Övladlarımızı ev qəzalarından qoruyaq

Uşaqların böyük bir qismi böyükləri təqlid etməyi istədikləri üçün, mütəmadi olaraq hərəkətdə olduqlarından və mühiti kəşf edərək öyrənməyə çalışdıqları üçün bir çox qəzalarla qarşılaşırlar.
Bəziləri isə diqqətsiz, ani bir hərəkət səbəbindən bir sıra kiçik qəzalar baş verir. Uşaqlarda tez-tez qarşılaşan ev qəzaları  televizorun düşməsi, dərman və kimyəvi maddələrlə zəhərlənməsi, qaynar su tökülməsi, elektrik vurması, pəncərə, balkon, nərdivandan düşmələridir.
Övladlarımızı ev qəzalarından qoruyaq
Ev qəzalarının qarşısını almaq üçün diqqətli olmaq lazımdır. Pəncərə və balkon qapılarını daima bağlı saxlamaq, təhlükəsizlik açarı quraşdırmaq, televizor kimi ağır ev alətlərini sabitləmək, dərman və ümümiyyətlə ev təmizliyində istifadə olunan kimyəvi maddələri uşaqların əldə edə bilməyəcəyi yerlərə qaldırmaq, sobada yeməkləri arxa gözlərdə bişirmək və tavaların qulplarını içəriyə tərəf qoymaq övladlarınızı bir çox qəzalardan qoruya bilər. Bundan əlavə uşaqları məlumatlandırmaq məqsədilə ev qəzaları ilə bağlı xəbərdarlıq etmək və məlumat vermək də önəmlidir.

Ev qəzalarında ilk yardım:
Bir sıra kiçik ev qəzalarına uşağa evdə müdaxilə edilə bilər. Ancaq bu bəsit yanıqlar və kəsiklər üçün keçərlidir. Qanamalar, ciddi yanıqlar və elektrik vurması kimi vəziyyətlərdə mütləq professional yardım almalı və təcili yardım çağırılmalısınız.

  •   Yanıq xəsarəti zamanı heç bir şey sürtməyin, toxunmayın və dərini soymayın. Yalnız 15 dəqiqə soyuq  su altında soyudun. Əgər daha ciddi bir yanıqdırsa dəsmala sarılmış bir buzu uşağın yanmış hissəsində tutun və ən yaxın xəstəxanaya aparın.
  •   Kəsik xəsarətləti zamanı yaranın üzərinə təmiz bir bez örtüb ovucunuzun içi ilə ən az 5 dəqiqə basmaq lazımdır. Yaranı antiseptik məhsullarla və ya təmiz su ilə yuyun. Yaranın təmizlənməsində və bağlanmasında pambıq istifadə etməyin. Çoxlu qanama vəziyyətlərində isə kəsik olan əlinizlə möhkəm basaraq xəstəxanaya gedin. Kəsik olan bölgəyə tikiş atıla bilər.
  •   Elektrik vurmasında  taxtadan istifadə edərək uşağı kənara çəkin və həmin anda da təcili yardım çağırın.
  •   Kimyəvi zəhərlənmələrdə uşağı qusdurmağa çalışmayın. Qusma zamanı zərərli maddələr uşağın boğazından keçərək ağciyərlərə dolması ilə uşağa daha çox zərər verə bilər.
  •   Nərdivan, balkon və pəncərədən düşmə, üzərinə televizor kimi böyük bir cismin düşməsi kimi vəziyyətlərdə də vaxt itirmədən təcili yardıma zəng edərək kömək istəyin.
 
Oyuncaq xəbərdarlığı
Uşaqların oyuncaqları arasında kiçik parçalar, uzun ip, boyunbağı və təkər kimi boğulmasına səbəb ola biləcək əşyalar olmamalıdır. Körpələrə gözmuncuğu kimi nəsnələr taxılmamalıdır.

Hündürlükdən yıxılarsa
4 aylıq və daha böyük körpələri qarşısında qoruyucu bir şey olmadan yataq, ya divanda tək buraxmaq olmaz. Yıxıldığı məsafə 50 sm-dən yüksək və sərtdirsə, körpənin həkim yoxlanışından keçməsi lazımdır. 50 sm-dən daha az məsafədən yıxılaraq yumşaq səthə düşən körpələrdə qusma və huş problemi yaranarsa, mütləq həkimə müraciət edin. 

Nəsə udarsa
Fındıq, qoz, badam, çəyirdək kimi çeynənməsi çətin olan quru çərəzlər 3 yaşdan kiçik uşaqlara əzilərək verilməlidir. Əks halda ani ölümlər yaşana bilər. Boğazına bir şey gedərsə, üzü yerə baxacaq şəkildə başı aşağı sallayıb ayaqlarından tutun və sinəsinə möhkəm basın. Burnuna bir şey giribsə, əl vurmadan həkimə aparın.

Elektrik vurmasına qarşı
«Rozetkalar» qoruyucu qapaqla bağlanmalıdır. Elektrik cərəyanı vurması zamanı görüləcək ilk iş nəbzi və tənəffüsü yoxlamaqdır. Uşaqda huşunu itirmə və üzünün rənginin solması kimi şok əlamətlər varsa, başı gövdəsindən bir az alçaqda, ayaqları isə yuxarıda olacaq şəkildə uzadılmalıdır.

Manejdə yalnız buraxmayın
Manej ev qəzalarının sayını artıran ən təhlükəli əşyadır. Buna görə diqqətli olmaq lazımdır. Özəlliklə 5 yaşdan kiçik uşaqlar hamamda yalnız buraxılmamalıdır. Su dolu vannanın içinə başı üstə düşə bilər. Kənarları şüşə, iti və sərt olan ev əşyalarının küncləri plastik qoruyucularla qorunmalıdır.

Uşağın yanında dərman içməyin
Evdə uşaqların əli çatacaq yerlərə dərman qoymayın. Uşaqların hər şeyi yamsılamaq istəyini nəzərə alaraq, yanlarında dərman içməyin.
 
Mənbə: ilk5il.az
 

0 şərh