Südəmər uşağı yedizdirmə qaydası

Əmzik. Uşağı nə zaman əmzikdən yedizdirməli? Uşaq döş əmə bilmədikdə onu əmziklə yedizdirirlər; beləliklə, əmzik uşağa 3-4 ay davam edən ağır dövrün öhdəsindən gəlməyə kömək edir.
Əmzik taxılmış butulkadan ancaq süd və ya süd qarışığı vermək olar. Duru yeməkləri də butulkadan verən bəzi analar düzgün eləmirlər.
Ana uşağı butulkadan yedizdirdikdə buna döş verəndə olduğu kimi hazırlaşmalıdır. Əllərini təmiz yumalı, paltarını dəyişməli və ya xalat geyməlidir. Uşağı yedizdirəndən sonra çəkmək lazım deyil, çünki butulkanın üzərindəki bölgülərə görə onun içdiyi südün və ya süd qarışığının miqdarını bilmək olar.
Südü hazırlayan kimi ağzı dar, bölgülü butulkaya töküb ağzını rezin tıxacla bağlamaq lazımdır .Uşağı yedizdirənə qədər südü bədən temperaturuna yaxın qızdırmaq üçün o, içərisində ilıq su olan qaba qoyulur. Sonra tıxacı çıxarıb butulkanın ağzına ayrıca qapaqlı bankada saxlanan əmzik taxılır . Ana uşağı əmziklə yedizdirdikdə də döş verəndə olduğu vəziyyəti alır. O alçaq stulda oturub uşağı qolunun üstündə tutur, uşağın başı ananın çiyin oynağına yaxın olmalıdır. Ana həmin qolu ilə uşağı altdan tutur ki, sürüşüb düşməsin. Beləliklə, uşaq təxminən şaquli vəziyyət alır, eyni zamanda qucaqda möhkəm dayanır. Uşağın əllərini tutub saxlamaq lazım deyil, qoy o yediyi müddətdə əllərini sərbəst oynatsın. Vaxt gələcək ki, uşaq əlini süd butulkasına uzadacaq və əlində özü saxlayacaq.
Ana uşağı qucağına götürüb əmziyi butulkaya keçirir və biləyinə və ya baş barmaqla şəhadət barmağı arasına (burada dəri daha zərif olduğu üçün ana südün temperaturunu təyin edə bilər) bir-iki damcı süd damızdırıb uşağı yedizdirməyə başlayır. Yeməyin dadını və temperaturunu təyin etmək üçün ana bu damcını yalaya da bilər. Südün turşumasına və ya keyfiyyətsiz olmasına azca şübhə olduqda, uşaq ağlasa belə, bu südü atmaq lazımdır. Belə halda təzə süd qaynatmaq yaxud uşağa çay vermək lazımdır.
Süd isti deyilsə və dadı yaxşıdırsa, uşağa vermək olar, lakin əvvəlcə butulkanı çevirib əmzikdən havanı çıxarmaq lazımdır. Eyni zamanda əmziyin deşiyinin çox iri olmamasına fikir vermək lazımdır (əmzikdən süd şırnaqla yox, damcı-damcı tökülməlidir). Ana butulkanı azca əyib əmziyi uşağın ağzına salır, uşağı yedizdirən vaxt isə butulkanı azca əyir ki, əmziyə hava girməsin.
Uşaq əmziyi soran müddətdə butulkada hava qabarcıqları əmələ gəlir. Uşaq əmziyi sormayıb onu ağzında saxladıqda hava qabarcıqları əmələ gəlməyəcəkdir. Ola bilsin ki, uşaq ac olmadığı üçün əmziyi sormur, yaxud əmzik yastıdır. Belə halda əmziyi onun ağzından çıxarmadan butulkanı azca əymək lazımdır, bu da kömək etmədikdə əmziyi çıxarıb butulkanı dik tutmaq lazımdır ki, əmzik düzəlsin. Əmziyi corab mili ilə deşmək daha yaxşıdır, onu içəridən bayıra, yəni südün töküləcəyi istiqamətdə deşirlər. Əmziyin ortasından bir deşik açmaq, yaxud onu bir-birinin yanından bir neçə yerdən deşmək olar
Əmzikdə deşiklər necə olmalıdır. Birinci 2-3 ay xırda deşikli əmzikdən istifadə etmək lazımdır, sonralar böyük deşik açmaq olar.
Əmziyi qaynar su gəzdirilmiş qapaqlı quru bankada (əmziyin başı yuxarı olur) yaxud qaynar su tökülmüş bankada saxlamaq lazımdır (bu zaman əmziyin başı aşağıda olur).
Əmzik gündə bir neçə dəfə qaynadılır. Bundan başqa, hər dəfə uşağı yedizdirdikdən sonra, üstündən qaynar su gəzdirilib bankaya qoyulur. Əl altında qaynar su yoxsa, hər dəfə uşağın ağzına salandan sonra o qaynadılır.
Əmzik saxlanan bankanı hər gün isti su ilə yumaq və həftədə azı bir dəfə qaynatmaq lazımdır. Bankadakı su həmişə təmiz və şəffaf olmalıdır.


Südəmər uşağa qaşıqdan və stəkandan istifadə etməyi səbirlə və yavaş-yavaş öyrətmək lazımdır. Bunu lap balacalığından başlamaq lazımdır. Bəziləri belə hesab edirlər ki, südəmər uşaq hələ heç nə başa düşmür, buna görə də onu qaşıqla və ya stəkandan yox, əmzikdən yedizdirmək lazımdır. Uşaq böyük olduqca bir o qədər hövsələli olmaq lazımdır ki, ona yeni vərdişlər aşılamaq mümkün olsun; çox vaxt bu çətin olsa da, ana çox səbirli olmalı və heç vaxt uşaqla kobud rəftar etməməlidir.
Uşağı yedirdəndə onu qucaqda necə tutmalı? Ana uşağa qaşıqla yeməyə öyrədəndə, uşağın qucaqda necə saxlanmasından çox şey asılıdır.
Uşağı qaşıqla yedizdirəndə onu qucaqda əmzik taxılmış butulkadan yedizdirəndə olduğu kimi saxlamaq lazımdır, lakin uşağın bədəni bir qədər yuxarıda və demək olar ki, dik durmalıdır. Uşaq bu cür duranda rahat udur. Uşaq özü oturana qədər bu cür yedizdirmək lazımdır. Uşağa oturub yeməyə yalnız o özü otura bildikdə icazə verilir.
Südəmər uşağı uzadıb yedizdirmək olmaz, çünki bu vəziyyətdə tənəffüs yollarına yemək düşüb ağ ciyər iltihabı əmələ gələ bilər, yaxud uşaq boğula bilər.
Uşağı yedizdirəndə onun qollarını sıxmaq olmaz. Bir çox analar uşağı yedizdirən vaxt onun sağ qolunu öz bədəni ilə sıxır, sol qolunu isə özünün sol qolu ilə tutur. Bəzi analar isə uşağı bərk bələyirlər ki, qollarını oynatmasın və yedizdirəndə mane olmasın.
Bu, çox yayılmış yanlış fikirdir. Uşağın qolları açıq olmalıdır. Lap əvvəldən yadda saxlamaq lazımdır ki, uşaq özü yeməyi öyrənəcəkdir və o müstəqilliyə nə qədər tez öyrənsə həm onun özü, həm də ana üçün bir o qədər yaxşıdır. Bəs ona əlini yeməyə vurmağa qoymayanda o özü müstəqil yeməyi necə öyrənəcəkdir?
Ola bilsin ki, birinci aylar bu, ana üçün çox rahatdır və uşaq qollarının tutulub saxlanmasına çox da müqavimət göstərmir, lakin əvvəl-axır uşaq özü yeməyə başladıqda məlum olur ki, o buna qətiyyən hazır deyil və hətta qaşığı belə əlinə götürmək istəmir, bundan başqa, anası qaşığı uzadanda onu itələyir.

Qaşıqdan necə istifadə etməli?
Südəmər uşağa 1-2 həftəlikdən çay verməyə başladıqda qaşığı tanıtdırmaq lazımdır. Bunun üçün çay qaşığı ilə azca çay götürüb qaşığın ucunu uşağın alt dodağına qoyurlar. Uşaq susuzdursa və çay xoşuna gəlibsə o, bunu qaşıqdan içir. O içmək istəmirsə, yaxud çayın dadı xoşuna gəlmirsə, dili ilə qaşığı itələyir, dilinə çay dəyibsə o bunu udmur və tüpürür.
Uşağa çayı qaşıqdan içmək döş əmməkdən asandır. Bəzi yeni doğulmuş uşaqlar döş əmə bilmirlər, lakin qaşıqdan südü və ya çayı yaxşı içirlər. Belə uşaqlara qaşıqdan nəinki çayı, həm də ana südünü vermək lazımdır.
Əvvəlcə qaşığa ancaq bir neçə damcı çay tökmək lazımdır. Uşaq qaşığa öyrəşəndən sonra, qaşığı doldurub vermək olar.
Uşaq əvvəlcə örtülü ağzı ilə sanki qaşıqdakını sorur. Qaşığın ucu dodağına dəyəndə o, dodaqlarını qabardıb elə bil əmziyin ucunu tutmaq istəyir. Ananın vəzifəsi uşağa ağzını açmağı və böyüklər kimi qaşıqdan səliqə ilə yeməyi öyrətməkdir.
Uşağı yedizdirdikdə mütləq qucaqda saxlamaq lazımdır. Onun başı ananın qolu üstündə, bədəni azca qalxmış olur ki, tənəffüs yollarına yemək düşməsin. Uşaq qaşığın ağzına yaxınlaşdığını görməlidir.
Uşağı yedizdirməyə başlayanda uşağın ağzına azca sıyıq qoymaq mümkün olur. Qaşığı getdikcə dərinə salıb onu doldurmaq olar. Uşaq qaşıq yaxınlaşanda dilini aşağıya sıxıb ağzını açmalı, qaşığı götürəndən sonra ağzını örtməli olduğunu öyrənənə qədər, qaşıqla onun dilini azca basmaq lazımdır. Bəzi uşaqlar bunu bir neçə gündə öyrənir, bəzi uşaqlara isə bunun üçün bir neçə həftə lazım gəlir. Uşaq qaşıqdan yeməyi öyrənənə qədər qaşıqla çox sıyıq vermək olmaz.
Uşağı qaşıqla çox ehtiyatla yedizdirmək lazımdır. Qaşığı onun ağzına tez saldıqda o, ögüyəcək və bir müddət qaşıqdan yedizdirməni kəsmək lazım gələcəkdir, çünki uşaq qaşığı görən kimi itələyir.
Qaşıqdan ancaq sıyıq yemək vermək olar, çünki uşaqlar bunun dadını öyrənmişdir və onu həvəslə yeyir.
Yeməyi görəndə uşağın başını qaşığa tərəf çevirməsi və ağzını açması üçün nə etməli? Uşaq ətrafdakı şeylərə baxmağa başladıqda ona yeməyi göstərmək, nəinki onun adını demək, həm də qabın və qaşığın da adını çəkmək lazımdır. "Bu da alma ilə kasa", "İndi də qaşığı gətirəcəyəm" və s. Uşağı yedizdirən vaxt onun başını qaşığa tərəf çevirmək lazım deyil: həmçinin uşaq yeməkdən üzünü çevirərsə, yeməyi onun ağzına qoymaq lazım deyil. Onu dilə tutub başını çevirtdirmək lazımdır. Uşaq ananın istədiyini başa düşmürsə, yaxud eləmək istəmirsə, qaşığı onun gözünün qabağına gətirmək lazımdır. Uşaq ətrafdakı şeylərə baxmağa və onların hərəkətini izləməyə başladıqda, qaşığı o vaxt vermək lazımdır ki, o qaşığı izləyir və ona doğru can atır. Uşağı bu cür öyrətdikdə o qaşığı görəndə ağzını açmalı olduğunu tez başa düşəcəkdir. O, bunu öyrənəndən sonra ağzını açmamış qaşığı onun ağzına salmayın. Bu qaydaya əməl etdikdə ana uşağın bu yeməkdən xoşu gəlib-gəlmədiyini, yenə yemək istəyib-istəmədiyini yaxud doyduğunu asanlıqla təyin edə bilər.
Uşaq özü də onun yedizdirilməsində iştirak etmək istəməlidir. Uşaq lap əvvəldən düzgün yeməyə öyrədilsə, nəinki qaşıqdakı yeməyi görəndə tez ağzını açmağı vərdiş edəcək, həm də qaşıqdan yapışmağa yaxud anasının əlindən onu almağa çalışacaqdır. 5-6 aylıqdan uşaq əlini qaşığa uzadır. Uşaq yaxşı oturduqda özü qaşığı tuta bilir və hətta özü yeməyə çalışır.

Səhvlər və çətinliklər.
Çox vaxt südəmər uşaqlar yeyəndə barmaqlarını ağızlarına salırlar. Bu, onların yedizdirilməsini çətinləşdirir. Uşağı yedizdirməyə başlamamışdan əvvəl, yavaşca onun əllərini ağzından çəkmək lazımdır.
Yemək yeyən vaxt uşağın öz barmaqlarını sormasını tərgitməsi üçün qaşığı tez-tez ağzına salmaq lazımdır. Təcrübə göstərir ki, adətən uşaqlar onları yavaş yedizdirəndə, yaxud qaşıqda yemək az olduqda barmaqlarını sorurlar.
Bəzən uşaq əlini yemək qabına salır: yedizdirməyə başladıqda tez-tez belə olur. Lakin belə halda da uşağın əllərini tutmaq lazım deyil, qabı uzaqlaşdırmaq lazımdır ki, əli çatmasın. Yemək vaxtı uşağı bulaşmış əllərini yalamağa qoymayın.
Uşağı yedizdirdikdə dilin altına yemək getməməsinə çalışmaq lazımdır, çünki balaca uşaq bunu uda bilmir, uşaq udqunduqda yemək ağzından çıxır.
Həmçinin qaşığı dildən çox yuxarı saldıqda da çətinlik əmələ gəlir: uşaq dilini damağına yapışdırıb yeməyin bir hissəsini ağzından çıxarır. Uşaq çox həvəslə yeyə bilərdi, lakin uda bilmir və buna görə də ağlayır.
Uşağın ağzından çıxan yeməyi təzədən onun ağzına salmaq lazım deyil. Həmişə belə edilsə, uşaq ac qalacağını görüb instinktiv surətdə yeməyi ağzından çıxarmamağa çalışır. Ağzından çıxan yeməyi qaşığa qoyub təzədən verdikdə o əli ilə qaşığı itələyir və beləliklə, pinti yeməyə adət edir.
Fikir vermək lazımdır ki, qaşığın dal tərəfində yemək qalmasın.
Adətən ana qaşıqda nə qədər yemək olmasına fikir verib, qaşığın dal tərəfinə yemək yapışıb-yapışmamasına fikir vermir. Uşaq nə qədər səliqəli yesə də, ana qaşığın dalını təmizləməsə həmişə uşağın dodaqları və ağzının ətrafı bulaşacaqdır.
Uşağın yaxşı yeməsi üçün qatı yeməyi su ilə durulaşdırmaq lazım deyil. Uşağa qatı və sıyıq yemək verib necə yemək lazım gəldiyini öyrədirlər. Yeməyi durulaşdırıb verdikdə uşaq qaşıqdan yeməyi vaxtında öyrənməz, çünki duru yeməyi çeynəmək lazım gəlmir, uşaq onu ancaq sorur.
Uşağı hansı sürətdə yedizdirməli? Südəmər uşaqların hamısı eyni sürətlə yemir, hətta eyni bir uşaq xoşladığı yeməyi tez-tez yeyir, əksinə xoşlamadığı yeməyi isə yavaş-yavaş yeyir.
Həmişə uşağın yeməyi udmasını və təzədən ağzını açmasını gözləmək lazımdır, yalnız bundan sonra ikinci qaşığı vermək olar. Burada da bəzi fərqlər vardır. Yeməyi xoşlayan uşaq adətən tez-tez yeyir, lakin elə uşaqlar da vardır ki, iştahasının yaxşı olmasına baxmayaraq udmamışdan qabaq yeməyi ağzında gəzdirməyi xoşlayırlar. Belə uşaqlar yavaş yeyir, ağızlarını gec açırlar, onlar ağızlarına çox yemək qoyulmasını xoşlamırlar: onlara qaşığı doldurub verəndə mütləq çeçəyirlər.
Bir qisim uşaqlar isə əksinə, çox tez yeyirlər, anası qaşığı ağzına salınca dözməyib hirslənirlər. Belə uşaqları yedizdirəndə qaşığa həmişəkindən çox yemək götürmək lazımdır.

Stəkan.
Uşağa stəkandan içməyi nə vaxt öyrətməli? Uşağa bunu birinci gündən öyrətməyə başlamaq olar. Uşaq stəkanı nə qədər tez tanısa, bir o qədər tez stəkandan içməyi öyrənər. Adətən yeni doğulmuş uşaqlara birinci günlər çayı qaşıqla verirlər, lakin onlara çayı stəkandan da vermək olar. Sonralar uşağa tərəvəz və meyvə verməyə başladıqda qatı yeməyi qaşıqla, duru yeməyi isə stəkandan vermək lazımdır. Şirənin stəkanın dibinə çökmüş qatı hissəsini qaşıqla vermək olar.
Ana uşağı qucağında qaşıqla yedizdirdikdə olduğu kimi tutmalıdır. Stəkanın kənarını onun dodaqlarına ancaq toxundurmalı, ağzına salmamalıdır.
Əvvəlcə fikir vermək lazımdır ki, uşağın ağzına birdən-birə çox çay getməsin. Stəkana 1-2 udum çay töküb uşağın ağzına yavaşca tökmək olar. Uşaq çayı sormağı dayandırdıqda stəkanı çıxarmaq lazımdır, yoxsa uşaq çeçəyib öskürə bilər və diksinər. Bəzən uşaq bir müddət stəkanı itələyir, yaxud onu görəndə ağlamağa başlayır. Hələ stəkandan içə bilməyən uşaqlara çayın çox hissəsini qaşıqla, az hissəsini stəkandan vermək lazımdır.
Uşağa çayı stəkandan verməyə başladıqda ilk vaxtlar çayın bir hissəsi ağzının kənarından tökülür. Stəkana azca çaytöküb yavaş-yavaş, hövsələ ilə verilsə, belə olmaz. Uşaq stəkandan içməyə başladıqda, stəkana çayıçox tökmək olar. Uşaq tamam öyrənəndən sonra stəkanıdoldurmaq olar. Onun əllərini sərbəst qoyub qucaqdadüzgün saxladıqda o əllərinin instinktiv surətdə stəkanavurur, bundan sonra o qaşıqdansa stəkanıgötürməyi daha tez öyrənir. Uşaq 3-4 aylıqda iki əli  ilə stəkanı götürür və onu özünə tərəf gətirir. Düzgün öyrətdikdə uşaq 4-5 aylıqda stəkanı əlində saxlayır, ana ancaq altdan tutub uşağa stəkanı qaldırmağı və ağzına tərəf əyməyə kömək edir. Çox vaxt 7-8 aylıq uşaqlar stəkanıözləri əyə bilirlər.
Ana uşağa yeməyi və içməyi öyrədəndə nəinki onun yaxşı yeməsinə, həm də səliqəli yeyib-içməsinə fikir verməlidir. Buna ilk vaxtlar xüsusi fikir vermək lazımdır. Uşağa səliqəliliyi öyrədəndə səbirli və ehtiyatlı olmaq lazımdır. Onun yemək həvəsini öldürməmək üçün onunla kobud rəftar etmək olmaz. Ağzın kənarından azca çay tökülməsinə görə stəkanı onun əlindən götürmək olmaz. Uşağın iştahası yaxşıdırsa, qaşıqla verdikdə yeyirsə və stəkandan içirsə çox keçmədən o səliqə ilə yeyib-içməyə başlayacaqdır.

Mənbə Ananın məlumat kitabı
Müəllif Laslo Maqda,Peterno Pikler Emmi

0 şərh