Günəş radiasiyası və İqlim

Havanın temperaturu iqlim göstəricilərindən biri olub, ilk növbədə, Günəş enerjisindən asılıdır. Yer kürəsində baş verən əksər proseslərin (meteoroloji, hidroloji, bioloji və s.) mənbəyi Günəş enerjisidir. Günəşdən Yer atmosferinə qədər gəlib çatan Günəş şüalarının bir hissəsi (34%-i) əks olunaraq kosmosa qayıdır, qalanları isə atmosferə daxil olur. Onların bir hissəsi (təqribən 19%) udulur və səpələnir, qalan hissəsi Yer səthinə çatır. Səthə düşən enerjinin müəyyən qədəri onun qızmasına və buxarlanmaya sərf olunur. Günəşin şüalandırdığı enerji Günәş radiasiyası adlanır (lat.“radiatio” – şüalanma, işıq).

Yer səthinə birbaşa çatan şüalar düz radiasiya adlanır. Onlar səthdə kölgə yaradır. Tropik və qütb səhralarında düz radiasiya hakimdir. Düz radiasiyanın bir hissəsi atmosferdən keçərkən su buxarı, bulud, aerozollar tərəfindən səpələnərək Yer səthinə müxtəlif istiqamətlərdən daxil olur ki, belə radiasiya sәpәlәnәn radiasiya adlanır. O, havanın çox rütubətli və buludlu olduğu ərazilər üçün səciyyəvidir. Düz və səpələnən radiasiyanın cəmi ümumi radiasiya adlanır.

Günəş radiasiyasının miqdarı kalori ilə (kkal/sm²/dəq) ölçülür. Ümumi radiasiyanın illik kəmiyyəti ekvatorboyu ərazilərdə 140–145, tropiklərdə 200–220, mülayim enliklərdə 100–140, qütblərdə 50–60 kkal/sm2 dəq.-ə bərabərdir.

Günəş radiasiyasının illik miqdarı əksər hallarda düzənlikdən orta dağlığa doğru azalır. Bunun səbəbi buludluluğun artmasıdır. Lakin orta dağlıqdan yüksək dağlığa doğru yenidən artır. Çünki yüksək dağlıqlarda buludluq azdır.

Düz və səpələnən radiasiyanın kəmiyyəti və il ərzində dəyişməsi iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə əkinçiliyin yerləşdirilməsində nəzərə alınır. Günəşin düz radiasiyası insan orqanizmində D vitamininin yaradıcısıdır. Bitkilərin məhsuldarlığı bilavasitə Günəş enerjisindən asılıdır.

Bu maraqlıdır: Pambıq bitkisi Günəş istiliyinə çox tələbkardır. Onun yarpaqları günəş şüalarına perpendikulyar dayanmaqla daha çox enerji alır. Pambıq cərgələri tarlada qərbdən-şərqə doğru əkilir. Bununla da kollar günorta vaxtı kifayət qədər işıq və istilik ala bilir. Təcrübələr göstərir ki, kölgədə qalan pambıq tarlasında bir kolda 23 qoza, günəşli sahədə əkilən kolda isə 34 pambıq qozası əmələ gəlir.

Günəş radiasiyasının çox qəbul olunması mənfi fəsadlar da törədə bilir. Açıq havada işləyənlər arasında tez-tez günvurma hadisələri baş verir. Buna görə də yoltikinti işləri, əkinçilik fəaliyyəti ilə məşğul olanların iş qrafikində dəyişiklik edilir.

Yer səthinə çatan ümumi Günəş radiasiyasının müəyyən miqdarı əks olunur, qalanı isə səthin rəngindən, istilik tutumundan asılı olaraq səthin qızmasına, buxarlanmaya sərf olunur. Suyun istilik tutumu çox yüksəkdir. O, günəş istiliyinin 95%-ni udur, 5%-ni isə əks etdirir.

Mənbə: Coğrafiya – 9. Ümumtəhsil məktəbləri üçün dərslik.
Müəlliflər: Elbrus Əlizadə, Nərminə Seyfullayeva, İrkən Aktoprak, Yelena Şabanova

 

0 şərh