Günəş sistemi planetləri

Planetlər Günəş ətrafında hərəkət edir. Onlar Günəşdən müxtəlif məsafədə yerləşirlər. Planetlərin hər biri özünəməxsus xüsusiyyətlərə malikdir.
  • Neptun – səthinin temperaturu -218 °C-yə qədər enir. Qazlardan təşkil olunmuşdur. Günəş ətrafında tam dövrəni 164 Yer ilinə başa vurur. 14 peyki var. Onlardan ən böyüyü Tritondur.
  • Uran – səthinin temperaturu -214 °C-yə çatır. 84 Yer ilinə Günəş ətrafında dövr edir. Səmada göy rəngdə görünür. Bu, planetin metan qazı ilə əhatə olunması ilə əlaqələndirilir. 27 peyki var. Ən böyüyü Titandır.
  • Saturn – sətrafındakı halqalar qaz, buz və daş parçalarından ibarətdir. Səmada asanlıqla seçilir. Səthin temperaturu -178°C-dir. 62 peyki var. Roma mifologiyasına görə, əkinçilik tanrısıdır. Bu planetdə bir ilin uzunluğu təqribən 29 Yer ilidir. Saturnda günün uzunluğu 10 saat 14 dəqiqədir
  • Yupiter – Günəş sisteminin ən böyük planetidir qaz tərkiblidir. Səthdə temperatur -140 °C olur. Roma mifologiyasında səma tanrısıdır. Yunan mifologiyasındakı Zevs tanrısına uyğun gəlir.Güclü küləklərin sürəti saatda 600 km-ə çatır. Ona görə də zolaqlı kimi görünür. 67 peyki var. İo peykində vulkanların püskürdüyünü ilk dəfə, azərbaycan astronomu Nazim İbrahimov müəyyən etmişdir.
  • Mars — səmada qırmızı rəngdə görünən planetdir. Yunan mifologiyasında müharibə tanrısı hesab edilir. Marsın atmosferi karbon qazından ibarətdir. Gündüz Günəşə çevrilən tərəfində isti, əks tərəfdə isə -70°C soyuq olur. 687 günə Günəş ətrafında dövr edir. Marsın iki peyki var. Burada ən böyük dağ olan Olimpin hündürlüyü 25 km-ə çatır. Amerika kosmik tədqiqatlar mərkəzi (NASA) Marsı gələcəkdə insanlar üçün əlavə yaşayış məskəni hesab edir.
  • Yer — Günəş sistemində həyatın, atmosferin və suyun mövcud olduğu yeganə planetdir.
  • Venera – Yunan mifologiyasına görə, Venera məhəbbət və gözəllik tanrısıdır. Günəş və Aydan sonra səmada müşahidə olunan ən parlaq göy cismidir. Şərqdə Dan və ya Zöhrə ulduzu adlandırılır. 243 günə Günəş ətrafında dövr edir. Karbon qazından ibarət atmosferi vardır. Planetin gündüz Günəşə tərəf olan hissəsi +475 °C qızır, əks tərəfi isə -105 °C soyuyur.
  • Merkuri — öz oxu ətrafında həddindən artıq yavaş fırlanır. Planetin gündüz Günəşə tərəf olan hissəsi +470°-480°C-dək qızır, əks tərəfdə isə temperatur -170°C olur. Roma mifologiyasına görə, səyahət, ticarət tanrısı hesab edilir. Zəif atmosferə malikdir. Bir ilinin uzunluğu 88 gündür. Səthi nəhəng çökəkliklərdən və kraterlərdən təşkil olunmuşdur. N.Gəncəvi adına da krater var.

Planetlərin Günəş ətrafında dövr etmə müddəti Günəşdən uzaqlaşdıqca artır.
Günəş sisteminə daxil olan planetlər (yunan dilində planasthai, “gəzişmək" sözündəndir) Günəş ilə müqayisədə çox kiçikdirlər. 12 756 km diametrə malik olan Yer kürəsi Günəşdən 109 dəfə kiçikdir. Hətta ən böyük planet olan Yupiterin də diametri Günəşin diametrinin 1/10 hissəsini təşkil edir. Yer kürəsindən Günəşə olan məsafə təxminən 150 milyon km-ə bərabərdir.

Planetləri Günəşdən uzaqlığına, böyüklüyünə, kimyəvi tərkiblərinə, sıxlığına və fırlanma müddətinə görə 2 qrupa ayırırlar: daxili və xarici planetlər. Daxili planetlərə – Yer tipli planetlər də deyilir. Bu qrup planetlərə Merkuri, Venera, Yer və Mars daxildir. Onlar bərk maddələrdən, metallardan, su və qazlardan ibarətdir. Bu planetlər Günəşə yaxın yerləşirlər.
Yupiter, Saturn, Uran, Neptun xarici planetlər qrupuna daxildir. Bu planetlərin tərkibi hidrogendən təşkil olunmuş nəhəng qaz kütləsindən ibarətdir. Günəşdən uzaqda yerləşir və daha sürətlə fırlanırlar.

Günəşdən Yer kürəsinə qədər olan məsafə bir astronomik vahid və ya 1 AV adlanır.  Məsələn: Yer kürəsi – 150 milyon km. Mars 150 x 1,52 = 228 milyon km.

 

0 şərh