Müvəffəqiyyət qanunu: Təxəyyül

Təxəyyül insan beyninin emalatxanasıdır ki, burada köhnə ideyalar və müəyyən olunmuş faktlar yeni kombinasiyalara çevrilir və yenidən istifadə olunur. Təxəyyül təbiət baxımından, eyni zamanda aydınlaşdırıcı və yaradıcıdır. Əgər öz təxəyyülünüzdən düzgün istifadə edirsinizsə, o, uğursuzluqlarınızı və səhvlərinizi ölçüyəgəlməz var - dövlətə çevirə bilər. O, sizi öz təxəyyülünü istifadə edə bilənlər üçün mümkün olan həqiqəti açmağa aparır.  Təxəyyüldən faydalanmanın iki yolu var. Siz öz şəxsi təxəyyülünüzü inkişaf etdirə, yaxud təxəyyülü güclü inkişaf etmiş adamla ittifaqa girə bilərsiniz. Öz təxəyyülünüzdən bəhrələnmək üçün siz hansı əməlləri etmək, yaxud hansı əməllərdən çəkinmək lazım gəldiyini yaxşı başa düşməlisiniz. Əgər təxəyyülünüz insanların öz maraqlarına uyğun gələn xahişə necə tez cavab verdiklərini anlamağınıza kömək edərsə, siz praktiki olaraq hər şeyə müvəffəq ola bilərsiniz. Hər bir insan nədəsə xəyalpərəst olmalıdır. Hər bir işdə, hər bir peşədə və hər bir sənaye sahəsində xəyalpərəstlik lazımdır. Lakin xəyalpərəst həmçinin xadim olmalıdır və ya xəyalı gerçəkləşdirə bilən ittifaqa girməlidir. İnsanın nə istədiyini bilməsi uğur qazanmaq üçün mübarizənin yarısı deməkdir. Bu mübarizədə o vaxt tam qələbə mümkündür ki, insan arzunu həqiqətə çevirə bilir. Müəyyən başlıca məqsədin seçilməsində həm təxəyyül, həm də qətiyyət olmalıdır. İstifadə etdikcə qətiyyətin gücü artır. Başlıca məqsədi müəyyən etməkdə qətiyyət digər işlərdə də köməyə çatır. Rəqiblər və müvəqqəti uğursuzluqlar çox vaxt gizlənmiş uğur olur, o, təxəyyül və qətiyyətdən istifadəyə məcbur edir. İnsan, adətən, kürəyindən divara sıxılanda daha yaxşı mübarizə aparır, çünki bilir ki, geriyə çəkilməyə yer yoxdur. Onda o, qaçmaq yox, mübarizə aparmaq qərarını qəbul edir. Təxəyyül təcili qərarlar və fəaliyyət tələb edən fövqəladə hallarda daha fəal olur. Yaxşı məlumdur ki, ərköyün oğlanı və ya qızı faydalı işə cəlb etməyin yeganə üsulu onları özlərini təmin etməyə məcbur etməkdir. Belə vəziyyət təxəyyül və qətiyyətdən istifadə etməyə vadar edir.
Napoleon Hill: Müvəffəqiyyət qanunu

0 şərh