Astronomiya nədir və nəyi öyrənir

Kitab dilsiz müəllimdir.

Platon

1. Astronomiya fənni

"Astronomiya" sözü yunanca "astron" - ulduz və "nomos" - qanun sözlərindən əmələ gəlmiş və hərfi mənada "ulduzlar qanunu" kimi məna daşıyır. Astronomiya Kainat haqqında elmdir. O göy cisimlərinin (ulduzlar, Günəş, Ay, planetlər və onların peykləri, asteroidlər, kometlər, meteorlar, meteoritlər) göydə vəziyyətini, hərəkətini, quruluşunu, fiziki halını, kimyəvi tərkibini, əmələ gəlməsini və təkamülünü öyrənir. Bundan əlavə, astronomiya göy cisimlərinin əmələ gətirdiyi sistemlərin (qalaktikalar, dumanlıqlar, ulduz topaları), ulduzlararası mühitin, planetlərarası mühitin və hətta Kainatın bütövlükdə əmələ gəlməsini və təkamülünü öyrənir.

Astronomiya əsasən üç məsələnin həlli ilə məşğuldur:

1. Göy cisimlərinin görünən və həqiqi vəziyyətlərinin və hərəkətlərinin öyrənilməsi, göy cisimlərinin forma və ölçülərinin, onlara qədər məsafələrin təyini;

2. Göy cisimlərinin quruluşunun, fiziki halının və kimyəvi tərkibinin təyini;

3. Göy cisimlərinin və onların əmələ gətirdiyi sistemlərin əmələ gəlməsi və təkamülünün öyrənilməsi.

2. Astronomiyanın tədqiqat üsulları

Astronomiya müşahidə elmidir. Astronomiyada göy cisimləri haqqındakı bütün bilgilər uzun astronomik müşahidələr nəticəsində əldə edilir. Ilk əvvəllər astronomik müşahidələr adi gözlə aparılırdı. Teleskopun kəşfi ilə astronomik müşahidələr xeyli mükəmməlləşdi, bu da göy cisimləri haqqında bilgilərin qat-qat zənginləşməsinə səbəb oldu. 1957- ci ildə Yerin ilk süni peykinin buraxılması ilə astronomiyada yeni bir dövr başlandı. Daha sonra planetlərarası kosmik stansiyaların və orbital rəsədxanaların buraxılması və nəhayət Aya uçuşla astronomiya müşahidə elmi çərçivəsindən çıxdı və qismən eksperimental elmə çevrilməyə başladı.

3. Astronomiyanın bölmələri

Astronomiyanı əsasən üç bölməyə ayırmaq olar:

1. Astrometriya - Göy cisimlərinin vəziyyətini, koordinatlarını və vaxtı ölçməklə məşğul olur;

2. Göy mexanikası - Cazibə qüvvəsinin təsiri ilə göy cisimlərinin hərəkət qanunlarını öyrənməklə məşğul olur;

3. Astrofizika - Göy cisimlərinin quruluşunu, fiziki halını, kimyəvi tərkibini, yaranmasını və təkamülünü öyrənməklə məşğul olur.

4. Astronomiyanın yaranması və əsas inkişaf mərhələləri Astronomiya dəqiq elmlərin ən qədimidir. Astronomiya qədim Yunanıstanda, Misirdə və Çində meydana gəlmişdir. Yunan alimi Filolay bizim eradan əvvəl (b.e.ə. »400-cü il) Yerin kürə şəklində olduğunu söyləmiş, b.e.ə. III əsrdə Eratosfen Yerin radiusunu təyin etmiş, b.e.ə. II əsrdə Hipparx minə qədər ulduzu içərən ilk ulduz kataloqu tərtib etmiş və Yer oxunun presessiyasını kəşf etmişdir. Bizim eranın II əsrində Ptolemey dünyanın geosentrik sistemini riyazi olaraq çox böyük dəqiqliklə işləmiş və bir çox göy hadisələrini izah etmişdir. Aristarx Samosskiy heliosentrizm ideyasını vermiş, Yer-

dən Günəşə və Aya qədər məsafələrin nisbətini təyin etmişdir.

Çin astronomları bizim eradan iki min il əvvəl Günəş və Ay tutulmalarını əvvəlcədən xəbər verə bilirdi. Misirdə bizim eradan üç min il əvvəl ilin uzunluğunu kifayət qədər büyük dəqiqliklə təyin edə bilmişlər.

Yeni eradan əvvəl VIII əsrdən başlayaraq astronomiya müşahidələrinin qeydi aparılmağa başlamışdır, onların bəziləri günümüzə qədər gəlib çatmışlar.

Orta əsrlərdə astronomiya orta Asiya və Azərbaycanda təşəkkül tapmağa başlamışdır. Orta Asiyada əl-Bəttani (850-929), Biruni (973-1048) və Uluqbəy (1394-1449) astronomik müşahidələr aparmış və astronomiyanın inkişafında büyük rol oynamışlar.

XIII əsrin əvvəllərində büyük Azərbaycan astronomu Nəsirəddin Tusi (1201-1274) Azərbaycanda dünyanın ən böyük və ən mükəmməl Marağa rəsədxanasını qurmuşdur. Qısa müddətdə bu rəsədxana dünyanın astronomiya mərkəzinə çevrilmişdir. Rəsədxanada astronomiyaya dair 100-dən çox monoqrafiya hazırlanmışdır. Onlardan 30-u şəxsən Tusinin özünə məxsusdur. Rəsədxana çox zəngin kitabxanaya malik olmuş və o dövrün Elmlər Akademiyası kimi şöhrət tapmışdır.

Marağa rəsədxanasında sistematik astronomiya müşahidələri aparılmış və bu müşahidələr əsasında müasir dövrdə də elmi mahiyyətini itirməmiş məşhur "Elxan cədvəlləri" tərtib olunmuşdur.

Avropada astronomiya XV-XVI əsrlərdə inkişaf etməyə başlamışdır. Nikolay Kopernik

(1473-1543) "Dünyanın heliosentrik sistemi"ni vermişdir. Bu yeni astronomiyanın meydana gəlməsinə və sürətlə inkişafına səbəb olmuşdur. Tixo Brahe (1546-1601), Iohan Kepler (1571 1630), Qalileo Qaliley (1564-1642), Isaak Nyuton (1643-1727) və başqaları astronomiyanın inkişafında büyük rol oynamışlar.

Kepler planetlərin hərəkət qanunlarını vermiş, Nyuton Ümumdünya Cazibə qanunu kəşf etmiş və müşahidələr əsasında verilmiş Kepler qanunlarını riyazi olaraq almış və ümumiləşdirmişdir. O, ilk dəfə olaraq bir çox astronomik hadisələrin düzgün izahını vermişdir. etməyə başlayır. 1781-ci ildə Uran planeti, 1846-cı ildə isə Neptun planeti kəşf olunur. 1930-cu ildə Günəş sisteminin IX planeti Pluton kəşf olunur. 2006-cı il avqustun 24-də Beynəlxalq Astronomiya Ittifaqının Baş Assambleyasında qərara alınmışdır ki, Pluton planet deyil.

1859-cu ildə Kirxhof spektral analiz üsulunu verir. XIX əsrin ikinci yarısında fotoqrafiya kəşf olunur və astronomiyada fotoqrafik müşahidələrə başlanılır. Beləliklə, astronomiyanın ən gənc sahəsi - astrofizika yaranır. XX əsrin 40-50-ci illərində radioastronomiya meydana gəlir. 1957-ci ildə Yerin ilk süni peyki buraxılır. 1961-ci ildə kosmosa ilk insan uçuşu, 1969-cu ildə Aya yumşaq enmə həyata keçirilir. Bununla da astronomiyada yeni era başlanır.

Beləliklə, astronomiyanın inkişafını aşağıdakı mərhələlərə ayırmaq olar:

I. Qədim yunan mərhələsi: Bu mərhələ yeni eradan əvvəl III əsrdən bizim eranın II əsrində Ptolemeyin dünyanın geosentrik sistemi təliminin yaranmasına qədər olan dövrü əhatə edir;

II. Şərq mərhələsi: Orta Asiya və Azərbaycanda astronomiyanın təşəkkül tapdığı X-XVI əsrləri əhatə edir;

III. Avropa mərhələsi: XVI əsrdə Kopernikin dünyanın heliosentrik sisteminin kəşfindən XIX əsrdə fotoqrafiyanın və spektral analizin kəşfinə qədər olan düvrü əhatə edir;

IV. Kosmik mərhələ: 1957-ci ildə Yerin ilk süni peykinin buraxılmasından bu günə qədər olan dövrü əhatə edir.

5. Astronomiyanın digər elmlər arasında yeri Astronomiyanın digər təbiət elmlərinin inkişafında böyük rolu olmuşdur. Göy cisimlərində müvcud olan bəzi fiziki şəraiti yer laboratoriyalarında almaq mümkün olmur. Ona görə göy cisimlərindəki fiziki şəraiti öyrənməklə onu Yerdə gedən proseslərə də şamil etmək olar. Məsələn, maddənin yüksək temperatur və yüksək sıxlıq şəraitində halı ulduzlarda aşkar edilmiş və sonra Yer şəraitində də öyrənilməyə başlamışdır. Helium elementi ilk dəfə Günəşdə, sonra isə Yerdə kəşf olunmuşdur. Astronomiyanın böyük fəlsəfi əhəmiyyəti də vardır. Insan yaşadığı Kainatı dərk etmək üçün astronomiyanı öyrənməli və Kainatda öz yerini bilməlidir. Bəzi göy hadisələrinin, məsələn, Günəş və Ay tutulmalarının mahiyyətini öyrənməklə insanlıq əsrlər boyu yaşadığı vahimələrdən azad olmuşdur.

Göy cisimlərinin hərəkət qanunlarını bilmədən kosmik uçuşlar mümkün olmazdı. Müasir aviasiyanı və naviqasiyanı da astronomiyasız təsəvvür etmək olmaz.

Beləliklə, astronomiya digər dəqiq elmlərlə sıx əlaqədardır, onların üsullarından və əldə etdikləri nəticələrdən istifadə edir və onların da inkişafına təkan verir. Astronomiyanı digər dəqiq elmlərsiz, digər dəqiq elmləri də astronomiyasız təsəvvür etmək olmaz.

C.M.Quluzadə

4 şərh

mr13
Bugündən kayzen.az-da yeni Astronomiya bloqu fəaliyyət göstərir. Ümidvaram ki, hamıya maraqlı olacaq.
Elvin85
Maraqlananlar üçün bu linkdə mini test var astronomiyaya aid, tələbə vaxtı maraq üçün düzəltmişdim: http://bilikli.net/astro1-20.php
Erudit
sevdiyim sahəyə müraciət etdiyincün təşəkkürlər.