Atmosferin tərkibi

Yer kürəsinin qaz təbəqəsinə atmosfer deyilir, atmosfer yunan sözü olub, “atmos”, buxar, hava, “sfer” şar deməkdir. Digər sözlə, yer kürəsinin qaz təbəqəsi deməkdir. Atmosfer bir-birinə kimyəvi təsiri olmayan, qazların mexaniki qarışığından ibarətdir. Atmosferin yerə yaxın hissəsindəki quru havanın  tərkibi aşağıdakı qaz­lardan ibarətdir: həcminə görə azot 78,09 %, arqon – 0,94 %, karbon qazı – 0,03 % və çox cüzi miqdarda, neon, kripton, ksenon, helium, ammonyak qazları daxildir.

Aparılan tədqiqatlardan belə məlum olmuşdur ki, atmosferin 18,5 km hün­dür­lükdəki havanın tərkibində — 78,13 % azot, 20,95 %, oksigen, 0,92 % arqon qazı müəyyən edilmişdir ki, bu da havanın yerə yaxın hissəsinə uyğun gəlir.

Karbon qazının faizləri, atmosferin 4 km hündürlüyünə qədər təsadüf edilir. O, yuxarı qalxdıqca azalmağa başlayır. Qazlardan başqa havanın daxilində daimi surətdə tozcuqlar olur. Toz, küləklər vasitəsilə yer səthindən qaldırılıb, uzaq məsa­fələr və yüksəkliklərə aparılır. Yağışdan qabaq, çöl və səhralarda tez-tez tufanlar müşahidə olunur. Toz hər zaman və hər yerdə hava içərisində üzür.

Atmosferin tərkibində su buxarı vardır ki, bu da qaz şəklində olub, havadan seçilmir. Su buxarı havanın tərkibinə çox əhəmiyyətsiz bir miqdarda daxil olur. Buna baxmayaraq, atmosferdə su buxarının mövcud olmasının meteoroloji və iqlimcə əhəmiyyəti vardır. Su buxarı, havanı bir növ nəmləndirərək, yüngül və temperatur dəyişməsi təsirinə az tutulan hala salır. Su buxarının mənbələri- vasitəsiz olaraq su səthindən, torpaqdan və bitki örtüklərindən daimi əmələ gələn buxarlanmadır.

Su buxarları havada bir çox fiziki proseslərin baş verməsinə səbəb olur. O, havada münasib temperaturun təsirindən sıxlaşaraq su damcılarına; buz kristal­cığına keçməklə, yağış, qar və s. yağıntıları əmələ gətirir.

Atmosferin tərkib hissələrinin kənd təsərrüfatında rolu

Havanın tərkibindəki azot, bitkilər tərəfindən bilavasitə mənimsənilmir. Bu­na görə onlara lazım olan azot gübrə şəklində daxil edilir. Paxlalı bitkilərin əksə­riyyəti köklərindəki bakteriyaların vasitəsi ilə havadakı sərbəst azotu alırlar. Bu bakteriyalar məhv olandan sonra onların hüceyrələrində toplanmış azot torpaqda çürüntü halına keçdikdən sonra minerallaşaraq bitkilərin qidalanmasdı üçün isti­fadə edilir.

Oksigen isə çox fəal bir qazdır. O, demək olar ki, bütün maddələrdə birləşir, oksidləşmə, yanma, üzvi maddələrin çürüməsi və parçalanmasında aktiv rol oynayır.

Karbon qazı bitkilərin yaşıl hissələri tərəfindən udulur. Qeyd etmək lazımdır ki, havada olan karbon qazının orta faizi bitkilər üçün kafi sayılmır. Müşahidələr göstərmişdir ki, bitkilərin ətrafında karbon qazının miqdarı artarsa, fotosintez prosesi sürətlənər. K.A.Timityazyevin rəyinə görə havada karbon qazı 8 % olarsa, bitkilərin böyüməsi sürətlə getməkdən əlavə, məhsuldarlığı da artır.

Havada çox cüzi miqdarda ozon qazı da vardır. Bu qaz tufanlar və elektrik boşalması zamanı oksigenin sıxlaşmasından əmələ gəlir.

Ozon atmosferdən keçən ultrabənövşəyi şüaları udaraq, insan və heyvanın gözlərini həmin şüaların zərərli təsirindən qoruyur. Ozon aktiv qaz olaraq, çürümə, parçalanma və başqa proseslərə kömək edir.

Toz havanın şəffaflığını azaldır, havanı qurudur, tozlar arasında daimi bak­teriyalar və kif göbələkləri olur. Onlar havaya təsir etmirlər, lakin əlverişli şəraitdə insan, heyvan sağlamlığı və bitkilər üçün zərərli olurlar.

Havadakı toz quraqlıq zamanı bitkilərin qönçə və çiçəklərinin üzərinə qo­naraq, onların fəaliyyətin ə mənfi təsir edir.

Torpaqda olan hava. Torpaqda olan hava,atmosfer havasından fərq­lə­­­nir.

Çünki, torpaq havası sərbəst olaraq hərəkət etməyərək,böyük həcmdə də bir-birinə qarışmır.Torpaqda arası kəsilmədən bir çox mikrobioloji proseslər gedərək, bəzi qazlar əmələ gəlir ki, bu da torpaq havasını müəyyən dərəcədə fərqləndirir.

Atmosferlə torpaq arasında qaz mübadiləsi

Hava təzyiqinin dəyişməsinə görə, atmosfer ilə torpağın daimi qaz müba­di­ləsi baş verir. Atmosfer təzyiqi az olanda qaz torpaqdan xaric olur, əksinə təzyiq çox olanda isə havadakı qaz torpağa daxil olur. Torpağın isinməsi qaz mübadi­lə­sinə təsir edir. Torpaq isindikdə karbon qazı xaric olur, soyuduqda isə karbon qazı keçir.

Torpağın qaz mübadiləsinə (aerasiya) külək, yağmur və s. təsir edir. Yağış dü­şən zaman, torpaqdan hava xaric olur, əvəzinə isə atmosferdən torpağa hava daxil olur. Göstərdiyimiz faktorlar torpağın qaz mübadiləsinə ayrı-ayrılıqda, yaxud birgə təsir edirlər.

Fiziki quruluşuna yaxşı malik olan strukturalı torpaqlarda, qaz mübadiləsi keyfiyyətli olur, əksinə qaysaqlı, yatmış, bərkimiş, strukturasız torpaqlarda isə ha­va­lanma prosesi zəif gedir. Qaz mübadiləsinin bitkilər üçün böyük əhəmiyyəti vardır. Bu zaman torpaqda artıq olan karbon qazı xaric olur, əvəzinə kök sistemi oksigen ilə yaxşı təmin olur.

 

0 şərh