Daimi və mövsümi küləklər

Yer səthinin qeyri-bərabər qızması, materiklər və okeanlar üzərində müxtəlif atmosfer təzyiqi sahələrinin olması nəticəsində havanın hərəkəti baş verir. Hava axınları daimi olaraq yüksək təzyiq sahələrindən alçaq təzyiq sahələrinə doğru yerini dəyişir. Bu küləklərə daimi küləklər deyilir. Onlar Yer kürəsini əhatə edir və atmosferin ümumi dövranının mühüm tərkib hissəsidir. Daimi küləklər hərəkət zamanı istiqamətini dəyişir. Yerin öz oxu ətrafında fırlanması nəticəsində yaranan meyletmə – Koriolis qüvvəsinin təsiri ilə üfüqi istiqamətdə hərəkət edən hava axınları Şimal yarımkürəsində sağa, Cənub yarımkürəsində isə sola meyil edir. Ekvatordan uzaqlaşdıqca küləklərin meyiletməsi artır.
 
Passat küləkləri tropik enliklərin yüksək təzyiq sahələrindən ekvatorial alçaq təzyiq sahələrinə doğru əsir. 

Yerdə atmosferin ümumi dövranı
Tropik enliklərin yüksək təzyiq sahələrindən mülayim enliklərin alçaq təzyiq sahələrinə doğru (45- 60° enliklərə) əsən küləklər isə qərb küləkləri adlanır. Şimal mülayim qurşaqda qərb küləkləri Avrasiyada Ural dağlarına qədər bol yağıntı gətirir. Antarktida materikinin ətrafında qərb küləkləri soyuq Qərb küləkləri cərəyanını yaradır. Qərb küləkləri Alyaska və Çilinin cənub-qərb qurtaracağında bol yağıntıların düşməsinə səbəb olur.
 
Qütblərin yüksək təzyiq sahələrindən mülayim enliklərdəki alçaq təzyiq sahələrinə doğru Şimal yarımkürəsində şimal-şərq küləkləri, Cənub yarımkürəsində isə cənub-şərq küləkləri əsir.
Atmosferin ümumi dövranı
İl ərzində materiklər və okeanlar qeyri-bərabər qızır, fəsillər üzrə onların üzərində atmosfer təzyiqi sahələri yerini dəyişir. Bu, musson küləklərinin (ərəbcə mövsüm) yaranmasına səbəb olur. Yayda quru tez qızdığına görə onun üzərində alçaq təzyiq sahəsi yaranır. Nəticədə hava axınları okeanlardan quruya yönəlir. Buna yay mussonu deyilir. İyuldan oktyabra qədər davam edən yay mussonları Şərqi, Cənub-Şərqi və Cənubi Asiyada hakim olur. Musson küləkləri Xuanxe, Yantszı, Mekonq, Qanq, Amur və Brahmaputra çaylarının rejiminə, regionda çəltikçiliyin inkişafına böyük təsir göstərir.
Qışda Avrasiya üzərində yüksək təzyiq sahəsi yaranır. Bu halda hava axınlarının istiqaməti materikdən okeanlara yönəlir və qış mussonu yaranır. 

Mənbə: Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün COĞRAFİYA dərsliyi
Müəlliflər: Zakir Eminov, Qabil Səmədov, Aygün Əliyeva

0 şərh