Aydın Əlizadə: Əski və çağdaş zamanda söz çəkişmələri.

Sözlə çəkişmələr, fikirlərin çəkişməsi, müzakirələr insan durumunun təbii hallarıdır. Buna görə də onlar, gədim zamanlardan bəri öyrənilmiş, tərifləri verilmişdir. Çəkişmələr qədim Hindistanda, Babildə, Misirdə, İranda əsasən dini zəmində kahinlər arasında aparılmışdır. Buna örnək olaraq Musa peyğəmbərin Fironla, Maninin zərdüşdi kahinləri ilə baş verən çəkişmələrini xatırlamaq olar. O zaman hər bir yeni düşüncəni ortalığa çıxarmış adam onunla başqa adamların, özəlliklə də çarların və kahinlərin qarşısında çıxış etməli, ona qarşı olanlara qalib gəlməli idi. Bir çox durumlarda çəkişmədə uduzan tərəf qalibin dininə (əqidəsinə) keçməli vəya qətlə yetiirilməli idi. Çəkişmələri uduzan tərəfin ardıcılları da təqib olunurdular.Qədim Yunanıstanda çəkişmələrin qaydaları dəyişmişdir. Burada artıq təkcə dini deyil, həm də dünyəvi problemlər haqqında çəlişmələrə yol verilirdi. Burada ilk dəfə olaraq, ontoloji, antropoloji, siyasi, iqtisadi və s. problemlər müzakirə obyekti olmuşdur. Daha sonra orada fəlsəfi məktəblər yaranmışdır.

İlk Yunan çəkişmə ustalarından biri biri hər şeyin dəyişdiyini və bir yerdə durmadığını iddia edən Efesli Heraklitos (yunanca Ἡράκλειτος ὁ Ἐφέσιος) (e.ə. 544- 483) olmuşdur. Heraklitosa görə şeylərdə həmdə ziddiyət və birlik vardır, olnarın arasında mübarizə gedir. O bütün bu müddəaları təcrübədə işlədib, başqa adamlarla və həttə keçmişdə yaşamış mütəfəkkirlərin fikirləri ilə mübahisələr aparmışdır. Mübahisələr zamanı Heraklitos hər bir şeyin nisbi və subyektiv olmasını iddia etmişdir.

Aristotelə görə, ilk dartışanlardan biri Eleyalı Zenon (yunanca Ζήνων) (e.ə. 490-430) olmuşdur. O öz aporiyalarında (paradokslarında) hərəkətin, məkanın və çoxluğun olmamasını sübut etməyə çalışırdı. Xəəbərlərə görə Zenon öz fikirlərini dialoq formasında izah edirdi. Onun yaradıcılığından belə qənaətə gəlmək olar ki, o həqiqətin mübahisə yolu ilə acılmasını iddia edirdi. Zenona görə doğru düşüncədə ziddiyətlər olmamalıdır. Hərəkət, məkan və çoxluq anlayışlarında nisbilik və ziddiyətlər vardır. Buna görə də bunlar yalnız hisslərin aldatmasıdır və əslində yoxdur.

Antik dünyada dartışmanın ilk nəzəriyyəmilərindən mübahisə və söhbət ustası olan Afinalı Sokrates (yunanca Σωκράτης) (e.ə. 469-399) olmuşdur. O hətta bunun metodunu da irəli sürmüşdür. Bu metod istehza, mayevtika və induksiyadan ibarət olmişdur. İstehza [yunanca - eirоnеia (εἰρωνεία)] hərfi məhasına əks olan bir sözdür. Əslində bu, mahiyyəti gülünc olan tərifdir. Başqa sözlə, belə bir tərifdir ki, söyüş ondan yaxşıdır.

İstehza ondan ibarətdir ki, hər bir ağıllı adam ilk növbədə özü öz lovğalığını, geriliyini etiraf etməli, özü-özünə istehza ilə baxmalı va özünə gülməlidir. Sokratesin şüarı “Mən bilirəm ki, mən heç nə bilmirəm” olmuşdur. İroniyası olmayan adam heç də ağıl sahibi deyil, sadəcə boşboğaz yaxud ehkamçıdır. O bir dəfə nəyisə bilib, onu da yüksək həqiqət hesab edir, bildiyinə yeni baxışlarıqatmır. İroniya isə məhz təkəbbürün, “hər şeyi bilirəm”, “yalnız mən dediyim həqiqətdir”, “yalnız mənim baxışların həqiqətdir” kimi iddiların qarşısını almaq üçün lazımdır. İlk öncə hər bir insan “mən heç nə bilmirəm” müddəasından çıxış edərək, həqiqəti araşdırmalıdır. Yüksək müdriklik məqamına çatmışlar məhz lovğalığın, təkəbbürün, özündən razılığın qarşısını almalıdırlar. Əslində bütün bunlar nadanlıqdır. Sokrates afinalılarla söhbətlər edərək onları düşündürmüş, öncə həqiqət bildiyi şeylərə şübhə ilə yanaşmağa məcbur edirdi. Ehkamlaşmış düşüncəyə qalib qəlmək və inkişaf etmək üçün ironiya lazımdır.

Sokratesin mübahisə və söhbət qaydalarının ikinci metodu məcazi olaraq “mamalıq sənəti” (osmanlı türkcəsində “ebelik sanatı”) adlanır. Yunanca buna “maieutike” (Μαιευτική) deyilir. Bu metodun vasitəsilə Sokrates, müzakirə edilən mövzu ətrafında dolayı sualların verilməsi ilə, insanda olan biliyi üzə çıxarırdı. “Mamalıq” terminindən bilinir ki, bu prosesi o qadının doğumuna bənzər görürdü. Sadəcə “mamalığın” nəticəsində Sokrates uşağın deyil, həqiqətin və biliyin doğulmasına nail olurdu. Onun rolu yalnız köməkçi sualların verilməsindən ibarət olmuşdur. Bunu edərkən o, özünün heç bir şeyi bilmədiyini, sadəcə mübahisə etdiyi insandan haqiqətin çıxarılması üçün bir yardımçı olduğunu iddia edirdi. Bu halda təkəbbürdən, saxtakarlıqdan, özündən razılıqdan azad olmuş adam həqiqəti özü “doğurdu”. Beləliklə həqiqəti insanların özləri “doğmalıdır”. Deməli “maieutike” həmdə sualların düzgün verilməsindən ibarətdir.

Sokrates metodunda təriflərin araşdırılması, induksiya, və definisiya anlayıları önəmli olmuşdur. Tərif hər hansı bir şey (yaxud olay) üçün onun çeşidinin (yaxud cinsinin) araşdırılması və bunların arasında münasibətlərin təyin edilməsidir.

İnduksiya [latınca “inducsio” (yönəltmə)] hər hansı bir şey haqqında özəl durumların (yaxud olayların) müqayisəsi və yanlışlıqların istisnası yolu ilə tərifin verilməsidir. Sokrates hansısa bir şeyin mahiyyətinə varmaq üçün həmsöhbətlərindən onun tərifinin verilməsini istəyirdi. Onlar bu tərifi verəndən sonra, Sokrates həmsöhbətlərini məsələyə başqa yöndən baxmağa dəvət edib, onunla bağlı düşünmədikləri şeylərə diqqəti cəlb etmişdir. Sonra o, verilən təriflərin doğru olub-olmaması haqqında sual verirdi. Həmsöhbətləri, bu faktların danılmaz olduğunu görərək, öncə verdikləri tərifləri dəyişdirirdilər. Beləliklə, hər hansı bir şey haqqında obyektiv anlayış yaranırdı və həqiqət açılırdı. Həqiqətin açılması onun induksiya vasitəsi ilə təsbitləşməsi ilə bitmiş olur. Buna definisiya [latınca defiicio (tərif)]deyilir. Təsbitləşmiş definisiyanı yeni istehzaya məruz qalmalıdır. Onda ziddiyətlər olarsa yenə də induksiya və mayevtika yolları ilə yeni definisiya tapılmalıdır. Bu proses, sürəkli olur, daim həqiqətin açılmasına gətirib çıxarır.

Daha sonra e.ə. V – IV-cı əsrlərdə bir tərəfdən sofistlər (σοφιστής) məktəbindən olan Protaqorasın (Πρωταγόρας), Gorgiasın (Γοργίας) Antifonun (Ἀντιφῶν) və başqalarının, garşı tərəfdən Platonla (Πλάτων) Aristoteleslə (Ἀριστοτέλης) çəkişmələri baş vermişdir. Bu polemikalar zamanı tərəflər öz dəlillərinin, düşünçələrinin sistemləşdirilməsinə diqqət yetirmişdirlər. O zaman onlar çəkişmə və məntiq üzrə nəzəri əsərlər yazmışdırlar. Platon və Aristoteles yalnız həqiqətin üzə çıxarılmasına yönəlmiş üsullardan istifadə edirdilər.

Sofistlər isə gözəl deyilmiş nitqlərə və geniş biliklərə önəm verirdilər. Lakin gələcəkdə sofistlər həqiqətin açılması üçün deyil, sadəcə öz dediklərini doğruya çıxarmaq üçün çəkişmələr aparmışdırlar. Onların məqsədi yalnız çəkişmədən qalib çıxmaq olmuşdur, hətta cəfəngiyyat desələr belə. Onlara görə hər şeyin ölçüsü insandır. Buna görə də birinə həqiqət görsənən şey

başqası üçün həqiqət olmaya bilər. Beləliklə onlar sonda boşboğazlığa enmiş, çəkişmələri çəkişmə naminə etmiş və hörmətdən düşmüşdürlər. Bu günə kimi sofistika həm də çəkişmədə bilərəkdən yalnış dəlillərdən istifadə edilməsi, başqa sözlə, saxtakarlıq mənasında işlənilir. 

Eyni zamanda, sofistlər çəkişmə sənətini gəlişdirmiş və yeni üsullar tətbiq etmişdirlər. Aristotelesə görə, onlar sözlərin çoxmənalı olmasını əsas gətirərək, söhbəti uzadıb, qarşı tərəfi çətin duruma salmağa çalışırdırlar; rəqibi çaşdırmaq üçün uzun və anlaşılmayan cümlələri işlədirdilər. Onlar həmdə qarşı tırıfi qəzəbləndirməyə və emosional duruma salmağa çalışırdılar. Bu durumda isə, təbii olaraq, hər bir adam dediklərini qarışdırır, məntiqdən yayınır, emosiyalara qapılır, cəfəngiyyat danəşır. Bununla da sofistlər çəkişmədə qalib gəlirdilər. Onlar hətta zəyif və cəfəng bir dəlili gətirərək çəkişmədə qalib gəlmə metodunu işləyib hazırlamışdırlar. Protaqorasın “Çəkişmənin elmi” kitabı bu sahədə dünya tarixində ilk əsərlərdən biri olmişdur.

Sofistlərin çalışmaları başqa düşünürləri onların metodlarını təkzib etməyə sövq etmişdir. Bu qəbil əsərlərdən ən tanınmışı Aristotelesin “Sofistlərin təkzib edilməsi” olmuşdur.

Orta əsrlər boyu da antik çəkişmə metodlarından istifadə edilmişdir. Lakin o zaman bu metodlardan dinlərin və məzhəblərin müddəalarını yeritmək və qorumaq üçün istifadə edirdilər. Bu barədə çoxlu kitablar da yazılmışdır. Özəlliklə “apologetika” adlanan dini müddəaların müdafiə edilməsi üçün edilən polemikalar aparılırdı. Eyni zamanda orta əsrlər boyu varlıq, idrak, metafizik, antropoloji, aksioloji və s. fəlsəfi çəkişmələrdə aparılırdı. Ortaəsr çəkişmələrinin örnəyi kimi xristian papazlarının Kilsə Məclislərindəki ixtilaflarını, yaxud mütəzililərin başqa müsəlman məktəbləri ilə dartışmalarını göstərmək olar.

O dönəmlərdən başlayaraq polemika təkcə dini və fəlsəfi deyil, həm də elmi sahəyə keçmişdir. Bu sahələrdə də müzakirələr zamanı həqiqət əldə edilirdi.

Çəkişmə nəzəriyyələri XIX-cu əsrdə alman klassik fəlsəfəsində də ətraflı işlənmişdir. Özəlliklə bu istiqamətdə G. V. F. Hegelin (Georg Wilhelm Friedrich Hegel) (1770-1831) əməyi qeyd edilməlidir. Hegelə görə, dialektikada idrak prosesləri “tezis-antitezis-sintez” sxemi ilə həyata keçirilir. Nəyisə dərk edən tərəf (subyekt) gerçəkdə olan bir şey üzərində dayanır, onun üçün tərif, anlayış ifadə edir və ya mülahizə yürüdür. Onun üçün bunlar tezisdir. Sonra dərk etmə prosesi davam edərək, o şey haqqında tezisin qarşılığı (əksi) olan “antitezisin” yaranmasına gətirib çıxarır. Bundan sonra subyekt tezislə antitezisin arasında olan qarşılıqlı bağlılığın dərk edilməsinə addımlar atır. Bunun nəticəsində də həqiqəti əks etdirən sintez yaranır.

Həqiqətə çevrilmiş “sintez” yeni bir tezisə çevrilir. O həqiqət kimi yeni antitezisin yaranmasına qədər qəbul edilir. Sonra yeni sintez alınır. Bu proses bu cür sonsuzluğa qədər davam edə bilər.

Çağdaş dönəmimizdə çəkişmələr

Çağdaş zamanımızda da polemikalar, çəkişmələr, ziddiyətlər yeni formalarla davam etməkdədir. Yeni texniki vasitələr çəkişmələrin daha keniş kütlələr arasında aparılması üçün imkanlar vermişdir. Artıq çəkişmələrə millionlarla insan cəlb olunmuşdur. Hal hazırda siyasi xadimlər, iqtisadçılar, siyasətçilər, incəsənət adamları, alimlər, filosoflar və başqa sahələrin nümayəndələri televiziya, radio, internet vasitəsi ilə bütün ölkələrdə çeşidli səviyyələrdə çəkişmələr aparırlar.

Bununla belə, polemikaların mənfi cə hətləri də üzə çıxmışdır. Birinci növbədə çəkişmələrdə məğlub olanlar ağır psixiki zərbə alırlar, qalib tərəf isə heç də həmişə üstünlüyü həqiqəti ifadə etməklə əldə etmir. Çəkişmələr fiziki zorakılığa da gətirib çıxara bilər. Lakin polemikasız inkişaf da ola bilməz. Hər bir alim tənqid olunduqca inkişaf edir, rəqiblərinə cavab vermək üçün əsərlər yasır, elmi nəzəriyyələr qurur. Həmdə elm adamları arasında polemikalar zamanı bir-birlərinin mövqelərinin anlaşılması, tanıması prosesi gedir. Onlan bir-birindən çox şeyləri öyrənib öz elmi işlərini təkmilləşdirirlər.

Alimlər yaddan çıxarmamalıdırlar ki, elmi və ya fəlsəfi nəzəiyyə yalnız həqiqətin axtarılmasıdır, həqiqətin özü deyildir. Buna görə də nəzəriyyələr arasındakı ziddiyətlər təbiidir. Çəkişmələr zamanı bu ziddiyətlər sağlam düşüncəli adamların bir-birinə qarşı dözümlülüyünə, öz elmi və həyat nəzəriyyələrinin təkmilləşdirilməsinə, bütün suallara cavabların tapılmasına gətirib çıxarır. Bununla da elmi nəzəriyyələr yetkinləşir. 

Beləliklə çağdaş cəkişmələr çəkişmədə qalib gəlmək, söz ustalığı, şəxsi ambisiyaları təmin etmək üçün deyil, ehkamlardan ayrılıb obyektiv həqiqətin tapılması üçün keçirilməlidir. Həqiqəti axtaran adam heç vaxt çəkişmədə öz dediklərini yeganə həqiqət saymaz, rəqibinə qəzəblənməz, təkəbbürlük göstərməz. Həqiqət rəqibində varsa, onu qəbul edər. Buna görə də hər adamla polemikaya, çəkişməyə girmək olmaz. Həqiqətin araşdırılmasını heç də hamı istəmir. Çox vaxt buna onların bilikləri, səviyyəsi və tərbiyəsi imkan vermir. Nadanlıq hətta yüksək elmi, siyasi və iqtisadi rütbələrə çatmış adamlarda da ola bilər. Eyni zamanda hansısa bir sadə əkinçi, fəhlə, sıravi mühəndis müdrik və tərbiyəli ola bilər. Nadanla çəkişməyə girmək özünü hörmətdən salmaqdır, onun səviyyəsinə enməkdir. Axmaq bilsəydi ki o axmaqdır, müdrikliyin yarısına nail olardı! Nadanla nədən söhbət etmək olar? Çəkişməni yalnız bilikli, tərbiyəli, öz ambisiyalarını və maraqlarını yeritmək məqsədinigüdməyən, özünü göstərmək istəməyən, yalnız həqiqəti axtaran adamla keçirmək olar.

Lakin bəzi hallarda bu qaydadan istisnalar da ola bilər. Bəzən həqiqət o qədər ucuzlaşır, cəfəngiyat və nadanlıq hər yeri o qədər bürüyür ki, artıq doğru söz, həqiqət, ədalət uğrunda çarpışmaq lazım olur. Bu halda müdrik insanlar, həqiqəti söyləmək üçün hətta alçalmalara və təqiblərə məruz qalsalar belə, doğru sözü deyib nadanlığın, ədalətsizliyin qarşısını imkanları çərçivəsində almalıdırlar. Onların doğru sözünü insanlar eşidib, çox şeylər haqqında düşünə bilərlər. Bununla da cəmyyət saflaşa bilər. 

Bəzi filosoflar bu yolda hətta canlarını da qurban veriblər. Buna ən gözəl örnək Sokratesdir. Hətta onu ölümə məhkum edəndən sonra zindandan qaçırmaq imkanı yaranmışdır. Lakin Sokrates qaçmadı. Çünki o, ömrü boyu həqiqət və doğru söz uğrunda çarpışmış, bu yolda lazım gələrsə canından keçməyi insanlara öyrədirdi. İndi o, zindandan qaçsaydı, öz sözlərini təkzib etmiş olardı, özünü insanlar arasında rüsvay edərdi. Buna görə də Sokrates qaçmadı, ölümü qəbul etdi. Beləliklə o, həqiqət, ədalət və doğru sözün şəhidi oldu; həyatı və ölümü ilə əbədi olaraq tarixə düşdü. Sokrasesin həyatı və ölümü nadanlığın, lovğalığın, təkəbbürün, savadsızlığın, fırıldağçılığın üzərində qələbə rəmzinə çevrilmişdir.

Beləcə doğru söz və həqiqət heç də hamının xoşuna gəlmir, özəlliklə də bizim zamanımızda. Bu gün bütün dünyada yalnız şəxsi maraqlar ortalıqa qoyulur, əxlaqi və mənəvi dəyərlər ucuzlaşır, həqiqət deyil, hansısa şəxsin iqtisadi və siyasi maraqları güdülür. İncəsənət, elm, savad, istedad, peşəkarlıq, əxlaq və başqa bu kimi kateqoriyalar yalnız piarla, reklamla, səs çoxluğu ilə dəyərləndirilir. Bu şəraitdə həqiqət ucuzlaşıb ortalıqdan çıxmış olur. Yalnız az saylı müdrik insanlar hələ də öz şəxsi təşəbbüsləri ilə onu araşdıdır və doğru sözü şəxsi maraqlardan üstün tuturlar. Bu da onların təbiətindən irəli gəlir. Onlar, sadəcə, kütlənin, səs çoxluğunun, güc sahiblərinin, pullu adamların arxasınca getmirlər, həqiqəti axtarırlar. Bu adamlar, Sokrates kimi, lazım gələrsə yoxsulluğa və təhqirlərə dözməyə hazırdırlar. Onlar həqiqəti yüksək tutur, yalnız onu tanıyırlar.

Söz çəkişmələrinin çeşidləri

1. Polemika (yunanca πολεμικά) hansısa konkret sahədə (siyasətdə, incəsənətdə, dində, fəlsəfədə və s.) aparılan söz və fikir çəkişməsidir. Polemika zamanı çəkişən tərəflər yalnız öz fikirlərini və mövqelərini rəgibə yeritmək, onu məğlub etmək istəyirlər. Hətta bu söz yuyancadan “düşmənçilik” kimi tərcümə olunur. Dartışmadan fərqli olaraq, polemikada tərəflər arasında ziddiyət təşkil edən tezis irəli sürülür və onun ətrafında mübahisələr aparılır. Bu barədə onlar, bir-birlərini eşidərək, növbə ilə çıxış edib öz mövqelərini təsbit etməyə, rəqibin dəlillərini isə təkzib etməyə çalışırlar.

2. Dartışma (latınca“discussio” baxılma, araşdırılmadır) hansısa çəkişməyə səbəb olan məsələnin müzakirəsidir. Diskussiya yalnız dəlillərin ortalığa qoyulması ilə aparılır. Mübahisəli problemi müzakirə edərkən dartışanlar öz mövqelərini təsdiq edən dəlillərlə çıxış edirlər. Mətbuatda, yığıncaqlarda, televiziyada və s. gedən toplum mübahisələri də dartışma adlanır. Dartışmaların özəlliyi hansısa bir konkret tezisin irəli sürülməməsidir. Bu özəllik onu polemikadan fərqləndirir. Söhbətlər zamanı hansısa mövzular, aktual problemlər müzakirə olunur. Elmi konfranslarda da tezislər irəli sürülmədən dartışmalar gedir. Dartışmaların çeşidləri vardır:
- Apodikdik dartışmada tərəflər həqiqəti araşdırırlar;
- Dialektik dartışmada həqiqətə bənzərliyə iddia olunur;
- Evristik dartışmada bir tərəf rəqibini öz fikrini qəbul etdirməyə çalışır. Sofistikadan fərqli olaraq burada saxtakarlıqlar olmur;
- Sofistik dartışmalar isə hansı yolla olursa olsun (hətta hilə və saxtakarlıq işlədərək) dartışmada qalib gəlmək üçün aparılır.

3. Disput (latınca dispute) elmi mövzular üzrə tamaşaçılar önündə açıq çəkişmələrdir.

4. Debatlar (ingiliscə “debate”) tərəflərin üçüncü tərəfi (hakimləri, tamaşaçıları) inandırmaq üçün apardıqları çəkişmələrdir. Bu dartışmanın bir çeşididir. 
Debatlər üçün bəlli qaydalar tərtib olunur. Udan və uduzan tərəf tamaşaçıların səsverməsi, yaxud hakimlərin rəyləri ilə təyin olunur. Debatlar televiziya vasitəsi ilə bir çox qərb ölkələrində seçkilər ərəfəsində iddiaçıların arasında keçirilir. Bir çox hallarda şou xarakteri daşıyır.

Çəkişmələrin ayrılmaz hissəsi olan məntiq (yunanca λογική/logike – doğru ağıl yürütmədir) hələ əski Hindistanda, Yunanıstanda və Romada məhkəmələr prosesləri və natiqlik üçün tətbiq edilirdi. Məntiq insanın dillə gərçəkləşən düçüncə fəaliyyətinin üsul, forma və qanunları haqqında elmdir. Onu düzgün düşünmə haqqında elm kimi də tərif edirlər.

Çəkişmələrin aparılması üçün gərəkli olan anlayışlar

Çəkişməyə aid bir sıra nəzəri anlayışlar vardır. Onlardan bəziləri:

  1. Dəlil (latınca “argumentum”) nəyisə sübuta yetirən bir şeydir.
  2. Olqu (latınca “faktum”) gerçəkdə olan və sübuta yetirilən bir şeydir.
  3. Fərziyə(yunanca ὑπόθεσις/hipotesis) biliyə və təcrübəyə arxalanan, lakin dəlillərlə sübuta tam olaraq yetirilməyən nəyinsə ilkin izahı.
  4. Tezis həqiqət sayılması üçün sübuta yetirilməli olan və müzakirə üçün irəli sürülən bir iddiadır.
  5. Antitezis tezislə ziddiyət təşkil edən iddiadır.
  6. Önərmə (mühakimə) qərarın verilməsinin təməlində duran iddia və yə fikirdir.
  7. Təsim (yunanca “συλλογισμός/silloqismos”) iki önərmədən çıxarılan və sonuc olan qərardır. Təsimlər böyük və kiçik önərmələrdən ibarətdir. Böyük önərmədə ortaq sonuc, kiçik önərmədə isə subyektin sonucu vardır. Təsimin örnəyi: Hər bir insan ölməlidir (böyük önərmə). Sokrates da insandır (kiçik önərmə). Deməli Sorates da ölməlidir (qərar).
  8. Yükləm (latınca “praedicatum”/predikat) Predikat fikir yürüdülən seylər haqqında anlayışdır. Həmdə predikat o şeyin ortaq anlamını açır. Bu termin deyilənləri ümumiləşdirir. Örnək: “Sokrates – insandır”“Plato insandır”. Hər iki cümlədə “insanlıq” vardır. Deməli burada “insanlıq” həm Sokratesə, həm də Platoya aiddir, ortaqdır və predikatdır.

    Aydın Əlizadə. Fəlsəfə Elmləri doktoru. www/alizadeh.narod.ru

0 şərh