Siklon və antisiklonlar

Mülayim enliklərdə yaranan hava axınlarında siklonlar və antisiklonlar mühüm rol oynayır. Siklonlar atmosferin qapalı alçaq təzyiq sahəsində əmələ gəlir. Hava kənardakı yüksək təzyiq sahəsindən mərkəzdəki alçaq təzyiq sahəsinə yönəlir. Yerin öz oxu ətrafında fırlanması nəticəsində küləklər Şimal yarımkürəsində saat əqrəbinin hərəkət istiqamətinin əksinə, Cənubda saat əqrəbinin hərəkət istiqamətində əsir. Siklon yaranarkən temperatur kəskin dəyişir, buludluluq artır və yağıntı düşür.
 
Tropik siklonlar okeanların üzərində yaranan tropik hava kütləsinin yay aylarında ekvatordan ən çox uzaqlaşdığı sahələrdə baş verir. Tropik siklonlar dənizlərdə güclü dalğalanmaya səbəb olur, quruya hərəkət edərkən yaranan güclü küləklər və leysan yağışları böyük dağıntılar əmələ gətirir. Cənubi və Cənub-Şərqi Asiyada onlar tayfun, Amerikada tufan (qasırğa) adlanır. 
Siklonların yarandığı ərazilərdə smerç (tornado) formalaşır. Smerç – havanın güclü qızması zamanı yuxarı qalxan hava axınları nəticəsində topa-yağış buludlar sahəsində yaranan atmosfer burulğanıdır. Onlar ABŞ-ın cənubunda əmələ gəlir və tornado adlanır. Tornado yüksək sürətlə xortum formasında hərəkət edərək böyük dağıntılara səbəb olur.
 
Antisiklonun mərkəzində atmosfer təzyiqi normal təzyiqdən (760 mm c.st.) yüksək olur, hava axınları mərkəzdən kənara yönəlir. Havanın hərəkəti Şimal yarımkürəsində saat əqrəbinin hərəkəti istiqamətində, Cənub yarımkürəsində əksinə olur. Antisiklonda hava aşağı hərəkət etdiyinə görə doyma vəziyyətindən uzaqlaşır və yağıntı vermir, mərkəzində sakit hava olur və buna şəlakət deyilir. Antisiklonlar subtropik enliklərdə və Antarktida üzərində, qışda materiklərin mülayim enliklərində əmələ gəlir.
 
Azərbaycanda hava şəraitinin formalaşmasına dünyanın müxtəlif regionlarından gələn hava axınları böyük təsir göstərir. Qışda yüksək atmosfer təzyiqi sahəsində yerləşən Kara və Barens dənizlərindən kontinental arktika hava kütlələri gəlir. Şpitsbergen və Qrenlandiya adalarından dəniz-arktika hava kütlələri daxil olur.
 
Mülayim enliklərdə yerləşən Azor antisiklonu sahəsindən gələn mülayim dəniz hava kütlələri il ərzində temperaturun azalmasına, yağıntıların artmasına səbəb olur. Avrasiyanın mərkəzi hissələrindən mülayim-kontinental hava axınlarının daxil olması ilə temperatur azalır, az yağıntı düşür. Aralıq dənizi və Kiçik Asiyadan gələn cənub siklonları yağıntı gətirir. Yayda havanın temperaturunun artması və quraq keçməsi Şimali Afrika və Ərəbistan yarımadasından gələn tropik hava kütlələri ilə əlaqədardır. Xəzər dənizindən keçməklə Mərkəzi Asiyadan gələn kontinental hava axınları yayda isti, qışda soyuq və quru havanın yaranmasına səbəb olur. 

Mənbə: Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün COĞRAFİYA dərsliyi
Müəlliflər: Zakir Eminov, Qabil Səmədov, Aygün Əliyeva
 

0 şərh