Atmosferin quruluşu

Yeri əhatə edən hava təbəqəsi atmosfer (yunanca «atmos»-buxar, «sfera-təbəqə deməkdir) adlanır. Atmosferin qalınlığı 3000 km olub, Yer kürəsi ilə birlikdə fırlanır. Atmosfer 78% azot, 21% oksigen, 0.03% karbon və s. qazlardan ibarətdir. Arxey və Proterezoy eralarında bitki örtüyü seyrək olduğundan havada oksigen çox az olmuşdur. Atmosfer 5 qatdan ibarətdir:
1. Troposfer- atmosferin alt qatı olub, orta qalınlığı 11 km, ekvatorda 17-18 km, mülayim enliklərdə 10-11 km, qütblərdə 7-8 km-dir. «Hava fabriki» adlandırılan troposferdə hündürlük artdıqca temperatur və təzyiq azalır. Yerin cazibə qüvvəsinin təsiri nəticəsində atmosfer kütləsinin 80%-i troposferdə cəmləşib. Troposferdə külək əsir, bulud yaranır, yağıntı düşür. Günəş şüalarının yer səthini qeyri-bərabər qızdırması, gecə və gündüzün növbələşməsi, Günəş istiliyi və işığının udulma və əks olunma dərəcəsi troposferdə havanın temperaturunun dəyişməsinə təsir edən əsas amillərdir.
Atmosferin qatları 2. Stratosfer - troposferin üzərində yerləşib, qalınlığı 55 km-ə qədərdir. Stratosferdə su buxarı olmadığından burada bulud da yaranmır. Stratosferdə 15-35 km arasında qalınlığı 20 km olan Ozon qatı yerləşir. Ozon qatı Yerdəki canlıları məhvedici cod kosmik süalardan və Günəşin ultrabənövşəyi süalarından qoruyur. 1986-cı ildə Antarktida üzərində, 2-3 il sonra subtropik qurşaqda, 1992-cı ildə mülayim qurşaq üzərində ozon qatının deşilməsi müşahidə edilib. Ozon qatının nazilməsinə səbəb hərbi təyyarələrin çox yüksəkdən uçması, atmosferdə kükürd qazının artması, soyuducu və aerozollarda freon qazından istifadədir. Bu səbəbdən ozon qatı ildə 5-7% azalır.
3. Mezosfer - stratosferin üstündə 55-80 km arasında yerləşir. Mezosferdə qütb parıltısı olur.
4. Termosfer - mezosferin üzərində 80 km-dən 800-1000 km arasında yerləşir. Bu qat Günəşin zərərli rentgen süalarını udaraq,onların yerə düşməsinin qarşısını alır. Bu qat bəzən ionosfer adlandırılır.
5. Ekzosfer -ən üst təbəqə olub, 3000 km-ə qədər davam edir.

Atmosferin əhəmiyyəti. Atmosfer gündüz Yer səthinin həddən artıq qızmasının, gecə isə tez soyumasının qarşısını alır. Əgər atmosfer olmasaydı Yerin orta temperaturu indikindən 38°C aşağı olardı. Insan atmosfersiz 4 dəqiqədən artıq yaşaya bilməz. Atmosfer Yerdə – enerji, maddələr və qaz dövranının həyata keçməsində mühüm rol oynayır. Yerdə suyun olmasına səbəb olur. Məhz atmosferdə bulud yaranır və yağıntı düşür. Atmosfer olmasaydı Günəş şüaları səpələnməz, səs yayılmazdı. Kosmosdan gələn meteoritlər atmosferə daxil olduqda hava ilə sürtülərək alışıb yanır və əksəriyyəti Yerə çatmır.
Atmosferin çirklənməsi 2 yolla - təbii (vulkan püskürməsi, meşə yanğınları) və insanın təsərrüfat fəaliyyəti nəticəsində baş verir. Ozon qatının deşilməsi, «istixana effekti» (havada karbon qazının çoxalması hesabına temperaturun artması), turşulu yağışlar ( havada kükürd qazının çoxalması nəticəsində) atmosferin qlobal çirklənməsi nəticəsində yaranan problemlərdir. Bu problemləri aradan qaldırmaq üçün - sənaye müəssisələrində təmizləyici qurğularından istifadə etmək, tullantısız texnologiyaya keçmək, atmosferə karbon və s. zərərli qazların atılmasının qarşısını almaq lazımdır.

loading...

2 şərh

SHATENKA407
atmosfer necə də mühüm əhəmiyyət daşıyır həyatımızda
Ramil
Hər bir atmosfer qatı yağış əmələ gətirilməsindəki iştirakından şüaların keçməsini qorumağa qədər, radiodalğaların əks etdirilməsindən meteoritlərin zərərsizləşdirilməsinə qədər öz üzərinə düşən tapşırıqları yerinə yetirir.