Övladı ilə münasibət qurarkən anaların yol verdiyi xətalar

Bu gün, memarlığın ən vacib məsələlərindən biri – urbanizasiyanın gətirdiyi və hələ də ən böyük memarların, memarlıq şirkətlərinin həll etməkdə çətinlik çəkdiyi, gözardı edilməyəcək qədər ciddi problemlər haqqında qısa danışacağıq.
Urbanizasiya, əhalinin şəhərlərə toplanması və iqtisadi böyümə ilə paralel olaraq şəhər ərazilərinin inkişafı prosesinə deyilir.
Sovet İttifaqı dağılandan sonra yaranan xaotik iqtisadi vəziyyət, eyni zamanda Dağlıq Qarabağ və ətrafında baş verən müharibə nəticəsində milyona yaxın insanın- məcburi köçkünlərin şəhərlərə, əsasən, paytaxt Bakıya axın etməsi Azərbaycanda təbii baş verəcək urbanizasiya inkişafını informal hala gətirib. Bir qayda olaraq, sənayeləşmənin səbəb olacağı bu proses son dərəcə sancılı keçib.
Övladı ilə münasibət qurarkən anaların yol verdiyi xətalar
Ölkəmizdəki böyük şəhərlərə sıx daxili köç və iqtisadi inkişafa paralel olmayan əhali artımı bəzi vacib problemlərə səbəb olub:
İşsizlik – bu, yalnız ölkəmiz üçün deyil, bütün dünya üçün bəladır. (filosoflar səbəblərini birmənalı izah etmirlər) İxtisassız işçilərin “kənddən şəhərə köçü” açıq və gizli işsizlərin sayını artırır. İşsizlik özü ilə həm də başqa problemlər gətirir; sosial mənfi sapmalar, mənəvi dəyərlərin deqradasiyası, cinayət nisbətlərinin artması və s.
Ətraf mühitin çirklənməsi: Sənayeləşmənin yaratdığı ətraf mühit çirkliliyi təkcə sosial həyatımızı deyil, planetimizi təhdid edən bir problem halına gəlib. Bu gün hava çirkliliyi, dəniz çirkliliyi, fabrik tullantıları və s. şəhərlərin ən vacib problemlərindən sayılır.
Səs kirliliyi: Urbanizasiya ilə birlikdə motorlu nəqliyyat vasitələrinin sayının və istifadəsinin artması səs kirliliyi problemini meydana gətirib. OECD (İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı) ölkələrində yaşayan 100 milyondan çox insan motorlu nəqliyyat vasitələrinin yaratdığı səs kirliliyi problemi ilə qarşı-qarşıyadır.
Mədəni uyğunsuzluq: Şəhərə yeni gələnlər təbii olaraq yeni dəyərlər və davranış nümunələri ilə qarşılaşırlar. Bu vəziyyətdə fərdlərin şəhər həyatına uyğunlaşma problemləri başlayır. Şəhərə köç edənlərin əhəmiyyətli bir hissəsi bu dəyərləri asanlıqla mənimsəyə bilmir. Bu vəziyyət ailə daxilində qarşıdurmalara səbəb olur.
Bütün mənfiliklərinə baxmayaraq, urbanizasiya təbii prosesdir, ona inkişaf və tərəqqi nöqteyi-nəzərindən yanaşmaq lazımdır. Vacib olan, şəhərləşmənin mənfi təsirlərini, problemlərini minimuma endirmək və yaşamağa yararlı şəhər yaratmaq üçün səy göstərməkdir.
Dünya əhalisinin yarısından çoxu şəhərlərdə yaşayır. Sürətli urbanizasiya planlaşdırılmamış və ya şəhər planlanması yaxşı olmayan şəhərləri miqrasiya ilə üzləşdirir. Beləcə, yaşanan xaos və nizamsızlıq şəhərlilərin həyat keyfiyyətini azaldır. Bəşəriyyət tarixində ilk dəfə 2008-ci ildə dünya əhalisinin yarısından çoxunun şəhərlərdə yaşamağa başladığı müəyyən edilib. Yetərli mənzil, su, kanalizasiya, elektrik və təhlükəsizlik kimi fundamental xidmətlər inkişaf etməkdə olan ölkələrdə xüsusilə vacib məsələyə çevrilir. Şəhərlər ətraf mühitə və iqlimə son dərəcə ciddi təsir göstərir, sürətli və planlaşdırılmamış şəhərləşmə, əhali artımı və texnologiyanın sürətli inkişafı təbii ehtiyatları təhdid edir və ətraf mühitin çirklənməsinə səbəb olur.
Statistikaya görə, dünya şəhərlərinin əhalisi hər həftə 1 milyon nəfər artır. Onu da qeyd etmək istərdim ki, şəhərlərə yeni gələnlərin əksəriyyəti yoxsullardır. Anormal sürətli şəhərləşmə yoxsulluq gətirir və bu yoxsullaşma ən çox şəhər əhalisini təhdid edir.
Yaşadığımız əsrdə əhalinin sürətli böyüməsi və şəhərləşməsi, insan və təbiət əlaqəsində, yəni ekosistemdə bir çox tarazlığın pozulmasına səbəb olub. Artan şəhər əhalisinin tələb etdiyi xammal və qida maddələrinin istehsalı və paylanması, nəqliyyat vasitələrinin sürətlə artması, sənayeləşmə və texnoloji tərəqqinin təbii mühitə mənfi təsirləri “ekoloji problemlər” adı altında toplanır.
XIX əsrdə Avropadakı Sənaye İnqilabının yaratdığı iqtisadi və sosial şərtlər, o günlərin individualizminə bir reaksiya olaraq “sosial siyasət” elminin meydana çıxmasını zəruri etmişdi. Deyə bilərik ki, XX əsrin şəhərləşməsi və texnoloji inkişafı təbii və texnogen mühitin qorunmasını da vacib iqtisadi və sosial problemlərdən biri halına gətirib.
Xüsusilə, kapitalist ölkələrdə fərdin öz qazancını maksimum artırmaq səyi iqtisadi fəaliyyətlərin sosial xərclərini ödəyəcək məsuliyyət tapmağı çətinləşdirir və bu bədəl çox vaxt cəmiyyət tərəfindən ödənilir. Çünki istehsalçılar, daha dəqiq desək, sənayeçilər, qazanclarını ən yüksək səviyyədə tutmaq, sənaye qalıqlarını aradan qaldırmaq üçün ən ucuz üsulları seçir və ətraf mühitin kirlənməsinə göz yumurlar.
Yəni mövcud imperializm mərhələsində bir çox sahədə yaranmış ekoloji böhranın cavabdehi kapitalizmdir. Bu prosesdə şəhərlər də öz payına düşəndən daha artığını götürüb. Həqiqətən, Castells-in də qeyd etdiyi kimi “… şəhər böhranı, ekoloji problemin təməlində olan istehsal gücləri və istehsal münasibətləri arasındakı ziddiyyətin yaratdığı daha ümumi bir böhranın spesifik formasıdır.”
Qeyd etməliyik ki, ölkəmizdə hələ də gedən urbanizasiya prosesi ciddi formada anormal sancılarını biruzə verməkdədir. Bunları deyərkən, əlbəttə, 1 il, 3 il nəzərdə tutulmur. Əvvəldə dediyim kimi, Sovet İttifaqının dağılması, ölkəmizin müharibə vəziyyətinə düşməsi və bunun gətirdiyi ciddi iqtisadi-sosial problemlər bu təbii prosesi mürəkkəbləşdirib.
Gördüyünüz kimi, memarlıqda urbanizasiya düşünülən qədər sadə bir məsələ deyil. Əksinə, olduqca vacib, ciddi mövzudur və ciddi diqqət tələb edir. Lefebvrenin dediyi kimi, “memarlıq ironiya və etirazla qidalanar.”
Gələn yazımızda bəzi meqapolislərin bu problemləri necə həll etdiyini öyrənəcəyik.
 
 
 
Müəllif: Sahil Qənbərli
Mənbə: azlogos
 

0 şərh