteron kişi cinsiyyət hormonudur. Yuxarıda qeyd elədiyimiz kimi xayalarda normal halda qonadotropin hormonlara həssas olan reseptorlar ( əsasən Leydiq hüceyrələrində ) olur. Xayaların disgeneziyalarında isə bu reseptorlar ( qonodotropinə həssas reseptorlar ) olmur ya az olur. Bəzən isə reseptorlar olsa da oların həssaslığı aşağı olur. Yəni, qanda normal səviyyədə, hətta normal səviyyədən bir neçə dəfə artıq  qonodotrop hormon olmasına baxmayaraq xaya toxuması buna reaksiya vermir. Bu uşaqlarda xayaların həcmi adətən kiçik olur. ( enməmiş xaya )
Endokrin faktor
Digər bir faktor hamilə qadının orqanizmində qonodotrop hormonların, döldə isə androgenlərin ( kişi cinsiyyət hormonları ) çatışmazlığı. Bu hal isə yuxarıda izah olunan mexanizmin tam əksidir. Belə ki, orqanizmdə qonadotrop hormonların çatışmazlığı olur. Xaya toxumasının inkişafının əsas stimulyatoru qonadotrop hormonlar olduğundan, bunların da çatışmazlığı xayaların enmə prosesini, inkişafını ləngidir.
Mexaniki maneələr. Bunlara aiddir:
  • qasıq kanalının darlığı ( bildiyimiz kimi xayanın enmə prosesində keçdiyi yolun bir hissəsi qasıq kanalından keçir ). Enməmiş xayalar ən çox qasıq kanalında aşkarlanır.
  • toxum ciyəsinin ( xaya ayaqcığı da adlandırıla bilər), xaya arteriyasının, peritonun xaya çıxıntısının ( peritonun yataq çıxıntısı da adlanır ) qısa olması. Belə olan halda da xaya yenə də xayalığın dibinə qədər enə bilmir.
  • xayalığa düşən tunelin olmaması. Bu hal onunla izah olunur ki, xaya enmə prosesində qasıq kanalının xarici həlqəsinə qədər çox böyük məsafə qət edir. Qasıq kanalının xarici həlqəsindən çıxdıqdan sonra xaya cinsi orqanın kökü səviyyəsində ilişib qalır.
  • daxili qasıq həlqəsi səviyyəsində periton bitişmələrinin, qasıq kanalı daxilində və toxum ciyəsi boyunca embrional bağların olması və.s.
Kriptorxizmin formaları və əlamətləri
Birtərəfli və ikitərəfli, yalançı və həqiqi kriptorxizm ayırd edilir. Yalançı kriptorxizmdə uşaq isti vannada olduqda və ya isti otaqda sakit halda uzandıqda xaya xayalıqda olur, lakin uşaq ayaqüstə durduqda, soyuq otaqda olduqda xaya qasıq nahiyyəsinə doğru yuxarı qaçır. Həqiqi kriptorxizmin də iki forması var: qarın və qasıq kriptorxizmi. Həqiqi kriptorxizmdə xayanın nəzərə çarpan yerdəyişməsi olmur. İkitərəfli kriptorxizmdə əsas əlamət xayalığın yaxşı inkişaf etməməsi, hər iki xayanın xayalıqda olmaması, dərisinin qırışlanmaması, birtərəfli kriptorxizmdə xayalıqda assimmetriyanın olması, bir xayanın xayalıqda olmaması müəyyən edilir.
Qarın kriptorxizmində xayanı əllə aşkarlamaq mümkün olmur, hətta bir çox hallarda ultrasəs müayinəsi ( USM ) də aşkarlaya bilmir və digər müayinələr ( kompüter tomoqrafiya – KT, maqnit rezonans tomoqrafiya – MRT ) aparılır. Qarın kriptorxizmində qarın boşluğunda olan xayanın yerləşdiyi nahiyyəyə müvafiq ağrılar ola bilir. Bu ağrılar qonodotropin iynəsindən sonra artır və xayanın həqiqətən qarın boşluğunda olmasını artırır.
Kriptorxizmin rastgəlmə tezliyi ( yayılması )
Kriptorxizm həm də sosial bir maraq doğuran xəstəlikdir. Çünki kriptorxizmli uşaqların gələcəkdə ailə qurduğu zaman sonsuzluqla üzləşmə ehtimalı çox yüksəkdir, təqribən 15 – 60 %  – dir.  Vaxtında doğulan uşaqlarda kriptorxizmin rastgəlmə ehtimalı 1,5 – 3 %, yarımçıq doğulanlarda isə 30 % – ə qədərdir. Daha çox rat gəlinəni sağtərəfli kriptorxizmdir 50 %, soltərəfli 20 %, ikitərəfli 30 %. Enməmiş xayaların 10 – 20 % – i xayalığın yuxarı hissəsində ( xayalığın girişində ), 60 – 70 % – i qasıq kanalında, 8 – 10 % qarın boşluğunda yerləşir. Kriptorxizmli uşaqların müayinəsi isti və rahat şəraitdə aparılmalıdır.
Kriptorxizmin fəsadları :
1. Xayanın burulması
Xayanın burulması dedikdə, xayanın toxum ciyəsi ətrafında fırlanaraq bununla da kəskin qan dövranı pozğunluğu və kəskin, dözülməz ağrının hətta ürək bulanma, qusma, xayada şişkinlik, xaya dərisində qızartının yaranması ilə müşaiyət olunan hal başa düşülür. Bu halda təcili olaraq həkimə müraciət olunmalıdır. Bir neçə saat ərzində cərrahi müdaxilə aparılaraq burulmuş xaya öz əvvəlki vəziyyətinə qaytarılmalıdır. Əks halda xaya öz funksiyasını itirir və əməliyyat xayanın götürülməsi ilə bitir.
2. Qasıq yırtığı
Kriptorxizmli xəstələrdə ( əsasən yalançı kriptorxizmdə ) qasıq kanalının genişliyi səbəbindən qarın boşluğu orqanlarının ( əksər hallarda bağırsaqların ) qasıq nahiyyəsindən xaricə çıxaraq dərinin qabarması şəklində özünü göstərir. Qabarma əsasən müvəqqəti xarakterli olur və uşaq vəziyyətini dəyişdikdə, daha çox uzanmış halda olarkən şişkinik qarın boşluğuna çəkilərək itir, ayaqüstə durduqda yenidən yaranır.
3. Sonsuzluq
Kriptorxizmin ən ciddi fəsadlarından biri də xayaların toxum yaratmaq funksiyasının pozulmasıdır. Üç yaşdan yuxarı qarın kriptorxizmi olan uşaqların xayasının mikroskopik müayinəsi zamanı 90 % – ə qədər hallarda toxumyaradıcı hüceyrələrin ciddi şəkildə azaldığı məlum olmuşdur. Əməliyyat olunaraq vaxtında  xayalığa endirilmiş xayaların əksəriyyəti sağlam xaya kimi fəaliyyət göstərir, lakin bu halda da xəstələrin bir qismində əməliyyatla endirilmiş xayanın normal funksiya göstərməsi mümkün olmadığından, nəsil törətmək qabiliyyəti tam bərpa olunmur. Yəni, ikitərəfli kriptorxizmdən əməliyyat olunanların gələcəkdə sonsuzluqla üzləşmə ehtimalı 25 – 40 %, birtərəfli kriptorxizmdə isə 17 –  20 % – ə qədərdir. 10 yaşdan sonra endirilən xayalarda  isə spermyaranma qabiliyyətinin bərpası yalnız 10 % – ə qədər hallarda mümkün olur.
4. Xaya xərçəngi
Kriptorxizmin digər bir fəsadı uşaqlarda xayadan inkişaf eliyən şişlərin rast gəlmə ehtimalının 6 – 10 dəfə yüksək olması və aşkarlanan xaya şişlərinin 50 % – ə qədərinin məhz kriptorxizmli xəstələrdə rast gəlinməsiir. Qarın boşluğunda qalan xayada şiş toxumasının inkişaf eləmək ehtimalı daha yüksəkdir, nəinki qasıq kanalında olan xayadan. 20 % – ə qədər hallarda isə şiş əks tərəfdəki ( kontrolateral) xayada inkişaf edir. Ona görə də kriptorxizmin vaxtında müalicə olunması həm xəstənin gələcəkdə nəsiltörətmək qabiliyyətinin saxlanması üçün həm də şiş xəstəliyinin yaranma ehtimalını azaltdığı üçün vacibdir.
Bir çox hallarda kriptorxizm qasıq yırtığı və hipospadiya ilə yanaşı olur.

Hipospadiya dedikdə sidik kanalının xaricə açılan dəliyi öz normal yerində deyil, cinsi orqanın alt – xayalığa baxan səthində müxtəlif səviyyədə yaxud xayalığın ortasında ya aralıq nahiyyəsində olması başa düşülür.
Kriptorxizmin müalicəsi
İki tərəfli əllə aşkarlana bilən kriptorxizmdə 3 – 6 ay gözlənə bilir, daha sonra isə xorion qonodotropini ilə stimulyasiya kömək eləmədikdə mütləq orxipeksiya adlanan xayanın endirilməsi əməliyyatı icra olunmalıdır. Əllə aşkarlana bilən xaya dedikdə xayanın xayalıqdan yuxarıda yerləşməsinə baxmayaraq əllə aşkarlamaq, müəyyən etmək olur. Buna qasıq kriptorxizmi deyilir. İkitərəfli əllə aşkarlana bilməyən kriptorxizmdə xayaların harada yerləşməsini müəyyən etmək zərurəti yaranır. Əgər xaya xayalıqda yoxdursa, deməli qasıq kanalında yaxud qarın boşlugunda qalıb. Qasıq kanalında olan xayanı əllə müəyyən etmək təcrübəli həkim uroloq üçün çətin iş deyildir. Qarın boşluğunda qalan xaya isə əllə heç cür müəyyən oluna bilmir və mütləq USM və bəzən də MRT zərurəti yaranır.
Bir sıra hallarda isə bu müayinələr də köməyə gəlmir və yalnız diaqnostik laparoskopiya icra edilir. Diaqnostik laparoskopiya dedikdə yüksək dəqiqlikli görünüş verən kamera ilə təchiz olunmuş alətin köməkliyi ilə göbək nahiyyəsində 0,5 – 1,0 sm dəlikdən  qarına daxil olmaqla qarın boşluğunun vizual müayinəsidir. Bu müayinə zamanı qarında olan xayanı həm aşkarlamaq həm də endirmək mümkündür.
Əgər müayinə olunan uşağın bir xayası var, digər xayası yoxdursa və  aparılmış bütün bu müayinələrin vasitəsilə axtarılan xaya müəyyən olunmursa, deməli uşağın bir xayası anadangəlmə yoxdur. Buna monorxizm deyilir. Monorxizm ( anadangəlmə tək xaya ) olan uşaqlarda cinsi inkişaf, ikincili cinsi əlamətlər ( tüklənmə və.s ) bütün digər normal uşaqlarda olduğu kimi olur. Tək xaya kompensator olaraq böyüyür və orqanizmin tələbatına uyğun funksiya göstərir. Bu uşaqların gələcəkdə ata olma şansları digərlərindən aşağı deyildir. Əgər hər iki xayası yoxdursa və müayinələr zamanı aşkarlanmırsa deməli anadangəlmə olaraq uşağın xayaları yoxdur, buna anorxizm deyilir. Bu çox ağır patologiyadır. Xyaların anomaliyaları ( inkişaf qüsurları ) bir çox hallarda böyrəklərin, sidik kanalı və sidik axarları və toxum kisəciklərinin anomaliyaları ilə yanaşı olur.
 
Mənbə: androloq.az
 

0 şərh