Aydın Əlizadə:Çağdaş zamanda söz çəkişmələri. İnternet polemikalar və onların faydası

“Veb-sayt” ingiliscə (web-hörümçək, şəbəkə; site-yer) hörümçəkdə (şəbəkədə) yer deməkdir. Ona qısaldılmış formada “sayt” deyirlər. Sayt İnternet şəbəkəsinin bir yerində yerləşən hansısa adamın (yaxud toplumun, təşkilatın) sənədləridir. Onun ünvanı “domen” (frasızca “domaine” mülk, malikanə deməkdir) adlanır. Saytlar serverlərdə yerləşdirilirlər. Saytın serverdəki özəl yeri “hostinq” adlanır.


Elm sahəsində saytların yaradılması olduqca vacib işdir. Onların vasitəsi ilə hər bir alim, yaxud elmi təşkilat öz fəaliyyəti haqqında informasiya verə bilər. Bu informasiya hər tərəfli ola bilər. Saytlarda kitablar, məqalələr, çeşidli sənədlər, fotolar video görüntülər, elanlar və s. materiallar dərc oluna bilər. Alimin və elmi qurumun geniş kütlə qarşısında tanınması üçün saytlar misilsiz rol oynaya bilər. Onların vasitəti ilə elmdə olan monopoliyaları yarmaq, öz fəaliyyətinin nəticələrini rəsmi qurumların təsdiqi olmasa belə üzə cıxarmaq, keniş kütlələr qarşısında öz sözünü demək olar. Həmdə saytda elmi mühazirələrin, çıxışların, dartışmaların video görüntülərini də yerləşdirmək olar. Saytlar həmdə alimin bütün işlərinin eyni yerdə toplanmasına, onların dərhal tapılmasına, işlərində səliqənin yaradılmasına da yardım edir. İstənilən sənədi zaman və məkan məhdudiyyəti olmadan, hər yerdə ortalığa çıxarmaq olar. Sadəcə bunun üçün internetə qoşulmuş kompyuter lazımdır. Orada istənilən sənədlər məxfi də saxlanıla bilər.

Veb-saytların vasitəsi ilə hamı alimin (və ya elmi gurumun) işləri ilə tanış olub onunla bağlantı yarada bilər. Saytların vasitəsi ilə başqa alimlər və elmi qurumlarla əlaqə yaratmaq olar. Saytda olan əsərlərlə tanış olan başqa qurumlar onları dünyanın iştənilən yerində dərcedib, bununla alimi tanıtdıra bilərlər. Orada yerləşən kitablar, məqalələr və başqa materiallar alimin ölümündən sonra da qalır, oxunur və onu yaşadır.

Saytları hamı görür, buna görə də savadsız, səviyyəsi olmayan elmi işlər heç vaxt özünə yol tapa bilməz, çünki internet məkanında tanışlıq, rüşvət, təkəbbür, yüksək vəzifələr, böyük elmi adlar və s. amillər heç bir rol oynamır. Orada hər bir adama geniş oxucu kütləsi qiymət verir. Əksinə, ortabab və keyfiyyətsiz yazıların müəllifləri orada rüsvay ola bilərlər. Eyni zamanda, hansısa səbəblər üzündən real dünyada tanınmayan adamlar orada öz istedadlarını və bacarıqlarını göstərib, özlərinə ad qazana bilərlər. İnternetdə obyektivlik hökm sürür. Bu da saytların üstün cəhətlərindəndir.

Hüquqi problemlər

İnternet çəkişmələri apararkən qanun pozğunluğuna yol vermək olmaz. Buna görə məsuliyyətə çəkilmə ehtimalı vardır. Lakin bəzi hallarda hətta qanun pozğunluğu olmasa belə hüquq və məhkəmələrə cəlb olunma ehtimalı da vardır. Bu təsadüfən və ya hansısa siyasətin yeridilməsi üzündən ola bilər. (örnək)

Çəkişmənin bəzi qaydaları

Ciddi çəkişmələrə qatılanların:

  1. Təbii istedadı;
  2. Geniş dünyagörüşü;
  3. Yüksək səviyyədə ümumi bilikləri;
  4. Tərəqqipərvər və çağdaş düşüncəli;
  5. Müzakirə edilən konkret mövzü haqqında dərin bilikləri;
  6. Analitik düşüncəsi və düzgün nəticələrə gəlmək qabiliyyətləri olmalıdır;
  7. Söhbət zamanı qeyri-standart və gözlənilməyən gedişlər etmək qabiliyyəti olmalıdır.

Çəkişməyə qatılanlar üçün bəzi tələblər:

  1. Çağdaş informasiya texnologiyalardan və İnternetdən şəbəkəsindən yüksək səviyyədə istifadə etməyi bacarmaq;
  2. Ciddi və tanınmış ümümi və ixtisas forumları seçilmək. Orada peşəkarlar və daha böyük oxucu kütləsi çəkişmələri izləyirlər;
  3. Müzakirə edilən mövzu haqqında internetdə olan mənbələri, ədəbiyyatı yaxşı bilmək, onlara dərhal müraciət edib fikirləri əsaslandırmaq;
  4. İnternet şəbəkəsinin axtarış sistemlərinin imkanlarından məharətlə istifadə etmək, axtarış sistemlərinə açar sözləri düzgün seçmək;
  5. Yalnız yaxşı bildiyi mövzularla bağlı cəkişmələrə qatılmaq;
  6. Müzakirələr aparıldığı dili, onun qrammatikasını yaxşı bilmək, yazıda fikirləri düzgün ifadə edib, məna və qrammatik səhvləri buraxmamaq. Əks təqdirdə oxucular yazılanlara ciddi baxmayacaqlar.
  7. Xarici dilləri (heç olmasa rus, ingilis və türk) dilləri bilmək, bir dildə internetdə dəlil tapmadıqda başqa dillərdə dəlil axtarmaq.
  8. Yazılar yalnız müzakirə mövzusuna aid olmalı, qısa və konkret ifadə edilməlidir. Uzun yazılar darıxdırıcı və qarışıq olur, onları heç kim oxumur.
  9. İnternet şəbəkəsində gətirilən dəlillər konkret olmalıdır, uzun və ümumi səhifələrə linklərin verilməsi məsləhət deyil. Onlar oxunmur. Oradan lazım olan konkret sətirləri çəkişmədə gətirilməlidir.
  10. Fikirləri və tezisləri sübuta yetirmək üçün şəkillərdən istifadə etmək məsləhətdir. Çox vaxt oxucular yazıda nəyisə qaçıra bilərlər, şəkillər isə gözdən yayınmır. Bundan başqa şəkillər olan yerdə çox yazmanın mənası da olmur.
  11. Şəkillərin araşdıdılması üçün axtarış sistemlərində düzgün açar sözlər seçilməlidir;
  12. Rəqiblərə cavabları çox ləngidməmək. Əks təqdirdə söhbətə maraq itir, onu heç kəs izləmir.
  13. Səviyyələri aşagı olanlarla, cəfəngiyyat yazanlarla, qeyri-ciddi adamlarla ciddi cəkişmələrə girməmək;
  14. Çəkişmədə rəqibləri düzgün seçmək, səviyyəli və biliklilərlə yazışmaq;
  15. Bəzən, darıxdırıcı olmasın deyə, söhbətə zarafat qatmaq;
  16. Maraqlı, aktual və gündəmdə olan mövzuları müzakirə etmək;
  17. Rəqiblərə fikirlər, hətta doğru olsa belə, zorla yeridilməməli, səbr edilməlidir. Məqsəd onun fikrindən dönməsi deyil, oxucuların gözündə qalib görsənməkdir;
  18. Rəqibin dediklərində mexaniki səhvlərə əhəmiyyət verilməməlidir, hərfçiliyə, sözgüzəşdirməyə yol vermək olmaz. məqsəd yalnız mövzunun əsas müddəalarına yönəlməli, həqiqət axtarılmalıdır.
  19. Gerçəkdə olan şeylər haqqında danışılmalı, fantaziyalara yol verilməməlidir.
  20. Çəkişmə zamanı yazılara ciddi yanaşılmalı, öndən sona qədər yazılara fikir verilməli, ziddiyətlərə yol verilməməmidir. Çəkişmənin bir yerində irəli sürülən fikir başqa yerində olana zidd olmamalı, onu təkzib etməməlidir.
  21. Çəkişmə zamanı yalnız obyektiv amillərə vurğu edilməli, subyektivliyə yol verilməməlidir.
  22. Fərziyyə olan bir şey fakt kimi təqdim edilməməlidir.
  23. Yazılan dəlillər, düşüncələr sadə, hamı tarəfindən anlaşılan dildə olmalıdır. Hansısa anlaşılmayan terminlərə ehtiyac olarsa, onları dərhal izah etmək lazımdır.
  24. Təcrübəli və bacarıqlı dartışma ustalarına öz adları ilə çıxış etmək məsləhətdir, çünki bunun vasitəsi ilə onlar özlərinə ad qazana bilərlər;
  25. Çəkişmələr təcrübəsi olmayanlar öz adlarını gizlədib, başqa adlarla çıxış etməli, təcrübə və bilik yığmalıdırlar. Əks təqdirdə polemikada zəyif görsənib, öz həqiqi adlarını ləkələyə bilərlər. Onlar yalnız öz güclərini sınayıb, uzun illər boyu biliklər və təcrübə toplayandan sonra öz adları çəkişmələrə qatıla bilərlər

Bundan başqa çəkişmələrə qatılanlar:

  1. Öz tezislərini aydın bildirməli, onların sübuta yetirilməsi üçün dəqiq planı cızmalıdırlar;
  2. Rəqibin nəyə qadir olduğunu sağlam düşüncə ilə dəyərləndirməlidirlər;
  3. Istifadə etdiyi anlayışların mənalarını bilməlidirlər;
  4. Emosiyalara qapılmamalıdırlar, qəzəblənməyə yol verməməlidirlər. Əks təqdirdə fikirləri qarışacaq, müzakirənin gedişinə nəzarət edə bilməyib məğlub olacaqlar;
  5. Tezisləri ardıcıl olaraq arqumentlərdən çıxarmalıdırlar, arqumentlər həqiqi və şübhəsiz olmalıdırlar;
  6. Öz müvqelərini qorumaq öçun çoxlu arqumentlər irəli sürməlidirlər;
  7. Rəqibin ikincidərəcəliləri deyil, ən əsas arqumentlərini təkzib etməyə çalışmalıdırlar;
  8. Rəqibin tezuslərinə nəzarət etməli, onların dəyişdirmələrinə yol verməməlidirlər;
  9. Çəkişmənin hilələrini bilməli və söhbət zamanı rəqibin onları işlətmək cəhdlərinin qarşısını almalıdırlar;
  10. Rəqibin bütün fikirləri ilə razılaşmamağı məqsədə çevrilməməlidirlər. Həqiqət axtaran adam rəqibin fikirlərində olan doğru məqamlarla razılaşmalıdır;
  11. Rəqiblərin şəxsiyyətlərini deyil, yalnız müzakirə edilən mövzunu müzakirə etməlidirlər;
  12. Rəqibə hansısa bir fikri, istinad etdiyi mənbənin ümumi kontekstindən çıxarıb, öz mövqeyini bərkitmək imkanını verməməlidirlər. Bunun üçün onun istinad etdiyi mənbə diqqətlə araşdırmalıdırlar.
  13. Rəqibin yürütdüyü hər hansı fikrin istinadını tələb edilməlidirlər;
  14. Yalnız müzakirə mövzusu haqqında danışmalı, rəqibin mövzudan yayınma cəhdlərinin qarşısını almalıdırlar;

Tövsiyyə: “Çəkişmədə rəqibinizlə qarşılıqlı anlaşılma əldə etmək üçün onun problemin hansı yönünə əhəmiyyət vermədiyini araşdırmaq lazımdır. Çünki o, yalnız bu tərəfi anlayır, bilir və həqiqət sayır. Belə olanda onunla razılaşmaq lazımdır, lakin problemin başqa yönünü də ona göstərmək lazışdır. Bununla rəqib razılaşacaq, çünki o səhv etmədiyini, sadəcə nəyəsə biganə yanaşdığını, nəyisə gözündən qaççırdığını zənn edəcək. Bu isə ona ağır gəlməz”

İnternet çəkişmələrdə bəzi taktik gedişlər

  1. Vaxtın uzadılması. Çəkişməyə qatılan nəyisə bilmədiyi ilə üzləşə bilər. Halbuki onun cavabının olduğunu dəqiq bilir. Belə olanda rəqibdən məsələni araşdırıb düşünmək üçün vaxt istəmək lazımdır. Udulan vaxt ərzində İnternet, sorğu və ya kitablar vasitəsi ilə lazım olan cavabları almaq olar.
  2. Olqunun (faktın) gizlədilməsi. Çox vaxt çəkişmələrdə tezislər önə çəkilir, sonra onun haqqında müzakirələr aparılır. Lakin bəzən tezisi deyil dəlilləri önə çəkib, onlardan tezisi çıxarmaq daha əlverişli olur. Hətta qəsdən yanlış dəlil gətirmək olar ki, rəqib onu inkar edib, özü olqunu ifadə etsin.
  3. Dartışmanın uzadılması. Əgər rəqib dartışmada uduzduğunu görərək sizi çaşdırmaq üçün təkrar sualları verir, söhbəti uzadır, gətirilmiş dəlillərin yenidən gətirilməsini istəyir, mövzudan yayınır, onda söhbəti izləyən internet istifadəçilərə müraciət edib onların məsələni necə anladığını soruşmaq lazımdır. Əğər onlar sizin dəlillərinizi məqbul saysalar, onda rəqibin bu hiləsi boşa çıxır.
  4. Rəqiblərin arasında anlaşılmazlığın salınması. Əgər internet forumunda sizə qarşı bir neçə rəqib çıxış edirsə, onda onların arasında anlaşılmazlıq salmağa cəhd etmək lazımdır. Bunun üçün müzakirə edilən mövzunun ətrafında onların ixtilafına səbəb olan bir şeyi ortalıqa atıb, rəqiblərin özləri arasında çəkişmə salmaq qalib gəlmək üçün yaxşı zəmin yaradır. Əksinə, siz toplumla çıxış etsəniz və aranızda ixtilaf olsa, onda dərhal xırda məsələlərə fikir verməmək, əsas məsələnin müzakirəsini davam etdirmək təklifi edilməlidir.
  5. Nəyisə sübuta yetirməyi rəqbin üzərinə atmaq. Bəzən öz dəlillərinizlə və tezislərinizlə çıxış etmək məqsədə uyğun deyil. Belə olanda yalnız rəqibin mövqeyinin tənqid edilməsi və ondan dəlillərin tələb olunması daha əlverişli olur.
  6. Çəkişmədə gözləmə mövqeyi tutmaq. Özünü məğlub olmağa yaxın olan tərəf kimi göstərmək, internet-rəqiblərdə qələbə əhvalının yaradılmasıdır. Bu halda rəqib bütün dəlillərini ortalığa qoyub, öz mövqeyini tam açıqlamış olur. Bu halda onun dəlillərini diqqətlə öyrənib cavabları hazırlayaraq sonda çıxış edib, onu məğlub etmək olar. 

Rəqiblər tərəfindən işlənilən bəzi hilələr və təhqirlər

İnternet forumlarda rəqiblər tərəfindən hilələrin işlədilməsi və hətta təhqirlərə keçməsi halları da olur. Buna hazır olmaq lazımdır. Özəlliklə bunu güclü və bilikli iştirakçılara qarşı edirlər. Onlardan bəziləri:

Çox yazmaq, uzun postlara əl atmaq, ümumi sözlər işlətmək. Rəqib tezislərinin və dəlillərinin təkzib olunacağından ehtiyat edərək, böyük postlar yazır, ümumi sözlərə əl atır, konkretlikdən qaçır, külli miqdarda mövzuya aid olmayan istinadlar gətirir. Bu gediş özünü ağıllı və bilikli göstərmək və zorla özünü galib kimi qələmə vermək üçün edilir. Bu halda onunla danışıq dərhal kəsilməlidir. Başqa oxuculara müraciət edilməli, onlara onun yazısında konkretliyin, tezislərin və dəlillərin olmaması göstərilməlidir.

Heç nəyi sübut etməyən istinadların gətirilməsi. Rəqib külli miqdarda tanınmış admlara və alimlərə istinadlar edərək öz mövqeyinin güclü olmasını göstərmək istəyir. Lakin onlara diqqətlə fikir verilsə görünür ki, onlar ümumi xarakter daşıyır və konkret müzakirə edilən mövzuya aid deyil. Bu halda bütün bunları ona yazmaq və oxucuları buna fikir verməyə çağırmaq lazımdır.

Rəqibin sizin dediyinizi eşitməməsi, öz iddiasının davam etdirməsi. Rəqib onun yazdıqlarını təkzib edən nə qədər çox və tutarlı dəlillərin olmasına baxmayaraq, öz iddialarını davam etdirir, sanki bunları görmür. Bu halda yenə də yazışma kəsilməli, oxuculara bu barədə bildirilməlidir.

Moderatorları öz tərəfinə çəkmək. Çəkişmədə zəif olduğunu görən rəqib forumun moderatoru ilə qəsd hazırlayır. Bu qəsd bir neçə formada ola bilər:

  1. Müzakirə zamanı yazdığınızın əhəmiyyətli məqamlarının pozulması ilə sizi zəyif, rəqibinizi isə güclü göstərmək. (örnək)
  2. Yazılanlara toxunmayaraq, sizi təqib etmək. O zaman moderator ikili standartlar tətbiq edir, sizi daim nədəsə (özünüzü pis aparmaqda, rəqibinizə hörmətsizlik etməkdə, onun əqidəsinə və inanclarına hörmətsizlik etməkdə) ittiham edərək, yazıda məhdudlaşdırır.
  3. Moderator foruma girməyinizi müvəqqəti yaxud daimi kəsə bilər.

Bu hallarda forumların rəhbərliyinə şikayət edilməlidir. Əgər bunun müsbət nəticəsi olmasa, onda bu forumu tərk edib, başqalarında iştirak etmək lazımdır. Yalnız ikili standartlara son qoyularsa, oraya qayıtmaq olar. Ehtiyac olarsa, başqa adla yenidən müzakirələrə qatılmaq olar. Amma özünü tanıtdıran və hörməti qazanan qatılanlara bunu etmək məsləhət görülmür, çünki bu saxtakarlıqdır.

Rəqiblər tərəfindən təhqir edilmə. Bunu məğlubiyyətini görüb qəzəblənən rəqib edir. O sizin də qəzəblənmənizi və bununla qələbənizin heçə endirilməsini istəyir. Bu halda ona cavab verilməməlidir. Onu tamamilə özünüz üçün forumda silmək olar (bunun üçün texniki imkan var). Belə olduqda o nə yazarsa siz onu görməyəcəksiniz. Lakin bunu etdiyinizi hamıya bəyan etməlisiniz. Eyni zamanda forumun moderatoruna da şikayətlə müraciət etmək olar.

Təhqirlərə tutarlı cavabın verilməsi yolu. Əgər təhqirlərə məruz qalandan sonra forumun rəhbərliyi buna əhəmiyyət verməsə, təhqirçilərlə əlbir olsa, onda, imkan olarsa, onda etikadan uzaq olan təhqirləri yığmaq, sistemləşdirmək, onları şərh etmək, təhqirçiləri gülünc vəziyyətdə göstərməklə satirik bir məqalə yazmaq olar. Sonra bu məqaləni populyar internet portallarda dərc edərək o forumun moderatorlarını, rəhbərliyini və təhqirçiləri rüsvay etmək olar. (örnək)

Aydın Əlizadə. Fəlsəfə elmləri doktoru. www.alizadeh.narod.ru

1 şərh

Tomris
səhifə böləni yaddan çıxıb.