Şkoda

1895-ci ildə milad bayramı ərəfəsində Slavia velosipedlərinin istehsalı və təmiri üzrə kiçik bir müəssisə yaradıldı. Onun sahibləri – 30 yaşlı Vatslav Laurin (Václav Laurin) və 27 yaşlı Vatslav Klement (Václav Klement), yəqin ki, axıra qədər bu aqreqatları hazırlamaqda davam edəcəkdilər, amma dahiyanə bir ideya, yəni velosipedin ramasına birsilindrli mühərrik quraşdırmaq ideyası hər şeyi dəyişdi.
Bu, tərəqqiyə doğru kiçik, amma əhəmiyyətli addım idi. 1898-ci ilin sonunda Laurin&Klement markası altında motosiklet istehsal olundu. Bu, gündəlik istismar üçün kifayət qədər etibarlı olan ilk motosiklet idi. “Allgemeine Automobil Zaitung” qəzeti yazırdı: “Fransız konstruktorları Verner qardaşlarının xidmətlərini kiçiltməmək şərti ilə, Çexiya Krallığında Laurin&Klement firmasını ikitəkərli mühərrikli nəqliyyat vasitəsinin yaradıcısı kimi tam əsasla fərqləndirmək olar. Birincilər sadə velosipeddə hər hansı dəyişiklik etmədən ona mühərrik quraşdırdıqları halda, Laurin&Klement tamamilə başqa üsuldan istifadə etdi. İkincilər velosipedi mühərrikin və onun “orqanlarının” ətrafında yığıb hazırladılar. İdeya vahid olsa da, yanaşmalar müxtəlif idi. Fərq ondadır ki, fransızlar velosiped prinsipini, çexlər isə avtomobil prinsipini önə çəkmişdilər. Sonda çexlər haqlı çıxdılar”.
Cəmi üç il keçdikdən sonra konveyerdən tamamilə yeni üçtəkərli motosiklet modeli çıxdı. O, 40 km/saat sürətlə hərəkət etməyə qadir idi.

Bu şirkətin tarixinin yalnız başlanğıcı idi. Belə ki, 1905-ci ildə Laurin və Klement irəliyə doğru nəhəng addım ataraq ilk avtomobillərini –  L&K Voiturette modelini ictimaiyyətə təqdim etdilər. Bunlar 2 və 4 yerlik minik avtomobilləri idi. Onlara su ilə soyudulan V formalı 2 silindrli mühərriklər quraşdırılmışdı. Elə həmin il bu avtomobillər Semmerinqdə (Avstriya) keçirilən klassik avtomobil yarışlarında iştirak etdilər və qələbə qazandılar. 1906-cı ildə bu avtomobillərə 4 silindrli mühərriklər quraşdırıldı. Bir ildən sonra isə 8 silindrli mühərrik quraşdırılmış  Laurin&Klement avtomobilləri işıq üzü gördü.

Nə qədər paradoksal olsa da, bu uğurlar özü ilə problemlər də gətirdi. Avtomobillərin istehsalı yeni torpaq sahələri, binalar, avadanlıqlar, başqa sözlə, investisiya tələb edirdi.
1 yanvar 1907-ci ildə tərəfdaşlar Laurin&Klement şirkətinin səhmdar kompaniyasına çevrilməsi prosesinə başladılar.
19 iyul 1907-ci ildə şirkət rəsmən bu adla qeydə alındı: “Laurin&Klement səhmdar kompaniyası, Mlada Boleslavdakı avtomobil zavodu”.

L&K-nın ticarət nümayəndələri yeni dörd silindrli F modelinin uğurunu gördükdə sevinclərini gizlədə bilmədilər. Bu modelə  2438 kubsantimetr həcmə və 21 at gücünə malik mühərrik quraşdırılmışdı. Bundan başqa, yeni avtomobil ilk dəfə yüksək gərginlikli maqneto-yandırma sistemli yandırıcı şamlarla təchiz edildi.

Şirkətin ümidləri boşa çıxmadı – 1907-ci ilin mayından 1909-cu ilin dekabrınadək olan dövrdə bu avtomobillərdən 371 ədədi satıldı.
1908-ci ildə L&K zavodu sonuncu ikisilindrli modelini istehsal etdi. Bundan sonra hazırlanan bütün avtomobillərə dördsilindrli mühərriklər quraşdırıldı.
1909 - 1910-cu illərdə Vyana magistratının sifarişi ilə 100 taksi avtomobili hazırlandı. Uzun müddət istismar edildilər, hətta 1928-ci ildə də Vyana küçələrində onların bəzilərinə rast gəlmək olardı.
1911-ci ildə mühərriki 14 at gücünə malik olan S modelinin istehsalına başlanıldı. Bu model Birinci Dünya Müharibəsi ərəfəsində şirkətin ən populyar avtomobili oldu. S tipli Laurin&Klement avtomobilinə təkcə ölkə daxilində deyil, həm də xaricdə, xüsusən Rusiyada böyük tələbat vardı. Qeyd edək ki, istehsal olunan avtomobillərin 35%-i Rusiyaya satılırdı. Peterburqda, Moskvada, Kiyevdə və Rostovda şirkətin filialları yaradıldı. Laurin&Klement avtomobilləri iri partiyalarla Yaponiyaya, Çinə, Avstraliyaya, Meksikaya, Almaniyaya və İngiltərəyə satılırdı.

Minik və yük avtomobilləri ilə yanaşı, şirkət müxtəlif vaxtlarda aviasiya mühərrikləri (həmçinin təyyarələr), yürüş avtomobilləri, elektrik istehsal edən stasionar mühərriklər və bir çox digər məhsullar hazırlayırdı. Bütün bunların istehsalı avtomobil şirkəti üçün həqiqətən qeyri-adi hal idi.
Birinci Dünya Müharibəsi illərində şirkət fəaliyyəti hərbi texnikanın hazırlanmasına yönəldi...

.. 27 iyun 1925-ci ildə Laurin&Klement şirkəti ilə Skoda səhmdar cəmiyyətinin birləşməsi barədə qərara əsasən “Şkoda” sindikatı 100% payla Mlada Boleslavdakı avtomobil zavodunun tam hüquqlu sahibi oldu.
Bundan dərhal sonra müəlliflik hüquqları ilə qorunan yeni ticarət markası (əmtəə nişanı) hazırlamaq zərurəti yarandı. Yeni ticarət markasının mənşəyi ətrafında çoxlu şayiələr və söz-söhbətlər dolaşırdı. Bu da təsadüfi deyildi, axı “Şkoda” ən sanballı və yaxşı təşkil olunmuş şirkətlərdən biri idi.

Deyilənlərə görə kimsə simvol qismində hindu başını təklif edib. Məntiqə görə dərhal sual yaranır: “Hindu başı hara, Çexiya hara?” Müasirlərin sözlərindən belə məlum olur ki, Emil Şkodanı (Emil Škoda) Amerika səfərində sədaqətli bir hindu müşayiət edib və həmin hindunun şəklinin profili Şkodanın kabinetində asılıb. Deyilənlərə görə məhz bu portretin əsasında diametri 25 sm olan relyefli təsvir yaradıldı. O, kompaniyanın bəzi rəhbərlərinin kabinetlərindən asıldı.


Qanadlı ox isə sonradan əlavə edildi və bu ticarət markası ilə istehsal olunan ilk “Şkoda” avtomobillərinin sayəsində effektivlik və sürət rəmzinə çevrildi.
20-ci illərin sonunda Mlada Boleslavdakı zavodun hazırladığı əsas sərnişin avtomobili kiçik L&К – “Şkoda 110” modeli idi. 1925-ci ildən 1929-cu ilədək bu modeldən 2985 ədəd istehsal edildi. Bu avtomobil tədricən modernləşdirildi və yaxşılaşdırıldı.
Yığım xətti (konveyer) vasitəsilə avtomobil istehsalına keçilməsi Çexiyanın avtomobil sənayesində inqilabi irəliləyiş oldu (əvvəllər yalnız ayaqqabı fabrikinin sahibi Bata bu texnologiyaya keçmişdi).

Yığım xəttinin köməyi ilə avtomobil istehsalının təşkili elə bir sensasiya yaratdı ki, qəzet və jurnalların diqqətini özünə cəlb etdi. 1930-cu ildə yığım xətti vasitəsilə gündə 25 avtomobil istehsal etmək mümkün idi.
Kiçik modifikasiyalardan və üçnövbəli iş rejiminin tətbiqindən sonra əmək məhsuldarlığı artaraq gündə 95 avtomobilə çatdı.

İlk dəfə “Şkoda” ticarət nişanı ilə hazırlanmış yeni 4R və 6R modelləri onsuz da pis getməyən işləri daha da yaxşılaşdırmaq məqsədini daşıyırdı. Bu iki modelin ən əhəmiyyətli cəhəti detalların (transmissiyaların, oxların, sükanın detallarının və bir çox başqa hissə və detalların) standartlaşdırılmasında və unifikasiyasında idi. 4R və 6R modelləri şirkətin inkişafa doğru növbəti addımı idi.

1930-cu ildə “Şkoda” Çexoslovakiyada istehsal olunan avtomobillərin ümumi sayına görə ölkədə ikinci yeri, minik avtomobillərinin sayına görə isə üçüncü yeri tuturdu. Şirkət keyfiyyəti kəmiyyətdən üstün tutsa da, qərara alındı ki, kəmiyyət məsələsinə də diqqət yetirilsin.

1930-cu il yanvarın 1-dən Mlada Boleslavdakı zavod “Avtomobil sənayesinin səhmdar kompaniyası”na (ASAP) çevrildi, onun mənzil-qərargahı Praqada yerləşirdi. Şirkətə bunlar daxil idi: Mlada Boleslavda minik avtomobilləri istehsal edən zavod, Plzendə avtomobil bölməsi, Praqada “Elka” təmir müəssisəsi, eləcə də çoxsaylı filiallar, təmir müəssisələri və kommersiya nümayəndəlikləri. Bütün səhmlər yenidən “Şkoda zavodu” adını qəbul etmiş Plzen şirkətinə məxsus idi. “Avtomobil sənayesinin səhmdar şirkəti”nə mühəndis Yan Novak başlıq edirdi.

Dörd ildən sonra yeni transmissiya sistemi ilə təchiz edilmiş Skoda-Popular modeli avtomobil bazarını lərzəyə gətirdi. Bu model 1936-cı ildə Monte-Karlo rallisindəki ikinci yürüşdə qalib gəldi. Sonra onu Skoda Favorit modeli, daha sonra isə ikiqapılı Skoda 1101 (Skoda Spartak) modeli əvəz etdi. Sonuncu model beş illik təkmilləşdirmə işindən sonra hamının yaxşı tanıdığı Octavia modelinə çevrildi.

Çox keçmədən Felicia modeli işıq üzü gördü. 1964-cü ildən 1988-ci ilədək mühərriki kuzovun arxa tərəfinə quraşdırılan modellər istehsal olundu. Yalnız “Favorit” və “Forman” modellərində mühərrik ənənəvi yerinə qaytarıldı.
1991-ci ildə “Şkodanın” tarixində, demək olar ki, ən mühüm hadisə baş verdi. O, güclü alman koserni “volkswagen Group”un bir hissəsinə çevrildi. Bu hadisə nəticəsində yeni “Felicia”, onun ardınca isə “Octavia” və “Fabia” modelləri peyda oldu.


Skoda-nın son nailiyyəti Skoda Superb modelinin istehsalının bərpası oldu. Bu modelin yenidən peyda olması Skoda-nın sanballı avtomobillər kateqoriyasına qayıdışı oldu. Şirkət bu avtomobili 1934-cü ildən 1949-cu ilədək istehsal olunmuş modelin adı ilə adlandırdı.
Superb adı köhnə ənənələrə malikdir və ingilis, alman və fransız dillərində eyni mənanı verir: əzəmətli, gözəl, effektli, nəcib. Yeni Superb öz adını tam doğruldur.

Mənbə: Avtomobil.az

0 şərh