Qış şinləri

Qışda yollarda avtomobillərin sürüşməsinin az bir qismi sürücülərin qeyri-peşəkarlığından baş verirsə, bunun böyük hissəsi avtomobillərin qışa düzgün hazırlanmamağından yaranır. Avtomobildə təhlükəsizliyi qorumaq üçün fəsil dəyişikliyinə ciddi fikir vermək lazımdır. Bu, xüsusilə qış dövrü üçün daha çox önəmlidir. Qışda – qarlı-buzlu yollarda avtomobillə hərəkət zamanı təhlükəsizliyi qorumaq üçün avtomobilin şinləri xüsusi əhəmiyyət kəsb edir. Bəlkə də bir çoxunuz bu fakta heç fikir də verməmisiniz, amma şinlər qarlı-buzlu, yaş və quru yollar üçün istehsal olunur.
Azərbaycanda isə yolların vəziyyətinə görə qışda şinləri dəyişdirən çox az sürücü tapmaq olar. Ölkədə qış şinlərindən istifadə olunmamasının səbəbi  yalnız sürücülərin öz həyatlarına biganə olması və ya özlərini xərcə salmaq istəməmələri ilə izah oluna bilməz. Burda qışın ömrünün az olması da mühüm rol oynayır. Qarlı-buzlu günlərin sayı az olsa da, şinlərin dəyişdirilməməsi sürücülərin təhlükəsizliyini birbaşa şübhə altında qoyur. 2008-ci ildə aparılmış araşdırmadan sonra məlum olub ki, bütün dünyada təkərlərlə bağlı qəzaların 48 %-i qışda, 19 %-i yaş yollarda, 11 %-i quru yollarda, 12 %-i isə müxtəlif səbəblər üzündən  baş verib. Bu statistik rəqəm qışda avtomobil qəzalarının məhz şinlərə görə daha çox olduğunu göz önünə sərir. Bu isə qış vaxtı təhlükəsizlik tədbirlərinin görülməsini daha vacib edir.

Beynəlxalq təcrübə
Ümumiyyətlə, Avropada ən iri şin bazarı Almaniya hesab olunur. Orada orta hesabla hər il bütün nəqliyyat vasitələrinin 43 %-i qış şinləri ilə təchiz olunur. Almaniyada qış şinlərinin satışı ildən-ilə artır. 1993-cü ildə 7.2 mln. ədəd olan bu rəqəm 2006-cı ildə 19.4 mln. ədədə çatmışdır. Bunun əsas səbəbi isə müxtəlif şirkətlərin təhlükəsizliklə bağlı maarifləndirməni düzgün aparmasıdır. Hazırda Avropada qış şinlərinin satışı 45.7 mln. ədədə çatıb. Dünya standartlarına görə, qış şinlərinin 2 növü var:
-    daha çox az palçıqlı, az qarlı yollar üçün nəzərdə tutulan, (Mərkəzi Avropa, ABŞ-ın cənub ştatları, Cənubi Amerika, Mərkəzi Asiya, Qafqaz və s. bölgələr üçün);
-    qarlı-buzlu yollar üçün nəzərdə tutulan, (Skandinaviya, Rusiya, Şimali Amerika, Şimali Avropa və s. bölgələr üçün).

İkinci növ şinlər daha “dişli” olurlar. Bu şinlər şaxtalı havaya daha çox dözümlüdür. Lakin belə tikanlı şinlərin palçıqlı yollarda heç bir xeyri olmur. Bu zaman yapışqan şinlərdən istifadə daha məsləhətlidir. Buz üzərində hərəkətdən sonra şinlər yaş olur və uzun müddət dayananda soyuq havada donurlar. Buna görə, birdən yola çıxarmaq olmaz. Təkərləri qızdırmaq lazımdır ki, üzərindəki buz təbəqəsi ərisin.
Avtomobil şinləri üçün qış 10 dərəcə temperaturdan başlayır. Artıq belə havada yay şinləri elastikliyini itirməyə başlayır.
Bəs şinlərin dəyişilməsi nə vaxt həyata keçirilməlidir? Əgər protektorun naxışının dərinliyi 5 mm-ə çatıbsa, deməli, şinləri dəyişmək vaxtıdır. Bunun üçün şinlərin bir çoxunda çıxıntı şəklində 4 mm.-lik indikator olur. Əgər protektor onunla bərabərləşərsə, deməli yeni şin axtarmaq vaxtıdır. Lakin avtomaşın az istifadə olunduqda protektorun dərinliyi uzun müddət azalmırsa, bu o demək deyil ki, şinləri illərlə dəyişməmək olar. Çünki bir ildən sonra şinlərin ilişmə (yapışma) keyfiyyəti 10 % azalır.

Qiymətlər elə də baha deyil
Qiymətinə görə qış şinləri 3 səviyyədə təyin olunur:
Premium – 100 – 300 AZN. Bu qiymətə olan qış şinləri ən qabaqcıl texnologiyalarla istehsal edilmiş ən yeni modellərdir. Onlar 2 — 3 qış mövsümü sizi yolda qoymazlar.
Orta – 70 — 100 AZN. Bu qiymətdəki şinlər normal, keyfiyyətli qış şinləridir. Daha çox qiqant şin şirkətlər öz köhnə modellərini yenidən işləyib bu şinləri istehsal edirlər.
Ucuz – 70 AZN-dən aşağı. Bura daha çox Belarusiya, Rusiya və Ukrayna şirkətlərinin istehsal etdiyi qış şinləri aiddir. Keyfiyyət baxımından aşağı olsalar da 1-2 mövsüm xidmət edə bilirlər.

Təhlükəsizlik üçün əməl edin!
Sonda isə oxucularımız üçün qış şinləri ilə bağlı bir neçə dəyərli məsləhət vermək istərdim. İnanıram ki, bu onların təhlükəsizliklərini qoruması üçün yetərli olacaq. Əlbəttə ki, bu məsləhətlərə əməl etsələr: 
-    şinlərin 4-nü də yeniləyin. Bəzi sürücülər guya qənaət edərək yalnız 2 şini dəyişirlər. Bu doğru olmasa da, əgər belə edirsinizsə ,arxa təkərləri dəyişin;
-    tikanlı şinlərdən istifadə edin. Belə şinlərdən Skandinaviya ölkələrində daha çox istifadə edirlər. Orada Azərbaycandakı kimi buzu tam təmizləyə bilmirlər və yerə xırda qum və qranit parçaları tökürlər. Bu zaman tikanlı şinlər vacibdir. Lakin sərt, təmiz buz örtüyündə belə şinlərə ehtiyac yoxdur;
-    şinlərin ölçüsü diskin ölçüsündən böyük olmamalıdır. Hətta şinləri bir ölçü kiçiltmək də olar. Bəzən iri təkərlərin hər yerdə işə yaradığını düşünürlər. Amma onları buzlu yollarda idarə etmək daha çətindir;
-    qış şinləri xüsusi, daha elastik rezindən hazırlanır. Bu ona şaxtada yumşaq olmağa və öz amortizasiya xüsusiyyətlərini saxlamağa imkan verir. Əgər yolunuz daha çox asfalt örtük olacaqsa protektoru xırda naxışlı olan, qarlı yollarda gedəcəksinizsə iri naxışlı şinlərdən istifadə edin;
-    qışda şinlərdəki təzyiqi daha tez-tez yoxlayın;
-    qış şininizi tanınmış brenddən almağınızın heç bir fərqi yoxdur. Yalnız bəzi nüanslarda fərqlilik ola bilər. Bu isə sizin avtomobil sürdüyünüz şəraitdən asılıdır. Sizə nə lazımdırsa, dəqiq bilin və onu seçin;
-    qış şinlərini alanda əlavə disk də alın (çox baha olmasa da olar) ki, hər il şinləri də, özünüzü də əziyyətə salmayın;
-    çalışın qış yaxınlaşanda şinləri dəyişəsiniz. Buz düşməsini gözləməyin. Bu zaman şinlərin qiyməti qalxacaq və siz əlavə xərcə düşəcəksiniz;
-    ucuz olsun deyə, Avropanın maşın xarabalıqlarından gətirilmiş ikinci əl şinləri almayın. Çünki belə şinlər çox vaxt bir mövsümü belə başa vura bilmir.

Müəllif: İlqar Əhməd
Mənbə: Avtomobil.az jurnalı
 

Avtomobil həvəskarlarının diqqətinə:
Changan Servis  rəsmi avtoservis kimi avtomobillərə bütün növ texniki servis xidmətini təklif edir. Siz də Changan avtomobillərinizi peşəkarlara əmanət edin!

0 şərh