BMW

7 mart 1916-cı ildə iki aviamühərrik istehsalçısı bir kompaniyada birləşərək, sonralar dünyanı «Bavariya mühərrikləri» markası ilə fəth etdi.
İstənilən möcüzənin (hər halda BMW-ni fenomen saymaq olar) öz kökləri var. Almaniya Almaniyadır, Bavariya isə Bavariya. Bavariyalıların öz prezidentləri, doğma hakim partiyaları (XSS) və əlbəttə, öz avtomobilləri var.
Aviatexnologiyalarla işləmək, habelə nəqliyyat vasitəsinin hərəkətinə gözəllik gətirmək bacarığı isə açıq-aşkar bavariyalıların qanındadır.
Onların sonuncu kralı Lüdviq göldə qu quşlarının qoşulduğu qayıqda şütüməyi xoşlayırdı.

BMW-nin özünün genetikasına gəldikdə, «Bavariya mühərrikləri»nın banilərindən biri daxiliyanma mühərrikinin ixtiraçısı Nikolas Avqust Ottonun nə az, nə çox – doğmaca oğlu idi. Birinci Dünya Müharibəsi ərəfəsində oğul Otto aviamühərrik firmasının əsasını qoyduqdan sonra tezliklə firmaya hərbi sifarişlər sel kimi axmağa başladı. 1916-cı ilin martında Karl Rapp və Qustav Otto öz mühərrik firmalarını vahid Bayerische Flugzeugwerke AG müəssisəsində birləşdirdilər, bir ildən sonra isə yeni Münhen müəssisəsini – Bayerische Motoren Werke-ni qeydiyyata aldırdılar.

Almaniyanın müharibədə məğlubiyyətindən sonra BMW müflisləşdi və yeni sahiblərin əlinə keçdi.
Versal sülh müqaviləsi alman təyyarəçilərinə səma haqqında hətta düşünməyi belə qadağan edərək «Bavariya mühərrikləri»ni labüd məhvə məhkum etdi.
Motosiklet istehsalının mənimsənilməsi müəssisəni xilas etdi. Tezliklə «Moskvanın əli» də məsələyə müdaxilə etdi. Bavariya mühərrikləri gizli sovet-alman əməkdaşlığı çərçivəsində artıq səs-küyə səbəb olmadan sovet aeroplanlarına quraşdırılmağa başlandı. 20-ci illərdə BMW vəziyyətini düzəldərək «Dix»i firmasını Ayzenaxdakı zavodla birlikdə satın almağa nail oldu, sonradan böhranlı 30-cu illərdə uğur qazanmış ingilis Austin Seven-ləri məhz orada quraşdırılırdı. BMW-nin avtomobil qərargahı məhz orada yerləşdirildi.

İlk «həqiqi» BMW 1932-ci ildə parlaq uğur qazandı (həmin vaxt bavariyalıların öz motosikletləri ilə bir neçə rekord müəyyən etmələri onlara tez bir zamanda şöhrət qazandırmışdı). Bu seriyaların tarixi məlumdur: əla idarə olunan 6-silindrli 303 seriyası, üslubu uçuşu xatırladan 327 seriyası, 1936-cı ildə Nürnberq dairəsindən başlayaraq Mili Mildən və Le-Mandan keçən marşrut üzrə aktivində 200 idman qələbəsi olan əsil triumfator – 328 seriyası, öncə vermaxtın, sonra isə onu var qüvvəsi ilə sürən sürücülərin xoşuna gələn idman üslublu hərbi-səhra maşını – 321 seriyası.
Mühərriklər sahəsində bavariyalıların üstünlüyünə sürətli və güclü mexanizmləri xoşlayan reyx tərəfindən dəstək verildi.

Sanki məhz idman BMW-lərinin xatirinə Almaniyada avtobanlar şəbəkəsi genişlənməkdə idi. Konstruktorların zehinləri isə hərbçilərdən maliyyə dopinqi alırdı. Nəticədə firma əfsanəvi BMW 326 lüks sedanı ilə Mercedes-Benz, Opel və Horch markalı zövq oxşayan avtomobillər silsiləsinə təkan verdi. 16 min avtomobil satıldı, bu isə yeni müəssisə üçün heyranedici nəticə idi. Maraqlıdır ki, o vaxtlar Sovetlər ölkəsinin təyyarəçiləri BMW mühərrikləri ilə və onların surətləri ilə bir-birinin ardınca rekord vurmaqda idilər. Stalin təyyarələrə qol-qanad, bavariyalılar isə ehtiraslı mühərrik verdilər. 30-cu illərin əvvəllərində BMW özünə ad qazanmaq üçün işləyirdisə, sonralar onun adı BMW üçün işləməyə başladı. İdman üslublu 328 seriyası müharibədən sonra da qələbələr qazanmaqda idi. Belə ki, onun mühərrikləri 60-cı illərədək lisenziya əsasında Avropada hazırlanırdı. «Bavariyalı» minik maşınlarının sonuncuları 1941-ci ildə işıq üzü gördü. Həmin vaxt firma diqqətini aviamühərriklərə yönəltmişdi və tezliklə ilk reaktiv mühərriklər seriyasını buraxdı. 1945-ci ildə lüftvaffenin cəbbəxanasında artıq 2 min reaktiv təyyarə vardı, lakin onlar artıq reyxi xilas edə bilməzdilər.

Müharibə bu «mühərrik nəhəngini» gücündən məhrum etdi: müttəfiqlər firmanın fəaliyyətinə «peşə qadağası» qoydular, Ayzenaxdakı zavod və bir sıra digər zavodlar sovet işğalı altında olan zonada qaldı. Yenidən hər şeyə motosikletlərdən başlamaq lazım gəldi. 50-ci illərdə Münhen firması lisenziyalı BMW-600-ün güc mexanizmlərini balaca, «toppuş» İtaliya Isettalarına quraşdırmaqla öz mövcudluğunu qorumağa çalışırdı (yaxşı ki, almanların heç olmasa bunu etməsinə imkan verilmişdi). Əslində onlar da BMW idi. Eyni zamanda, sovet administrasiyası Ayzenaxda EMW (Eisenach Motoren Werke) kabrioletlərinin buraxılışına başladı. 50-ci illərin sonunda isə ADR-dəki zavodda Wartburg-Sportwagen kupesi quraşdırıldı. Zahiri görünüşünə görə o, Bavariya avtomobilləri ilə rəqabət aparmaq iddiasında idi və hətta dünyanın 30 ölkəsinə ixrac edilirdi.

Lakin Bavariya avtomobilləri öz «simalarını» yaddan çıxarmamışdılar. Artıq 1955-ci ildə idman üslublu BMW 501 avtomobili ABŞ bazarlarına həmlə etdi və hamı tərəfindən heyranlıqla qarşılandı. Bavariya motosikletləri isə keçirilən bütün yarışlarda ingilis motosikletlərini sıxışdırmağa başladılar. 60-cı illərin əvvəllərindəki xalq «bumerləri», məsələn, Isettalar BMW-ni o qədər xatırlatmırdılar, lakin AFR-in sürət götürən iqtisadiyyatı Münhen «bumerlərinin» irəliyə doğru yeni sıçrayışı üçün güclü baza hazırlamışdı.

Mercedes-Benz-in daimi rəqibi onun gözü önündə yüksəyə qalxmışdır, ştutqartlılar hələ də Kaliforniyadan Qafqazadək onunla mübarizə aparmalı olurlar.
Hazırda fenomenal BMW markası avtomobil bazarının sedan-lüks seqmentində mövcud olan və orada dəbi diktə edə bilən axırıncı müstəqil Avropa markalarındandır. Ola bilsin ki, bunun sirri avtomobilin «ürəyinə» (yəni mühərrikinə) xüsusi diqqət yetirilməsindədir.

Mənbə: Avtomobil.az
 
 

0 şərh