Atmosferin ümumi sirkulyasiyası

Planetar küləklər. Troposferin eyni xassələrə malik böyük həcmli havasına – hava kütləsi deyilir. Hava kütləsi müxtəlif səth örtükləri üzərindən keçərkən onların fiziki xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, okean üzərində hərəkət edən hava kütləsi rütubətli; səhra üzərində hərəkət edən hava quru, isti və tozlu; qar və buz örtüyü üzərində formalaşan hava soyuq, quru və şəffaf olur. Hava kütlələri daxil olduqları ərazinin havasının uzun müddət dəyişməsinə səbəb olur. Temperaturuna görə hava kütlələri isti və soyuq olur. Yer kürəsində 4 hava kütləsi var:

  1. Ekvatorial- isti, rütubətli və bol yağıntılı;
  2. Tropik- isti və quru;
  3. Mülayim- rütubətli və sərin;
  4. Arktik (Antarktik)- soyuq və quru.

Rütubətlənmə dərəcəsinə görə ekvatorial hava kütləsindən başqa, qalan 3 hava kütləsinin hər biri 2 yarımtipə ayrılır:
a) Rütubətli və ya dəniz - su sahəsi üzərində formalaşdığından hava buludlu, rütubətli, yay mülayim və sərin, qış isə yumşaq olur;
b) Quru və ya kontinental - materiklər üzərində formalaşdığından hava quru, aydın, yay isti və quru, qış isə sərt, temperatur amplitudu böyük olur.
Hava kütlələri Yerin Günəş ətrafında fırlanması nəticəsində yayda qütblərə; qışda isə ekvatora doğru meyl edir.
Atmosferin aşağı qatındakı hava kütlələrinin hərəkətinə atmosferin ümumi sirkulyasiyası (və ya dövranı) deyilir. O,atmosferin 20 km-lik alt qatını əhatə edir. Tərkibinə - passat, musson, qərb küləkləri, siklon, antisiklon və hava kütlələri daxildir. Atmosfer sirkulyasiyasında yerli küləklər, məsələn: briz, xəzri, gilavar və s. zəif iştirak edir. Atmosfer sirkulyasiyasının yaranmasına səbəb isti ekvatorial havasının yuxarı qalxması, relyefin mürəkkəbliyi və Yerin öz oxu ətrafında fırlanmasıdır. Atmosfer sirkulyasiyası yağıntıların və istiliyin Yer kürəsində paylanmasını müəyyən edir.
ingilis dilində atmosfer dövranınının qrafik təsviriYer kürəsində temperaturun və təzyiqin qeyri-bərabər paylanması nəhəng atmosfer burulğanlarının: siklon və antisiklonların yaranmasına səbəb olur.
Siklon- mərkəzində alçaq, kənarında yüksək təzyiq olan qapali təzyiq sahəsidir. Siklonun mərkəzində atmosfer təzyiqi normal təzyiqdən (760 mm) aşağı olur. Siklonda külək kənardan mərkəzə doğru əsir. Yerin öz oxu ətrafında fırlanması nəticəsində hava Şimal yarımkürəsində saat əqrəbinin əksinə, Cənub yarımkürəsində isə saat əqrəbi istiqamətində olur. Siklonda hava qalxan hərəkətli, küləkli, buludlu, rütubətli və yağıntılı olur. Temperatur azalır.
Antisiklon - mərkəzində yüksək atmosfer təzyiqi olub, kənarlara doğru getdikcə azalması müşahidə edilən qapalı təzyiq sahəsidir. Antiksiklonda hava Şimal yarımkürəsində saat əqrəbi istiqamətində, Cənub yarımkürəsində isə əks istiqamətdə hərəkət edir. Antisiklonda mərkəz tam sakit, kənarlar isə zəif küləkli olur. Hava enən hərəkətli, aydın, buludsuz və yağıntısız olur. Temperatur qışda azalır, yayda isə artır.
Hava kütlələrini bir-birindən ayıran sərhəddə atmosfer cəbhəsi deyilir. Onlar Yer səthinə 10 meylli olub, 10 km-lə uzanır. Üç cür cəbhə olur:
a) Əgər isti hava kütləsi daha fəal olub, soyuq hava kütlələrini geri çəkilməyə məcbur edirsə, bu kütlələr arasındakı cəbhə isti cəbhə adlanır. Lələkli və laylı buludlar yaranır, yağıntı düşür.
b) Əgər soyuq hava kütləsi daha fəal olub, isti hava kütləsini geri çəkilməyə məcbur edirsə, bu kütlələr arasındakı cəbhə soyuq cəbhə adlanır. Topa, topa-yağışlı buludlar yaranır, bol yağıntı düşür, güclü külək əsir.
c) Əgər hava kütlələri bir-birindən kəskin fərqlənmirsə atmosfer cəbhəsi də fəal olmur. Zəif külək əsir, nəzərə çarpmayan rütubət müşahidə olunur. Belə cəbhə stasionar və ya sabit cəbhə adlanır.

loading...

1 şərh

fidan
O düzdürmü ki,passat küləkləri həmişə bir istiqamətdə əsir?