Lamborghini

Lamborghini şirkəti Audi-ə məxsusdur, sonuncu isə öz növbəsində Volkswagen AG konserninin bölməsidir. Lamborghini şirkəti 350 km/saatadək sürətlə hərəkət etməyə qadir olan super-avtomobillər istehsal edir.
İtaliyada traktor istehsalçısı kimi tanınan Lamborghini şirkəti 1963-cü ilin oktyabrında Turin avtosalonunda özünün ilk idmansayağı avtomobilini – Lamborghini 350 GT-ni təqdim etdi. Bu, 347 at gücünə malik 3,5 litr həcmli V12 mühərriki quraşdırılmış klassik tərtibatlı ikiyerlik kupe modeli idi. Avtomobilin maksimal sürəti 280 km/saata çatırdı, saatda 100 kilometr sürət yığmağa isə cəmi 6,7 saniyə tələb olunurdu. Bununla şirkətin sahibi Ferruçio Lamborgini sübut etdi ki, Enso Ferrarinin avtomobillərindən heç də geri qalmayan idmansayağı avtomobillər düzəldə bilər (yeri gəlmişkən, Enso Ferrari bir dəfə demişdi ki, Lamborgini onun avtomobilləri kimi sürətli avtomobillər hazırlaya bilməz və bununla da Lamborginini narazı salmışdı).
İki il sonra 1965-ci ildə şirkətin tarixində ən yaxşı modellərdən biri olan orta həcmli Miura debüt etdi. O dövr üçün qeyri-adi tərtibatı ilə yanaşı, avtomobil əla dizaynı ilə də seçilirdi. Altı il ərzində 800 ədəd Miura satıldı. Bu avtomobil populyarlığına görə Ferrari-ni geridə qoydu. Miura-nın ardınca Lamborgini o qədər də zəngin olmayan alıcılar üçün yeni model yaratmağı qərara aldı.
1970-ci ildə şirkət bir qədər kiçik ölçülü Urraco P250 modelini istehsal etdi. Bu avtomobilə işçi həcmi 2,5 litr olan 8 silindrli mühərrik quraşdırıldı.
Şirkətin hazırladığı avtomobillər içərisində növbəti sensasiya Countach modeli oldu. İlk dəfə Cenevrə avtosalonunda Bertone kuzov firmasının konsept-karı kimi nümayiş etdirilən bu model yalnız 1974-cü ildən seriya ilə istehsal olunmağa başladı. Şirkət Miura-nı əvəz edən bu model üçün pullarını əsirgəmədi: ona 365 at gücünə malik 4.0 litr həcmli 12 silindrli mühərrik quraşdırıldı. Bu mühərrik avtomobilin 300 km/saatadək sürətlə hərəkət etməsinə imkan verirdi.
O dövrdə Grand Touring sinfinə mənsub olan, “ailə avtomobilləri” adlandırılan modellər xüsusi populyarlıq qazandı. Bu qəbildən olan yeni modelə Espada adı verildi. Bu modelin istehsalı özünü doğrultdu. O, şirkətin tarixində ən populyar model oldu və 1978-ci ilədək istehsal edildi. 10 il ərzində bu avtomobilin mindən artıq nüsxəsi hazırlandı. Bu da Lamborghini-nin tarixində rekord rəqəm idi.
1976-cı ilin martında Cenevrə avto-şousunda şirkətin yeni modelinin premyerası keçirildi. Ona Silhouette adı verildi. Gücü 250 at gücü təşkil edən 3.0 litr həcmli V8 mühərriki avtomobili 260 km/saatadək sürətlə qovur və 100 km/saat sürətin 7.0 saniyə ərzində yığılmasına imkan verirdi.
70-ci illərin sonlarında Lamborghini şirkətini böhran bürüdü. Əlavə vəsait mənbələri axtaran italyanlar Amerika ordusu üçün ofrouder hazırlamağa başladılar. Belə avtomobilin ilk prototipi olan Cheetah adlı model 1977-ci ildə sınaq üçün Pentaqona təqdim edildi. Avtomobilin sınağı Səudiyyə Ərəbistanı çöllərində keçirildi. Orada avtomobil ümumən qənaətbəxş nəticələr göstərdi, amma bəzi səbəblərə görə sifarişçi tərəfindən qəbul edilmədi.
1978-ci ildə Lamborghini-nin konstruktorları ilə şirkətin sabiq baş konstruktoru Campaolo Dalların əməkdaşlığı nəticəsində Lamborghini şirkətinin şah əsərlərindən biri olan Сountach LP400S işıq üzü gördü. Сountach modelləri arasında ən təkmilləşdirilmiş avtomobil olan 5000 QV (Quattrovalvole) modeli dördklapanlı mühərrik əldə etdi. Lakin aerodinamikasının lazımi səviyyədə olmaması ucbatından Сountach avtomobili üçün ən yüksək sürət həddi 290 km/saat olaraq qaldı.
80-ci illərdə Lamborghini Jalpa modeli işıq üzü gördü. Bu avtomobil döyüşkən Meksika öküzləri cinsinin şərəfinə bu cür adlandırılmışdı. Xarici görünüşünə görə o, təkmilləşdirilmiş Silhouette modelini xatırladırdı, amma onun mühərriki daha güclü idi. Ona 225 at gücünə malik 3,5 litr həcmli V8 mühərriki quraşdırılmışdı. 1987-ci ilin sonlarında Chrysler şirkətinin rəhbərliyi (həmin dövrdə Lamborghini Chrysler şirkətinin mülkiyyətinə keçmişdi) bu avtomobilin istehsalını dayandırmağı qərara aldı.
Yuxarıda qeyd edilən Cheetah modelinin uğursuzluğuna baxmayaraq, italyanlar ofrouder hazırlamaq ideyasından əl çəkmədilər. 1982-ci ildə LMA (Lamborghini Military Anteriore) prototipi ictimaiyyətə təqdim edildi. İri ölçülərinə baxmayaraq, dinamika göstəricilərinə görə LM002 (LMA avtomobilinin seriya ilə istehsal olunan variantı belə adlandırılmışdı) o dövrün bir çox avtomobillərini geridə qoyurdu.
Şirkətin növbəti şah əsəri Diablo 1989-cu ildə ictimaiyyətin mühakiməsinə təqdim edildi. Diablo alıcılara bir neçə modifikasiyada, o cümlədən rodster şəklində təqdim edildi. 1995-ci ildə sərt dam örtüyü olan Diablo SV və Diablo SVR modifikasiyaları hazırlandı. 1997-ci ildə isə Diablo VT modifikasiyaları işıq üzü gördü.
Countach avtomobilinin sonuncu modernləşdirilmiş versiyası 25th Anniversary Countach yubiley modeli oldu. 1989-cu ildə şirkətin 25-ci ildönümünün şərəfinə istehsal olunmuş bu model texniki cəhətdən sələfindən heç nə ilə fərqlənmirdi, yalnız kuzovun detallarında Lamborghini-nin dizaynerləri tərəfindən dəyişikliklər edilmişdi. 1990-cı ilin iyulunda konveyerdə sonuncu Countach avtomobilləri yığıldı. 16 illik istehsal ərzində bu avtomobillərin 1979 nüsxəsi istehsal olundu. Bu model Lamborghini-nin tarixində ən çox satılan avtomobil oldu.
20 fevral 1993-cü ildə Ferruçio Lamborgini vəfat etdi.
24 iyul 1998-ci ildə Lamborghini şirkətinin səhmlərinin nəzarət paketlərini onun indiki sahibinə – Audi şirkətinə vermək barədə saziş imzalandı (Audi şirkəti isə öz növbəsində Volkswagen AG konserninin bölməsidir).
Tam ötürücülü Diablo SV və VT üstüörtülü kupeləri ilə yanaşı Lamborghini şirkətinin proqramında dam örtüyü çıxarıla bilən arxa ötürücülü ekssentrik Roadster SV modeli qalmaqdadır.
2001-ci ildə şirkət Diablo-nun xələfi olan Murcielago modelini ictimaiyyətə təqdim etdi. Lamborghini şirkətinin tarixi ərzində ilk dəfə onun avtomobilinin dizaynını italyan olmayan şəxs hazırladı. Murcielago özünün dairəvi formasını belçikalı usta Lyuk Donkervolkun sayəsində əldə etdi. Qeyd edək ki, Audi Avant və Skoda Octavia modellərinin dizaynı da bu mütəxəssisə məxsusdur. Sələfi ilə müqayisədə yeni Lamborghini daha komfortlu oldu və salonu daha da genişləndi. Bu avtomobilə 580 at gücünə malik 6,2 litr həcmli V12 mühərriki quraşdırıldı. Onun maksimal sürəti 330 km/saata bərabərdir. 
Murcielago-nun ardınca “kiçik” Lamborghini modeli olan Gallardo işıq üzü gördü.
Şərti adı L140 olan bu yeni modelin premyerası 2003-cü ildə Cenevrə avtosalonunda keçirildi.
İtalyanlar Gallardo superkarının ən sürətli versiyasını hazırlayıblar. Gallardo LP560-4 adlandırılan bu avtomobilin kapotunun altında V12 mühərriki quraşdırılıb. 5,2 litr həcmli bu aqreqat 560 at gücü istehsal etməyə və 1 dəq/8.000 dövrə fırlanmağa qadirdir. Bundan başqa, avtomobil 6 pilləli yeni sekvental transmissiya ilə təchiz olunub. Onun sayəsində bir sürətdən digərinə keçid əvvəlkindən xeyli tez baş verir.
Yeni avtomobilin təkcə xarici görünüşü deyil, dinamik göstəriciləri də adamı heyran edir. Belə ki, o, 100 km/saat sürətini cəmi 3,7 saniyəyə yığır. 200 km/saat sürət yığmaq üçün isə ona cəmi 11,8 saniyə tələb olunur. Maksimal sürətə gəldikdə, bu göstərici 325 km/saat təşkil edir.
Ötən il Frankfurt avtosalonunda İtaliyanlar özlərinin ən bahalı və texniki cəhətdən ən inkişaf etmiş superkarını təqdim etdilər. Stealth qırıcı təyyarəsinin üslubunda hazırlanan Reventon modeli, İspaniyada tanınmış öküzün adı ilə adlandırılıb. 650 at güclü mühərriklə təchiz olunmuş Lamborghini Reventon Murcielago LP640 bazasında hazırlanıb. Bu modeldən cəmi 20 ədəd istehsal olunacağı planlaşdırılır və satış qiyməti 1.6 milyon ABŞ dolları təşkil edəcək. Ən maraqlı faktlardan biri isə bir müddət öncə, hərbi bazaların birində Lamborghini Reventon-la İtaliya istehsalı olan ВВС Tornado qırıcı təyyarəsinin qarşılıqlı testi keçirildi. Start xəttindən Lamborghini Reventon daha cəld tərpənərək 100 km/saatı 3.4 saniyəyə yığaraq ВВС Tornado qırıcı təyyarəsini qabaqlayıb. 

Mənbə: Avtomobil.az jurnalı

0 şərh