Atmosfer təzyiqi,külək,hava kütlələri

Havanın yer səthinə və cisimlərə etdiyi təsirə atmosfer təzyiqi deyilir.Atmosfer təzyiqi barometr və ya barometr-aneroid cihazı ilə ölçülür. Normal atmosfer təzyiqi 760 mm c. st-dur.  İqlim xəritələrində eyni təzyiqli nöqtələri birləşdirən xətlər izobar adlanır. Havanın temperaturu kimi atmosfer təzyiqi də iki istiqamətdə dəyişir:  
*    Şaquli istiqamətdə - yer səthindən yuxarı doğru qalxdıqca cazibə qüvvəsinin azalmasına görə təzyiqin azalması (barik pillə);   
*    Üfüqi istiqamətdə -Yerin qeyri-bərabər işıqlanması(termik) və öz oxu ətrafında fırlanmasına görə ( dinamik) təzyiq qurşaqları formalaşır.
1.Alçaq təzyiq qurşaqları:                                                      
*    Ekvatorial;           
*    Şimal və cənub mülayim.                                                      
2.Yüksək təzyiq qurşaqları:
*    Şimal və cənub tropik;  
*    Şimal və cənub qütb .    

Külək

Troposferdə yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru havanın üfüqi istiqamətdə hərəkətinə külək deyilir.
Küləyin əsas göstəriciləri:
*    İstiqaməti - külək haradan əsirsə, onu üfüqün həmin cəhətinə görə adlandırırlar.
*    Sürəti - m/san, km/saat
*    Gücü - Bofort şkalası üzrə 0-12 balla qiymətləndirilir. Küləyin gücü onun sürəti ilə düz mütənasibdir.
Küləyin istiqamətini və sürətini flügerlə, gücünü isə anemometrlə ölçürlər.   
Məhəldə hakim küləyin istiqamətini müəyyən etmək üçün “külək gülü” qrafiki qurulur. Qrafikdə küləkli günlər xətlərlə işarə olunur və küləksiz günlərin sayı mərkəzdə yerləşən dairənin içərisində yazılır.
Küləklər əsmə müddətinə görə üç qrupa bölünür:
*    Yerli küləklər - müəyyən ərazi üçün xarakterik olan küləklərdir. Məsələn, briz (sahil  küləyi), dağ-dərə, fion (dağdan əsən isti külək), xəzri, gilavar, ağ/qara yel (isti və quru küləklər) və s.      
*    Mövsümi küləklər - mussonlar okean və quru sahələri arasında əsən və il ərzində istiqamətini iki dəfə (yayda okeandan quruya,  qışda isə əksinə ) dəyişən küləklərdir. Cənubi,  Cənub-Şərqi və Şərqi Asiyanın iqlimində  musson küləkləri əhəmiyyətli rol oynayır.   
*    Daimi küləklər - ilboyu istiqamətini dəyişməyən  passat, qərb və qütb (şimal-şərq və cənub –şərq) küləkləridir . Yer öz oxu  ətrafında fırlandığı üçün daimi küləklər şimal yarımkürəsində sağa, cənub yarımkürəsində  isə sola meyl edir.

Troposferdə eyni fiziki-coğrafi xüsusiyyətlərə malik olan böyük həcmli hava hissəsi hava kütləsi adlanır.Hava kütləsinin dörd əsas tipi var:  
*    Ekvatorial hava kütlələri yüksək temperaturu və ifrat rütubətliliyi ilə xarakterikdir.
*    Tropik hava kütlələri də yüksək temperaturu ilə səciyyələnir və rütubətliliyinə görə iki yarımtipə bölünür:
a) dəniz tropik- rütubətli;  b) kontinental tropik-quraq.
*    Mülayim hava kütlələri iki yarımtipə bölünür:
a) dəniz mülayim-rütubətli; b)kontinental mülayim-quraq.
*    Arktik hava kütlələri alçaq temperatur və az rütubətliliyi ilə seçilir. İki yarımtipə bölünür:
a) dəniz arktik-quraq və şəffaf ; b) kontinental arktik-nisbətən rütubətli.
Qeyd: Antarktik hava kütlələri materik üzərində formalaşdığına görə daha kəskin soyuq və quraq  olur və yarımtiplərə bölünmür.             

Hava kütlələrinin sərhədlərində atmosfer cəbhələri yaranır. İki cür olur:    
*    İsti cəbhə - isti və rütubətli havanın soyuq havanı geri çəkilməyə məcbur etməsi nəticəsində yaranır. Buludlar tədricən   formalaşaraq laylı buludlara çevrilir.
*    Soyuq cəbhə - soyuq havanın isti havanı sıxışdırmasından yaranır. Bu halda isti  hava sürətlə yuxarıya qalxır. Nəticədə daha çox topa buludların və leysan xarakterli yağıntıların yaranmasına səbəb olur, tez-tez ildırım və şimşək çaxır.

Siklon və antisiklonlar
Troposferdə diametri bir neçə min km -ə çatan nəhəng atmosfer burulğanları siklon (yunanca “fırlanan”) və antisiklon adlanır. Siklonun mərkəzində təzyiq alçaq antisiklonun mərkəzində isə yüksək olur.  Siklonda havanın hərəkəti kənarlardan mərkəzə, antisiklonda isə mərkəzdən kənarlara doğru yönəlir.
Siklonda hava küləkli, buludlu və yağıntılı, antisiklonda isə əksinə olur.                        
Antisiklonun mərkəzindəki tam sakit hava şəlakət adlanır.Tropik qurşaqda formalaşan bəzi siklonlarda  təzyiq fərqinin daha  böyük olması qasırğaların (tayfun, tornado) yaranmasına səbəb olur.
Həmçinin bax:
Atmosfer sirkulyasiyası
loading...

1 şərh

Ferbara
Coğrafiyanı təkrarlamış oldum. Təşəkkür,  luminat.