Uşağa tualet vərdişi aşılamaq üçün

Uşaqların tərbiyələndirilməsi zamanı valideyinlərin qarşılaşdığı ən çətin məqamlardan biri də övladlarına tualet anlayışını aşılamaqdır. Bir çox valideynlər bilir ki, uşaqlara 18-30 ayları arasında tualet vərdişi öyrətmək məsləhətdir. Lakin bu müddət uşaqdan uşağa dəyişə bilər.
Pediatrlar deyir ki, tualet vərdişinin vaxtında aşılanmaması gələcəkdə uşaqda sidik yollarında bəzi xəstəliklərin yaranmasına səbəb ola bilər.Tualet vərdişinə başlamazdan əvvəl uşağın buna hazır olub-olmadığını anlamaq vacibdir.
Uşağa tualet vərdişi aşılamaq üçün
Bəs valideynlər uşaqlarda tualet anlayışını yaratmaq üçün nələr etməlidirlər? Bunun üçün xüsusi qaydalar varmı?
Suallarımızı psixoloq Əfsanə Rüstəmova cavablandırdı. Lent.az -a danışan psixoloq bildirdi ki, insanın təbii ehtiyacları sırasına daxil olan ifrazat funksiyası və bunun tələbi olan gigiyenik qaydalar erkən yaş dönəmindən uşaqlarda formalaşdırılmalıdır:
“Müşahidə göstərir ki, bəzi valideynlər bunda çətinlik çəkir. Öncəliklə onu qeyd edim ki, uşağın oturmağa başladığı dönəmdən (6-7aylıq) heç olmasa, gündə bir neçə dəfə çiş (sidiyə getmək) üçün güvəcə tutulması daha sonrakı etapda onun güvəcdən qorxmamasına ən böyük zəmin rolunu oynaya bilər. Bəzən validenlər uşaq bezlərinə o qədər arxayın olurlar ki, bunu etməyi unudurlar. Əgər uşaq artıq bu yaş dönəmini keçib və güvəcə qarşı bir qorxusu varsa, bu zaman nə etməli?
Belə olan halda, “çiş” və ya “kaka” olmayanda karşokdan oturacaq kimi istifadə edərək onun qorxulu olmadığın anlatmaq olar. Bəzəkli güvəc oyuncaq effekti yarada bilər və buna yanaşma birmənalı deyil. Mən nacizanə tövsiyə edərdim ki, güvəc sadə və soft rənglər olsun.
Bəzi uşaqlar isə güvəcdən nəyinsə çıxıb onları dişləyəcəyin və s. düşünür deyə qorxur. Bu halın nədən qaynaqlandığını araşdırmaq və onu ortadan qaldırmaq lazımdır. Bunu tək başına valideyn özü aradan qaldıra bilməyəndə psixoloqa müraciət edilməsi mütləqdir.

Sonda onu qeyd edim ki, güvəc vərdişinin yaranması üçün öncəliklə ana özü anlamalıdır ki, bez artıq məsrəfdir və bu xərcdən qurtulmaq üçün nə isə etmək lazımdır.Ev şəraitindən aslı olaraq gigiyenik norma gözlənərək bezdən sanuzelə də birbaşa keçid etmək olar. Bu daha asandır. Çünki uşaqlar bizim etdiyimiz hərəkətləri təkrarlamağı sevirlər”.
Uşağa tualet vərdişi aşılamaq üçün əvvəlcə bəzi nizam-intizam qaydaları tətbiq etmək məsləhətdir.

  1.  Səhər yuxudan oyandıqdan sonra, hər yeməkdən və gecə yatmazdan əvvəl tualetə getməyə təşviq etsəniz, yaxşı olar. Bu vaxtlar uşağın ağlında tez qalan zaman kəsimləridir.
  2.  Bu dövrdə geyinib-çıxarılması asan və islandıqda asanlıqla əvəz edilə bilən pijama və alt paltarlar istifadə etməyiniz bu müddəti asanlaşdıracaq.
  3.   Bu müddətdə kiçik qəzalar baş verdikdə anlayışla qarşılamaq və növbəti dəfə bunu tualetə edə biləcəyini söyləmək lazımdır.
  4.   Nümunə üçün siz də tualetə oturub uşağınıza nə etmək lazım olduğunu göstərə bilərsiniz və sizi təqlid etməsinə şərait yaradın.
  5.   Bir müddət güvəci özünüzlə gəzdirməyiniz məsləhətdir.
  6.   Hər iki saatdan bir tualetə aparın.
  7.   İctimai nəqliyyat vasitəsinə minməzdən əvvəl tualetə aparın.
  8.   Oyun oynadığı vaxtlarda və oyuna aludə olduqda onu tualetə aparmağı unutmayın.
  9.   Bu vərdişi aşılayan zaman bəzi ardıcıl davranış qaydalarını da öyrətməyi unutmaq olmaz. Bu ardıcıllıq – tualetə girmək, soyunmaq, tualetini etmək, təmizlənmək, geyinmək, sifonu çəkmək və əlləri yumaqdır. Bunların hamısının yerinə yetirilməsi tualet vərdişinin uğurla həyata keçirilməsi deməkdir.
Sonda qeyd edək ki, bəzi uşaqlar bu vərdişə çətin yiyələnirlər. Ona görə də məcburiyyət və cəza ilə bu vərdişi müəyyən zamanda aşılamağınız düzgün deyil. Bunun yerinə ətrafınızdakı uşaqların bu vərdişə yiyələnmələrini və bunun müsbət tərəflərini misal çəkin. Lakin müqayisə etməyin. Bu, uşağın özünə güvən hissini itirməsinə səbəb olacaq. Bütün uşaqların fərqli olduğunu, hər birinin fərqli sahələrdə üstün olduqlarını unutmayın.
 
Mənbə: gencaile.az
 

0 şərh