Lui Reno

Luinin məktəb illərində böyük uğurlar qazandığını söyləmək olmaz, belə ki, onun gündəliyində “qeyri-kafi” qiymətlərinə heç də az-az təsadüf olunmurdu. Amma texniki sahədə o, çoxsaylı bacarıqlarını nümayiş etdirə bilirdi. Adətən Luini texniki işlərlə məşğul olmağa… tənbəllik vadar edirdi. Məsələn, o, kerosin lampasını yandırmaq üçün yatağından qalxmağa ərinirdi. Bina görə də qalvanik batareya düzəltmişdi. İndi yatağından qalxmadan ipi dartmaq kifayət idi ki, plastinlər turşu məhluluna daxil olsun və 4 şamlı lampa otağı işıqlandırmağa başlasın.
15 yaşında ikən Lui bir həftə dərsə getmədiyinə görə direktor onu bərk danladı, amma bu onu məyus etmədi. O, həmin müddəti Ruana yollanaraq tanışı olan ocaqçının köşkündə lokomotiv düzəltməyə sərf etmişdi. Bu, Luinin ocaqçılıq elmini mənimsəməsinə və buxar maşının iş prinsipini dərk etməsinə kifayət etdi.
Bundan sonra o, Panhard firmasının köhnə mühərrikini almaq üçün atasını ona pul verməyə razı sala bildi. Amma bunun müqabilində atası şərt qoydu ki, Lui ali texniki məktəbə daxil olmalıdır. Amma veyl Lui yalnız bir fəndən – rəsmxətdən lazımi miqdarda bal yığaraq müsabiqədən keçə bilmədi. O, orduya yollanmalı oldu.

Hərbi xidmətdə olarkən Lui bir az pul yığdı və evə öz nəqliyyat vasitəsində – DeDion markalı kvadrisikletdə gəldi. Onun avtomobil konstruktoru fəaliyyəti məhz həmin andan başladı. Bu davamsız nəqliyyat vasitəsi idealdan çox-çox uzaq olduğuna görə Lui onu son vintinədək sökdü və konstruksiyanı xeyli təkmilləşdirdi. Məsələn, bu, dünyada ilk nəqliyyat vasitəsi idi ki, dəstək (tutacaq) vasitəsilə deyil, sükan çarxı ilə idarə olunurdu.
Lui öz avtomaşınını kardan ötürücü ilə təchiz etdi. Bunun özü də bir yenilik idi. O dövrdə hər yerdə istifadə olunan zəncirli hərəkət ötürücüsündən Lui ümumiyyətlə istifadə etmədi. O, sürət qutusunu da özü düzəltdi, həmin sürət qutusunun sxemindən avtomobil sənayesində bu gün də istifadə olunur (“Formula 1” bolidlərində həmin sxem yumruqcuqlu qarmaqla tətbiq edilir).

Lui RenoLui düzəltdiyi nəqliyyat vasitəsini Monmartrın yuxarıya dikələn yoxuşlu küçəsində – Rü Lepikdə sınaqdan keçirdi (yeri gəlmişkən, bu, məşhur rəssam Vinsent Van Qoqun yaşadığı küçədir). Özü də hazırladığı nəqliyyat vasitəsini sınaqdan uğurla çıxarmaqla Lui öncədən gəldiyi mərci də uddu.
Bu yolla o, öz şirkətini açmaq üçün kapital əldə etdi. Bu hadisənin şərəfinə həmin küçədə indiyədək retromobillərin yürüşü keçirilir və həmin yürüşlərdə mükafat… finişə sonuncu çatan retromobilin sahibinə verilir.
“Reno” (Renault) markalı avtomobillərin seriya ilə istehsalı 1902-ci ildə Renonun atasının Paris ətrafındakı evinin iri anbarında başlandı. Bir neçə ildən sonra isə orada avtomobil zavodunun ilk korpusu ucaldıldı. Hazırda həmin ərazidə Renault şirkətinə məxsus olan zavodlardan ibarət bütöv bir rayon mövcuddur.

Reno dünyada birinci olaraq avtomobil üçün üstübağlı kuzova görə patent aldı. Qısa (cəmi 2 metrlik) və hündür avtomaşın gülməli, hətta karikaturasayağı görünürdü, amma alıcılar ondan razı idilər. Çünki bu avtomaşının içərisində pis havadan qorxmaya bilərdilər. Lui və onun qardaşları Marsel və Fernan avtomobil yürüşlərində birgə iştirak etməyə başladılar. Lakin Marsel və Fernan Paris-Marsel-Paris yürüşündə həlak oldular. Ümumiyyətlə, bu yürüşdə 27 avtomobil pilotu həlak oldu.

Bu üzdən yürüş hətta başa çatmadı. Çünki hakimiyyət orqanları məsələyə müdaxilə edərək bu qanlı biabırçılığın dayandırılmasını tələb etdilər. Bütün avtomobillərə qadağanedici möhürlər vuruldu və onlar qoşqu atlarının vasitəsilə Parisə göndərildilər. Lui avtomobil yarışlarında iştirakını yaxşı zamanlar yetişənədək təxirə salmalı oldu.
Onun şirkəti geniş çeşidli avtomaşınlar istehsal edirdi və onların hamısı səciyyəvi xüsusiyyətləri ilə fərqlənirdi. Belə ki, onlarda radiator mühərrikin arxasında yerləşirdi, kapot isə ütü formasında idi. Bir tərəfdən belə avtomobillər yaxşı axarlığa (səthin sürüşkənliyinə) malik idilər və radiator qışda sürücünü qızdırırdı, amma digər tərəfdən, isti havada mühərrik qızır və sürücü radiatordan gələn istidən tərləyərək əziyyət çəkirdi.
Əvvəlcə bu sxemdən çoxlu sayda firmalar, məsələn, Darracq, Gladiator, Klement-Ballard və bəzi ingilis firmaları istifadə edirdilər. Amma 20-ci illərə qədər ondan hər yerdə imtina etməyə başladılar. Təkcə Reno inadkarlığından əl çəkməyərək bu sistemdən imtina etmirdi. Hətta o, sonradan inadından əl çəkib radiatorun mühərrikdən ön tərəfdə yerləşdiyi avtomaşınlar istehsal etməyə başlasa da, kapotun ütü formasını əvvəlkitək saxladı. Təmtəraqlı RM Reinastella 8 modelinin kapotu da məhz bu formada idi.

Kapotun kipliyi ucbatından onun altında yerləşən klaksonun səs dalğalarının yayılması çətinləşdiyi üçün kapotun ön hissəsində klaksonun əks tərəfində üzəri barmaqlarla örtülən dəlik açmağa başladılar. Əvvəlcə həmin dəlik dairəvi idi, sonra yaraşıqlı görünməsi üçün ona romb forması verdilər – bu yolla Renault şirkətinin bu gün bizə tanış olan emblemi yaranmış oldu. 1912-ci ildən 1926-cı ilədək iri 40CV avtomaşını şirkətin istehsal proqramının flaqmanı oldu. Onu “fransız Roll-Roysu” adlandırırdılar.
20-ci illərin sonlarından Reno yenə də iri təmtəraqlı avtomobillərin istehsalına meyl göstərməyə başladı. Reinastella, Nervastella, Nervasport, Nerva Grand Sport, Vivastella, Vivasport, Viva Grand Sport modelləri bu qəbildən idi. Onları məşhur atelyelərin, o cümlədən Hispano Suiza ilə işləmiş Saoutschik və Millon Guiet atelyelərinin sifarişlə hazırladığı kuzovlarla təchiz edirdilər. Lui avtomobil konstruksiyalarının hazırlanması ilə ömrünün son illərinədək məşğul oldu.
Yaratdığı şirkət ona o qədər əziz idi ki, 1940-cı ildə faşist Almaniyası Parisə girərkən o, işğalçı faşist hakimiyyəti orqanlarının onun müəssisəsini ləğv etməmələri üçün almanlarla texnika təchizatı barədə müqavilə imzaladı. Buna görə o, müharibədən sonra kollaborasionist (yəni düşmənlə əməkdaşlıq etmiş şəxs) kimi həbs olundu.
Sonda məhkəmə ona bəraət versə də, həbsxana Luinin sağlamlığına ciddi ziyan yetirmişdi və o, 1948-ci ildə Biyyankurdakı doğma evinə qayıtdıqdan bir neçə gün sonra vəfat etdi. Vişinin marionet hökumətinin başçısı marşal Peten üçün hazırlanmış RV Suprastella limuzini isə Fransanın kumiri general Şarl de Qollun ixtiyarına verildi.

Mənbə: Avtomobil.az jurnalı
 

0 şərh