"Nanobeyin" nədir və ya o nə üçündür?

Yaponiyada alimlər nanorobotları idarə etməyə imkan verən molekulyar struktur - "nanobeyin" hazırlayıblar. Alimlərin sözlərinə görə, "nanobeyin"dən superkompüterlərin istehsalı zamanı istifadə oluna bilər.
Sukubada (Yaponiya) yerləşən Gənc Alimlərin Beynəlxalq Mərkəzinin əməkdaşları Somobrata Axarya və Anirban Bandiopadya eyni vaxtda bir neçə nanomaşını idarə etməyə imkan verən mürəkkəb molekulyar struktur yaradıblar. Tədqiqatçılar keçirdikləri eksperiment nəticəsində sübut ediblər ki, 17 ədəd DRQ molekulundan ibarət struktur (benzokvinon və tetrametildən ibarətdir) bir takt ərzində 16 komanda yerinə yetirən prosessorun gücündə fəaliyyət göstərir.
17 ədəd DRQ molekulu 4 milyarddan artıq müxtəlif kombinasiya kodlaşdıra bilən molekulyar maşın formasına salına bilər. Alınan molekulyar strukturun ölçüsü - cəmi 2 nanometrdir. Bu işləyən "nanobeynin" dünyada ilk nümunəsidir.
Ehtimala görə, proyektləri hələ hazırlıq mərhələsində olan nanorobotların istehsalında "nanobeyin"dən istifadə etmək olar. Nanorobotlardan tibbi məqsədlər üçün geniş istifadə etmək olar. Xüsusilə də, onlar tibbi preparatları insan orqanizminin dərmanlara ehtiyacı olan hissələrinə çatdıra bilərdilər. Ancaq nanorobotlar nəzarət tələb edirlər, və onlara proqram yerləşdirmək üçün "nanobeyin" tələb olunur.
Ancaq nanorobotlar kəşf olunana qədər alimlər əldə olunmuş nailiyyətlərdən müasir kompüterlər üçün yüksək səmərəli prosessorların istehsalı zamanı istifadə etmək fikrindədirlər. Onlar artıq gələcəyin prosessorunun əsasını təşkil edə biləcək "nanobeynin" daha böyük variantını hazırlayıblar

0 şərh