Jeep

Jeep-in tarixi uzaq keçmişə gedib çıxır. 1938-ci ilin əvvəlində ABŞ silahlı qüvvələrinin rəhbərliyi ənənəvi yedəkli motosikletlə əvəz edə biləcək mobil nəqliyyat vasitəsi yaratmağın zəruriliyini dərk etdi. 1939-cu il dekabrın 22-si üçün Willys Overland kompaniyasının rəhbərliyi tezliklə bütün dünyada “Cip” adı ilə məşhurlaşan orijinal konseptin ilk çertyojlarını hazırladı. Bu, yüngül, manevrli və güclü avtomobil olmalı idi.
İkinci dünya müharibəsi qurtardıqdan sonra Willys Overland bu yetirməsini mülki funksiyaların yerinə yetirilməsinə uyğunlaşdırmağı qərara aldı. Bu məqsədlə müəyyən miqdarda avtomobil hazırlandı.
Onları, sadəcə, CJ (Civilian Jeep-in, yəni “mülki cip”in baş hərfləri) adlandırdılar. Bu prototiplər seriyalı modelin yaradılması üçün baza rolunu oynadı, artıq 1945-ci ilin avqustunda model satışa buraxıldı.
Doğrudur, bu, avtomobilin “mülki” olduğunu göstərən zahiri əlamətlər yalnız qatlanaraq yığılan arxa bortdan, avtomobilin şüşəsini silən mexaniki qurğudan və benzin bakı qapağının arxa tərəfdə olmasından ibarət idi.
Kapotda, arxa qapıda və şüşənin ramasında Jeep loqotipi olmalı idi. Amma istehsalın ilk illərində Jeep adından istifadə hüququ ilə bağlı kompaniya “Amerikan Bantam Kar” ilə məhkəmə çəkişməsində olduğu dövrdə avtomobilləri Willys loqotipi ilə hazırlamaq lazım gəlirdi. Lakin artıq 1950-ci ildə kompaniya Jeep adının ona məxsus olmasına nail oldu, 13 iyun 1950-ci ildə isə bu ad əmtəə nişanı kimi qeydə alındı.
1946-cı ildə Willys avtomobil sənayesində mülki məqsədlərlə istifadə üçün mikroavtobus təklif edən ilk kompaniya oldu. Bu avtomobil arxa hərəkətötürücü sistemli idi və salona yeddiyə qədər adam yerləşirdi.
Doğrudur, onun sürət keyfiyyətləri çox da yüksək deyildi (100 km/saat), lakin əsas məsələ onun çətin yerlərdən keçmək qabiliyyətində idi! 1949-cu ildə təqdim olunan tam hərəkətötürücü sistemli variant isə mahiyyət etibarilə müasir Jeep Grand Cherokee-nin sələfi idi. Bu, əsl avtomobillər sülaləsi idi.
1951 - 1963-cü illərdə buraxılmış çoxyerli “cip”in – Station Wagon modelinin timsalında Jeep avtomobilləri daha da təkmilləşdirildi. Onun konstruksiyası və zahiri cizgiləri ilk Wagoneer-in istehsalında istifadə olundu, Wagoneer isə sonradan “cip”lərin sələfi oldu.

1953-cü ildə firmaya yeni ad – Willys Motors adı verildi. Xoşbəxtlikdən Jeep bölməsi yeni kompaniyanın tərkibində qaldı. Willys-ə isə yalnız yüngül minik avtomobillərinin istehsalı verildi.
1960-cı illər, çox güman ki, Jeep-in tarixində ən mühüm dövr oldu: məhz bu dövrdə ofrouderlərinin bazarı (SUV) formalaşdı. Firma hələ 1950-ci illərin ortalarında təkər formulu 4x4 olan yeni avtomobil layihələrini fəal surətdə tədqiq etməyə və istehsal üçün hazırlamağa başladı. Bu proqram özünün ilk bəhrəsini 1962-ci ilin payızında verdi, həmin ildə tamamilə yeni Jeep Wagoneer (universal) işıq üzü gördü, o, əvvəl istehsal olunan modellərdən əsaslı surətdə fərqlənirdi. Bu model J seriyasına aid idi və istər tam, istərsə də natamam hərəkətötürücü sistemlə təchiz olunmuşdu.

1954-cü ildə “mülki cip”in sayca beşinci versiyası – CJ5 işıq üzü gördü. Tam hərəkətötürücü sistemli bu avtomobil o qədər uğurlu alındı ki, 1983-cü ilədək konveyerdən düşmədi, doğrudur, arada onun mühərriki, asqısı və transmissiyası dəyişdirildi.
Yeri gəlmişkən, hələ 1949-cu ildə CJ “mülki cipləri” seriyası Universal adlandırılırdı. 2,79 metrlik təkər bazasına malik 2 və 4 qapılı Wagoneer modeli avtomatik ötürücü qutulu ilk yük və sərnişin avtomobili idi; minik avtomobilinə xas olan dizayn və komfort ilə ofrouderə xas olan keyfiyyətlər bu modelin timsalında bir-birini tamamlayırdı. Tam hərəkətötürücülüyü ilə “avtomat” sistemi özündə birləşdirən modeldən sənayedə ilk dəfə istifadə olunurdu. Üstəlik, Wagoneer-ə quraşdırılmış Tornado mühərriki Amerikada üst bölüşdürücü vala malik olan yeganə güc aqreqatı idi.
Yeni seriyası buraxıldıqdan altı ay sonra Willys Overland kompaniyasının varlığına son qoyuldu. Lakin, bu, birbaşa deyil, dolayı mənada son idi. Sadəcə olaraq, 1963-cü ilin sonunda Willys Motor-un adını dəyişdirərək Kaiser Jeep Corporation qoydular. Xoşbəxtlikdən, dəyişikliklər modellərin sırasının genişlənmə sürətini azaltmadı. Öz növbəsində, Wagoneer həmin il qüvvəsi 250 at gücünə bərabər olan V6 Vigiliante mühərrikinin sayəsində əlavə “at gücü” qazandı.

1965-ci ilin dekabrında Jeep dilerləri avtomobil salonlarına Super Wagoneer avtomobilini qoydular və o, Amerikanın doqquz salonunda 11 ay ərzində diqqəti özünə cəlb etdi. Bu avtomobil universal avtomobillər bazarına universal yanaşmanın nəticəsi idi və tam ötürücünün üstünlüklərini daha çox dərk etməyə başlayan alıcı üçün yaradılmışdı. Eleqant zahiri görünüşə malik bu avtomobil J ailəsi üçün ənənəvi olan keyfiyyətlərə – çətin yerlərdən keçmək qabiliyyətinə malik idi. İki ildən sonra Jeep-in bu seriyasına “Hidromatik” avtomat transmissiyasını quraşdırdılar. 1960-cı illərin sonunda firmanın mühəndisləri “Dontles” seriyasından olan növbəti mühərrik yaratdılar, indi onun 8 silindri vardı. Onu J seriyası avtomobillərinə quraşdırmağı qərara aldılar, Wagoneer və Super Wagoneer də bu seriyaya mənsub idilər.

Jeep-in yeni “onilliyə” qədəm qoyması onun mülkiyyətçisinin növbəti dəfə dəyişməsi ilə əlamətdar oldu. 5 fevral 1970-ci ildə American Motor Corporation (АМС) şirkəti Kaiser Jeep Corporation şirkətini 70 milyon dollara aldı. Bu dəfə də mülkiyyətçinin dəyişməsi Jeep-in bazarda, onsuz da, pis olmayan vəziyyətini bir az da yaxşılaşdırdı.
АМС şirkəti Jeep Wagoneer üçün tam ötürücülü universalların tarixində ən böyük mühərriki – bir bölüşdürücü valı olan V6 mühərrikini təklif etdi. Həmçinin şirkət dünya təcrübəsində ilk dəfə olaraq V8 mühərrikini opsion qaydada alıcılara təklif etdi.
1973-cü ildə Wagoneer bəzi texniki təkmilləşdirmələrə məruz qaldı. Onun yeni Quadro Track transmissiyası tam hərəkətötürücü sistemli (özü-özünü bloklaşdıran diferensialı olan) avtomobillər üçün ilk tam avtomatlaşdırılmış daimi sistem idi.

Növbəti il yeni adın – Cherokee-nin yaranması ilə əlamətdar oldu. Yeni model J seriyasına 2 qapılı model qismində qatıldı. 1976-cı ildə Amerikanın 200 illiyi münasibətilə Jeep “mülki cip”lərin yeddinci nəslini – CJ7-ni buraxdı. 1977-ci ilədək kompaniya 4 qapılı versiyanı da hazırladı, ona standart V6 mühərriki quraşdırıldı. Baxmayaraq ki, Jeep Cherokee yaradıldığı zaman zahirən xeyli təmtəraqlı olan Wagoneer-ə bənzəyirdi, sonralar məhz o, Jeep Motors-un tarixində ən populyar avtomobil oldu.
1979-cu ildə başlanmış enerji böhranı ilə əlaqədar olaraq Gladiator pikaplarının və Wagoneer universallarının istehsalı kəskin şəkildə aşağı düşdü. Əvəzində CJ seriyasından olan mülki ciplər kütləvi surətdə alındı.
1984-cü ildə kompaniya 2 və 4 qapılı Cherokee-nin, habelə 4 qapılı Wagoneer-in yeni variantlarını bazara buraxdı, sonuncu ilk dəfə 1963-cü ildə təqdim edilmiş sələfindən 53,3 sm qısa, 15 sm dar, 10 sm alçaq və 453 kq yüngül idi. Cherokee kompakt avtomobillər sinfinə mənsub olan yeganə avtomobil idi ki, dörd qapıya və iki tam hərəkətötürücü sistemə – CommandTrac və SelectTrac sistemlərinə malik idi. Bu seqmentdə Jeep-i haqlaya bilmək üçün onun rəqiblərinə altı il lazım gəldi. Jeep-in, xüsusən də Cherokee-nin uğuru heç də ötəri deyildi. Avtomobil 1984-cü ilin ofrouderi elan edildi.
Genişlənən ofrouder seqmentinin alıcıları üçün indi 4x4 formullu avtomobilin səciyyəvi cəhətləri (çətin yerlərdən keçmə qabiliyyəti, etibarlılıq və uzunömürlülük) ilə yanaşı, yüngül minik avtomobilləri üçün səciyyəvi olan cəhətlər – komfort və funksionallıq da önəm daşıyırdı. Jeep yubanmadan bazarın tələbinə cavab verdi. Artıq 1986-cı ilin yazında Wrangler işıq üzü gördü.

Onilliklər ərzində taleyin zərbələrinə əzmlə sinə gərmiş American Motor Corporation nəhayət, 5 avqust 1987-ci ildə taleyini hökumətin ixtiyarına buraxaraq özünü müflisləşmiş elan etdi. Onun bütün əmlakı satıldı. Jeep-i Chrysler korporasiyası aldı.
Jeep 1990-cı illərə tam hazır vəziyyətdə qədəm qoydu. 22 mart 1990-cı ildə XJ seriyasından olan milyonuncu ofrouder – açıq qırmızı Cherokee Limited buraxıldı. İstehsal olunduğu yeddi il ərzində Cherokee təkcə nümunəvi ofrouderə çevrilmədi, həm də Chrysler korporasiyasının Avropada ən populyar modeli oldu.
Jeep kompaniyasının 50 illiyi münasibətilə Chrysler korporasiyası Cherokee-nin yeni versiyasını buraxdı, ona 190 at gücünə malik 4 litr tutumlu PowerTechSix mühərriki quraşdırıldı. Bu avtomobil yeni ideal ofrouder olmalı idi. Kompaniyada qərara aldılar ki, bu avtomobilin adı Grand Cherokee olsun, onun alıcıları isə indiyə qədər yüksək səviyyəli, təhlükəsizlik, komfort və prestij haqqındakı təsəvvürləri xaricdən gətirilən təmtəraqlı nəqliyyat vasitələri ilə assosiasiya olunan imkanlı adamlar olmalı idi. Başqa sözlə, Jeep öz məhsullarına təkcə “vəhşi Qərbin” fermerlərini deyil, həm də imkanlı adamları cəlb etmək üçün ciddi və ümumən sadə ofrouder dünyasına təmtəraqlılıq çaları gətirməyi qərara aldı.

Grand Cherokee modelinin öhdəsindən uğurla gələn Jeep-in konstruktorlar komandası məşhur Willys-lərin (kompaniyanın tarixi məhz onlarla başlamışdı) xələfi olan Wrangler-in hazırlanması ilə məşğul olmağa başladı. Mühəndislər Jeep Wrangler-in ikinci nəslini yaratmalı idilər.
Wrangler-in xələfi də yeni Grand Cherokee kimi: ofrouder dünyasında yeni standartlar bərqərar etməli. Lakin Jeep-in yaradıldığı dövrdə vəziyyət və şərait başqa idi. Wrangler İkinci Dünya müharibəsi dövründəki orijinal Jeep modelinin birbaşa xələfi idi və dünyada bir növ “amerikan ikonası” hesab edilirdi.
Wrangler bazarda unikal model idi və kompaniyanın ənənələrini (amerikalıların söylədikləri kimi, “cip” keyfiyyətlərini) özündə daşıyırdı. Onun xələfi də “cip” keyfiyyətlərini saxlamalı, təkcə Amerika ofrouder dünyasının ikonası olaraq qalmamalı, həm də “cip” ənənələrini keyfiyyətcə yeni səviyyəyə qaldırmalı idi. Lakin bir şey dəyişməməli idi ki, bu da Wrangler adı idi. Wrangler “kovboy” anlayışının sinonimi idi.

Jeep dünyada ən məşhur avtomobil markalarındandır. Bəzi dillərdə, məsələn, Azərbaycan dilində bu markanın adı çətin yerlərdən keçməyə qadir olan avtomobillərin ümumi adına çevrilmişdir.
Hazırda Jeep öz avtomobillərini yüzdən artıq ölkədə satır. Məsələn, Avropada Jeep özünün üç modelini – Wrangler, Cherokee və Grand Cherokee modellərini satır. Avropada ofrouder bazarının 18%-i sonuncu iki modelin payına düşür.

Mənbə: Avtomobil.az
 

0 şərh