Relaktasiya – süd istehsalının yenidən stimullaşdırılması

Adətən ananın bədəni hələ hamilə olarkən laktasiyaya hazır olur və körpənin doğulması prosesi süd istehsalı üçün ananın döşlərinə ötürülən siqnal rolunu daşıyır.
Körpə əmdikcə, süd ifraz olunmağa davam edir. Körpə doğulduqdan dərhal sonra döşə qoyulmasa və ya əmizdirmə qısa müddət sonra dayandırılsa, süd “quruyur”.
Relaktasiya, laktasiya dayandıqdan bir neçə həftə və ya aylar sonra ananın süd ehtiyatını yenidən bərpa etməsi prosesidir. Bu proses səbr və əzm tələb edir, lakin mümkündür. Körpənin əmməsi, süd ifrazını stimullaşdırır. Hətta bəzi analar, övladlığa götürdükləri körpəni əmizdirmək üçün döşlərində süd əmələ gətirməyə nail olublar. Bu, süd istehsalının yenidən stimullaşdırılması adlanır.
Ana südü
Adətən relaktasiyaya cəhd edənlər, körpələri süni qidaları qəbul etməyən analardır.
Relaktasiyanın əsas yolu körpəni mümkün qədər tez-tez əmizdirməkdir. Bu yolla siz, süd ifraz etmələri üçün döşləri stimulyasiya edirsiniz. Körpə övladlığa götürməyə hazırlaşan analar, süd ifrazını stimullaşdırmağa uşağı götürməzdən əvvəl başlaya bilərlər. Əl və ya elektrikli südsağandan istifadə edərək, gündə bir neçə dəfə, 3-5 dəqiqə hər döşü sağıb və tədricən gün ərzində süd sağmaların sayını artırın. Əgər buna əzmlə davam eləsəniz, 2-6 həftə ərzində döşünüz süd ifraz etməyə başlayacaqdır. Əvvəlcə süd damcı-damcı gəlsə də, körpə südü əmməyə başlayan kimi südün miqdarı artacaqdır.
Laktasiyanı stimullaşdırmaq və ya süd ehtiyatını çoxaltmaq üçün bəzi otlardan və dərmanlardan istifadə olunur. Bədəni süd ifraz etməyə stimullaşdıran maddə qalaktoqoq adlanır. Yerli sertifikatlaşdırılmış əmizdirmə məsləhətçisi sizə onların istifadəsi barədə məlumat verə bilər. Lakin, süd ifrazını stimullaşdırmaq və artırmaq üçün dərman qəbulu, yalnız həkimin göstərişi ilə olmalıdır.
Əgər doğulduqdan sonra ilk saatlar və günlər körpənizi əmizdirmək mümkündürsə, nə vəchlə olursa olsun, bunu edin. Relaktasiyanın ən çətin məqamlarından biri, bir neçə həftə və ya ay əmzikli şüşəni və ya süni əmziyi əmməyə öyrəşmiş körpəni döşü əmməyə həvəsləndirməkdir. Südünü bərpa etməyə çalışan ana, böyük dəstəyə və həvəsləndirməyə ehtiyac duyur. Bəzən ana demək olar ki, bütün gününü sərf edərək körpəni bacardığı qədər çox əmizdirməlidir. Əlbəttə ki, körpə nə qədər çox əmsə, növbəti dəfə onu daha çox süd gözləyir.
Siz körpəyə az miqdarda süni qida verməli olacaqsınız. Lakin, süni qidanı təklif etməzdən əvvəl, körpəni istədiyi qədər əmizdirin. Bir çox analar körpəyə süni qida verərkən, əmizlikli şüşə və süni əmzikdən tamamilə imtina edərək, körpəni qaşıq, fincan, kiçik elastiki kasa və ya damcılladandan istifadə edərək əmizdirirlər. Süni əmzikdən ananın döşünə keçməkdə çətinlik çəkən körpəni döş giləsi qoruyucusu ilə əmizdirə bilərsiniz, çünki gilə qoruyucusu əmziyə daha çox oxşayır və bundan da istifadə etmək olar.
Əgər siz körpəni döşünüzə mümkün qədər tez-tez qoyur və süni qidanı ya əmizdirmə zamanı ya da əmizdirmədən sonra verirsinizsə, südünüz artdıqca süni qidanı tamamilə kəsə bilərsiniz. Əgər siz hər gün körpənin yediyi süni qidanın miqdarını kənara yazsanız və hər gün daha az süni qida yediyini görsəniz, deməli süd ehtiyatınız artır. Körpənin kifayət qədər qidalandığını dəqiqləşdirmək üçün, onun yaş və çirkli bezlərinin sayına baxmalısınız.
Əgər siz süd ehtiyatınızı artırırsınızsa, körpənizin həkimi ilə daim əlaqə saxlamalı və onun kifayət qədər çəki yığıdığına əmin olmaq üçün, həftəlik qaydada çəkdirməlisiniz.
Övladlığa uşaq götürmüş anaların çoxu, körpələri bir yaşına yaxınlaşdıqca və daha çox bərk qidalar yedikcə, süni qidanı dayandırırlar. Körpələr süd və rahatlıq əldə etmək üçün yalnız ana südü ilə əmizdirilirlər.


Tərcümə: Xumar Ərşadlı
Mənbə: lalecheleague.org
 

0 şərh