Uşağınızla dost olun

Bəzi  uşaqlar valideyndən həddən  artıq asılı olurlar. Tez- tez analar şikayət edir ki: " Bu uşaq məndən bir dəqiqə də olsun uzaq durmur. Əlindən dincliyim yoxdu. Yemək bişirə bilmirəm, evlə məşğul olmağa qoymur. Tutur paltarımdan ağlayır. Qorxuram ki, anauşağı olsun". Belə  uşaqlar valideynə qala kimi baxırlar, Düşünürlər ki, anası ya atası onların təhlükəsizliyini təmin edəcək.  Həmin uşaqlarda qorxu hissi çox olur. Onlar valideynlərindən ayrılmağa qorxurlar. Qorxu hissinə qalib gəlməyə onlara kömək edin.  Uşaqların həyatında qəfil dəyişikliklər etməyin. Əgər işə çıxmaq lazımdırsa, bunu planlaşdırmağa çalışın. Bütün günü yanında gördüyü anasını qəfil görməmək uşağa stress verə bilər. Yaxud hər axşam atasını görür , onunla oynayır , birdən onunçün gözlənilmədən , 3 və ya 7 gün atasını görmür, uşaq üçün bu böyük yükdü. O , hər axşam "atamı istəyirəm"- deyə ağlasa, onu başa düşməyə çalışın , daha deməyin ki, : " Camaatın uşağı belə deyil " və ya " Mən nə günah sahibiyəm , uşağım mız - mızdı".

Bir ana tanıyıram daim şikayət edir ki,:" Mənim uşağım hamının uşağı kimi deyil, çox pis uşaqdı, çox dəcəl və idarəolunmazdı. Heç kimdə belə uşaq yoxdu " - deyə çox əsəbləşir, bütün günü deyinir. Amma əsəbləşmək və deyinmək əvəzinə uşağı ilə məşğul olmaq istəmir. Demək əvəzinə nəsə etsə yaxşıdı. Bunu kiməsə deməklə uşaq çevrilib "Hamının uşağı" kimi olmur. Əslinə baxsan " hamının uşağı " da göydən zənbillə enməyib, onların da anasını danışdırsan həmin şikayəti edəcəklər. Hər kəsə elə gəlir ki, onun problemi daha çətin və həll edilməzdir. Bunun üçün münasibəti dəyişdirmək lazımdır. Uşağının " qeybətini " edincə, fikirləşməyin ki, o pis uşaqdı, fikirləşin ki, o yaxşı uşaqdı, sadəcə ," nə edirsə bilmədən edir, başa salsam düzələr". Yox bu variant kömək etmirsə düşünün ki, "gələn il mütləq düzələr , bir il böyüyəcək və hər şey yoluna düşəcək". Əslində , bu doğurdan da belədir. Əgər keçən il  siz ona pampers qoymusunuzsa , bu il qoymursunuz və ya keçən il iməkləyirdisə, bu il yeriyir və s. Unutmayın ki, onun pisi də sizindir, yaxşısı da. Başqalarının yanında daimi şikayətiniz sizin həmsöhbət kimi də nüfuzunuzu aşağı salır, həm də uşağınız da gözdən düşür. İnsan fərdidir və uşaqlar da elədir. Qıraqdan sakit görünən uşaq elə mərdimazar xasiyyəti ola bilər ki, amma sizin dəcəl balanızın özündən böyük ürəyi olar ki, siz heç ağlınıza da gətirə bilməzsiniz. Onun müsbət tərəflərini görməyə çalışın . Dost münasibətini qurun, ona vaxt ayırın , fikirlərini öyrənin , onu çox sevdiyinizi deyin. Daha " sən pis uşaqsan" , " ömrümü - günümü  çürütmüsən" kimi ifadələr işlətməyin. Onu özünü pis hiss etməyə məcbur etməyin. İnanın,  uşaqlar çox həssasdırlar. Hər münasibəti daha tez hiss edirlər. Altı aylıq uşağa pis-pis baxanda uşaq ağlamağa başlayır. Demək hiss edir , o ki, qalsın 2 - 5 yaşlı uşaqlar.Biz düşünürük ki, " Uşaqdı, heç nə olmaz" , amma böyüklərin səhvi elə budur, hər şey bundan sonra başlayır . Ananın yerinə uşağı heç kim tərbiyə etməyəcək. Bağçada müəllim bir - iki saatlıq vəzifəsini yerinə yetirəcək , nənəsi və babası bir az aparıb gəzdirəcək , yenə ən böyük yük ananındır. Uşaq böyüyəndə , tərbiyəsiz olanda heç kim demir " bağçada müəlliməsi hara baxırdı?" və ya " nənə- baba ərköyün eləyib", deyəcəklər ki, " Ana tərbiyəsi görməyib" . Buna görə bütün güc və enerjinizi toplayın, balanızla məşğul olun , bir yerdə xöşbəxt anlarınızdan zövq alın, onlarla bir yerdə oynayın, lazım gəlsə uşaqlaşın , "gizlən- paç" da oynamaq olar. Problemlərinizi unudun, uşağınızdan pozitiv enerji alın. Bu onlarda 100 % var, əmin ola bilərsiniz. Dünyada onlardan məsum və qəlbləri qədər təmiz nə la bilər?

Dünənə qədər düşünürdüm ki, " Mən həyatda nə qazanmışam, nəyə nail olmuşam,  beş adamın biriyəm, daha mənə zaval yoxdu". Ancaq uşaqlarım olandan sonra , bir az böyüdükdən sonra düşündüm ki, "məsələ hələ bitməyib, dünənə qədər özümçün qazanmışam , özümçün yaşamışam, özümçün hörmət sahibi olmuşam, indi isə başqası üçün yaşamalı, onlara uğur qazandırmalı , onlara ayaqları üstə durmağı öyrətməliyəm. Ən əsası isə mənim hörmətim daha onlardan asılıdır. İstəyirsən kim olursan ol, prezident ol, ya adi sıravi birisi uşağın ağıllı və tərbiyəlidirsə hər kəs hörmət edər, yox əksinə uşağın hərəkətləri və tərbiyəsi ürəkaçan deyilsə "beş qəpiklik hörmətin" olmaz.

Hər kəsə xeyirli övlad arzusu ilə,  səbirli olmağı,  valideynlik vəzifəsini uğurla yerinə yetirməyi  arzulayıram.

0 şərh